Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri də Hüseyn Ərəblinskidir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli aktyor Hüseyn Ərəblinskinin anım günüdür.
1881-ci ildə Bakı şəhərində doğulan Hüseyn Ərəblinski ilk təhsilini mollaxanada alıb. Gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə kömək göstərib. Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı məhz Həbib bəy olub. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.
1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır. Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir. Aktyorlara məvacib müəyyənləşdirir, mövhumatı təbliğ edən əsərləri repertuardan çıxarır. Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olur.
Həmin dövrlərdə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Qadın rolunda çıxış etmək üçün bığını qırxdıran Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını burada görən Hüseyn Ərəblinski deyirdi: “Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.
Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məsləkinə tamamilə ziddir. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və ona rast gələrkən sevinməlidir”.
Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello obrazları Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.
Hüseyn Ərəblinski 1919-cu ilin martında qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü ilə bağlı müxtəlif fikirlər səslənsə də, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb. Sənətkarın məzarı Bakıdakı Fəxri xiyabandadır.
Ölümündən 105 il ötməsinə baxmayaraq, görkəmli sənətkar hər zaman ehtiramla xatırlanır.
Bu gün tanınmış kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin anım günüdür.
AZƏRTAC xəbər verir ki, vəfatından 31 il ötməsinə baxmayaraq onun yaratdığı bənzərsiz rollar bu gün də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.
Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət almışdı.
“Ögey ana” filmindən sonra sənətdə Ceyhuna “yaşıl işıq” yanır, “Əsl dost”, “Matteo falkone”, “Qara qağayı”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Dəli Kür”, “Bakıda küləklər əsir”, “Yol əhvalatı”, “Qanlı zəmi” və “Lətifə” də daxil olmaqla ümumilikdə 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. O, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını dərhal yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də onun idi.
Onun son filmi “Fəryad” olub, lakin bu filmin premyerasında iştirak etmək ona qismət olmayıb. Ceyhun Mirzəyev “Fəryad” filmini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı. Çəkilişlər Goranboyda aparılırdı. Qayıdandan sonra aldığı qonorarı qəpiyinəcən Xocalı qaçqınlarına paylamışdı. Ceyhun başqa cür hərəkət edə bilməzdi. Yoldaşları danışırdılar ki, çəkilişlərdə ürək dərmanlarının hesabına özünü saxlayırdı. Özü də epizodlarda texnikanın da təbii olmasına çalışırdı, insanların da. Ermənilərin onun qəhrəmanını döyməsi kadrları çəkiləndə təkid edirmiş ki, əməlli-başlı döysünlər, görüntü yaratmasınlar.
Tanınmış aktyor 1993-cü il martın 5-də vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
Bu gün Od çərşənbəsidir
Bu gün İlaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir. Xalq arasında “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir.
AZƏRTAC AMEA-nın Folklor İnstitutunun “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Od çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.
Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir.
Azərbaycanlıların qədim bayramlarından olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İnsanlar hər zaman oda ehtiyac duyublar. Odun kəşfi insan həyatını asanlaşdıran mühüm amillərdən olub. Mifoloji rəvayətlər göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə, onu müqəddəs olaraq qəbul edib və inanclar, mərasimlər yaradıblar.
Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, oda, atəşə böyük inam olub. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.
Bayramlarda tonqal qalamaq qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyə isə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanında da aydın görmək olar. İnsanlar arasında belə bir etiqad yaranıb ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, onlara хoşbəхtlik gətirər. Qədimdə kənd yerlərində bayramlarda, şad günlərdə kəndliləri agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa, hündür yerlər seçərək, orada tonqalın qalanması daha məqsədəuyğun hesab edilirmiş.
Şad günlərdə tonqal qalanması haqqında məlumatlara “Kitabi Dədə Qorqud” dastanında da rast gəlinir. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında fikirlər var. Dastanda Dədə Qorqud Oğuz igidlərinə deyir ki, şad günlərinizdə, bəd günlərinizdə uca dağ başında tonqal qalayın. Uzaqdakı Oğuz igidləri o tonqallar sayəsində darda və ya şad gündə olduğunuzu təyin edib köməyə gələ bilsinlər. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.
Novruzda ayin və mərasimlərindən biri də günəşı çağırmaq, istiliyin olması üçün Od çərşənbəsi zamanı icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün Qodu-qodu mahnısı oxuyar, ondan istilik istəyirlər. "Qodu-qodu" oyununda kənd cavanları üzərinə qırmızı bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və müəyyən nəğmələr oxuyardılar:
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı günü gördünmü?
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.
Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir.
Qoymayın ağlamağa.
Odla bağlı bir çox atalar sözləri də mövcuddur: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar,” “Odsuz ocaq olmaz”, “Od ilə oynamaq olmaz”, “Od yanan yerdən tüstü çıxar”, “Od yanmasa tüstü çıxmaz”, “Ocaq keçər, külü qalar” və s.
Azərbaycanda martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Od çərşənbəniz mübarək!
Azərbaycanlı fotoqraf Cənubi Koreyanın Yeonguol şəhərində keçirilən “DongGang-2023” beynəlxalq fotofestivalında ölkəmizi təmsil edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən “DongGang-2023” beynəlxalq fotofestivalında iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olsa da, festivalda yalnız xüsusi istedada malik 19 fotoqrafın fotoları sərgilənir. Onların sırasında Türkiyədə yaşayan azərbaycanlı fotoqraf Nurlan Tahirli də var. Soydaşımızın Şuşada lentə aldığı “Natəvanın sarayında panoramik pəncərələrdən mənzərə” və “Üzeyir Hacıbəylinin güllələnmiş heykəli” fotoları sərgidə nümayiş olunur.
Hər il fərqli mövzularda keçirilən festivalın budəfəki mövzusu “Sehrli naməlumlar”dır (The Magical Unknowns). Fotolar “DongGang” Fotoqrafiya Muzeyinin yaxınlığında açıq səma altında sərgilənir.
Festivalın iyunadək davam etməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəticəsi olan Nurlan Tahirli son illər müxtəlif beynəlxalq müsabiqələrdə laureat adını qazanıb, çoxsaylı diplom və mükafatlara layiq görülüb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı-publisist Dürdanə Qaraşovanın Çingiz Musa oğlu Qasımova həsr edilmiş "Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, qazi Abbas Abbaslı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Tariyel Abbasov, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Şakir Əlif oğlu, Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin direktoru Faiq Qurbanov, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Fətullayeva Aytən, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru Savalan İman, şair - publisist Fəxrəddin Meydanlı, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika-Elmi Texniki Kitabxananın şöbə müdiri Amaliya Qənbərova, media nümayəndələri, tələbə-gənclər və şəhidin ailə üzvləri iştirak ediblər.
İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov şanlı Zəfər tarixinə nəzər salaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə çalışan xalqımızın birlik və həmrəyliyindən söz açıb. O, mərd oğullarını Vətən üçün yetişdirən anaların fədakarlığının, şəhidlərimizin əziz xatirəsinin daim diqqətdə və qəlblərdə yaşayacağını deyib.
A.Cəfərov ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə bir örnək olduğunu söyləyərək, bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətindən danışıb.
Kitabın müəllifi Dürdanə Qaraşova kitabın yazılmasında iştirak edən şahidin ailə üzvlərinə, cəbhə yoldaşlarına dərin hörmət və ehtiramını bildirib, kitabın məhz şəhid Çingiz Qasımovun ailə üzvlərinin və özünün şəhid ilə şəxsi tanışlığı, birlikdə keçən uşaqlıq və məktəb illərinin xatirələri əsasında qələmə alındığını qeyd edib.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinin yaşadılması üçün vətənpərvərlik mövzusunda əsərlərin qələmə alınması ilə yanaşı, bu mövzuda filmlərin, rəsmlərin çəkilməsi, şəhidlərin şəxsi eksponatlarından ibarət muzeylərdə guşələrin yaradılması əhəmiyyətindən bəhs ediblər.
Şəhidin ailə üzvləri, qardaşları şəhid Çingiz Qasımov ilə bağlı xatirələri bölüşərək, tədbirin mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduqlarını vurğulayıblar.
Tədbirin sonunda Dürdanə Qaraşovanın müəllifi olduğu “Cəbrayılın ilk şəhidi” kitabı kitabxanaya hədiyyə edilib.
