Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • ABŞ bilet satış kassasının yeni lideri: "Dragon Ball Super"

    Avqust ayı tənəzzül dövrünü yaşayan ABŞ-ın bilet satış kassasında ötən həftəsonu gözlənilməz hadisə baş verib.

    AZƏRTAC xəbər verir ki, yaponiyalı rejissor Tetsurô Kodamanın "Dragon Ball Super" animasiya filmi nümayişinin ilk günü gözləntiləri üstələyərək 20,1 milyon dollar gəlir əldə edib və kassada ilk sıraya yüksəlib.

    Ekran əsərinin süjet xətinə görə "Qırmızı Lent Ordusu" Son Qoku tərəfindən məhv edilir, lakin ayrı-ayrı şəxslər onu canlandırmaq qərarına gəlirlər. Özlərini “Super Qəhrəman” elan edən komanda Pikkolo ve Son Gohana qarşı hücuma keçir.

  • “Şuşa mədəniyyətinin inciləri”: Xan Şuşinski

    Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Xan Şuşinski həsr olunub.

    İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açıb. İsfəndiyarda geniş diapazonlu, məlahətli səsin və xanəndəliyə həvəsin olması çox erkən nəzərə çarpdığından, Aslan ağa oğlunu yeniyetmə çağlarından dövrünün tanınmış xanəndələrindən olan İslam Abdullayevin sinfinə verib.

    1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.

    Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” adlı bu duet indi də maraqla dinlənilir.

    Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.

    İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb. Görkəmli sənətkar, adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb.

    Xan Şuşinski 1979-cu ildə vəfat edib.

  • “Şuşa musiqiçiləri”: Zülfü Adıgözəlov

    “Şuşa İli” ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında “Şuşa musiqiçiləri” rubrikasına davam edir.

    AZƏRTAC xəbər verir ki, rubrikanın budəfəki mövzusu xanəndə, Azərbaycanın Əməkdar artisti Zülfü (Zülfüqar) Adıgözəlova həsr edilib.

    Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olub. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü.Hacıbəyli, Q,Pirimov, M.Maqomayevin qarşısında imtahan verərək, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunub. O, muğam dəsgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaradıb. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar. 1936-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş Z. Adıgözəlov bir sıra muğam və təsnifin, xalq mahnılarının mahir ifaçısı idi.

    Xanəndənin ifa etdiyi və lentə, qrammofon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirib.

    Zülfü Adıgözəlov muğam dəsgahlarını ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir edib. Bu baxımdan "əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.

    O, 1963-cü ildə Bakıda vəfat edib.

  • “Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC-nin (ABB – Moskva) əməkdaşlığı nəticəsində Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni alternativ kanal təqdim edilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Azərpoçt”da tətbiq olunan “Granat” pulköçürmə sistemi vasitəsilə artıq Rusiya Federasiyasından Azərbaycana köçürülən pul vəsaitlərini vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.

    İlkin mərhələdə “Granat” pulköçürmə sistemi Bakıda yerləşən AZ1000, AZ1017, AZ1044 indeksli poçt şöbələrində və respublika üzrə bütün rayon mərkəzlərində fəaliyyət göstərən mərkəzi xidmət şöbələrində vətəndaşlara təqdim olunacaq. Yaxın gələcəkdə isə tələbatdan asılı olaraq, digər poçt şöbələrində də bu sistemin tətbiqi nəzərdə tutulur.

    Qeyd edək ki, “Granat” pulköçürmə sistemi Rusiya Federasiyasında hər kəs üçün əlçatandır: belə ki, Rusiya ərazisində yerləşən “ABB – Moskva” məntəqələri və “Granat” mobil tətbiqi vasitəsilə, eləcə də digər partnyorlara məxsus xidmət nöqtələrindən Azərbaycana pul vəsaitlərinin göndərilməsi mümkündür.

    “Granat” pulköçürmə sistemi üzrə tariflər, eləcə də pul köçürmələrinin göndəriş və alış məntəqələri haqqında ətraflı məlumatı “www.azerpost.az” və “www.granatpay.ru” saytlarından əldə etmək olar.

    “Azərpoçt” 1500-ə qədər şöbəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə xidmətlər, elektron ödənişlər, sığorta və sair kimi qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və pərakəndə biznes xidmətlərini təqdim edir.

  • Nərimanov rayonunda Müzəffər Nərimanov küçəsinin təmiri davam edir

    Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə paytaxtın Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işləri davam edir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1830 metr təşkil edən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

    Ortalama eni 17,5 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kvadratmetr sahədə bərpa olunub, 4582 poqonometr yeni səki daşları düzülüb. Küçə boyu 32 yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılıb.

    Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

    Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə istifadəyə veriləcək.

    Qeyd olunub ki, cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometrdir. 2021-ci ildə isə Nərimanov rayonunda ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

  • "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir

    "Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində növbəti təqdimatlardan biri ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan Barat xanım Şəkinskayaya həsr olunub.

