“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordusunun zabiti, tarixçi Cahangir bəy Nəsirbəyova həsr olunub.
Cahangir bəy Zeynal bəy oğlu Nəsirbəyov 1892-ci ildə Şuşada zadəgan ailəsində anadan olub. İlk təhsilini Şuşada alıb.
O, Birinci Dünya müharibəsi başlayanda hərbi xidmətə çağırılır, Qafqaz cəbhəsində vuruşaraq, orden və medallarla təltif olunub.
O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən hərbi kadrların yaradılmasında iştirak edib. 1918-ci ildə Zaqafqaziya Seymi C. Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin edib. Hərbi rütbəsi artırılıb: ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçüb, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa edib və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrilib. Nəsirbəyov isə məktəbdə rəisin köməkçisi kimi xidmət etməyə başlayıb.
XI Qızıl ordu Bakını işğal etdikdən sonra C. Nəsirbəyov bu ordunun sıralarına daxil olub. Lakin burada xidməti uzun sürməyib. Onun evində axtarış aparılıb, şəhərdən çıxmamaq barədə dilindən iltizam alınıb.
Cahangir bəy bir neçə gün sonra Azərbaycanı tərk edərək Türkiyəyə köçüb. Bu illərdə məktəblərdə rus, alman, fransız dillərini tədris edib.
İstanbulda çap olunmuş kitabların, "Müxtəsər Azərbaycan tarixi", "Şirvanşahlar yurdu" əsərlərinin müəllifidir.
O, daha sonra Almaniyaya köçür və burada olarkən ailəsinə göndərdiyi məktublarında yazırdı ki, "Tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq və biz hamımız Vətənimizə gedəcəyik". Amma onlar bir daha görüşə bilmədilər. Cahangir bəy 1944-cü ildə müəmmalı şəraitdə Almaniyada vəfat edib.
Meksikanın Tlaskala ştatında 240 dülgərin iştirakı ilə 80 ton ağırlığında rəngarəng taxta kəpəyindən hazırlanan 3932 metr uzunluğunda xalça “Ginnesin rekordlar kitabı”na düşüb.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, sənətkarlar səhər saatlarında “Heç kimin yatmadığı gecə” kimi tanınan “Virxen de la Klaridad” şənlikləri ərəfəsində Huamantla küçələrini tabloya çevirərək öz ideyalarını 19 rəngdə gerçəkləşdiriblər.
Avqustun 19-da Zaqatala rayonunda Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə kənd təsərrüfatı məhsullarının yarmarkası keçiriləcək.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, "Kənd Boğçası" fermer yarmarkasında qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi və sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılacaq. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış ola, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola bilərlər.
Yarmarkada Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının üç layihəsi (Qadınların iqtisadi səlahiyyətlərinin artırılması, Gənclərin aqrar məşğulluğunun artırılması, Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması) və Avropa İttifaqının maliyyə dəstəyi və FAO-nun təşkilatçılığı ilə həyata keçirilən bir layihəsi (Azərbaycanın şimal-qərb regionunda davamlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı) iştirak edəcək.
Fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarını təqdim edərək potensial alıcı və istehlakçıları həmin məhsullara cəlb etməkdir. Yarmarkanın təşkili bölgəyə məxsus məhsulların və adət-ənənələrinin təbliğinə töhfə verərək, regionun dayanıqlı inkişafına təkan verəcək. Kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq müəssisələrinin dəstəklənməsi yarmarkanın əsas hədəflərindən biridir.
“Heç kəsi kənarda qoymadan daha yaxşı istehsal, daha yaxşı qidalanma və daha yaxşı həyat üçün inklüziv və dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması ümumi məqsədlərimizdən biridir”, - deyə FAO-dan bildiriblər.
“Apple TV+” şirkəti “Şantaram” serialının premyera tarixini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rejissoru Bharat Nalluri olan, Çarli Hunnamın rol aldığı ekran əsəri 2022-ci il oktyabrın 14-də yayımlanacaq. Premyera günü ilk üç seriya nümayiş olunacaq.
Qeyd edək ki, Qreqori Devid Robertsin eyniadlı epik romanı əsasında çəkilən “Şantaram” serialının ssenari müəllifi prodüser Stiv Laytfutdur.
Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.
Bu barədə Report-a nazirlikdən bildirilib.
