İrlandiyanın aşağıbüdcəli “Ryanair” aviaşirkəti daha 1-10 avro dəyərində biletlər satmayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Maykl O'Liri bildirib.
“Şübhəsiz ki, 1, 0,99 və hətta 9,99 avro dəyərində biletlər bazardakı ən ucuz biletlər idi. Düşünürəm ki, növbəti bir neçə onillikdə belə təkliflər olmayacaq. 10 avrodan ucuz biletlər dövrü arxada qaldı”, - O'Liri deyib.
O, qiymət artımının aviasiya yanacağının bahalaşması ilə əlaqədar olduğunu etiraf edib.
Şirkət rəhbərinin sözlərinə görə, yaxın 5 il ərzində biletlər üçün orta qiymət 50 avro civarında olacaq.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının saytı üzərində təkmilləşdirmə işləri aparılır. Sayt sentyabrın əvvəlində tam hazır formada kinosevərlərin ixtiyarına veriləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov deyib.
“Saytda kinostudiyanın indiyə kimi istehsal etdiyi filmlərin kataloqu olacaq. Həmçinin filmlər haqqında geniş informasiya və kinostudiyanın gördüyü işlər, elanlar, xəbərlər, eləcə də ekran əsərlərinin resenziyaları saytda yer alacaq”,- deyə R.Ələkbərov bildirib.
Avqustun 30-da Rusiyanın Sankt-Peterburq şəhərinin turizmin inkişafı üzrə komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər.
Report-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səfərin məqsədi ölkənin Şimal paytaxtını tanıtmaq və onun turizm potensialını təqdim etməkdir.
Xatırladaq ki, iyulun sonunda komitə qonaqpərvərlik sənayesinin ən yaxşı nümayəndələrini “Sankt-Peterburqa xoş gəlmisiniz!” rod-şousunun keçirilməsi üçün Qazaxıstanın Almatı və Nur-Sultan şəhərlərinə göndərib. Qurum bəyan edib ki, hotel operatorları, muzeylər və agentliklər öz məhsullarını birbaşa təqdim etmək və daha tez yeni müştərilər əldə etmək imkanı əldə edəcəklər.
Müasir Azərbaycan poeziyasının tanınan simalarından olan Zeynal Xəlil ürəyi ilə sənəti arasında sərhədi, səddi olmayan şair idi. O öz hisslərini, düşüncələrini gizləməyi bacarmırdı. Özünəməxsus yaradıcılıq yolu, gərgin sənət axtarışları şairin qələmini günü-gündən püxtələşdirərək onu şeirin keşməkeşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri etmişdi. Əsl poeziya, əsl sənət əsəri üçün zaman həddi, zaman sərhədi olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Zeynal Xəlil xoşbəxt şairlərdəndir ki, zəngin poeziyası ona, belə ölməzliyi bəxş etdi.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri, poemaları sevilə-sevilə oxunan, pyesləri tamaşaçıların hüsn-rəğbətini qazanmış, Əməkdar incəsənət xadimi Zeynal Xəlilin vəfatından 49 il ötür.
XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Zeynal Xəlil özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın keşməkeşli yollarında ağır sınaqlarla üzləşən, ilhamla yazıb-yaradan, təravətli əsərləri ilə rəğbət qazanan, ədəbiyyatımıza imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. Cəmi 59 il ömür sürmüş bu şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır. Erkən çağlarında üzləşdiyi yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək həmişə özünü məğrur, qürurlu aparmağı, poeziyasının baş qəhrəmanı olan insani məhəbbətlə vəsf etməyi bacardı. Hər şeydən öncə Zeynal Xəlil dövrünün övladı idi. Əgər o, bir tərəfdən insanın daxili aləmi, yüksək amallar uğrunda mübarizəsi barədə yazırdısa, digər tərəfdən XX əsrin diktəsi, tələbləri də bir şairin yaradıcılığında öz əksini göstərirdi. Zeynal Xəlil XX əsrin ən gözəl lirik şairlərindən biri idi. Onun qələmindən çıxan məhsul çoxcəhətli, həm də bu gün öz əhəmiyyətini itirməyən, oxucuların, tamaşaçıların marağını, zövqünü oxşayan poemalar, pyeslər olmuşdur. Zəngin yaradıcılığa malik olan Zeynal Xəlil öz əsərlərində Azərbaycanın poetik tablosunu çox əlvan yaradıb. Şairin bütün müşahidələrinin, poetik münasibətlərinin, mərkəzində insan və onun arzuları dayanırdı.
Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində doğulub. O, şeirlərinin birində öz tərcümeyi-halını belə dilə gətirir: “Atam papaqçıydı, varı-yoxu bir qəlib idi, bir də iynə”. Hər zaman öz şeirlərində ağrı və məhəbbətlə atasını yad edən Zeynal Xəlil yeddi yaşında ikən atasını itirib. Böyük qardaşlarının himayəsində yaşayan şair əvvəl yeddiillik orta məktəbi, sonra isə peşə məktəbini bitirmişdir. Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə vermiş, “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazmışdır. Bir-birinin ardınca yazılan şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər mətbuat orqanlarında çap olunmağa başladı. Şairin 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış ilk şeirlər kitabı “İstək” göstərdi ki, ədəbiyyata öz mövzusu, nəfəsi, yazı manerası olan bir şair gəlmişdir. Bundan sonra Zeynal Xəlil çətin axtarışlar yolu ilə getdi, daha maraqlı və rəngarəng əsərlər yaratdı. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları oxucularda böyük maraq və hüsn-rəğbət oyatdı. Şairin bir-birinin ardınca çıxan “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi onlarla kitabları haqlı olaraq bütün Azərbaycan ədəbiyyatının müvəffəqiyyəti kimi qiymətləndirilir. Zeynal Xəlilin “Ulduzlar”, “Fədai”, “Şah və qarışqa”, “Koroğlunun qocalığı”, “Gülər”, “Səməd Vurğunla görüş” poemalarını da bu siyahıya daxil etsək və bu əsərləri diqqətlə nəzərdən keçirsək şairin ümumi mənzərəsini görərik. Zeynal Xəlilin yaradıcılığı demək olar ki, tarixi qəhrəmanlıq keçmişimizdən tutmuş (“Koroğlunun qocalığı), inqilabi keçmişimizə (Qatır Məmməd), Böyük Vətən müharibəsinə (“Tatyana” poeması və bir sıra şeirlər) və lap son günlərə qədər əhatə edir. Şairin qələmə aldığı şeirləri də oxucular tərəfindən həmişə rəğbətlə qazanmışdır. Bunun isə səbəbi onun şeirlərindəki istilik, ürəyə yatımlılıq, coşqun ehtiras və lirik əhval-ruhiyyədir.
Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Elə bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib. Bu filmin ardınca İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” kimi şeirləri, “Tatyana” adlı poeması dillər əzbərinə çevrilib.
Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Soltan Hacıbəyova məxsus “Kimlər gəldi, kimlər getdi”, musiqisi Emin Sabitoğluya məxsus “Bu gecə”, “Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə sənədli film çəkir. Şərti adı “ANAMA” olan bu filmin qəhrəmanları minaaxtaranlardır, onlar həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərin minadan təmizlənməsi işini həyata keçirirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov deyib.
Onun sözlərinə görə, filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyovdur. Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bu filmin ölkə ərazisində, həm də ölkə xaricində nümayişi nəzərdə tutulur.
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.
Bu barədə “Report”a hava limanından bildirilib.
Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.
Avqustun 14-də Bakıda gənclər arasında məşhur olan ənənəvi “Color Festival” təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, gənclərin və ruhu gənc olan hər kəsin əylənə biləcəyi festivalda Aslixan, Josephication, Dj Amalov, Dj Staysy, Dj Ax, Dj geobaku və başqaları iştirak edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Pegas Touristik” tur-operatorunun təşkilatçılığı ilə Azərbaycanın turizm şirkətlərinin nümayəndələri üçün Bakıdan Şarm əl-Şeyxə informativ reklam turu baş tutacaq.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-dan 16-dək keçiriləcək tur ödənişlidir.
Turun dəyərinə “Air Cairo”dan aviabilet, 4-5 ulduzlu otellərdə yerləşmə, qidalanma FB (səhər yeməyi, nahar və şam yeməyi), proqram üzrə transferlər, sığorta, proqrama uyğun ekskursiya daxildir.
Qeyd edək ki, hər agentlikdən yalnız 1 əməkdaş iştirak edə bilər.
Bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında dünyanın ən aktiv palçıq vulkanı püskürüb.
Report xəbər verir ki, təbiət hadisəsi yerli vaxtla 09:36-da qeydə alınıb.
Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəq.12 san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.
İşğaldan azad edilmiş ərazilərimizdə 42 abidə (Şuşa üzrə 30) pasportlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, dəymiş zərərin qiymətləndirilməsi üçün abidələrin sənədləşdirilməsi xüsusi önəm daşıyır.
“Pasportlaşdırılan 42 abidə (30 pasport Şuşa üzrə) və 10 mühafizə zonası işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrə aiddir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” 2021-ci il 24 avqust tarixli Qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi monitorinqlər zamanı toplanılan məlumatlar əsasında daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı müvafiq təsnifata uyğun olaraq Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.