“Bakı Metropoliteni” QSC “Bənövşəyi” xəttinə aid “Xocəsən” elektrik deposunun müxtəlif obyektlərində idarəetmə panellərinin alınıb quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Report dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İ.M.S. ENGİNEERİNG LTD” MMC-dir.
Qalib şirkətə 1,659 milyon manat (976 min ABŞ dolları) ödəniləcək.
Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yeni görüntüləri yayılıb.
Report xəbər verir ki, kadrlarda yolun 81-101-ci km-lərinin inşasını həyata keçirən “AzVirt” MMC-nin gördüyü işlər yer alıb.
Ümumi uzunluğu 123,8 km olan yolun təməli 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı qoyulub.
Yol işğaldan azad edilmiş ərazilərin inkişafı üçün əhəmiyyətli olan 10 yol-infrastruktur layihələrindən biri hesab edilir.
Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43,8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edəcək.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 6 015 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunur. Belə ki, hazırda 8 körpünün təməl və svay işləri görülür.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.
Avqustun 20-də “YARAT film klubu” çərçivəsində “Artım” layihə məkanında italiyalı rejissor Federiko Fellininin psevdosənədli film üslubunda lentə aldığı "Orkestrin məşqi" filmini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin nümayişindən sonra Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının (Vyana, Avstriya) İdarə Heyətinin üzvü, Qərbi Kaspi Universitetinin psixoanaliz üzrə lektoru, psixoanalitik Fariz Səmədov ilə "Kino və psixoanaliz" mövzusunda açıq müzakirə olacaq.
Simfonik orkestrin məşqindən əvvəl musiqiçilər qəfil gələn televiziya çəkiliş qrupuna müsahibə verirlər. Dirijor zala daxil olur və məşq başlayır. Dirijorun tələbkarlığı, iradları musiqiçilərin narazılığına səbəb olur və bayaq ruh yüksəkliyi ilə musiqi haqqında ürək sözlərini deyən insanlar bir anda məhvedici qüvvəyə, coşqun üsyançılara çevrilirlər...
Nümayiş Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə həyata keçiriləcək.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında növbəti filmin çəkilişləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Y.Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.
7 hissədən ibarət olan filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.
Filmin çəkilişləri kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini ziyarət ediblər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına nümayiş olunacaq.
"Kazan Kremlin" Muzey-Qoruğunda tanınmış modelyer - dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın "Qarabağ" və "Xarıbülbül" adlı kolleksiyaları böyük uğurla nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, dəfilə Kazanda (Tatarıstan, Rusiya) ikinci Etno-Fashion-Xalq yaradıcılığı və Dekorativ-Tətbiqi İncəsənət Festivalı "Həyat tərzi - mədəni Kod" çərçivəsində keçirilib. Kolleksiyalar XVII-XIX əsrlərin tarixi binalarında təqdim olunub.
"Azərbaycanı dünya podiumlarında, xüsusən də indi bizim gözəl Qarabağımızı təcəssüm etdirən və Şuşa ilində bu cür kolleksiyalarla təmsil etmək mənim üçün böyük şərəfdir. Məlum olduğu kimi, Xarıbülbül çiçəyi Şuşa və Qarabağla ayrılmaz bağlıdır, sevgi və sülh rəmzidir, Azərbaycanın talismanı, 44 günlük Vətən müharibəsində qələbənin milli rəmzidir. Sevindirici haldır ki, kolleksiyaların nümayişi qonaqların böyük marağına səbəb olmuş və böyük uğurla keçmişdir. Səfər çərçivəsində gələcək əməkdaşlıq və birgə layihələrin reallaşdırılması istiqamətində də bir sıra işgüzar görüşlər keçirilib", - deyə Gülnarə Xəlilova bildirib.
Festival Rusiya Sənaye və Ticarət Nazirliyinin, Tatarıstan Respublikası hökumətinin, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin və Avrasiya etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Bu il festival Rusiya, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 50-yə yaxın tanınmış dizayner iştirak edib, yaradıcılıq görüşləri və ustad dərsləri keçirilib.. Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilirdi.
Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.
Bu barədə Report-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub
Britaniyanın BBC teleşirkəti "İpək Yolu - Azərbaycan möcüzələri" adlı silsilə veriliş təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə BBC teleşirkəti məlumat verib. Proqramda tarixçi Bettani Hyuzun Qobustan və Şəkiyə səfəri əks olunur. Səyyah səhraya bənzəyən Qobustan çöllərində 40 min illik qeyri-adi qayaüstü rəsmlər barədə izləyicilərinə məlumat verir. Daha sonra o, şimala, qədim İpək Yolu ilə səyahət edən tacirlər üçün mühüm dayanacaq olan Şəkiyə gedir və hələ də ənənəvi üsulla ipək istehsal edən toxucularla qarşılaşır. Bettani, həmçinin Şəki xan sarayını araşdırır.
Verilişin yayımı avqustun 20-nə planlaşdırılıb.
Qeyd edək ki, veriliş tarixçi, yazıçı, jurnalist, professor Bettani Hughes tərəfindən təqdim olunacaq. O, indiyə qədər "National Geographic", "Discovery", "PBS", "Channel 4", "Netflix"," ITV" və "History Channel" üçün 50-dən çox televiziya və radio sənədli filmi çəkib. Onun proqramları dünyada 250 milyondan çox tamaşaçı tərəfindən izlənilib.
Görkəmli sovet və Azərbaycan estrada və opera müğənnisi Müslüm Maqomayevin doğum günündə - avqustun 17-də rusiyalı tamaşaçılara “Nizami” filmi təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, baş rolda Müslüm Maqomayevin çəkildiyi “Nizami” filminin nümayişi tanınmış müğənninin 80 illiyinə həsr edilib. Tədbir Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonu tərəfindən təşkil olunub.
“Azərbaycanfilm” və “Mosfilm” kinostudiyaları tərəfindən 1982-ci ildə çəkilən “Nizami” bədii filminin rejissoru Eldar Quliyevdir.
Tarixi-bioqrafik kinoroman dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəviyə həsr olunub. Filmdə Nizami rolunu Müslüm Maqomayev çox gözəl ifa edib, SSRİ Xalq artisti Vyaçeslav Tixonov isə bu rolu səsləndirib.
Cari ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gələnlərin 26,4 faizi Rusiya Federasiyası, 21 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3 faizi Pakistan, 2,6 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi Qazaxıstan, 1,5 faizi Küveyt, hər birindən 1,4 faiz olmaqla İsrail və Oman, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 75,3 faizini kişilər, 24,7 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 351,2 dəfə, Küveytdən 166,6 dəfə, Omandan 156,9 dəfə, Pakistandan 31,9 dəfə, Hindistandan 18,2 dəfə, Bəhreyndən 8,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 7,3 dəfə, İsraildən 7,1 dəfə, Qazaxıstandan 5,8 dəfə, ABŞ-dan 4,4 dəfə, Almaniyadan 3,2 dəfə, Fransadan 2,8 dəfə, Böyük Britaniyadan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,8 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiya Federasiyasından 1,7 dəfə, Gürcüstandan 22,5 faiz artıb.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 202,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 41,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 278,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62 faizi hava, 36,4 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinın açılış mərasimindəki çıxışında söyləyib.
Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşən dövlətimizin başçısı deyib: “Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik”.
Prezident qeyd edib ki, Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi.
“Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub”, - deyə Prezident İlham Əliyev qeyd edib.