    AZƏRTAC xəbər verir ki, təqdimatda Barat Şəkinskayanın həyat və yaradıcılığı haqqında məlumat verilir.

    Barat Həbib bəy qızı Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşada bəyzadə ailəsində anadan olub. Nəsillərin bir qolu Şəki xanları ilə bağlı olduğuna görə "Şəkinskaya" soyadını götürüblər. Barat xanım ilkin təhsilini Şuşada alıb. Gəncəyə köçəndə, 1923-cü ildə oradakı 2 saylı qız məktəbində oxuyub. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. İki il sonra Bakıya gəlib və Milli Dram Teatrı kollektivinə daxil olub.

    Onun zəngin yaradıcılığının əsas dövrü Akademik Milli Dram Teatrı ilə bağlıdır. Bu teatra ilk gəlişində "Romeo və Cülyetta" lirik məhəbbət faciəsində "Cülyetta" kimi möhtəşəm rolu oynayan aktrisa bir-birinin ardınca Şekspirin "Kral Lir", "Otello", K.Simonovun " Bizim şəhərli oğlan", M.Qorkinin "Zıkovlar" və s. pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. Aktrisa, həmçinin çoxlu uşaq rolları da oynayıb. Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında aktrisa, filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işləyib.

    Səs tembrinin titrək lirizmi, səmimi romantikası, real çalarları heç vaxt dəyişməyib. 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Ömrünün 85-ci ilində 1999-cu il yanvarın 13-də dünyasını dəyişmiş aktrisa Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

  • “Qonağımız var” layihəsi davam edir

    Avqustun 22-də "Qonağımız var" layihəsi çərçivəsində Əməkdar artist Aybəniz Haşımova ilə görüş təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, görüş Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

  • "Azpetrol” Ağalı kəndində 94-cü yanacaqdoldurma məntəqəsini istismara verib

    Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsini avqustun 18-i istismara verdi.

    Sayca 94-cü və ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi ərazisində yerləşir.

    Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. Bununla da, “Azpetrol” şirkəti Qarabağ ərazisində 5 yeni iş yerinin açılmasını təmin etdi.

    Yanacaqdoldurma məntəqəsinin açılışında “Azpetrol” şirkətinin Baş Direktoru Ceyhun Məmmədov, şirkətin əməkdaşları və Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları iştirak etdilər.

    “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 94 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

  • Rusiya şirkəti Bakı metrosu üçün 4 yeni qatarın istehsalını davam etdirir

    Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində "Bakı Metropoliteni" QSC üçün innovasiyalar baxımından müasir standartlara cavab verən 81-765B/766 B tipli vaqonların istehsalı davam etdirilir.

    Bu barədə Reporta "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

    2019-cu ilin oktyabrında bağlanmış üçillik müqaviləyə uyğun olaraq, adıkeçən müəssisə 2020-2022-ci illər ərzində “Bakı Metropoliteni” QSC-ni hər il 20 vaqon olmaqla, ümumilikdə 60 yeni vaqonla təmin etməlidir. Əvvəlki iki ildə belə vaqonlardan 40-ı Bakı metropoliteninə gətirilərək, sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb.

    Cari ildə Bakı metropoliteninin yerli texniki-istismar tələblərinə uyğun istehsalı aparılan bir qatarın rənglənməsi prosesi artıq başa çatdırılıb. Hazırda mexaniki, pnevmatik, elektrik hissələr quraşdırılır. Bu xüsusda elektrik sistemində yüksək gərginlikli dövrələrin montajı tamamlanmaqdadır. Vaqon qapıları sisteminin quraşdırılması da son mərhələdədir. İstehsalın yekun mərhələsində quraşdırılan vaqonaltı avadanlığın, o cümlədən dartı mühərriki və təkər cütlərinin yığılması prosesi də bitmək üzrədir.

    Tədarükçü müəssisə yaxın vaxtlarda qatarda işləri tamamlayaraq sınaqlara başlayacaq. Sonra “Bakı Metropoliteni” QSC nümayəndələrinin iştirakı ilə vaqonların yekun sınaqları və qəbulu əməliyyatları aparılacaq.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Cıdır düzü

    “Şuşa İli” elan edilməsi haqqında Sərəncama əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı ” adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat Şuşanı dillər əzbəri edən məşhur tarixi məkan olan Cıdır düzünə həsr olunub.

    Cıdır düzü şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsində dağlar qoynunda yerləşən, şəhərin yeganə və böyük hamar ərazisidir. Elə bu səbəbdən də ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub.

    Əsrarəngiz gözəlliklər məkanı olan Cıdır düzü ədəbi-musiqili məclislərin, musiqi şənliklərinin də keçirildiyi yer idi. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında “Xarıbülbül” musiqi festivalları da keçirilirdi.

    1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduğuna görə bu müqəddəs məkan mədəniyyət və incəsənət əsərlərində yaşadıldı və unudulmadı.

    44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan edib. Bu Sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunub.