Xalq rəssamı Kazım Kazımzadə Azərbaycan fırça sənətinin görkəmli nümayəndələrindən biridir. Onun fırçasından çıxmış qrafik əsərlər yaradıcılığı üçün daha səciyyəvidir və üstünlük təşkil edir. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat ən incə zövqlü şəxslər tərəfindən də rəğbətlə qarşılanır. O, Azərbaycan folkloruna və klassik ədəbiyyatına yaxşı bələd idi. “Kitabi-Dədə Qorqud” eposuna, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə sənətkarlıqla çəkdiyi illüstrasiyalar bunları bir daha sübut edir.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Kazım Kazımzadənin anadan olmasından 109 il ötür.
Kazım Kazımzadə 1913-cü il avqustun 10-da Bakı şəhərində doğulub. Əmək fəaliyyətinə də müəllim kimi başlayıb. Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət Şabran rayonunda müəllimlik edib, kənd məktəbinin direktoru işləyib.
Hələ texnikumda təhsil alarkən rəssamlığa böyük həvəs göstərib. Texnikumda sənət dərslərini tədris edən müəllimləri onun rəssamlıq istedadını hiss edərək bu sahədə təhsil almasını məsləhət görüblər. Nəhayət, Kazım Kazımzadə Bakı Rəssamlıq Texnikumunu da bitirib. Daha sonra bu sahədə ali təhsil alıb. Kazım müəllim o dövrün işıqlı simalarının əhatəsində olub, onlardan öyrənib. O, Əzim Əzimzadədən dərs alıb, Üzeyir Hacıbəyli, Səməd Vurğun kimi şəxsiyyətlərlə oturub-durub.
Kazım Kazımzadə Böyük Vətən müharibəsinin iştirakçısı olub, həmin illərdə, hətta müharibədən sonra bu mövzuda dəyərli əsərlər yaradıb. Rəssamın əsərləri keçmiş SSRİ-nin müxtəlif guşələrində, habelə xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirilib. Kazım müəllim teatr və kino rəssamlığı sahəsində də çalışıb, onun eskizləri əsasında gözəl xalçalar toxunub. O, sənət sahəsindəki uğurlarına görə Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına, Dövlət mükafatına layiq görülüb, orden və medallarla təltif edilib.
Xalq rəssamı əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərib. Nizaminin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına çəkdiyi illüstrasiyalar onu daha da məşhurlaşdırıb.
Yaradıcılığında siyasi plakat və karikaturalara da geniş yer ayıran rəssamın “Cəbhə yollarında” rəsmlər silsiləsində İkinci Dünya müharibəsinin fəlakətləri əks etdirilib.
Bütün bunlarla yanaşı, Kazım müəllim milli dəyərlərimizin təəssübkeş qoruyucusu və təbliğatçısı olub. Yarım əsr Dövlət İncəsənət Muzeyində direktor vəzifəsində çalışan K.Kazımzadə bu sahədə də səmərəli fəaliyyət göstərib. Məhz onun rəhbərliyi dövründə muzeyin fondları ən dəyərli sənət əsərləri ilə zənginləşdirilib, eyni zamanda Azərbaycanda, habelə dünyanın bir çox guşələrində nümayiş etdirilib, təsviri sənətimizin təbliğinə, fırça və tişə ustalarımızın geniş miqyasda tanınmasına, şöhrətlənməsinə mühüm təsir göstərib.
Dövlət İncəsənət Muzeyi 1951-ci ildə, məhz Kazım müəllimin rəhbərliyi dövründə Bakının mərkəzində ikimərtəbəli binaya köçürülüb. 1991-ci ildə Kommunist Partiyasının ləğvindən sonra Bakı Şəhər Partiya Komitəsinin binası da muzeyə verilib. Kazım müəllimin rəhbərliyi ilə qısa müddətdə burada muzeyin yeni ekspozisiya bölmələri yaradıldı, fond və xidmət otaqlarının sayı artırılıb.
Kazım müəllim dünya miqyasında tanınan muzey mütəxəssisi idi. O, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin üzvü olub, 1992-ci ildə isə yeni təsis edilmiş Azərbaycan Milli Komitəsinin üzvü seçilib.
Respublikamızda muzey şəbəkəsinin inkişafına da dəyərli töhfələr bəxş edən Kazım Kazımzadə Bakı şəhərində Səməd Vurğun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını verib. O, eyni zamanda respublikamızda sənətşünasların və muzey kadrlarının yetişdirilməsinə böyük əmək sərf edib.
Xalq rəssamı Kazım Kazımzadə 1992-ci il oktyabrın 4-də dünyasını dəyişib.
Dünya bazarında neftin qiyməti düşüb. İnvestorlar “Dostluq” (“Drujba”) neft nəqli sisteminin cənub xətti ilə Avropaya qaz tədarükünün bərpası perspektivlərini qiymətləndirirlər.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,75% ucuzlaşaraq 1 bareli 95,59 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,93% aşağı düşərək 1 bareli 89,66 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, dünən Ukraynanın “Uktransnafta” və Rusiyanın “Transneft” şirkətləri Rusiya neftinin Macarıstan, Çex Respublikası və Slovakiya istiqamətində nəqlinin dayandırılması ilə bağlı xəbər yayıb. Neft ötürülməsinin dayandırılması Rusiya tərəfinin Aİ sanksiyaları səbəbindən tranzit ödənişini edə bilməməsi ilə əlaqələndirilirdi.
Bundan başqa, birjalar Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatları ilə bağlı statistikasına reaksiuya verir. Belə ki, API-nin məlumatına əsasən avqustun 5-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 2,15 milyon barel artıb. Analitiklər ehtiyatların 0,7 milyon barel artacağını güman edirdilər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.
Report xəbər verir ki, Konya Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əbdülsəttar Yarar Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva muzey barədə məlumat verib.
Bildirilib ki, Türk və İslam dünyalarının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir. Mədəniyyət ocağı həm də “Mövlanə türbəsi” kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – “fil ayaq” adlanan sütunlar üzərində tikilib. Türbənin əsas günbəzi firuzəyi rəngli olduğundan “Yaşıl qübbə” adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xəttlə “Bismillah” və “Ayətül kürsü” həkk edilib.
Qeyd edilib ki, muzeydə Mövlanə ilə oğlu Sultan Veledə aid iki məzar var. Burada Osmanlı dövründə hədiyyə olunan nadir əsərlər nümayiş etdirilir. Ekspozisiyanın 4 qapısı – “Dərviş”, “Hamuşan”, “Çələbiyan” və “Pir” qapıları mövcuddur. Türbənin önündə Osmanlı dövrünün dövlət xadimlərindən olan Mahmud Paşa tərəfindən tikilən gümüş qəfəs var.
Diqqətə çatdırılıb ki, kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, “Qurani-Kərim”in nüsxələri, Məsnəvilər və miniatür əl yazmaları ilə xalı səccadələr nümayiş etdirilir.
Vurğulanıb ki, “Tilavət” adlanan otaq hazırda muzeyin xəttatlıq sənəti nümunələrinin nümayiş olunduğu bölmə kimi fəaliyyət göstərir. Ekspozisiyada Osmanlı dövrünün məşhur xəttatlarından sayılan Mahmud Cəlaləddin, Mustafa Raqim, Hülusi, İzzət, Yesarizad, Sultan II Mahmud kimi xəttatların lövhələri də var.
Daxil-i Üşşaq salonuna gümüş qapılardan daxil olurlar. Üstü üç qübbə ilə örtülmüş bu sahənin şimal tərəfində Xorasan Ərlərinə aid tabutlar və gümüş qəndillər var.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
"Tazəbəy hamamı"nın fasadına bərkidilən fiqurlar çıxarılıb.
Bu barədə Report-a Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətindən məlumat verilib.
"Tazəbəy hamamı"nın fasadına bərkidilən fiqurlarla bağlı qurumumuzun müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən nümayiş edilən anlayışa və həmrəylik nümayişinə görə təşəkkür edirik! Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq. Təbii ki, qanunun pozulması yolverilməzdir. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmırdı, ancaq qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi", -qurumdan bildirilib.
Sabirabadda yeni su nasos stansiyası fəaliyyətə başlayıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Kür çayından qidalanan müasir tipli aqreqatlar vasitəsilə su Sabir kanalına ötürüləcək və 21 min hektardan çox sahənin suvarılmasının daha da yaxşılaşması mümkün olacaq.
Sabirabad rayonunda yeni istifadəyə verilən su nasos stansiyasının Kürkəndi kəndində açılış mərasimi keçirilib. Toplantıda rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, həmçinin cəmiyyətin nümayəndələri, fermerlər rayon sakinləri iştirak ediblər.
Bildirilib ki, Sabirabad rayonunda əkin sahələrinin suvarılması üçün əsas qida mənbəyi kimi Kür çayından istifadə olunur. Çay üzərində yerləşən nasos stansiyalar vasitəsilə su kanallara və sahələrə ötürülür. Bildirilib ki, növbəti belə stansiya rayonun Kürkəndi kəndində istifadəyə verilib. Stansiyada quraşdırılan qurğu müasir tipli qurğudur və İsveçrə istehsalıdır. Hər biri saniyədə 1.7 kubmetr suvurma gücündə olan 3 aqreqatlı stansiya həm də üzən panton üzərində yerləşdirilib. Bu da çayda suyun səviyyəsinə uyğun olaraq rahat işləyə bilməsi deməkdir. Ümumi məhsuldarlığı 5.1 kubmetr saniyə olan nasos stansiyanın yeni aqreqatlar köhnə qurğulara nisbətən enerjiyə ikiqat qənaət edə biləcək və stansiya mobil çevikliyi ilə fərqlənir.
Daha sonra yeni istifadəyə verilən stansiyasının iş prinsipinə baxış keçirilib. Qeyd edək ki, yeni nasos stansiyası Kür çayından su götürməklə uzunluğu 19 km olan ötürücü və sahələrə su çatdıran 54 km uzunluğu olan Sabir kanal şəbəkəsinə su vuracaq. Eyni zamanda, sudan səmərəli istifadə məqsədilə nəzərdə tutulan tədbirlər planına əsasən Sabir kanalının beton üzlüyə alınması üçün layihə hazırlanır və tam başa çatdıqdan sonra kanalın beton üzlüyə alınmasına start veriləcək.
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşa karvansaralarına həsr olunub.
Şuşanın memarlıq abidələri içərisində karvansaralar xüsusi yer tuturdu. Burada ilk karvansaraların tikintisi ilk yaşayış məhəlləsinin -təbrizli məhəlləsinin meydana gəlməsi ilə eyni vaxta təsadüf edir. Bu dövrdə Şuşanın imkanlı şəxsləri Aşağı bazar və Meydan deyilən yerlərdə karvansaralar tikdirib istifadəyə vermişdilər. Bu karvansaralar bazar kompleksinin əsas tikililərindən hesab olunurdu.
Şuşada karvansara tikintisi sonralar da davam etmişdir. XIX əsrin sonlarına yaxın burada artıq 10 karvansara fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbas, Qatırçı Murad, Şeytan bazar, Xanlıq Muxtar, Xan qızı karvansaraları xüsusilə seçilirdi.
Azərbaycanın digər şəhərlərində olduğu kimi Şuşada da karvansaralar ikimərtəbəli olmaqla vahid üslubda inşa edilirdi.
Birinci mərtəbənin həyətinə baxan bir hissəsindən tacirlərin yük heyvanlarını saxlamaq üçün tövlə kimi istifadə edilir, küçəyə baxan hissəsində isə tacir kontoru, dükan və emalatxanalar yerləşirdi. (1)
Karvansaraların ikinci mərtəbəsindəki otaqlar, adətən, tacirlərin istirahəti və onların mallarının saxlanılması üçün nəzərdə tutulurdu. Bu baxımdan XIX əsrin 80-ci illərində Şuşanın qərb hissəsində tikilmiş Məşədi Şükür Mirsiyab oğlunun karvansarası xüsusilə seçilirdi.
Əsrlər boyu böyük şəhərlərdə, o cümlədən də Böyük Ipək yolu üzərindəki karvansaralar bugünkü mehmanxana funksiyasını daşıyıb.
XIX əsrin sonu - XX əsrin əvvəllərində karvan ticarəti öz əhəmiyyətini itirdiyinə görə, karvansaralar da öz əvvəlki qaynar həyatından məhrum olmuş, tarixi abidələrə çevrilmişdir.
Avqustun 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin əməkdaşları “Yeni kitablar” adlı səyyar kitab sərgisi təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları ətraf ərazinin əhalisini kitabxananın fondunun uşaq şöbəsinə daxil olan yeni ədəbiyyatla tanış ediblər.
“Artım” layihə məkanında açılan iki gənc rəssamın “Daxili gurultu” adlı duet sərgisi ziyarətçilərini gözləyir.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Leyla Qabulova və Murad Vəliyevin əsərləri nümayiş olunur.
Rəssamlar öz əsərlərində eqo, ictimai qınaq, ikiüzlülük, stiqma, kollektiv və fərdi travmalar, zorla boynumuza qoyulan, bizə sırıdılan yarlıqlar və hekayələr kimi vacib problemləri qabardıblar. Onlar öz əsərləri ilə əsas sosial standartların həqiqiliyinə meydan oxuyur və destruktiv davranış modellərindən uzaqlaşmaq üçün öz hekayələrini təklif edirlər.
Qeyd edək ki, sərgi sentyabrın 25-dək davam edəcək.
"Azərsu" ASC "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Balakən şəhərində əhalini dayanıqlı, keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə yeni su mənbəyi yaradır.
Report quruma istinadən xəbər verir ki, hazırda subartezian quyuların qazılması, anbarların tikintisi və yenidən qurulması işləri davam etdirilir.
Balakənçayın məcrasında 10 subartezian quyusunun qazılması, hər birinin tutumu 500 kubmetr olan mövcud su anbarlarının yenidən qurulması və 2000 kubmetr tutumu olan 2 yeni su anbarının tikilməsi layihələndirilib.
Ötən müddətdə 7 subartezian quyusu qazılıb və onlardan 5-i istismara verilib. Su anbarları ərazisində hər birinin tutumu 2 000 kubmetr olan 2 yeni su anbarı inşa olunub. Eyni zamanda 500 kubmetr tutumu olan 2 mövcud su anbarı yenidən qurulub. Layihə çərçivəsində anbarlararası xətlərin tikintisi və elektrik təchizatı sistemlərinin yaradılması işləri həyata keçirilib.
Layihənin növbəti mərhələlərində şəhərin içməli su və tullantı su sistemləri tamamilə yenidən qurulacaq. Gələcəkdə Siltikçay mənbəyində suqəbuledici qurğu tikiləcək və 6 subartezian quyusu qazılacaq, Su mənbəyindən şəhərə 7,6 km uzunluğunda magistral su kəməri çəkiləcək. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 8 su anbarının tikintisi və yenidən qurulması nəzərdə tutulub. Layihəyə əsasən, Balakən şəhərində 139 km içməli su və 77 km tullantı su şəbəkəsi yaradılacaq. Layihənin əhatə etdiyi ərazilərdə bütün istifadəçilər yeni şəbəkəyə qoşulacaq və sayğacla təmin olunacaq. Bu layihədən 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 31 mindən çox sakin faydalanacaq.
Türkiyədə 7800 il əvvələ aid gil heykəlcik tapılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin İzmir vilayətində aparılan qazıntı işləri zamanı 7800 il əvvələ aid qadın fiqurlu gil heykəlcik aşkar edilib.
Qazıntı qrupunun rəhbəri Özlem Çevik bildirib ki, əvvəllər belə heykəlciklər tapılsa da onları qırıq vəziyyətdə olurdu. Bu yeni heykəlcik bizim üçün çox əhəmiyyətlidir, çünki tapdığımız üçüncü bütöv heykəlcikdir.
Ö.Çevik heykəlciklərin doğum, ölüm, məhsul yığımı kimi hadisələrlə əlaqəli ola biləcəyini, bolluğu və məhsuldarlığı artırmaq və ya müxtəlif sehrli rituallar üçün istifadə edilə biləcəyini ifadə edib.