Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

    Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin izlər buraxmışdı. Babası, dayıları Qazaxıstanda, Türkiyədə torpağa tapşırılmış, anası, nənəsi Bakıda dəfn olunmuşdu. Beləliklə, böyük bir ailənin üzvlərindən heç birinə mənsub olduqları Dilbazilər nəslinin doğma kəndində - Qazaxın Xanlıqlar (indiki Musaköy) kəndində öz ulu babalarının yatdıqları torpaqda uyumaq qismət olmadı.

    AZƏRTAC xəbər verir ki, avqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 ili tamam olur.

    Xanlıqlar kəndində anadan olan Mədinə Paşa qızı Dilbazi atasını erkən itirdiyindən Daş Salahlıda babası Mustafa ağanın yanında böyüyüb. Əhatə olunduğu mühit onun şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərib. 1920-ci ildə Bakıda - darülmüəllimata daxil olan Mirvarid oranı bitirdikdən sonra Biləcəridəki onillik dəmir yolu məktəbində və digər məktəblərdə müəllim işləyib. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almış bu gənc qız Quba partiya məktəbində müəllim işləyib, sonra isə Bakıda “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.

    Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.

    Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.

    Doğma Azərbaycanı qarış-qarış gəzmiş şair onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. İkinci Dünya müharibəsi dövründə onun qəhrəmanı - sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub. Daha çox lirik şair kimi tanınan və sevilən Mirvarid Dilbazinin lirik “mən”i sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övlad duyğularının, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən Mirvarid Dilbazi özü haqqında “Şair və ana - tale iki şahlıq tacını bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda” - deyən şair gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.

    Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

    Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

    Öz içindən yanan bir ocağam mən,

    Yandıqca daha gur yanacağam mən!

    - yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

    Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

  • Bu gün Dünya Fotoqrafiya Günüdür

    Bu gün Dünya Fotoqrafiya və ya Dünya Foto Günüdür. Həmin təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib.

    AZƏRTAC xəbər verir ki, ilk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır.

    Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.

  • Azərbaycan və İordaniya turizm əməkdaşlığını genişləndirə bilər

    Azərbaycanla İordaniya arasında turizm şirkətləri üçün tanışlıq məqsədli infoturlar, turizm sahəsində təcrübə mübadiləsi təşkil edilə bilər.

    Report "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinə istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Ğoşehin və İordaniya Turizm Bürosunun marketinq direktoru Ahmad Alhamud arasında baş tutmuş işgüzar görüşdə müzakirə olunub.

    Görüşdə iki ölkənin turizm təşkilatları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, turizm şirkətləri üçün tanışlıq məqsədli infoturların təşkili, turizm sahəsində təcrübə mübadiləsinin aparılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    İordaniyanın tarixiliyi və memarlığı baxımından cəlbedici turizm istiqaməti olaraq Azərbaycanlı turistlər üçün maraqlı olduğunu qeyd edən G.Qəhrəmanov rəhbərlik etdiyi Assosiasiyanın Krallıqla turizm sahəsində əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu deyib. O, birgə əməkdaşlıq çərçivəsində yaxın dövr üçün İordaniyadan Azərbaycana səfər edən turistlərin sayının artacağına ümid etdiyini bildirib.

    Səfir isə ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığa maraq göstərdiyini, bu istiqamətdə birgə fəaliyyətə hazır olduqlarını bildirib, istirahət, dini, müalicəvi turizm baxımından İordaniyanın geniş imkanlara sahib olduğunu qeyd edib. O, birbaşa uçuşların təşkilinin vacibliyinə də toxunaraq bunun iki ölkənin turizminə gələcəkdə müsbət təsir edəcəyini deyib.

    Görüşdə iki ölkənin turizm sahəsinin inkişafına və təbliğinə yönəlik bu formatlı görüşlərin davamlı keçirilməsi qərara alınıb.

  • Polşa və Çexiyada "Azerbaijan trade roadshow" adlı tədbir təşkil ediləcək

    Azərbaycan Turizm Bürosu tərəfindən Polşanın Varşava, Krakov və Çexiyanın Praqa şəhərlərində "Azerbaijan trade roadshow" adlı tədbir təşkil ediləcək.

    Bürodan AZƏRTAC-a bildirilib ki, əsas məqsəd ölkəmizin turizm potensialının təbliği, həmçinin turizm sahəsində fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşlərin keçirilməsidir.

  • Türkiyədə aparılan qazıntılar zamanı beş min illik tarixə malik büt tapılıb

    Türkiyənin İzmir vilayətində hər il 200-ə yaxın tapıntının aşkarlandığı Yeşilova ilçəsində beş min illik tarixə malik “Tanrıça” bütü tapılıb.

