Amerikalı dizayner, kolleksiyaçı, dekor kraliçası və stil ikonası Ayris Apfel ABŞ-nin Florida ştatında 102 yaşında vəfat edib.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, dizaynerin ölümü barədə məlumat onun instaqram səhifəsində verilib.
Agentlik qeyd edib ki, Apfel parça mütəxəssisi olub. Onun əri ilə birlikdə qurduğu “Old World Weavers” şirkəti tekstil ticarəti və restavrasiya işlərində ixtisaslaşıb. Onun sifarişlərinə Ağ evdə bir neçə layihə daxildir.
Bununla belə, Apfel 2005-ci ildə Nyu-York Metropolitan İncəsənət Muzeyindəki sərgisi sayəsində məşhurlaşıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağının ətrafında nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Xaqani bağı (Molokan bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir. Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir. Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olur. Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olur.
Ərazidə aparılan monitorinqə əsasən, günün pik saatlarında parkın ətrafına saatda 800-dək nəqliyyat vasitəsi daxil olurdu. Nəticədə Akademik Zərifə Əliyeva küçəsi və onunla kəsişən küçələrdə ciddi nəqliyyat sıxlığı müşahidə olunurdu. Əraziyə daxil olan bu avtomobillərin mütləq əksəriyyəti (90%) sadəcə dövrə vurduqdan sonra həmin ərazini tərk edirdilər.
Həmçinin, əhali arasında keçirilən sorğuya əsasən, istifadəçilər bağ və küçələrə əsasən piyada və metrodan istifadə edərək gəlirlər. Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi.
Belə ki, Xaqani bağı ətrafındakı ərazinin piyadalaşdırılması ilə bağlı layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Xaqani küçəsində parklanma yerləri də təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov isə bildirib ki, yeni layihə ilə əlaqədar ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub: "Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək".
“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan məqalə ilə açılır. Misirdə yerləşən Siyasi Dialoq və Media Araşdırmalar Mərkəzinin direktoru Əhməd Tahirin müəllif olduğu məqalədə Ulu Öndərin həyat və ictimai fəaliyyətindən geniş bəhs edilir. Onun Azərbaycan ilə ərəb və İslam dünyası arasında müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə möhkəm əlaqələrin əsasını qoyduğunu, çoxsaylı səfər və görüşlər keçirdiyini ardıcıllıqla və maraqlı faktlarla qeyd edir.
Jurnalın bu sayında Əlcəzair Xəbər Agentliyinin icraçı redaktoru, yazar Əbdülqadir Xəlil əl-Cəzairinin Şuşaya səfəri zamanı aldığı təəssüratlardan bəhs edən geniş məqaləsi ərəbdilli oxucuların böyük rəğbətinə səbəb olacaq.
Tunisli jurnalist Sanaa Klişin məqaləsi Azərbaycanın paytaxtı Bakıya həsr olunub. Məqalə cəlbedici fotolarla verilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun məqaləsində ölkənin işğaldan azad olunmuş ərazilərində mina problemindən və bu problemin həmin torpaqların bərpası və vətəndaşların qayıtması üçün törətdiyi çətinliklərdən söhbət açılır.
Bundan əlavə, Azərbaycanın yeganə ərəbdilli jurnalı olan “İRS-Turas”ın bu sayında İrəvan quberniyası haqqında Ziyad Əmrahovun, N.Tusi haqqında Ramiz Duyğunun, miniatür sənəti haqqında Solmaz Namazovanın məqalələri ərəb oxucularına Azərbaycanın zəngin maddi-mənəvi irsi haqqında geniş bilgi verir. Jurnalın bu sayında digər maraqlı məqalələr də nəfis tərtibatı ilə diqqəti cəlb edir.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı” görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Ağasəlim Feyzullayev, bədii rəhbər Nigar Zeynalova, səhnə tərtibatı Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, rəqslərin quruluşu Günel Təhməzova, xormeyster Leyla Muradzadə, rəssam Səriyyə Teymurova, musiqi tərtibatı Zaur Rəşidova məxsusdur.
