Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanın strateji təsir dairəsi coğrafi mövqeyindən daha əhəmiyyətlidir

    Report Hindistanın Azərbaycandakı səfirliyinin məqaləsini təqdim edir:

    Bu günlərdə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Ayuş Sarbananda Sonoval İranın Çabahar şəhərindəki Şahid Beheşti limanına səfər edərək, buranın nəqliyyat potensialını gücəndirmək məqsədi ilə 6 mobil kranı limana təhvil verdi.

    Nazir səfər ərəfəsində həmçinin ölkəsinin xüsusilə Yaponiya, Cənubi Koreya və Mərkəzi Asiya ölkələri ilə ticarətindəki Çabaharın tranzit potensialını artırmaq istiqamətində tədbirlər gördüyünü açıqladı və limanı regional tranzit mərkəzinə çevirmək üçün səylərini davam etdirdiyini vurğuladı.

    Digər tərəfdən avqustun 22-də İran, Rusiya və Azərbaycan gömrük rəhbərləri arasında tranzitin asanlaşdırılması sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb və tərəflər Hindistan da daxil olmaqla gömrük idarələri arasında tranzitin asanlaşdırılması üçün dördtərəfli anlaşma memorandumunun imzalanmasını təklif ediblər.

    Çabahar limanı Hindistanın ilk xarici liman layihəsidir. Bu liman Avrasiyanı Hind okeanı regionu ilə birləşdirən Hindistanın Hind-Sakit okean strategiyasının əsas sütunu sayılır. Liman həmçinin Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Azərbaycan üzərindən keçən bu dəhliz Hindistanın, eləcə də Hind Okeanı regionu ölkələrinin Rusiya, Avropa və Mərkəzi Asiya ölkələri ilə ticarət perspektivində da önəmli yer tutur.

    Hindistanın “India Ports Global Private Limited (IPGPL)” şirkəti Şəhid Beheşti Limanının əməliyyatlarını öz üzərinə götürdüyü vaxtdan etibarən Çabahardan 4,8 milyon tondan çox yük nəql edilib.

    Son vaxtlar isə Rusiya-Ukrayna müharibəsi və Qərbin şimal qonşumuza qarşı sanksiyaları, digər tərəfdən isə Qara dəniz yolunun bağlanması diqqəti yenidən Şimal-Cənub Nəqliyyat dəhlizinə və Çabahar limanına yönəldib. Bu da Azərbaycanın alternativ, sərfəli və təhlükəsiz tranzit marşrutu olaraq beynəlxalq ticarətdəki əhəmiyyətini daha da artırıb.

    Rusiya ilə strateji əlaqələri olan Hindistan bu və regionun digər ölkələrinə çıxış üçün Çabahar limanından istifadə edir ki, bu da Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə konteyner daşımaları xərcini 20% azaldır. Hazırda Hindistanın bu ölkələrə illik mal ixracının dəyəri 4-4.5 milyard ABŞ dollarıdır ki, bunun da təxminən 2,85 milyard dolları təkcə Rusiyaya aiddir.

    Hindistan Azərbaycanın da əsas ticarət ortaqlarından biridir. 2021-ci ildə Azərbaycanın Hindistana ixracı 1,19 milyard dollar dəyərində olub (8-ci yer). Hindistan eləcə də ölkəmizə 289 milyon ABŞ dolları dəyərində mal ixrac edərək 15-ci yerdə qərarlaşıb.

    Çabahar limanının fəaliyyətinin artması,Hind Okeanı regionundakı digər ölkələrin MDB və Şimalı Avropa ölkələri ilə ticarətinin Şimal-Cənub dəhlizinə yönəlməsi nəticəsində Azərbaycanın beynəlxalq ticarətdəki mövqeyi daha da güclənəcək.

    Azərbaycanın nəqliyyat infrastrukturu potensialını və strateji coğrafi mövqeyini nəzərə alaraq bu gəlişmələr ölkəmizə ciddi şəkildə tranzit gəlirləri gətirməklə yanaşı Azərbaycanın beynəlxalq arenadakı etibarını daha da artıracaq, Bakını qlobal ticarətdə əsas oyunçulardan birinə çevirəcək.

    Siyasi yöndən baxdıqda isə Azərbaycanın geosiyasi mövqeyi və yeni tranzit-nəqliyyat xətləri, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin bu ölkədən keçməsi istər-istəməz ölkəmizin siyasi çəkisini də artıracaq və Bakının beynəlxalq sahədəki strateji təsir dairəsini genişləndirəcək.

  • Azərbaycanda “Google Pay” aktivləşdirilib

    Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilib. 

    Bu barədə Reporta “MasterCard” şirkətindən məlumat verilib.

    Məlumata görə, sistemin işə düşməsi ilə bağlı prosedurlar yekunlaşıb. 

    "Google Pay" 2015-ci ilin sentyabr ayında yaradılıb, "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər "ağıllı" cihazlarda çalışır. 

