Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • "Disney" abunəçilərin sayına görə "Netflix" şirkətini üstələyib

    "Disney"in videoyayım platforması abunəçilərin sayına görə "Netflix" şirkətini üstələyib.

    AZƏRTAC daily.afisha.ru saytına istinadla xəbər verir ki, bu ilin üçüncü maliyyə rübünün yekunlarına əsasən, "Disney" xidmətlərindən istifadə edənlərin sayı 221,1 milyon nəfərə yüksəlib. "Netflix" isə 220,67 milyon abunəçisi olduğunu bildirib.

    "Disney" yayımına Disney+ (152 milyon), ESPN+ (22,8 milyon) və Hulu + Live TV (46,2 milyon) daxildir.

    Qeyd edək ki, bu ilin birinci rübü ərzində, yanvardan mart ayına qədər "Netflix" qlobal istifadəçi sayında ilk dəfə azalma ilə üzləşərək 200 min abunəçisini itirib.

  • Bakının Əliəşrəf Əlizadə küçəsi təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əliəşrəf Əlizadə küçəsini təmir edir

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, 1 230 metr uzunluğa, ortalama 9 metr enə malik yolun təmir işləri çərçivəsində əraziyə 1 360 p/m yeni bordür düzülüb.

    Hazırda piyada səkilərinin bərpası işləri davam edir. Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunacaq.

    Növbəti mərhələdə təmir işlərinin uzunluğu 450 metr olan Tələt Şıxəliyev həmçinin, Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prospektində aparılması nəzərdə tutulur.

  • “12 Avqust Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi açılıb

    12 Avqust – Dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “12 Avqust – Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Beynəlxalq Gənclər Gününün tarixini əks etdirən sənədlər, fotolar, kitab və məqalələr nümayiş olunmuşdur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm linkindən istifadə edə bilərlər.

  • Bu gün peşə məktəblərinə sənəd qəbulu başa çatır

    Bu gün saat 18:00-da peşə məktəblərinə sənəd qəbulu başa çatır.

    "Report" xəbər verir ki, peşə təhsili almaq istəyən şəxslər üçün sənəd qəbulu avqustun 1-də başlayıb.

    Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 340 yer üzrə aparılacaq.

    Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənəcək. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

    Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, sms vasitəsilə də təqdim edilməsi nəzərdə tutulub. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

  • Bu gün Xalq şairi Qabilin anadan olmasından 96 il ötür

    Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Qabilin anadan olmasının 96-cı ildönümü tamam olur.

    Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

    O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.

    Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

    Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.

    Onu hər zaman sevdirən şeirlərindən biri də “Səhv düşəndə yerimiz” adlanır. 1969-cu ildə yazılan bu şeir zaman keçdikcə gündən-günə müasirləşib. Nəsillər dəyişdikcə bu gün də cavanlaşmaqda davam edir.

    Duman dağı dolanar,

    Qiyamət olar.

    Duman yola sallanar,

    Müsibət olar.

    Müsibət oluruq biz,

    Səhv düşəndə yerimiz.

    Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.

    Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.

    Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.

    Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.

    Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

    Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.

    Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.

    2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.

  • Stiven Kinqin “Tənzimləyicilər” romanı əsasında film çəkiləcək

    “Bohemia Group” şirkəti 1996-cı ildə nəşr olunan Stiven Kinqin “Tənzimləyicilər” romanının ekranlaşdırılması hüququnu əldə edib. Ekran əsəri Corc Kovana məxsusdur.

    AZƏRTAC kanobu.ru saytına istinadla xəbər verir ki, “Tənzimləyicilər” romanı autizmdən əziyyət çəkən Set adlı səkkiz yaşlı oğlan uşağından bəhs edir. Uşağın valideynləri öldükdən sonra onun tərbiyəsi ilə xalası Odri məşğul olur. Set telepatik qabiliyyətlərə malikdir və bir gün onun cisminə qədim şər qüvvənin bir təcəssümü olan Tek daxil olur. Oğlanın və onun bacarıqlarının köməyi ilə həmin bədheybət kiçik bir şəhərin yerli əhalisinin həyatını kabusa çevirir.

    Qeyd edək ki, 2019-cu ildə Stiven Kinqin əsərləri əsasında “Doctor Sleep” və “It Chapter Two” adlı iki tammetrajlı film hazırlanıb.

  • “Azərbaycanfilm” kinostudiyasında yeni layihələr hazırlanır

    Bildiyiniz kimi 2023-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi tamam olur. Bu münasibətlə davamlı tədbirlər planı hazırlanır. “Azərbaycanfilm”in indiyə qədər istehsal etdiyi filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulur. Bu günlərdə kinostudiyanın yeni loqosu və saytı geniş ictimaiyyətə təqdim edildi. Həmçinin Qarabağ mövzusunda olan tammetrajlı filmlərin ssenari müsabiqəsinin nəticələri də elan olundu. Bundan əlavə, müsabiqədə ilk üçlüyə düşən maraqlı ssenarilər üzərində işlər, eyni zamanda, həmin ssenarilərin müəllifləri ilə danışıqlar aparılacaq. Həmin ssenarilərin müştərək istehsalı ilə bağlı fəaliyyətlər nəzərdə tutulub. Hazırda “Azərbaycanfilm” kinostudiyasında paralel olaraq bir neçə filmin istehsalı aparılır.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov bildirib.