Məlumata görə, özəl fermer təsərrüfatının ərazisində təşkil olunan tədbirdə qurumun elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini, texnoloji avadanlıqlarını fermerlərə nümayiş etdiriblər.
Festivalda bağ və əkin sahələrində məhsuldarlığı artıran yeni suvarma sistemi metodları, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi və sanitar avadanlıq və dərmanlar, yanacağın idareəolunması ilə bağlı sensor və cihazlar, kənd təsərrüfatı təyinatlı texnikalar, alternativ enerji mənbələri, “Smart” sistemə əsaslanan arı yeşikləri, müxtəlif yem bitkiləri və tərəvəz şitilləri nümayiş olunub.
Festivalda “Teknofest Aerokosmik və Texnologiya Festivalı”nın qaliblərinin, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin hazırladıqları prototiplər də təqdim olunub.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyininin tabeli qurumlarının iştirakı ilə kənd təsərrüfatı məhsul istehsalçılarına növbəli əkin, yay şumu barədə geniş məlumat verilib.
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə il ərzində Quba, Ucar, Qobustan və Ağstafa rayonlarında silsilə tədbirlər həyata keçirilib. Bu festivallarda 2 000-dən artıq fermer iştirak iştirak edib.
Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub.
Bu barədə Reporta Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2% artıb. Ölkə vətəndaşlarının 47,9%-i Türkiyəyə, 16,6%-i Rusiyaya, 12,2%-i İrana, 8,3%-i Gürcüstana, 15%- digər ölkələrə səfər edib.
Gedənlərin 64,8%-ni kişilər, 35,2%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 %-i hava, 37,3 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Rusiyanın Birinci kanalı SSRİ-nin və Azərbaycanın Xalq artisti, əfsanəvi estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə “Maqomayev” serialının təkrar nümayişinə başlayacaq.
AZƏRTAC xəbər verir ki, avqustun 15-dən 19-dək təkrar nümayiş olunacaq filmdə əfsanəvi həmyerlimizi serb aktyor Miloş Bikoviç, Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanı isə İrina Antonenko canlandırıblar. Serial Moskvada və Bakıda çəkilib.
Bundan əlavə, Rusiya telekanalı avqustun 17-də Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən “Müslüm Maqomayev. Yer üzünün ən yaxşı səsi” (“Муслим Магомаев. Лучший голос земли”) sənədli filmini nümayiş etdirəcək.
Macarıstan Turan Fondunun təşkilatçılığı ilə bu ölkədə VII Böyük Hun-Türk Qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmiz Avropada milli ənənələrin qorunub saxlanmasına xidmət edən ən iri tədbirlərdən biri hesab olunan qurultayda yüksək səviyyədə təmsil olunub.
Qurultayın açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli iştirak edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qurultay iştirakçılarına müraciət ünvanlayıb. Tədbirdə, həmçinin Macarıstan Milli Assambleyasının (parlament) sədri Laslo Köver və sədr müavini Şandor Lejak, Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri Təşkilatının (TDŞ) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Azamat Jamankulov, TDŞ, TÜRKPA, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının rəhbər şəxsləri və digər rəsmilər iştirak ediblər.
Milli Məclisin sədr müavini Ə.Hüseynli sözügedən tədbir çərçivəsində Macarıstan parlamentinin sədr müavini Ş.Lejak ilə və digər ikitərəfli görüşlər keçirib. Macarıstan parlamentinin nümayəndələri ilə keçirilən görüşlər zamanı ikitərəfli parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşı tərəf işğaldan azad edilmiş ərazilərimizə səfər etməyə dəvət olunub.
Eyni zamanda, tədbirdə ölkəmizin Macarıstandakı səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə ölkəmizin tanınmış incəsənət xadimləri, musiqi və rəqs qrupları milli musiqimizi və rəqslərimizi təqdim edib, xalqımızın qədim tarixi və mədəniyyətinin nümunələri böyük maraqla qarşılanıb.
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.
AZƏRTAC xəbər verir ki, bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 97-ci ildönümü tamam olub.
Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-ci ildən isə AMEA-nın həqiqi üzvü olub.
Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.
Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.
Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: "Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır".
Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.
Bu barədə Report-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
İki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51, 6 metr, eni 3 metr, pilləkənlərin eni 3 metr yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.
Keçiddə özül svaylarının vurulması yekunlaşıb , hazırda dayaqların tikintisi aparılır.
Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.