Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Silvestr Stallone ilk dəfə Herkules rolunda

    Hollivud ulduzu Silvestr Stallone şəxsi karyerasında ilk dəfə olaraq superqəhrəmanı canlandıracaq.

    AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Culius Eyverinin rejissorluğu ilə çəkilən “Samaritan” filmində aktyor müasir zəmanəmizə uyğun insanabənzər bir Herkules obrazını canlandırıb.

    “Herkules bənzərsiz bir superqəhrəmandır, bir növ mistik, eyni zamanda, humanist. Məhz belə qəhrəmanlar insan təbiətinə yaxın olur. Bəli, Herkules başqa dünyadan gəlməyib, o, insanlar kimi ölümə məhkumdur”, - deyə Silvestr Stallone bildirib.

    Qeyd edək ki, “Samaritan” filminin premyerası bu gün “Amazon Prime Video” platformasında olacaq.

  • “Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçiriləcək

    Avqustun 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçiriləcək.

    KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə Bakı KOBİM-in eksperti Səid Namazov kənd təsərrüfatı subyektlərinin qeydiyyatı, yerli və beynəlxalq tələblər, sertifikatlaşdırma modelləri, məhsulun planlaşdırılması, spesifikasiyalar və məhsulların ixracı mövzularında məruzə edəcək.

    Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300-80-02 nömrəsi ilə əlaqə saxlaya və ya “baki@kobim.az” elektron poçt ünvanına müraciət edə bilərsiniz.

  • “Sinqapur Hava Yolları” ilk onluqda yenə də birincidir

    ABŞ-ın “Travel+Leisure” səyahət jurnalının oxucularının qiymətləndirmələrinə əsasən "Ən yaxşı beynəlxalq hava yolları şirkətləri”nin siyahısı açıqlanıb.

    AZƏRTAC xəbər verir ki, siyahı sərnişinlərin təhlükəsizliyi və rahatlığı, uçuş zamanı xidmət, yemək və müştəri xidmətlərinə görə tərtib edilib.

    Jurnalın oxucularına görə ilk üçlükdə “Sinqapur Hava Yolları”, “Qatar Airways” və “Emirates” hava yolları qərarlaşıb. İlk onluqda həmçinin “Türk Hava Yolları”, “Korean Air”, “La Compagnie”, “Air New Zealand”, “Japan Airlines (JAL)”, “All Nippon Airways”, “Cathay Pacific Airways” hava yollarının adları çəkilib.

    Qeyd edək ki, 27 ildir ilk pilləni heç bir aviaşirkətlə bölüşməyən “Sinqapur Hava Yolları” yenə də birinci olub.

  • Tunadan Orxona İpək Yolu Rallisi Azərbaycandan keçərək Qırğızıstanda başa çatacaq

    Macarıstandan başlayan Tunadan Orxona İpək Yolu Rallisi ilk olaraq 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı Bursa şəhərinədək davam edəcək. Sonra avtomobil karvanı Azərbaycandan keçməklə Qırğızıstan istiqamətində yola düşəcək və yarış orada sona çatacaq.

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatından (TÜRKSOY) AZƏRTAC-a verilən məlumata görə, türk dövlətlərinin müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan yarışın iştirakçıları 9100 kilometr yol qət edəcəklər. Ümumilikdə 3,5 həftə davam edəcək Tunadan Orxona İpək Yolu Rallisində 5 ölkədən 15 avtomobil və 30 sürücü iştirak edir.

    Türkiyənin Xarici İşlər Nazirliyi (XİN), Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə XİN-in Avropa İttifaqı İdarəsi, TÜRKSOY, Şərq-Qərb Dostluq və Sülh Rallisi Dərnəyi başda olmaqla 12 qurumun dəstək verdiyi layihənin iştirakçıları Türkiyənin Ədirnə, İstanbul, Əskişəhər, Ankara, Tokat, Ordu, Trabzon, Rizə və Artvin şəhərlərində mübarizə aparacaqlar.

    Ralli Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistan ərazilərndən keçərək Qırğızıstanda başa çatacaq.

    Qeyd edək ki, marşrut üzərindəki ölkələrin və şəhərlərin tarixi, mədəniyyəti, təbiət gözəlliklərini və turizmini tanıtmaq məqsədi daşıyan İpək Yolu Rallisi türk dünyasının mədəniyyət paytaxtı Bursanın da təbliğinə əhəmiyyətli töhfə verəcək. Layihənin əsas məqsədi mədəniyyətlərarası dialoqu təmin etməkdir.

  • Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi keçiriləcək

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə avqustun 26-28-də Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev-muzeyinə, Vaqifin məqbərəsinə, Güllələnmiş abidələrə, Cıdır düzünə səfər edəcəklər.

    Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihə iştirakçısı olacaq bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.

    Belə ki, səfər təəssüratlarından ilhamlanaraq ərsəyə gələcək əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq qala tədbirdə geniş auditoriyaya təqdim olunacaq.

  • Bakı və Ankara arasında dəmir yolu ilə sərnişindaşımanın təşkili müzakirə olunub

    Azərbaycan və Türkiyə rəsmiləri qonşu ölkənin paytaxtı Ankaradan Qars şəhərinə hərəkət edən “Şərq Ekspress" sərnişin qatarının marşrutunun Bakıya qədər uzadılmasını müzakirə ediblər.

    Report xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.

    Onun sözlərinə görə, bu imkan yaxın illərdə yaradıla bilər.

    Nazir deyib ki, ötən gün Tbilisidə keçirilmiş, Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul şəxslərinin üçtərəfli görüşündə yükdaşıma ilə yanaşı sərnişindaşıma imkanları qiymətləndirilib: "Hər zaman yükdaşıma ilə bağlı məsələri müzakirə edirik. Qarşıdakı illərdə infrastruktur hazır olanda sərnişin daşınması niyə həyata keçirilməsin?!"

    Türkiyə, Gürcüstan və Azərbaycanın dost və qardaş ölkələr olduğuna bildirən nazir nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi üçün danışıqları davam etdirdiklərini qeyd edib: "Nəqliyyat dəhlizləri nə qədər güclü olarsa, həm sosial, həm də iqtisadi müstəvidə əməkdaşlığımız bir o qədər möhkəmlənəcək. Hazırda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti və Mərmərə xətti layihələri həyata keçirilir. Çindən Böyük Britaniyaya qədər qatarlarımız fəaliyyətə başlayıb. Bundan sonra bu potensialı daha da artırmaq üçün nələr edilə biləcəyini müzakirə edirik" .

    Nazir Rusiya-Ukrayna müharibəsi nəticəsində nəqliyyatda yaranmış çətinliklərə görə region ölkələrinin infrastrukturlarını daha da inkişaf etdirməsinin vacibliyini vurğulayıb.

    Xatırladaq ki, BTQ dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-u tarixində açılıb. Belə ki, BTQ Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

  • Bakıda “Sankt-Peterburqa xoş gəlmisiniz!” peşəkar roud-şousu keçiriləcək

    Avqustun 30-da Bakıda Sankt-Peterburqun Şəhər Turizm İnformasiya Bürosunun dəstəyi ilə Sankt-Peterburqun Turizmin İnkişafı Komitəsi tərəfindən “Sankt-Peterburqa xoş gəlmisiniz!” adlı peşəkar roud-şou keçiriləcək.

    Bakıdakı Rus Evinin mətbuat mərkəzindən AZƏRTAC -a bildiriblər ki, tədbirdə iştirak etmək üçün Azərbaycanın xarici turizmi inkişaf etdirən turizm biznesinin peşəkarları, korporativ müştərilər və media nümayəndələri dəvət olunur.

    Tədbir “Hyatt Regency Baku” otelində keçiriləcək.

    Proqrama Şimal paytaxtının turizm proqramlarının, şəhər xəritəsindəki maraqlı yerlərin, mədəni tədbirlərin təqviminin təqdimatı daxildir. Roud-şou iştirakçıları klassik görməli yerlərdən əlavə, turistlər üçün cəlbedici mərkəzlərə çevrilmiş “Sankt-Peterburqun Yeni Coğrafiyası” obyektlərini təqdim edəcəklər. Onların arasında Ermitajın "Köhnə kənd" restavrasiya mərkəzi, Nikolski cərgələri, Yeni Holland adası, Faberje muzeyi, Erarta Müasir İncəsənət Qalereyası, Kronştadt, Lümyer-Holl, Sevkabel limanı var.

    Rod-şousunun ətraflı proqramı ilə http://www.tourbus.ru/spb-workshop/index.php linkdə tanış olmaq olar.

    Tədbirdə iştirak etmək üçün qeydiyyat prosedurundan keçmək təklif olunur. İştirakçıların sayı məhduddur.