    Hazırlıq prosesində olan “Mehmandarovlar” bədii-sənədli filminin Mehmandarovun nəslindən bəhs etdiyini bildirən R.Ələkbərov deyib: “Ekran əsərinin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifi isə tanınmış tədqiqatçı-alim Vasif Quliyevdir. Həmin filmdə Mehmandarovlar nəslinin Azərbaycan tarixindəki yeri barədə məlumat verilir. Hazırda həmin nəslin davamçıları ilə görüşlər keçirilib. Rejissor Y.Rzayev bu filmi də digər sənədli filmləri kimi maraqlı üslubda hazırlamaq niyyətindədir. Belə ki, Mehmandarovlar nəslinin bir nümayəndəsi qəhrəman olaraq seçiləcək və həmin qəhrəman vasitəsilə paralel olaraq şəcərənin yaşadığı dövrdə Azərbaycan tarixinin bəzi məqamlarından söhbət açılacaq. Filmin Şuşadakı Mehmandarovlar malikanəsində aparılan çəkilişləri artıq yekunlaşıb. Bakıdakı pavilyon çəkilişləri də artıq yekunlaşmaq üzrədir. Yaxın iki ay ərzində filmin geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”.

    Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə sənədli film çəkdiyini vurğulayan kinostudiyanın mətbuat xidmətinin rəhbəri qeyd edib ki, şərti adı “ANAMA” olan bu filmin qəhrəmanları minaaxtaranlardır, onlar həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərin minadan təmizlənməsi işini həyata keçirirlər.

    Onun sözlərinə görə, filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyovdur. Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bu filmin ölkə ərazisində, həm də ölkə xaricində nümayişi planlaşdırılır.

    Həmçinin ilin sonuna qədər “Azərbaycanfilm”in istehsalı olan daha iki ekran əsərinin kinosevərlərə təqdim olunacağını qeyd edən kinostudiyanın mətbuat xidmətinin rəhbəri R.Ələkbərov deyib: “İki il ərzində “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və “İctimai TV”nin birgə istehsalı olan 10 film ərsəyə gətirilib. Onuncu filmin sentyabr ayında geniş kütləyə təqdim olunması nəzərdə tutulur. Həmin sənədli filmlər silsiləsindən olan daha iki film üzərində hazırlıq prosesinə başlanılıb. Çox güman ki, ilin sonuna qədər həmin iki film də ictimaiyyətə təqdim olunacaq”.

    Ramil Ələkbərov “Azərbaycanfilm” kinostudiyasınin Kino Agentliyinin tabeliyində fəaliyyət göstərəcəyini bildirərək deyib: “Çox güman ki, bu ilin sonuna qədər Azərbaycan Respublikasının Kino Agentliyi fəaliyyətə başlayacaq. Digər kino qurumları kimi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da Kino Agentliyinin tabeliyində fəaliyyət göstərəcək. Strukturun tam olaraq fəaliyyət mexanizmi agentliyin yaradılmasından sonra məlum olacaq”

    Kinostudiyanın saytı üzərində təkmilləşdirmə işlərinin aparıldığını bildirən R.Ələkbərov saytın sentyabrın əvvəlində tam hazır formada kinosevərlərin ixtiyarına veriləcəyini söyləyib: “Saytda kinostudiyanın indiyə kimi istehsal etdiyi filmlərin kataloqu olacaq. Həmçinin filmlər haqqında geniş informasiya və kinostudiyanın gördüyü işlər, elanlar, xəbərlər, eləcə də ekran əsərlərinin resenziyaları saytda yer alacaq”.

  • Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək

    “Qonağımız var” layihəsi çərçivəsində Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Xalq şairi ilə görüş avqustun 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayında təşkil olunacaq.

  • “Qonağımız var” layihəsi davam edir

    “Qonağımız var” layihəsinin növbəti qonağı Əməkdar artist Mehriban Xanlarova olacaq.

    AZƏRTAC xəbər verir ki, görüş avqustun 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində keçiriləcək.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Cəlal Qaryağdı

    “Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, heykəltəraş Cəlal Qaryağdıya həsr olunub.

    Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Erkən yaşlarında ata-anasını itirən Cəlal Qaryağdı 1927-ci ildə Bakıya gəlir. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir, 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.

    Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur.

    Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir. İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. Cəlal Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli , Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.

    Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.

    Cəlal Qaryağdı yaradıcılığına Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar.

    C. Qaryağdı heykəltəraşlığın müxtəlif janrlarında - monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb.

    Heykəltəraş 1954-cü ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

    Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.