Martın 4-də Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların “Baxış - 4” festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov festivalın əhəmiyyətindən danışıb.
“Festivalın keçirilməsində məqsəd laboratoriyalarda məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaqdır. Eyni zamanda, teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq əsas prinsiplərdəndir. Budəfəki festivalda, demək olar, iştirakçıların böyük əksəriyyəti digər sahələrdə fəaliyyət göstərən teatrsevərlərdir”, - deyə əlavə olunub.
Sonra “Gözəllik kraliçası” adlı tamaşa nümayiş olunub.
Quruluşçu rejissoru Könül Şahbazova olan səhnə əsərində rolları Gülər Ləzgiyeva, Sovqat Səmədova, Mehman Piriyev və Toğrul İsabəyli ifa edib. Tamaşanın musiqi tərtibatı Qurban Əhmədova məxsusdur.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi nümayəndəliyində Tatar Mətbəxi Festivalı keçirilib. Daimi nümayəndəliyin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə baş tutan tədbirin təşkilatçıları qismində “Kayım Nasıri İnstitutu” Təhsil-Mədəniyyət Mərkəzi, “Al kalfak”, “Tuqan tel”, “Tatarıstan” ictimai təşkilatları, Azərbaycanın Tatar İcması çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Bakıda fəaliyyət göstərən “Kayım Nasıri İnstitutu” Təhsil-Mədəniyyət Mərkəzinin rəhbəri Elmira Yusifli və Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov giriş nitqi söyləyiblər. Onlar hər il fevralın 28-də dünya miqyasında qeyd edilən Ümumdünya Tatar Mətbəxi Günü, məharətli kulinar və tatar reseptlərinin kolleksiyaçısı Yunus Axmetzyanov haqqında məlumat veriblər, habelə tatarların kulinariya sənətinin mənşəyi və ənənələrindən bəhs ediblər.
Festival zamanı tatar kulinariyası müsabiqəsi də keçirilib. Bu tədbirdə müxtəlif xalqların təmsilçiləri – tatarlar, azərbaycanlılar, ruslar iştirak ediblər. Müsabiqənin nəticələrini 8 tanınmış aşpazdan ibarət münsiflər heyəti qiymətləndirib.
Kulinariya yarışının nəticələrinə görə, Ənvər Amal Axmadulin Qran-Priyə layiq görülüb. Onun hazırladığı “Smetannik” piroqunun dadı və tərtibatı münsiflər heyətini valeh edib.
Birinci yeri “Ak kalfak” cəmiyyətinin sədri Saniyə Almyaşeva (rəngli qızılgüllər şəklində çalı ağacı), Səidə Qadılşina (xüsusi reseptə uyğun olaraq şokoladdan hazırlanmış top) və Mariya Temirbulatova (üçqatlı piroq) bölüşüblər.
Firuzə Yenaliyeva ikinci yeri tutub. O, kəsmikli piroq hazırlayıb.
Üçüncü yeri “Tuqan tel” tatar cəmiyyətinin veteranı Raisa Abdikeyeva (“köpək ağacı” şirniyyatı) qazanıb.
Qalan müsabiqə iştirakçıları müxtəlif nominasiyalar üzrə həvəsləndirici diplom və hədiyyələrlə təltif olunublar.
Festival yaradıcı kollektivlərin konserti, ustad dərsləri və birgə çay süfrəsi ilə davam edib.
Salonda hər kəs bal, qaraqınıq, zefir və quru meyvələrlə bəzədilmiş tatar çay süfrəsinə qonaq ola, həmçinin təzə çak-çak, şirniyyat və Kazandan gətirilmiş kazı (at ətinin quru kolbasası) ilə sendviçlərin dadına baxa bilib.
Tatar diasporunun gənc nümayəndəsi Raul Yusifli qonaqlar üçün çay süfrəsi açıb. O, təqdim olunan yeməklərdən, tatar çay məclisi adətlərindən danışıb.
Festivalda, həmçinin tatar məişətindən nümunələrin əks olunduğu fotosərgi, milli mədəniyyət sərgisi, əl işlərinin satış yarmarkası təşkil olunub.
