“Warner Bros. Discovery”nin borclar və zərərlər haqqında hesabatı KİV-ə dərc edildikdən sonra şirkətin səhmləri kəskin şəkildə çöküb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, şirkətin ümumi borcu 53 milyard dollar təşkil edir. “Warner Bros. Discovery”nin bu il 518 milyon dollar itirəcəyi və davamlı maliyyə itkilərinin pik həddə çatacağı gözlənilir. Bu səbəbdən şirkət rəhbərliyi xərcləri ən azı 3 milyard dollar azaltmaq və investorların vəsaitlərini əvvəlkindən daha ehtiyatlı xərcləmək planlarını təsdiqləyib. Şirkətdən verilən məlumata görə, “Warner Bros.” həmçinin əsas işçilərin ixtisarına da hazırlaşır.
Qeyd edək ki, kino şirkətinin maliyyə itkiləri üzrə 3,4 milyard dollarlıq xalis zərəri artıq təsdiqlənib.
Dünyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Türkiyənin Antalya şəhərin kütləvi turist axını davam edir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin turizm nümayəndələri Antalyada xüsusilə beşulduzlu və “delüks” otellərdə avqust və sentyabrın ortalarına qədər rezervasiyaların tam dolduğunu açıqlayıb.
50-dən çox oteldə turizm fəaliyyəti ilə bağlı araşdırma aparan turizm meneceri Receb Yavuz Antalyaya gündəlik girişlərin 80-90 min olduğunu qeyd edib.
Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli “Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə 2015-ci ilin yayında “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında beynəlxalq memorandum imzalanıb.
Bu barədə Report-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2020-2021-ci illərdə Pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.
Hazırda ərazidə yerli və yaponiyalı axeoloqlar birgə elmi-tədqiqat işləri aparır. Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.
“Top Gun: Maverick” filmi ABŞ-ın kinoprakatında ən çox gəlir gətirən filmlər siyahısında “Titanik” dramını geridə qoyub.
AZƏRTAC xəbər verir ki, hazırda Tom Kruzun yeni layihəsi daxili bazarda 662 milyon dollar qazanaraq reytinqdə yeddinci yerdədir.
Eyni zamanda, dünyanın ən çox gəlir gətirən filmləri siyahısında “Top Gun: Maverick” hələ də 1,35 milyard dollar nəticə ilə 13-cü sıradadır.
Layihənin elan edilmiş büdcəsi 140 milyon dollardır.
Qeyd edək ki, “Top Gun: Maverick” Tom Kruzun karyerasında ən çox gəlir gətirən filmdir.
“Nar” mobil operatorlar arasında ilk üztanıma texnologiyasının tətbiq edildiyi eSIM xidmətini təqdim etdi. Bu xidmət sayəsində həm mövcud, həm də yeni abunəçilər eSIM nömrəni heç yerə getmədən onlayn şəkildə əldə edə bilərlər. eSIM nömrəsini əldə etmək üçün esim.nar.az səhifəsində lazım olan məlumatları daxil edib QR kod vasitəsilə xidməti aktivləşdirə bilərsiniz.
SIM kartlarla müqayisədə bu xidmətin bir çox üstünlükləri var. eSIM xidməti nömrənin zədələnməsi, itməsi və ya dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zəruriyyətini aradan qaldırır, eləcə də telefonda əlavə nömrənin istifadəsinə şərait yaradır.
eSIM haqqında daha ətraflı məlumatı esim.nar.az səhifəsindən əldə edə bilərsiniz.
“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
“Qonağımız var” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Suraxanı rayonunun Heydər Əliyev Mərkəzində reallaşacaq tədbirin budəfəki qonağı Xalq yazıçısı Anar olacaq.
Avqustun 10-da təşkil ediləcək görüş zamanı görkəmli yazıçı yaradıcılığı ilə bağlı suallara cavab verəcək, təcrübəsini bölüşəcək.
Avqustun 10-da YARAT Müasir İncəsənət Məkanı dünyanın ən məşhur yaradıcılıq festivallarından biri sayılan “Cannes Lions” və “Endorphin” reklam agentliyinin birgə əməkdaşlığı ilə yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün hazırlanan “Reklamda kreativlik” adlı tədbir keçirəcək.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə "Cannes Lions 2022" festivalından yenicə qayıtmış Azərbaycan təmsilçiləri – “Young Lions” müsabiqəsinin gənc iştirakçıları və festivalın əsas bölümündə iştirak etmiş reklam agentliklərinin, həmçinin müxtəlif yerli brendlərin nümayəndələri fikir mübadiləsi apararaq, bilik və təcrübələrini bölüşəcəklər.
YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunacaq tədbir Azərbaycan dilində keçiriləcək.
İkigünlük fasilədən sonra dünya bazarlarında neft bahalaşıb.
“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.
“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,53% artaraq 1 barel üçün 94,62 ABŞ dolları təşkil edib.
WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,75% yüksələrək 1 bareli 89,19 dollara çatıb.
Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib.
Bu barədə Report-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad olunan ərazilərdə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir: "Nazirlər Kabinetinin 132 nömrəli qərarına uyğun şəkildə Ağdam rayonu üzrə dövlət qeydiyyatına götürülən tarix və mədəniyyət abidələrindən olan rayonun Mireşelli kəndində yerləşən Şomullutəpə və Paşabəyli kəndində yerləşən Rəsultəpə yaşayış yerindən yağış sularının yuyulması nəticəsində qədim və orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış hissələri aşkar edilib. Aşkarlanmış bütün küp qalıqları Ağdam rayon Tarix və Diyarşunaslıq muzeyinə təhvil verilib".
2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən bildirilib.
Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.
Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.
2022-2023-cü tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulla bağlı ən çox verilən suallar və onların cavabları.