    AZƏRTAC xəbər verir ki, qazıntı heyətinin başçısı professor Zafer Derin tapılan 7 santimetr uzunluğundakı əsərin kub quruluşa, dairəvi başlığa və dördbucaqlı gövdəyə malik olduğunu bildirib.

    "Çoxallahlı" dinlərdə ibadət üçün nəzərdə tutulan heykəlciyin Neolit dövrünə məxsus olduğunu qeyd edən Zafer Derin bölgədəki tanrıça kultunun simvolu olan heykəlciyin mərmərdən hazırlandığını və onu daşıyan şəxsə bərəkət və sağlamlıq gətirmək üçün istifadə edildiyini vurğulayıb.

  • ”HBO Max” şirkətində böyük ixtisarlar gözlənilir

    “HBO Max” videoyayım şirkəti işçilərin ixtisarını elan edib. Şirkət rəhbərliyi verdiyi açıqlamada işçilərin ən azı 14 faizi ilə ayrılmaq məcburiyyətində qaldığını bildirib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə media üçün keçirilən mətbuat konfransında “HBO Max”ın rəhbəri Keysi Bloyza deyib.

    "Təəssüf ki, fəaliyyət göstərdiyimiz şirkətin vəziyyəti sürətlə dəyişir və biz öz fəaliyyət mexanizmimizi uzunmüddətli uğura doğru istiqamətləndirmək üçün təkmilləşdirmə siyasətinə keçməliyik. Güman edirik ki, şirkətin gələcəyi naminə reallaşdırdığımız bu proseslər bizi məyus etməyəcək. Mən əminəm ki, bu struktur dəyişiklikləri bizə görmək istədiyimiz uğurlu biznes modelini qoruyub saxlamağa imkan verəcək. Etiraf edək ki, bu ixtisar qərarları son dərəcə ağrılı oldu. Amma bunu etməyə məcbur olduq. İxtisar olunan əməkdaşların hər birinə bu vaxta qədərki qüsursuz fəaliyyətlərinə görə dərin minnətdarlığımı bildirirəm", - deyə Keysi Bloyza vurğulayıb.

  • Bakının Binəqədi qəsəbəsində uzunluğu 800 metr olan yol təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi qəsəbəsinin I Mədən küçəsi, II korpus ünvanında təmir işləri aparır.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, ümumi uzunluğu 800, ortalama eni 5 metr olan küçənin təmir işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsasının və küçənin profilə salınması işləri görülür. Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək.

    Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

    “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində növbəti təqdimatlardan biri unudulmaz bəstəkar Süleyman Ələsgərova həsr olunub.

    AZƏRTAC xəbər verir ki, təqdimatda unudulmaz bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir.

    Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

    Asəf Zeynallı adına Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) direktoru, mahnı və rəqs ansamblının rəhbəri, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Televiziya və Radio Komitəsində Xalq Çalğı Alətləri Orkestrinin dirijoru və musiqi bədii rəhbəri, o vaxtkı Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında Xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində çalışıb.

    Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü", "Ulduz", "Milyonçunun dilənçi oğlu", "Hardasan ay subaylıq", "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, simfonik poema və süitaları, 200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Rondo", "Aşıqvari",qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

    1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışıb.

    Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də dünyasını dəyişib.

  • Bakı Beynəlxalq Qısa Filmlər Festivalına ssenari qəbulu elan edilib

    Noyabrın 11-dən 15-dək Bakıda keçiriləcək XIII Beynəlxalq Qısa Filmlər Festivalına qeydiyyat başlayıb.

    AZƏRTAC xəbər verir ki, müəlliflər 30 dəqiqədən çox olmayan qısametrajlı filmlərini təqdim etməlidirlər. Həmçinin rejissorlar öz layihələrini beynəlxalq, yerli və “Cinemobil” müsabiqə bölmələrinə təqdim edə bilərlər.

    13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının münsiflər heyəti noyabr ayında ictimaiyyətə təqdim olunacaq.

    Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl nar”dır. Bu, simvolik olaraq bətnində cənnətdən gələn onlarla toxum, ideya və enerji daşıyan qadını təsvir edir. “Qızıl nar”la yanaşı, festivalda bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim ediləcək.

    Festivalla bağlı daha ətraflı məlumatı https://filmfestival.az. saytından əldə etmək olar.

  • Xalq artisti rəqqasə Təranə Muradova “Qonağımız var” layihəsində

    “Qonağımız var” layihəsinin növbəti qonağı Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova olacaq.

    AZƏRTAC xəbər verir ki, görüş avqustun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.