  • Şuşaya 10 000-ci sərnişin səfər edib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) təşkil etdiyi müntəzəm avtobus marşrutu ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya 10 000-ci sərnişin səfər edib.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, Gülnar Kamal qızı Orucova bugünkü reys ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb. Əslən şuşalı olan, 5 yaşında ailəsi ilə Şuşanı tərk edən G.Orucova 30 ildən sonra atası Kamal Həsənovla birgə doğma şəhərini ziyarətə gedib. O, qeyd edib ki, ailəsi məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb, buna baxmayaraq Şuşaya bağlı ruhda böyüyüblər: “Şuşa haqqında valideynlərimdən o qədər xatirələr eşitmişəm ki, mənə elə gəlir, bütün ömrümü Şuşada keçirmişəm”.

    DANX-ın rəisi Anar Rzayev G.Orucovaya “10000-ci sərnişin sertifikatı” və hədiyyə təqdim edib. Dövlət Xidmətinin rəisi bildirib ki, işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci il tarixindən etibarən həyata keçirilən səfərlərə maraq olduqca böyükdür: “Bu günə qədər müəyyən edilmiş istiqamətlər üzrə 312 reys həyata keçirilib, 13069 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib. Bu gün isə Şuşaya 10 000-ci sərnişini yola salırıq”.

    Qarabağa bilet satışı www.yolumuzqarabaga.az portalı vasitəsilə həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

    Sərnişindaşımanı həyata keçirən sürücüləri inatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib. Onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir.

    Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.

  • İltəriş Kutluk Kaqan külliyəsi və Daş kitabəsi kəşf olunub

    Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar edilib.

    AZƏRTAC xəbər verir ki, kompleksin ümumi sahəsi 49x41,5 metrdir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılmış, torpaq qalaqlanaraq qala inşa edilmişdir.

    Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur.

    Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib. Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır.

    Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir.

    Bundan əlavə, bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir.

    Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.

    Qeyd edək ki, Akademiya Nomqon qazıntılarının nəticələrinə dair elmi nəşr hazırlayacaq və türk dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək. Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə də davam etdiriləcək.

    Məlumat üçün bildirək ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. COVID-19 pandemiyası səbəbilə iki ildir fasilə verilən “Nomqon” ortaq qazıntıları 2022-ci ilin iyul ayında yenidən bərpa olunub.

    “Nomqon-2022” ortaq qazıntılarında Beynəlxalq Türk Akademiyasının işçi qrupuna Akademiyanın prezidenti Darxan Kıdırəli, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev daxil edilib, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (1949-2022) isə məsləhətçisi arxeoloq olaraq iştirak edib. Bununla yanaşı, Monqolustan Elmlər Akademiyasından porfessoru Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold və Narantuyagyin Tsengel, Munkhsaikhany Uuqanbayar tədqiqat heyətində yer alıb.

    Bundan əvvəl də Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilib. Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar olunub.

  • "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı": Məcid Behbudov

    "Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycanın istedadlı xanəndələrindən biri Məcid Behbudova həsr olunub.

    Məcid Behbudov 1873-cü il aprelin 18-də Şuşada anadan olub. O, 1904-cü ildən xanəndəliyə başlayıb. Əvvəllər Qarabağ və Gəncə məclislərində, sonralar isə Zaqafqaziyanın kənd və şəhərlərində oxuyub.

    Məcid Behbudov uzun illər Tiflisdə tarzənlərdən Məşədi Zeynal, Rzabala və kamançaçı Ruben Qaraxanov ilə "Dvoryanski klub"da xanəndəlik edib. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir.

    O, “Mirzə Hüseyn segahı”, “Şüştər” və “Çahargah” muğamlarının, bir çox xalq mahnısının mahir ifaçısı sayılırdı. M.Behbudov, həmçinin musiqili tamaşalarda da çıxış edib,Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər verib.

    Məcid Behbudov Azərbaycanda opera teatrının inkişafına da yaxından kömək göstərib. O, hələ 1911-ci ildə Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasında Xosrov rolunda oynayıb. Məcid Behbudov Üzeyir Hacıbəylinin opera və operettalarında, Məşədi Cəmil Əmirovun "Seyfəl-Mülk" operasında da çıxış edib.

    Xanəndə 1945-ci il sentyabrın 6-da Qazaxda vəfat edib.