Parlaq mədəniyyət tədbiri səmimi və mehriban şəraitdə keçib, bakılılara tatarların kulinariya sənətinə bələd olmaq, tatar xalqının adət-ənənələri ilə tanışlıq sevinci bəxş edib.
Martın 3-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli pianoçu Alfredo Rodrigesin triosu ilə konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə caz ritmləri ilə çıxış edən ifaçı dinamik improvizasiyaları və rəqsləri ilə dinləyicilərə təkrarolunmaz anlar yaşadıb.
Qeyd edək ki, tanınmış caz pianoçusu Alfredo Rodriges “Gremmi” mükafatı nominantıdır.
Kubalı cazmen ilk dəfə 2006-cı ildə İsveçrədə keçirilən nüfuzlu Montrö caz festivalında özünə diqqəti cəlb etməyi bacarıb. 2009-cu ildə Alfredo Rodriges Amerika Birləşmiş Ştatlarına köçüb və orada - cazın vətənində musiqinin bu janrının aparıcı ifaçılarından birinə çevrilib. Həmin vaxtdan Alfredo Rodriges sərhədsiz potensiala malik pianoçu kimi tanınır.
Xatırladaq ki, A.Rodriges 2023-cü ilin iyul ayında V Beynəlxalq Bakı Yay Caz Günlərində dünya turu çərçivəsində triosu ilə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Kollektivin ifası bir çox maraqlı məqamlar, o cümlədən musiqiçilərin tamaşaçılarla rəqsləri ilə yadda qalıb.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində quruluşçu rejissor Vəfa Qavrilovanın “Albalı bağında” sənədli-səhnələşdirilmiş layihəsinin nümayişi olub. Tədbir çərçivəsində, həmçinin sahibsiz heyvanlara kömək məqsədilə təşkil edilən xeyriyyə sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Bakıdakı Rus evi, “Nargiz Art Studio” və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi çıxış ediblər.
Xeyriyyə aksiyasında tanınmış rəssamlar iştirak ediblər. Sərgi “Albalı bağında” sənədli-səhnələşdirilmiş layihəsinin nümayişi çərçivəsində keçirilib. Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Boris Qrafkin, “O2” teatrının aktrisası İrina Yakubenko, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti İqor Yadrov, Rus evinin mədəniyyət layihələrinin kuratoru Vəfa Qavrilova tamaşaçılara detektiv təhqiqat elementləri olan maraqlı hekayə təqdim ediblər.
Tədbirdən əvvəl AZƏRTAC-ın müxbiri Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova ilə söhbət edib.
Mərkəzin rəhbəri deyib: “Çexov həmişə aktualdır! Pyesi oxumamışdan əvvəl onun əsasında hazırlanan tamaşaya baxacağam. Heyvanlar üçün təşkil edilən xeyriyyə sərgisinə gəldikdə, bunun çox gözəl təşəbbüs olduğunu düşünürəm. Heyvanları çox sevirəm. Maqsudla birlikdə həmişə it saxlamışıq. Bəzən onların sayı çox olub, küçə itləri də yemək üçün bizə gəlirdi. Əvvəlcə şübhə edirdim ki, bütün bu işləri necə yerləşdirəcəyik, çünki bizim sərgi məkanımız yoxdur. Biz, əsasən, ədəbi-musiqili axşamlar, tamaşalar, ədəbiyyat dərsləri, tələbələrlə tədbirlər keçiririk. Sərgiyə isə ilk dəfədir ev sahibliyi edirik. Amma gördüyünüz kimi, rəsmləri yaxşı yerləşdirə bilmişik. Hətta düşündüyümdən də əla alınıb”.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov tədbir haqqında məlumat verib: “Biz iki tədbiri - “Albalı bağında” tamaşasını və xeyriyyə sərgisini birləşdirməyə qərar verdik. Anna xanım bu ideyanı səmimiyyətlə dəstəklədi və bizə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini ayırdı. Düşünürəm ki, bu evdə olan ab-havadan danışmağa ehtiyac yoxdur, çünki o, yaradıcı düşüncələrlə hopdurulub. Yəqin ki, bura gələn hər kəs bunu hiss edir. Bu il “Albalı bağı” tamaşasının 120 illiyi qeyd olunur, gəlin indi də yeni interpretasiyaya baxaq. Sərgiyə gəlincə, bu, bizim rəssamların təşəbbüsüdür: onlar heyvanlara həsr olunmuş rəsmlər təqdim ediblər və bu əsərlərin satışından toplanacaq bütün vəsait heyvanlara yardıma yönəldiləcək”.