  • “Gəncləri narkotiklərdən uzaq tutaq” adlı maarifləndirici tədbir keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Gəncləri narkotiklərdən uzaq tutaq” adlı maarifləndirici tədbir keçirib.

    İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə filialın müdiri Yəmən Əmirova narkomaniya, onun insan sağlamlığı üçün təhlükəli fəsadları və bu bəla ilə mübarizə üsulları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyət cəmiyyətin, hər bir vətəndaşın üzərinə düşür. Kitabxanalarda müntəzəm olaraq narkomaniya mövzusunda tədbirlər, söhbətlər, sorğular həyata keçirilir, sərgilər hazırlanır.

    Daha sonra tədbirdə çıxış edən Zümrüd Nəzirli və Bənövşə Abbasova bildiriblər ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən asılıdır. Buna görə də gənc nəslin sağlam böyüməsi cəmiyyətin əsas vəzifəsi hesab olunur. Daha sonra iştirakçılara özlərini və ətraflarını sərhədsiz fəlakətlərə yol açan narkomaniyadan qorumaq və bu yoldan uzaq olmaq tövsiyə olunub.

    Keçirilən söhbətdə yeniyetmə gənclər “Narkotik haqqında nə bilirik?” mövzusunda çıxışlar ediblər.

    Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar hazırlanmış stend ilə tanış olublar.

  • Bu gün Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür

    Cəmi 50 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 79 il ötür.

    O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

    Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli-mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.

    Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.

    Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. "Yeddi oğul istərəm" filminə tamaşa edəndə hamımız Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.

    Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi "İmtahan" filmi olub. Sonra "Sahilsiz gecə"ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan "Qəzəlxan" filmi də uğurlu alınıb. Bu film Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.

    Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

  • “Bir bilet = bir ağac” şüarı altında keçiriləcək 5-ci ANİMAFİLM festivalının proqramı açıqlanıb

    Sentyabrın 7-dən 11-dək uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Nizami Kino Mərkəzində keçiriləcək. Festival geniş proqramını açıqlayaraq artıq bilet satışını elan edib. Beynəlxalq tədbir “İqlim dəyişikliyi”nə həsr olunduğuna görə, bilet satışından əldə olunacaq bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il festival tamaşaçılara üç əsas proqram təqdim edəcək: müsabiqə proqramı, müsabiqədənkənar proqram və peşəkarlar üçün proqram. Animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.

    Festivala 50 müxtəlif ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqə proqramına 29 ölkədən 76 film qəbul edib. Müsabiqə iştirakçıları 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək, qaliblər 5-ci ANİMAFİLM festivalının açılış və bağlanış mərasimlərində elan olunacaq. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq münsiflər heyətinə isə 6 xarici peşəkar daxil edilib: Jonathan Laskar (İsveçrə), Tilly Wallace (Böyük Britaniya), Markus Øvre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland) və Daniel Bird (Böyük Britaniya). Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri əsasında müəyyənləşdiriləcək, qalibə isə Lenovonun mükafatı təqdim ediləcək. Festivalın digər nominasiyalarında mükafatlar TVPaint Développement (“Ən yaxşı tələbə animasiya filmi”), Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu (“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”) və Shahmaran Metaceramica tərəfindən təqdim olunacaq.

    Müsabiqədənkənar proqramda iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün “Ana təbiət” proqramı, Çexiyanın “Hətta siçanlar da cənnətə aiddir” tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaq. Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Hava övladı” adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək.

    Peşəkarlar üçün proqramda hazırda üzərində iş gedən Azərbaycan animasiya filmləri təqdim olunacaq, beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Jonathan Laskarın (İsveçrə) ustad dərsi təşkil olunacaq. Bunlardan başqa, proqramda Nitya Ramlogan (ABŞ), Tilly Wallace (İngiltərə) və Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vörkşopları da nəzərdə tutulub.

    Festival çərçivəsində animasiya restavrasiyasına dair “Animasiyanın refreyminqi: Rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da keçiriləcək.

    5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və “PERİ FİLM” şirkətidir.

    Festivalın builki tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Association”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, “Shahmaran Metaceramica”, “Dynamic Box Studio”, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondu, “Lenovo”, “Tripsome”, “Ritual Mobil Teatr” Laboratoriyası, “Cafino Coffee&Wine”, “Nemi Hotel Baku”, “Unibroad”, “Choche.az”, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və “TVPaint Développement”dir.

  • “Azərişıq” Xaçmazda 5 kəndin elektrik şəbəkəsini yenidən qurub

    Prezident İlham Əliyevin tapşırığı ilə, “Azərişıq” ASC investisiya layihəsi çərçivəsində Xaçmazda genişmiqyaslı işlərə başlayıb.

    Bu barədə Reporta qurumdan məlumat verilib.

    Rayonun Yergüc, Armudpadar, Əhmədoba, Yaquboba və Həsənqala kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub, Sərkərli, Üçgün, Uzunoba, Hacıəhmədoba, Xanoba, Padar və Şıxlı kəndlərində isə işlərə start verilib.

