“Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası sabah matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək.
Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, saat 20:45-də başlanacaq qarşılaşmaya yollanacaq sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə bu stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.
Həmçinin “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər diqqətdə saxlanılacaq, müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.
Ümumən gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Futbol oyununa azarkeş marağını nəzərə alaraq, görüş yekunlaşdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün əlavə tədbirlər görüləcək. Ehtiyac yaranacağı halda, əlavə ehtiyat qatarlar xəttə buraxılacaq.
Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.
Bunu Report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:
“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.
“Balıqlara xütbə” filmi Lokarno Film Festivalında ikinci mükafatını qazanıb.
AZƏRTAC xəbər verir ki, gənc münsiflər heyəti də öz mükafatlarını Hilal Baydarovun “Balıqlara xütbə” filminə verib. Sözügedən mükafatın bəyanatı isə bu cür təqdim edilib: “Həyatın keyfiyyəti ətraf mühitdən asılıdır”. Film, həmçinin “Pardo Verde WWF Xüsusi Diqqət” mükafatına da layiq görülüb.
Qeyd edək ki, “Balıqlara xütbə” filminin ssenari müəllifləri Hilal Baydarov, Aysu Akcan, rejissoru Hilal Baydarovdur. Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov və digər aktyorlar rol alıblar.
Xatırladaq ki, rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, “Səpələnmiş ölümlər arasında” bədii filmi “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının “Ən yaxşı film” nominasiyası üzrə mükafatına layiq görülüb.
Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 %-dən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib.
Bu barədə Report-a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, məhz buna görə də, “Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb. Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək.
"Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır. Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos srtansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib.
“Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir və hazırda işlər tərtib edilmiş qrafiki bir ay qabaqlayır. Bununla da nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur", - "Azərenerji"dən bildirilib.
Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən məlumat Report-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında günəşli olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.
"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından yazıçı-publisist, tərcüməçi, tədqiqatçı, naşir, redaktor, diplomat, ictimai-siyasi xadim, istiqlal mücahidi Ceyhun Hacıbəyliyə həsr olunub.
Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il fevral ayının 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada ikisinifli rus-tatar məktəbində alıb, daha sonra isə təhsilini Bakıda real məktəbində davam etdirib. İlk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. 1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində dərs deyib.
1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedib. Əvvəl Sorbonna Universitetində, sonra isə Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirib.
Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihad" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.
1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edib. AXC işğal edildikdən sonra isə mühacirətdə fəaliyyət göstərib.
Ceyhun bəy Fransada yaşayarkən bir sıra mətbu orqanlarla əməkdaşlıq edib, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" jurnalının redaktoru olub.
Vəfatından üç gün əvvəl 1962-ci il oktyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayıb. Həmin məktubda o, Azərbaycanın İstiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayıb.
Ceyhun Hacıbəyli 1962-ci il oktyabrın 22-də Parisdə dünyasını dəyişib.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) “Şuşa İli”nə həsr olunan layihənin icrasına başlayıb.
Reportun xəbərinə görə, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” layihəsi çərçivəsində ikihissəli sənədli film istehsal olunacaq. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin qalibidir.
Layihənin məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək üçün iki hissəli sənədli film hazırlamaqdır. Hazırlanan filmlərin həm yerli ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur. Bu məqsədlə filmlər Azərbaycan dilindən savayı, subtitrlərlə həm ingilis, həm də rus dillərində hazırlanacaq.
Qeyd edək ki, ikihissəli sənədli filmin əsas mövzusu Şuşada məktəblər və tədris mərkəzləri, həmçinin Şuşada mövcud olmuş mədəni mühit və mədəniyyət abidələri barədə olacaq.
Rejissor Emrə Kayışın 2021-ci ildə çəkdiyi “Anadolu bəbiri” filmi, 12-ci Pekin Beynəlxalq Film Festivalının müsabiqə bölməsinin seçimində iştirak edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, dünən axşam açılışı olan festivalda 14 ölkədən 16 film, "Tientan" (Göy məbədi) mükafatları uğrunda mübarizə aparacaq. Yarışma bölməsində yer alan “Anadolu bəbiri” avqustun 14, 16 və 20-də şəhərin üç fərqli kinoteatrında nümayiş olunacaq. Müsabiqə kataloqunun üst hissəsində təqdim olunan, Çinin Sinxua informasiya agentliyinin festivalla bağlı xəbərlərində yer alan film, güclü namizədlər sırasında görünür.
Çinli aktyor Li Şuecienin sədrlik etdiyi 7 nəfərlik münsiflər heyəti, "Ən yaxşı film", "Ən yaxşı rejissor", "İncəsənətə töhfə", "Ən yaxşı aktyor", "Ən yaxşı aktrisa", “Ən yaxşı ssenari”, “Ən yaxşı operator işi” və “Ən yaxşı musiqi” və sair kateqoriyaları üzrə seçimlər edəcəklər. Mükafatlar avqustun 20-də keçiriləcək mərasimdə öz sahiblərini tapacaq. Uğur Polat və İpek Türktanın baş rollarda çəkildiyi film, Ankara zooparkının müdirinin, nəsli kəsilməkdə olduğu üçün qoruma altında saxlanılan Anadolu bəbirinin ölümünü gizlədərək zooparkın bağlanmasının qarşısını almaq üçün göstərdiyi səydən bəhs edir.
“Anadolu bəbiri” 2021-ci il Toronto Beynəlxalq Film Festivalında “Beynəlxalq Kino Tənqidçiləri Assosiasiyası (FIPRESCI) Mükafatı”, 2021-ci ildə Antalya Film Festivalında isə “Ən yaxşı ilk film mükafatı”nı qazanıb.
"Qonağımız var" layihəsi çərçivəsində uşaqların sevimli yazıçısı, "Sehrli dünya" uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova ilə görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüş avqustun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil ediləcək.
Bu günə qədər “Tesla” şirkəti 3 milyon ədəddən çox avtomobil istehsal edib.
Report xəbər verir ki, bu barədə şirkətin rəhbəri Elon Mask özünün sosial şəbəkə hesabında yazıb.
E.Maskın sözlərinə görə, onun 1 milyonu Şanxaydakı zavodun payına düşür.
O həmçinin Şanxaydakı zavodda istehsal edilən 1 milyonuncu avtomobillə də bağlı paylaşım edib.
E.Mask hesab edir ki, istehsalın tələbdən çox olması bazarda problemlər yaradır.
Qeyd edək ki, Şanxaydakı zavod 2019-cu ildə yaradılıb və pandemiya və bir sıra başqa məhdudiyyətlərə baxmayaraq 3 ildə 1 milyon avtomobil istehsalını həyata keçirib.
Bütün bunlara baxmayaraq şirkət hələ də ənənəvi avtomobil istehsalçılarından geri qalır. Belə ki, 2021-ci ildə “Toyota” 10 milyon, “Volkswagen” isə 9 milyon avtomobil istehsalı ilə lider olub.