Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 26 % artıb

    Bu ilin I yarısında Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % artaraq 18 376 ədədə çatıb.

    Report xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb.

    Məlumata görə, vaqon yükləri illik yükaşırma gücü 6,2 milyon ton olan Bərə terminalı vasitəsilə daşınır. Bu terminalda vaqonlar yükü boşaldan avadanlığa ehtiyac qalmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülə bilir. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri də yüklənilə bilər.

  • Ötən ay 8 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

    Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən iyul ayında yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan və enerjitəchizat sxemini dəyişən 8 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib.

    Agentlikdən AZƏRTAC-a bildirilib ki, 29 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.

    “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 5 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

    Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 4 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

  • “Şuşa musiqiçiləri” : Bülbül

    “Şuşa İli” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycanın musiqi beşiyi, musiqi məbədi olan Şuşanın musiqiçiləri haqqında “Şuşa musiqiçiləri” rubrikasını davam etdirir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, rubrika çərçivəsində növbəti məlumat müğənni, pedaqoq, Azərbaycan professional vokal məktəbinin banisi Bülbül haqqındadır.

    Muzey qısa məlumat və muzeyin kolleksiyasından müğənniyə aid bəzi materialları təqdim edib. Bülbül Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) və İtaliyada (1927-1931) təhsil alıb, xalq xanəndəsindən vokal sənətinin görkəmli ustadı kimi yaradıcılıq yolu keçib, öz yaradıcılığı ilə milli və dünya vokal sənətini zənginləşdirib. Azərbaycan milli ifaçılıq sənətinin ən gözəl ənənələrini rus və Avropa ifaçılıq məktəbi ilə sintezləşdirib.

    O, “Aleko”, “Toska”, “Riqoletto”, “Koroğlu” və s. operalarda baş rolları ifa edib.

  • Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma qeydə alınıb

    Avqustun 9-da Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsində 4, Təngərüdçayın Vaqo məntəqəsində 3, Viləşçayın Şıxlar və Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqələrində 1, Zəyəmçayın Ağbaşlar məntəqəsində 4 santimetr artım qeydə alınıb. Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsi dəyişməyib, Qusarçayın Kuzun məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 163 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 123 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 60 faiz çoxdur.

    Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 13,8 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 20 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 59 faiz azdır.

    Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 370 santimetr, su sərfi isə 128 kubmetr/saniyə olub,

    Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 151 santimetr təşkil edib, Bankə məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 117 santimetrə bərabər olub.

  • Polkovnik-leytenant Babək Ramaldanov haqqında videoməlumat hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun anadan olmasının 40 illiyi ilə bağlı videoməlumat hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoməlumatda Babək Ramaldanov haqqında, həmçinin onun döyüşdə göstərdiyi şücaəti barədə geniş məlumat yerləşdirilib. Qeyd edilib ki, əslən Qusar rayonundan olan şəhid polkovnik-leytenant 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq şəhidlik zirvəsinə ucalıb. Polkovnik-leytenant B.Ramaldanov II Şəhidlər xiyabanında dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Babək Ramaldanov ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

    "Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində təqdimatlardan biri pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir Haşım bəy Vəzirova həsr olunub.

    Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olub və ilk təhsilini də orada alıb. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olub. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik edib. Bir müddət isə Şuşada yaradılan müsəlman-rus məktəbinin müdiri işləyib, Şuşa Realnı məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyib.

    Pedaqoji fəaliyyət Vəzirova xalqının məişətinin daha dərindən öyrənilməsinə imkan yaradıb. Xalq həyatından, məişətdən öyrəndikləri onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli təsir göstərib. Haşım bəy müdir işlədiyi məktəbdə sərt bir nizam-intizam yaratmaqla yanaşı, savadsızlar üçün axşam kursları da açıb. O, bütün varlığı ilə millətinin savadlanmasına, məktəbə gələn hər bir uşağın yüksək bilik almasına çalışıb.

    Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərib. Haşım bəy "Tazə həyat", "İttifaq", "Səda", "Kavkazets", "Sədayi-vətən", "Sədayi-həqq", "Sədayi-Qafqaz" qəzetlərini və "Məzəli" jurnalını nəşr etdirib.

    Mir Haşım bəy 1905–1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparıb. 1906-cı ildə hökumət tərəfindən tutulub, Stavropola sürgün olunmuşdur. 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakını özünə daimi məskən edir.