Uzun zamandır ki, çıxışlarına böyük həvəslə hazırlaşan balaca aktyorlar həm məsuliyyətin verdiyi həyəcan, həm də sevinc hissləri ilə səhnədə dolub daşırdılar. Sanki hər biri öz rolunu ifa etmək üçün səhnəyə can atırdılar. Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri pərdələr açılan kimi zalda əyləşən balaca tamaşaçıları sanki nağıllar aləminə aparıb. Səhnə dekorasiyasında təbii samandan, təbii ağac materiallarından istifadə olunub. Tamaşa zamanı rəngarəng rəqslər, nağıllar aləminin müxtəlif qəhrəmanları da iştirak edib. Maraqlı yanaşması, rəngarəng geyimləri və dekorasiya həlli ilə yadda qalan tamaşa uşaqlar tərəfindən alqışlarla qarşılanıb.
O, bir çox dövlət mükafatları ilə təltif edilib, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 və 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanıb. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir. Xalq rəssamı Kamil Əliyev incəsənətimizi yüksəklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən sənətkarlardan biri idi. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Kamil Əliyevin vəfatından 19 il ötür.
Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada Dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.
İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev döyüş rəşadətinə görə 22 orden və medalla təltif olunub. 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir. Bir müddət Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. O, ornamentdən istifadə edərək şair və mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq tamaşaçının mənəvi dünyasına təsir göstərir.
Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr etmişdi. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Həmin xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur.
Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr edilib.
Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyəti ilə yaxından tanış olur, İndira Qandinin portret-xalçasını yaratmaq üzərində düşünür. Vətənə qayıtdıqdan sonra uzun müddət xalçanın çeşnisi üzərində işləyir. Uzun axtarışlar və hind incəsənətinin inciləri ilə tanışlıq müəllifə bu işdə dəstək olur. Kamil Əliyev Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəməxsus şəkildə ustalıqla istifadə etmişdir.
Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.
Portret təsvirli xalılar, adətən "Türkbaf" ilməsi ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini təmin edir. Bu xalılar çox sıx toxunması ilə də səciyyəvidir. Texniki cəhətdən portret xalçaçılığı yüksək professionallıq tələb edir. Bütün bunlar, xalçalardakı portretlərin orijinala oxşamasına da böyük təsir göstərir. Ömrünü-gününü xalqına həsr etmiş, öz xalqının taleyində əbədi iz qoymuş böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyev tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də belə əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.
Ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş Kamil Əliyev yaradıcılığının, fəaliyyətinin əsas hissəsini məhz “Azərxalça” birliyi təşkil edib. Görkəmli sənətkar hələ gənc yaşlarında, 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır. Ömrünü xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam Kamil Əliyev 1995-ci ildən ömrünün sonunadək “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur.
Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib.
Fevralın 29-da “YARAT” Müasir İncəsənət Məkanı ARTIM layihə məkanında YARAT rezidentlərinin “Məna kəsb etmir?!” adlı yeni sərgi layihəsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, sərgidə multidisiplinar rəssamlar Fidan Nazimqızı və Ağaməli Əliyevin əsərləri nümayiş olunub.
Bu gün YARAT rezidentlərin final sərgisi olduğunu deyən YARAT Müasir İncəsənət Məkanının kuratoru Fərəh Ələkbərli fikirlərinə belə davam edib: "YARAT-ın rezidentura proqramı illərdir davam edir və həm yerli, həm də xarici rezidentləri əhatə edir. Budəfəki hədəf bizim yerli rezidentlər oldu. Postpandemiya dövründə ilk rezidentlərdir. Rezident olaraq YARAT Müasir İncəsənət Məktəbinin finalçılarını seçdik. Onlar özlərini həm rəssam, həm də kurator kimi sınadılar. Altı ay ərzində ustad dərsləri, mühazirələr, mentorluq kursları keçdilər, tanınmış rəssamlar, kuratorlarla görüşlər oldu. Onlar altı ayın nəticəsini sərgi kimi nümayiş etdirirlər. Sərgi aprelin 7-dək davam edəcək və giriş ödənişsizdir".
