“Şuşa İli”nin elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri Şuşanın Mamayı məhəlləsində yerləşən Mamayı məscidinə həsr olunur.
Şuşa qalası 17 məhəllədən ibarət idi. Hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı və kiçik meydanı olub.
Məhəllə məscidlərinin böyüklüyü sakinlərin sayına uyğun inşa olunurdu. Onların çoxunda azançı üçün (müəzzin) kiçik köşklər quraşdırılırdı.
Şuşanın mərkəzində yerləşən Mamayı məhəlləsində Aran memarlıq üslubunda inşa edilmiş lokal ictimai-dini mərkəz olan Mamayı məscidi yerləşirdi. Bu tarixi abidə XIX əsrin böyük memarı kərbəlayı Səfi xan Qarabaği tərəfindən tikilib. O, Şuşanın demək olar, bütün məhəllə məscidlərinin memarı olub.
Mamayı məscidi iki mərtəbədən ibarət idi. İkinci mərtəbədə yerləşən qadınlar bölməsinə qalxmaq üçün məscidin arxa tərəfində xüsusi pilləkənlər quraşdırılıb. Bu pilləkənlərlə yalnız qadınlar zalına düşmək olurdu. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılıb.
Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılırdı. Pəncərələr binanın baş fasad və mehrab olan tərəfindən qoyulub.
Mamayı məscidi Sovet hakimiyyəti illərində poeziya evi kimi fəaliyyət göstərib və işğaldan əvvəl əsaslı təmir edilib.
Şuşa 1992-ci il mayın 8-də еrmənilər tərəfindən işğal еdildikdən sonra şəhərdəki digər məscidlərlə yanaşı, Mamayı məscidi də dağıdılıb.
Xatırladaq ki, qalib Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini erməni işğalçılarından azad edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Yunus Əmrə İnstitutunun Bakıdakı filialının dəstəyi ilə “Qardaşlıq Dastanı” teatral rəqs nümayişi layihəsi həyata keçiriləcək. Serhat Turakın bədii rəhbərliyi, Alagöz Kültür Sanatın istehsalı və “Umya Az” MMC-nin (Umya Medya-Türkiyə) rəsmi təşkilatçılığı ilə bu layihə dünya turuna çıxmağa başlayır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir oktyabrın 29-31-də Heydər Əliyev Sarayında, noyabrın 2-3-də isə Gəncə Dövlət Filarmoniyasında keçiriləcək.
Bu layihə 6 illik araşdırma və 18 aylıq səhnə məşqlərindən sonra, 100-dən çox Türkiyə və Azərbaycandan olan rəqqas və teatr aktyorunun zəhməti ilə səhnələşdirilən möhtəşəm tarixi sənət əsəridir. Əsərdə eramızdan 2000 il öncə gedən qədim türk, Azərbaycan tarixi və mifologiyası, Nuh tufanından Qarabağ savaşına qədər Anadolu və Qafqaz xalqlarının amansız mübarizəsi, həmrəyliyi, həyat sevgisi, sevinc və kədəri, bir sözlə Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz qardaşlığı simvolik olaraq səhnəyə gətirilib.
“Qardaşlıq Dastanı” layihəsi 2 pərdə və 12 səhnədən ibarətdir. İlk dəfə 2021-ci ildə Türkiyədə səhnəyə qoyulub, İstanbul, Ankara, İzmir, Konya və bir çox digər böyük şəhərlərdə nümayiş olunub. Umya Medya və Umya Az-ın rəsmi təşkilatçılığı ilə 2022-ci ildə dünya turuna çıxacaq ansamblın ilk dayanacağı Azərbaycan səhnəsi olacaqdır. Azərbaycandan sonra 2023-cü ilin sonuna kimi Almaniya, Şimali Avropa ölkələri, Meksika, Özbəkistan, Qazaxıstan, Misir, Qətər və Çində təqdim olunacaq. “Qardaşlıq Dastanı” layihəsi dünyanın 100-dən çox ölkəsində Azərbaycan və Türkiyənin qardaşlığını, iki ölkənin zəngin mədəni irsini və tarixini sənət yolu ilə dünya xalqlarına tanıtmaq məqsədi daşıyır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşı Elnarə Kərimli Milli Qəhrəman Rövşən Əliyevin doğum günü ilə əlaqədar videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verilir.
Rövşən Əliyev 1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olub. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki ADPU) maşınqayırma fakültəsinə daxil olub. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılıb.
O, Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atılıb. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq aldı: "Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır". Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Rövşən Əliyev 1992-ci il iyunun 14-də Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə iştirak edərkən düşmən gülləsi onun arzularla dolu qəlbini susdurub.
“Azərenerji” ASC avqustun 26-dan Azərbaycan ordusunun nəzarətinə keçmiş Laçın şəhəri, Zabux və Sus kəndlərinə elektrik enerjisi verib.
Bu barədə Reporta qurumdan bildirilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enrjisi ilə təchiz edilməsi üçün təxirəsaslınmaz işlərə başlanılıb. Laçın şəhərində ermənilərin tamamilə dağıtdığı mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımı avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.
Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib digər zəruri tədbirləri həyata keçirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda tikinti işlərinə başlayıb.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 3,21 kilometr, eni 12 metr olan yolda hazırda yeni səki daşlarının düzülməsi üçün hazırlıq işləri aparılır.
Təmir-tikinti işləri çərçivəsində yolboyu köhnə asfalt beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu və yeni asfalt örtüyünün döşənməsi işləri görüləcək.
Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.
Sentyabrın 21-dən 25-dək keçiriləcək “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı 6-cı buraxılışı üçün müxtəlif ölkələrdən on beş ekspertdən ibarət beynəlxalq münsiflər heyətini elan edib.
AZƏRTAC xəbər verir ki, münsiflər filmləri üç kateqoriya üzrə qiymətləndirəcəklər: "Ən yaxşı tammetrajlı sənədli film", "Ən yaxşı qısametrajlı sənədli film" və "Əsas müsabiqədən kənar".
Bu il münsiflər heyətinə tanınmış kinorejissorlar, kino və foto dünyasının nümayəndələri daxildir. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və “Emmy” mükafatı laureatı, “Oskar” mükafatına namizəd olan prodüser Kirstin Barfod var.
Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox kino mükafatlarının laureatı Pavel Lozinskidir. O, özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək. Səsvermə proseduru onlayn və şəxsən baş tutacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək. Qaliblər festival günlərində elan olunacaq.
Qeyd edək ki, “DokuBaku” Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır. 2017-ci ildə təsis edildiyi gündən bəri festivalın məqsədi beynəlxalq proqramda dünyanın hər yerindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.
Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanılıb.
Report bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.
Zəngilan aeroportunun naviqasiya təminatı üçün lazımi mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilib. Belə ki, bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir. Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir. Həmçinin hava limanının uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla təchiz olunması tam başa çatdırılıb.
Aeroportda CVOR/DME bucaqölçən və uzaqməsafəli radionaviqasiya avadanlığı, uçuş-enmə zolağında müşahidəni təmin etmək məqsədilə avtomatlaşdırılmış aviasiya meteoroloji sistemi (AWOS), ICAO CAT II kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən aerodrom işıq siqnalı avadanlığı və uçuş-enmə zolağının hər iki istiqamətində cihazlar üzrə enməyə daxilolma sistemləri quraşdırılıb, avtomatlaşdırılmış HHİ sistemləri, aviasiya yerüstü və hava rabitəsi vasitələri, həmçinin dispetçer danışıqlarının qeydiyyatı ilə təchiz olunmuş hava hərəkətini idarəetmə qülləsi (HHİ) inşa edilib, birinci və ikinci dərəcəli PSR/SSR kanalının radiolokasiya stansiyası quraşdırılıb, hava limanının elektrik təminatı yarımstansiyaları da inşa edilib.
Hava limanının gələn ay istismara verilməsi nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturuna xidmət göstərilməsi üçün alınmış maşın və mexanizmlərin təqdimatını keçirib.
Report xəbər verir ki, təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, inşa edilən avtomobil yollarının müasir səviyyədə və keyfiyyətlə yenidən qurulması üçün Agentliyin maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş avtomobillər nümayiş olunub.
Qeyd edilib ki, bu il Agentliyin maşın-mexanizm parkına Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlərin istehsal etdiyi 40 adda 360 yeni texnika və avadanlıq alınıb.
Məşhur italiyalı tenor Luçano Pavarottinin xatirəsinə ehtiram olaraq Hollivudun əfsanəvi Şöhrət Parkında həkk etdirilmiş “ulduz”un açılışı olub.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində müxtəlif vaxtlarda Pavarotti ilə birgə işləmiş amerikalı dirijor Ceyms Konlon həmkarını XX əsrin ən böyük opera müğənnilərindən biri kimi dəyərləndirib.
Qeyd edək ki, Luçano Pavarotti 2007-ci ildə 71 yaşında vəfat edib.
Avqustun 7-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak edib, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, test imtahanında uğurlu nəticə göstərərək, müsahibə mərhələsinə buraxılan namizədlər topladıqları bala və ixtisaslarına uyğun olan vakant vəzifələr üzrə müsahibələrdə iştirak etmək üçün 25 avqust 2022-ci il saat 09:00-dan 29 avqust 23:59-dək “Müsahibə mərhələsi üzrə vakansiya seçimi Müraciət Forması”nı (https://bit.ly/3pJmaZL) doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə daxil etdiyi məlumatların tamlığı, həqiqiliyi və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu yoxlanılır, məlumatların düzgünlüyü təsdiq edildikdən sonra namizədə müsahibələrin keçirilmə yeri və vaxtı barədə məlumat veriləcək.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab ediləcək.
Müsahibə mərhələsi 5-9 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.
Qeyd edək ki, hər bir namizəd ixtisasına uyğun olaraq maksimum 5 vakant yer seçə bilər. Topladığı bala və müvafiq ixtisasa uyğun vakant yer olmadığı halda namizəd test imtahanı nəticələrinə uyğun olaraq 2 il ərzində Nazirlik tərəfindən təşkil olunan müsahibələrdə iştirak etmək hüququna malikdir.