    Haşım bəyin rus dilindən Azərbaycan türkcəsinə bir neçə tərcüməsi də var. Bunların içərisində V. Şekspirin məşhur əsəri "Otello"nun tərcüməsini göstərmək olar. Əsər 1904-cü il avqustun 22-də Şuşada yerli həvəskarlar tərəfindən tamaşaya qoyulmuş, Otello rolunu H.Vəzirov özü oynayıb.

    Haşım bəy Vəzirov 1916-cı ildə vəfat edib.

  • Xalq artisti Rasim Balayev haqqında videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Xalq artisti Rasim Balayevin doğum günü ilə əlaqədar videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda aktyor Rasim Balayevin həyat və yaradıcılığı barədə geniş informasiya yer alıb. Qeyd edilib ki, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən R.Balayev ilk dəfə kinostudiyada “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rolları ilə tamaşaçıların sevgisini qazanıb.

    Rasim Balayev “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə aktyor kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, həmçinin epizodik rollar oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.

    Qeyd edək ki, Rasim Balayev 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 2022-ci il mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

  • “Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli

    Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Şəmsi Bədəlbəyliyə həsr olunub.

    Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib.

    1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası ona böyük şöhrət gətirib.

    Sənətkar öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya qoyub.

    1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılıb və Ş.Bədəlbəyli həmin teatra rejissor təyin edilib.

    O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.

    Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib.

    Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir.

    Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.

  • "NEQSOL Academy" gələcək inkişaf üçün oyunlaşdırma texnikasını təqdim edib

    "NEQSOL Academy" elektron öyrənmə sahəsində yaxşı təcrübə və yeni tendensiya sayılan oyunlaşdırma (gamification) texnikasını tətbiq edib.

    2021-ci ildə "NEQSOL Holding", tərkibindəki şirkətlərin 10.000 əməkdaşı üçün nəzərdə tutulmuş, ölkədə ilk çoxfunksionallı və çoxdilli rəqəmsal təlim və ünsiyyət platformasını, "NEQSOL Academy"ni istifadəyə verib. Holdinq "Harvard Business School", "MIT Sloan School", "SkillSoft", "RBL Institute", "ADA Universiteti" və digər təhsil müəssisələri ilə əməkdaşlıq yaratmaqla onların proqramlarını platformaya əlavə edib. Növbəti addım olaraq, "NEQSOL Holding" ekspertlərin video təlim kursları vasitəsilə əməkdaşlarının biznes, texnologiya və kreativ sahələrdə peşəkarlığının artırılmasına kömək məqsədilə beynəlxalq səviyyədə tanınmış onlayn kurs təminatçısı olan "LinkedIn Learning" ilə əməkdaşlığa başlayıb. "LinkedIn Learning"in məlumatına görə, "NEQSOL Academy"nin istifadəçiləri cəlb etmə nisbəti dünyada oxşar ölçülü təşkilatlar arasında öndədir.

    Oyunlaşdırma xallar, nişanlar, səviyyələr, liderlər lövhələrini təqdim edir. Yeniliyin ideyası istifadəçilərə nəticəsini digərləri ilə müqayisə etməklə onları yaxşılaşdırmaq üçün motivasiya yaradan rəqabət mühiti təmin etməkdir. Tamamlama nişanları və liderlər lövhələri istifadəçilərə onların irəliləməsini təsdiq edən əks əlaqəni təqdim edir.

    "NEQSOL Holding"in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib: “Nailiyyətlərə görə tanınmaq insan təbiətinə uyğundur. Sertifikasiya, təlim proqramlarının başa çatmasına görə iştirakçılara nişanlar təqdim edilən rəqəmsal mühit yaratdıq. Bu yeni funksiyalar NEQSOL Academy-də “Mükəmməlliyə doğru səyahət”ə yeni qığılcım əlavə edir.

    “Oyunlaşdırma daha cəlbedici və dərindən öyrənmə təcrübəsi təmin etdiyinə görə, bu, mütləq daha yüksək tamamlama nisbətlərinə və sistem istifadəsinə çevriləcək”, — deyə, "NEQSOL Holding"in Öyrənmə və İnkişaf üzrə Meneceri Dilarə Cəfərli bildirib.

    Holdinq əməkdaşlarının daha yaxşı nəticələr və uğurlar əldə etməsi üçün "NEQSOL Academy" müasir rəqəmsal alətləri təqdim etməyə davam edəcək.

  • Daşkəsəndə sel olub

    Daşkəsəndən sel keçib.

    Bu barədə Report-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yağan leysan yağışlar nəticəsində 8 avqust saat 10:40 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar və Gəncəçay-Alaxançallı məntəqələrindən qısamüddətli sel keçib.