    İşlərin başa çatdığı Həsənqala kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir, 400-dən çox abonenti var. Kənddə 7 ədəd KTM quraşdırılıb. 14 km-dan çox 10 kV-luq, 20 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Bu qədim yaşayış məntəqəsinin enerji təsərrüfatı indi tam müasir səviyyəyə çatdırılıb.

    Sərkərli kəndində isə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 8 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək.

    Bütün işlər yekunlaşdıqdan sonra Xaçmazın 12 kəndində 3 mindən çox abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz ediləcək.

    İnvestisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

  • "Suraxanı" Gəmi-Muzeyinə ekskursiya təşkil olunacaq

    Avqustun 24-də "Suraxanı" Gəmi-Muzeyinə ekskursiya təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, ekskursiyanın müddəti 90 dəqiqədir. Eyni zamanda, ekspozisiya zalına maksimum 10 nəfərin daxil olmasına icazə verilir.

    Azərbaycanın Milli qəhrəmanlarına, şəhid ailələrinə, Sovet İttifaqı Qəhrəmanlarına, Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçılarına, 20 Yanvar və Çernobıl hadisələri əlillərinə, 1-ci və 2-ci qrup əlillər və onları müşayiət edən 1 nəfər şəxsə, Veteran dənizçilərə, ICOM üzvlərinə giriş ödənişsizdir.

    Tanker-muzey maraqlı eksponatlarla zəngindir. Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzər dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edirlər. Burada keçmişə səyahət də mümkündür. Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olurlar. Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir. Tanker-muzeydə, həmçinin İkinci Dünya müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi yer alıb. Muzeydə Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi fəaliyyət haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor var.

  • “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Diri Baba” türbəsi abidəsinə giriş qiymətləri müəyyənləşdirilib

    Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, eləcə də qoruğun balansında olan "Diri Baba” türbəsində aparılan yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilən turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar rüsumlar müəyyənləşdirilib.

    DTA-dan AZƏRTAC-a bildirilib ki, avqustun 22-dən etibarən "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən hamam muzeyə giriş yerli turistlər üçün 2, tələbələr üçün 1, xarici vətəndaşlar üçün 5 manat, "Diri Baba” türbəsi kompleksinə giriş yerli ziyarətçilər üçün pulsuz, xarici vətəndaşlar üçün 5 manat olaraq müəyyənləşdirilib.

    Bundan əlavə, "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda salınan parkinqdə minik avtomobilləri üçün 1, avtobuslar üçün 2 manat xidmət haqqı nəzərdə tutulub. “Diri Baba” türbəsi kompleksində yerləşən qurbangahdan istifadə üçün isə 10 manat ödəniş müəyyənləşdirilib.

    Hər iki abidəyə Azərbaycan Respublikasının vətəndaşı olan əlillərin, müharibə veteranlarının, qazilərin və məktəblilərin, eləcə də 12 yaşınadək olan xarici turistlərin girişi ödənişsizdir.

    Qeyd edək ki, avqustun 22-dən etibarən "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun iş saatları istirahət və bayram günləri də daxil olmaqla hər gün səhər saat 10:00-dan 20:00-a qədərdir. "Diri Baba” türbəsi abidəsi isə istirahət və bayram günləri daxil olmaqla yay mövsümündə hər gün səhər saat 10:00-dan 20:00-dək, qış mövsümündə isə 09:00-dan 18:00-dək ziyarət üçün açıq olacaq.

  • Oktyabrda Bakıda bal yarmarkası keçiriləcək

    Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1-20 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

    Bu barədə Report-a nazirlikdən bildirilib.

    Məlumata görə, yarmarka paytaxtın Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) nəzarət edəcək.

    Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edə biləcəklər. Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-a qədər qeydiyyatdan keçməlidir. Qeydiyyatı təsdiqlənmiş arıçılara 5 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.

    Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Builki Bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçı iştirak edəcək. Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

    Bal nümunələrinin qəbulu 8-15 sentyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir.

    Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün AQTA əməkdaşları istehsalçının iştirakı ilə nümunələr götürəcək. Yarmarkada satışına icazə veriləcək arıçılıq nümunələrinin diastaza ədədi DÜST standartlarına uyğun müəyyən olunacaq. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.

  • "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı": Şuşa Realnı Məktəbi

    "Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihəsi davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşa şəhərində yerləşən Şuşa Realnı Məktəbinə həsr olunub.

    1881-ci il sentyabrın 20-də Şuşada ilk orta məktəbin - 6 sinifli Realnı Məktəbin əsası qoyulub. Hazırlıq və üç əsas sinifdən ibarət bu məktəbə ilk dəfə 159 şagird qəbul edilib.

    Şuşa Realnı Məktəbində tanınmış maarifçilər Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyib.

    Məktəbin binası sonralar bir sıra təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün gözəl məkana çevrilib. Belə ki, Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən 1989-cu ilədək Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərib. Sonradan binada Azərbaycan Pedaqoji İnstitutun Şuşa filialı yerləşib.

    1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı Məktəbi yandırılaraq xarabazara çevrilib.