Öz növbəsində, “Nargiz Art Studio”nun təsisçisi, rəssam Nərgiz Quliyeva söhbət əsnasında bildirib: “Biz artıq ikinci dəfədir ki, belə bir sərgi keçiririk. Birincisi keçən ilin yazında oldu və o, həm də heyvanlara həsr olunmuşdu. Həmin sərgi böyük uğur qazanmışdı. O tədbirin davamı olaraq daha bir sərgi keçirmək və onu tamaşa ilə birləşdirmək istədik. Anna xanım layihəmizi dəstəklədi, buna görə biz ona xüsusilə minnətdarıq. Rəsmlər xüsusi olaraq bu sərgi üçün yaradılıb. Onların arasında uşaqların – “Nərgiz Art Studio” rəssamlıq studiyasının tələbələrinin və böyüklərin əsərləri var. Layihədə yaşlı rəssamlar da - Rəssamlıq Akademiyasının professoru Namiq Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Mirazər Abdullayev, Leyla Əliyeva və başqaları kimi tanınmış fırça ustaları iştirak ediblər”.
Şəhərin yaradıcı ziyalılarının nümayəndələrini bir araya toplayan tədbir böyük uğurla keçib.
Kamran Məmmədovun “Təfsir” adlı ilk fərdi rəsm sərgisi İçərişəhərdə açılıb.
AZƏRTAC xəbər verir ki, təsviri sənət həvəskarları və biliciləri Kamran Məmmədovun əl işləri ilə martın 10-dək tanış ola bilərlər. Ekspozisiyaya 45-dən çox orijinal əsər daxil edilib.
Peşəkar və qeyri-peşəkar rəssamlar arasında sərhəd olduqca nazikdir. Çünki öz baxışlarını və hisslərini obraz yaratmaq vasitəsilə ifadə edən artıq rəssamdır. Kamran Məmmədovun da həyatında belə olub, o, əvvəllər neft-qaz sahəsində ekspert kimi tanınıb, Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olub. Azərbaycanda, Qərbi Afrikada və Rusiyada müxtəlif beynəlxalq iş təcrübəsinə malikdir. Kamran Məmmədovun maraq dairəsinə incəsənət tarixini, görkəmli rəssamların ömür yolunu daim öyrənmək, muzeylərdə olmaq, aparıcı qalereyaların yenilikləri ilə tanışlıq daxildir. O, özü üçün müasir incəsənətin nəzəriyyəsi və fəlsəfəsi sahəsində biliklərinin genişləndirilməsi üzrə dəqiq planlar müəyyən edib. Əsərin mənasını “daxildə” gizlətməyə çalışan digər rəssamlardan fərqli olaraq Kamran onu nümayiş etdirir.
Kamran Məmmədovun rəsmlərinin süjeti olduqca qeyri-adi, orijinal formada təqdim olunub: burada avanqardlığın parlaq rəngləri də, ekspressionizm, fovizm kimi müxtəlif elementlərin sinerjisi də yer alıb ki, bu da rəssamın reallığa yeni baxışlarını təşkil edir. Kamran təkcə tamaşaçının qabaqcadan əmələ gəlmiş yanlış fikirlərinə meydan oxumur, həm də intuitiv reaksiyanı təhrik edir və çağırır. Rəssamın əsərlərində təkrarolunmaz işıq dramaturgiyası, mürəkkəb dekorasiyalar və süjet tamaşaçıya fantaziya üçün geniş meydan açır.
Rəssam tamaşaçını “rəssamlıq aktı”nın tamhüquqlu iştirakçısı hesab edir, əsərin məna mərkəzini rəsmin daxilinə deyil, təsvir ilə ona tamaşa edən arasındakı boşluğa yerləşdirir. Kamran tamaşaçıya rəsmi təqdim edərkən ondan heç nə tələb etmir, ona şərhçi sərbəstliyi verir.