Layihənin kuratoru Aynur Abutalıbova rezidentura proqramında 6 ay boyunca sənətçilərlə görüşüb onların ideyalarını müzakirə etdiklərini diqqətə çatdırıb. O, iki ideyanı birləşdirərək belə bir konsepsiya ortaya çıxardıqlarını bildirib: "Konsepsiya daha çox sosial konstruksiyaların cəmiyyətdə bizə fərd olaraq yanaşmadığını, əksinə biçdiyi obrazları yüklədiyini, bizi qəlibə saldığını göstərir. Biz həmin absurdluqlarla yüklənərək ətrafımızda olan və azadlıq, xoşbəxtlik verən nəsnələri görə bilmirik. Hər iki sənətçi mövzuya fərqli istiqamətlərdə yanaşıb. Biri sarkastik, digəri isə poetik formada toxunub. Biz sərgidə izləyicilərə həll yolu vermir, onların özünün seçim etməsini istəyirik. Konsepsiyanı irəli sürəndə gördük ki, cəmiyyətimizdə absurdluqlar kifayət qədərdir. Əslində, bunların heç biri məna kəsb etmir. Ona görə də sərginin adını "Məna kəsb etmir?!" seçməyi qərar verdik".
Qrafik dizayner kimi çalışan Ağaməli Əliyev incəsənətdə konseptual rəssam olaraq fəaliyyət göstərdiyini və əksər işlərinin satirik janrda olduğunu bildirib. O, nümayişə çıxardığı əsərlərlə bağlı jurnalistlərlə fikrini bölüşüb: "Biz sərgiyə gələnlərin qarşısında öz işimizlə sual qoyuruq: Məna kəsb etmir?! Nümayiş etdirdiyimiz əsərlər özündə absurdluq ifadə edir. Ümumiyyətlə, böyüdüyümüz cəmiyyətdə insanlara absurd dərəcədə rollar verilir. Absurd olan heç nəyi ciddi almayaraq onlara satirik yanaşmamı ortaya qoyuram. Buradakı günəbaxan tumu qalıqlarından hazırladığım instalyasiyada kişilərə qoyulan sosial statusa diqqət çəkməyə çalışmış, cəmiyyətdə onların üzərinə qoyulan yüklərdən bəhs etmişəm - "hansı ki, kişi yalnız işləməlidir, bütün məsuliyyət onların üzərində olmalıdır və daha ağır işləri çiyninə götürməlidir".
Fotoqraf Fidan Nazimqızı sərgidə nümayiş etdirdiyi əsərlərdə bir çox foto instalyasiyadan və videoartdan istifadə olunduğunu deyib: "Videolar hər biri səhnələşdirilmədən təbii olaraq çəkilib. Ağ-qara neqativ lentlərindən istifadə olunaraq video şəklinə gətirilib. İllər boyu müşahidə etdiyim prosesləri qeydə almış və videoart formasına gətirmişəm".
Fevralın 29-da Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.
Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib. Bildirilib ki, açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şamil Mahmudbəyovu təvazökar insan, peşəkar rejissor kimi yada salıb. Sonra Xalq artisti Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə və Nizami Abbas, aktyor Arif Kərimov və prodüser Rasim Həsənov kinorejissor haqqında xatirələrini bölüşüblər.
Tədbirin sonunda kinorejissor Şamil Mahmudbəyovun son işi olan “Adam” filmi nümayiş etdirilib. Yarımçıq qalan film 2010-cu ildə Əməkdar incəsənət xadimi Nizami Abbas tərəfindən “Yeni dalğa” prodüser mərkəzində tamamlanıb.
Gəncə şəhərində Aşıq Ələsgərə həsr olunmuş “Musiqi kimliyimiz” adlı layihənin icrasına başlanılıb.
Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov aşıq sənətinə olan dövlət qayğısından söhbət açıb. “Bu layihə Mədəniyyət Nazirliyi Gəncə və Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə həyata keçirilir. Azərbaycan Aşıq Sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil olması ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi qayğının nəticəsidir. Aşıq sənəti Azərbaycan folklor sənətinin bünövrəsidir. Müasir dövrümüzün gənclərində aşıq sənətinə bağlılığın olması məqsədəuyğundur. Bu layihə mütəmadi olaraq davam edəcək”, - deyə o əlavə edib.
Gecədə aşıqlar Elbrus Hüseynov və Şöhrət Kərimov “Aşıq Alının Zəngəzur səfəri” dastanını səsləndiriblər.
