Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Şəhid Rasim Rufullayev haqqında "Yarımçıq qalmış ömür" adlı videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının əməkdaşları fəal oxucularla birlikdə şəhid Rasim Rufullayev haqqında "Yarımçıq qalmış ömür" adlı videoçarx hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, videoçarxda şəhidin həyatı və keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verilir.

    Rasim Rufullayev 1997-ci il avqustun 31-də Yardımlı rayonunun Zevin kəndində anadan olub.

    Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rasim Rufullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rasim Rufullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Rasim Rufullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

    Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Rasim Rufullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

  • Nikolas Keyc "Xəyal ssenarisi" komediyasında rol alacaq

    Hollivud ulduzu Nikolas Keyc “A24” studiyasının yeni komediya filmi olan "Xəyal ssenarisi" (“Dream Scenario”) filmində rol alacaq.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, rejissoru norveçli Kristoffer Borqli olacaq ekran əsərini “A24” studiyası maliyyələşdirəcək.

    Qeyd edək ki, bu yeni filmin komediya kimi təsvir edilməsindən başqa, qalan detallar hələ ki, gizli saxlanılır. Maraqlıdır ki, bu ilin yazında Nikolas Keyc birgə işləmək istədiyi dörd rejissorun adını açıqlayıb. Onlardan biri də rejissor Ari Asterdir.

  • Sumqayıt dəmiryol vağzalında avtomobillərin parklanması ödənişli olub

    "Azərbaycan Dəmir Yolları" QSC Sumqayıt dəmiryol vağzalında avtomobillərin parklanmasını ödənişli edib.

    Report bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, parklanma ərazisi yürüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir. Ərazidə eyni anda 120 avtomobil dayana bilər. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yer var. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpik, yeraltı dayanacaqlarda isə 1 manatdır.

    Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər 3 saata qədər əlavə durmaya görə ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 manat ödənilir.

    ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə etmək mümkündür.

  • London hərracında sərgilənən rəsm əsəri 80 milyon dollara satılıb

    Belçikalı sürrealist rəssam Rene Maqrittanın (1898-1967) "İşıq imperiyası" (L'empire des lumi res, 1961) tablosu Londonda 59,4 milyon funt-sterlinqə (təxminən 79,8 milyon dollar) satılıb.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, 1961-ci ildə çəkilmiş “İşıq imperiyası” Avropada indiyə qədər satılan ən bahalı rəsm əsəridir. Əsər uğrunda üç kolleksiyaçı mübarizə aparıb.

    Rəsm əsərində ağ buludlu parlaq səma ilə ziddiyyət təşkil edən qaranlıqda villa əks olunub və evin həyətində fənər yandırılıb.

    Rəssam R.Maqritta çəkdiyi "İşıq imperiyası" adlı tablonu sürrealizm üslubunda əsərlər kolleksiyaçısı belçikalı Pyer Krovenin qızı Ann-Mari Krove üçün yaradıb. O vaxtdan əsər ailənin şəxsi kolleksiyasının tərkibində olub.

    2009-cu ildən 2020-ci ilə qədər bu rəsm əsəri Brüsseldəki Maqritta Muzeyində də sərgilənib. Rəsm Belçikanın paytaxtından başqa Paris, Vyana, Milan, Seul, Edinburq və San-Fransiskoda sərgilənib.

    Qeyd edək ki, Nyu-Yorkdakı Sotheby's hərracında belçikalı rəssam Rene Maqrittanın digər rəsm əsəri olan "Zövq prinsipi" (Le principe du plaisir, 1937) rəsmi 26,8 milyon dollara satılıb.

  • Özbəkistanlı müğənni Azərbaycanın “Xalq artisti” fəxri adına layiq görülüb

    Prezident İlham Əliyev avqustun 30-da Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, özbəkistanlı müğənniyə bu fəxri ad Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə verilib.

  • Kitabxana əməkdaşları “Ceyhun Hacızadənin şərəfli ömür yolu” adlı videoməlumat hazırlayıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhid Ceyhun Hacızadə haqqında “Ceyhun Hacızadənin şərəfli ömür yolu” adlı videoməlumat hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoməlumatda şəhid C.Hacızadənin şərəfli döyüş şücaətləri qeyd olunub.

    Tərtər rayonunun Evoğlu kəndində anadan olan Ceyhun İfrayıl oğlu Hacızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahları Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb, Tərtər rayonunun Suqovuşan və Talış kəndləri istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.

    Oktyabrın 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Evoğlu kənd qəbiristanlığında dəfn olunub.

    Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

  • Tviterin işində nasazlıq yaranıb

    Bir sıra ölkələrdə tviter sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

    Report xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Dowdetector” xidməti məlumat yayıb.

    Ən çox şikayətlər Polşa, Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya və Fransadandır. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti nasazlıqdan şikayətlənir.

    Mikrobloqların xidmətində uğursuzluqlar həmçinin Avstriya, Belçika, Niderland və İsveçdə də qeydə alınıb.

  • “Azərbaycan musiqisinin inciləri” adlı kitab nəşr olunub

    Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyəsi ilə “Azərbaycan musiqisinin inciləri” adlı kitab nəşr olunub.

    Fonddan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Himni və onun notları ilə başlayan, xalq və bəstəkar mahnılarından ibarət bu kitab Azərbaycan və ingilis dillərində tərtib edilib. 50 xalq və 32 bəstəkar mahnısının sözləri və notlarının qeyd olunduğu bu kitab xaricdə yaşayan, orada doğulub, boya-başa çatmış soydaşlarımızın milli vətənpərvərlik ruhunda yetişməsinə, mədəniyyətimizin təbliğinə, soydaşlarımızın professional səviyyədə musiqi bilikərinin artmasına töhfə verəcəkdir. Kitabda həmçinin Azərbaycanın görkəmli bəstəkarları və müxtəlif xalq mahnıları haqqında ətraflı məlumat öz əksini tapıb. Sözügedən bu kitabın nəşr olunması dünya azərbaycanlıları və Azərbaycan musiqisinə maraq göstərən əcnəbilər tərəfindən milli musiqimizin öyrənilməsi və təbliğ edilməsi baxımından da aktualdır.

    Kitab SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin “Ön söz”ü ilə nəşr olunub.

    Xatırladaq ki, “Azərbaycan musiqisinin inciləri” kitabı xaricdə yaşayan soydaşlarımız, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və Azərbaycan evləri ilə yanaşı, həmin ölkələrdə musiqi təhsili verən ali təhsil ocaqlarının kitabxanaları üçün də qiymətli əyani vəsait olacaqdır.

    Kitab mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması üçün həyata keçirilən davamlı fəaliyyətin bir parçasıdır.

  • Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    Avqustun 30-da Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, İsmayılov Haşimjon, Nəsirli Əli Heydər oğlu və Urinbayev Kamoliddin Turdimuratoviç iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərə görə “Dostluq ordeni ilə təltif olunublar.

  • Rəngkarlıq Muzeyində açılan “Mövcudluqda ünsiyyət” adlı sərgi davam edir

    XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində açılan Azərbaycan rəssamı Ucal Haqverdiyevin ilk genişmiqyaslı muzey sərgisi davam edir.

    AZƏRTAC xəbər verir ki, sərgi fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 300-ə yaxın rəngkarlıq və qrafika əsərləri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edərək, onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirir. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunur.

    “Mövcudluqda ünsiyyət” Ucal Haqverdiyevin “məkanda olması” ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün bucaqlarını işıqlandıraraq, onunla səssiz “dialoqda” olmaq imkanını təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın məkana “müşahidə” və “nəzarət” etməsi konseptindən çıxış edir. Bu “ünsiyyət” Ucalın “mövcudluğunu” hiss etdirir.

    Ucalın daxili aləmindən bəhs edən ekspozisiya, rəssamın şəxsiyyətinin və yaradıcılığının bütün aspektlərini əks etdirməklə, həm də onun daim yeniliklər axtarışında olan mükəmməl kolorist və rəsm bilicisi kimi də təqdim edir. Ötən əsrin 80-ci illərində yaradıcılıq yolunu başlayan Ucalın müxtəlif janr, istiqamət və növlərdə bədii axtarışları/eksperimentləri məlumdur. Təkcə vizual axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik mövzulardan savayı (insanlar, heyvanlar, təbiət, əşyalar və s.) təxəyyül və yuxular, Şərq fəlsəfəsi və dini mövzulara ciddi istinadlar edir. Bu axtarışların nəticəsində Ucal bənzərsiz dəst-xəti ilə müstəsna vizual dilini yaradaraq, öz müxtəlifliyində heç kimə bənzəməyən rəssam kimi incəsənət tarixində qalıb.

    O, həyatının son 5 ilini Bakıda yerləşən Mixail Arxangel kilsəsinin divar rəsmlərinin çəkilməsinə həsr etmişdir. Ölümündən sonra yarımçıq qalmış işini onun həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva tamamlamışdır. Sərginin kuratoru Fərəh Ələkbərlidir.

    Sərgi ilə çərşənbə axşamından bazar gününə qədər saat 12:00-dan 20:00-dək tanış olmaq mümkünüdür.