Mədəniyyət Nazirliyində nazir müavini Səadət Yusifovanın iştirakı ilə "TikTok" videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “TikTok” platformasının Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov, “TikTok Live”ın baş direktorunun müavinləri Junjiao Bay, Junqing Wu və digər qonaqlar iştirak ediblər.
Söhbət zamanı qonaqlara Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “#TikTokDanÖyrən” (#LearnOnTikTok) müsabiqəsi barədə məlumat verilib. Layihənin əhəmiyyəti vurğulanıb, fikir mübadiləsi aparılıb. Həmçinin nazirliyin tabeliyində olan müəssisələrin layihədə aktiv iştirakının təşviq edilməsi, mədəniyyət müəssisələrinin layihəyə cəlb olunması üçün "TikTok" tərəfindən əlavə təlimlərin keçirilməsi, “TikTok Live” vasitəsilə mədəniyyət sahəsinə dair məzmunun yaradılması mövzuları diqqət mərkəzinə çəkilib.
Xatırladaq ki, #TikTokdanÖyrən" layihəsinin məqsədi fevralın 21-dən aprelin 21-dək mədəniyyət müəssisələri tərəfindən yaradıcı videoların paylaşılması ilə bu müəssisələrə “TikTok” platforması vasitəsilə daha çox ziyarətçinin cəlb edilməsidir. Bu günədək müsabiqəyə 6 muzey, 1 kitabxana, 13 teatr qoşulub. Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını və Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi isə qısa virtual turlar keçirir. Eyni zamanda, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaların necə ərsəyə gəlməsi, Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların məşq prosesi və Akademik Milli Dram Teatrı aktyorların tamaşaya hazırlıq prosesi barədə məlumatlar təqdim edirlər.
Dünyanın ən nüfuzlu festivallarından olan Kann Beynəlxalq Yaradıcılıq Festivalının gənc yaradıcılar üçün nəzərdə tutulmuş “Young Lions” müsabiqəsi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Young Lions” müsabiqəsi film, rəqəmsal, dizayn, print, media olmaqla bir çox kateqoriyalar üzrə həyata keçirilir. Azərbaycanda keçiriləcək növbəti “Young Lions” müsabiqəsində isə komandalar “Film”, “Dizayn” və “Print” olmaqla, üç kateqoriya üzrə mübarizə aparacaqlar.
1995-ci ildən bəri dünyanın müxtəlif ölkələrində təşkil olunan bu müsabiqə 30 yaşadək yaradıcı şəxslərin komanda şəklində qatılması üçün nəzərdə tutulub.
Müsabiqəyə müraciət etdikdən dərhal sonra veriləcək xülasəyə əsasən təyin olunmuş müddət ərzində dolğun şəkildə izah ediləcək çalışmalar göndərilməlidir.
Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. “Print” kateqoriyası üzrə xülasə “SOCAR Polymer”, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyi və “Dizayn” kateqoriyası üzrə xülasə isə “Code Academy” tərəfindən komandalara təqdim olunacaq.
Qeydiyyat 2024-cü il martın 27-dək qüvvədədir və müsabiqədə iştirak etmək üçün artıq 40-dan çox komanda qeydiyyatını tamamlayıb.
“Young Lions” Azərbaycan müsabiqəsinin qalib komandaları (3 komanda) cari ilin iyun ayında Kann şəhərində keçirilən qlobal müsabiqədə iştirak etmək şansı qazanacaq. Bu vasitə ilə Azərbaycanın yaradıcı gəncləri də öz istedadlarını bütün dünyaya nümayiş etdirmək şansı qazana bilərlər. Həmin müsabiqə çərçivəsində ölkəmizi təmsil edəcək komandalar digər ölkələrin “Young Lions” qalibləri ilə yarışacaqlar.
Müsabiqənin mükafatlandırılma mərasimi aprelin 13-də Nizami Kino Mərkəzində baş tutacaq.
Qeydiyyatdan keçən komandalar ödənişsiz olaraq spikerlərin çıxışlarını dinləmək və tədbirə qoşulmaq imkanlarını əldə edəcəklər.
Qeydiyyat üçün bu linkdən - https://www.canneslions.az/register-form istifadə edə bilərsiniz.