Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş sərgi açılıb

    Avqustun 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialı Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Vətənin və qələmin keşiyində" adlı sərgi təşkil edib.

    MKS-dən AZƏRTAC-a bildirilib ki, sərgiyə baxış zamanı oxuculara və qonaqlara kitabxananın əməkdaşları tərəfindən X.Natəvanın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verilib.

    Baxış zamanı kitabxananın əməkdaşı Gülnisə Mürsəlova qeyd edib ki, Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci il avqustun 6-da Şuşada anadan olub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırıblar.

    Vüsalə Alıyeva əlavə edib ki, Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndiriblər.

    Kitabxananın qonaqları İstanbul Aydın Universitetinin Yüksək Lisans tələbəsi Musa Həsənov, 245 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Ayan X.Natəvan haqqında verilən məlumatları dinləyib və əlavə ediblər ki, Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.

    Filial müdiri Pəri Paşayeva söyləyib ki, şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci ilin 1 oktyabrında vəfat edib və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.

    Ağdam rayonu işğaldan azad olunandan sonra məlum olub ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılıb, qəbri təhqir olunub və sümükləri də qəbrindən çıxarılıb aparılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

    Sərgi avqust ayının sonuna kimi davam edəcək.

  • Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə tədbir keçirilib

    Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

    Kitabxanadan AZƏRTAC-a tədbirdə kitabxananın fəal oxucuları və əməkdaşları iştirak ediblər.

    Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Təranə Məmmədova görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O bildirib ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb.

    Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri, həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. O, respublikanın mədəni həyatında yaxından iştirak edib və səmərəli ictimai fəaliyyəti ilə tanınıb.

    Sonda Rauf Hacıyevin musiqilərini bəstələdiyi filmlərdən ibarət videoçarx nümayiş etdirilib.

  • Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzinə N saylı hərbi hissənin əsgər və zabit heyətinin ekskursiyası təşkil edilib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, mərkəzin bələdçisi qonaqlara ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, eləcə də Ulu Öndərin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında məlumat verib.

  • Nazir: AKİ və ARKİ-nin fəaliyyətinə qarışmırıq, sadəcə dəstək göstəririk

    Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ictimai birliklərdir.

    AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Bəşəriyyətin ortaq dəyəri – Qobustan” sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimində jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, nazirlik onların fəaliyyətinə qarışmır, sadəcə dəstək göstərir. Bu ictimai birliklərin birləşməsi məsələsi onlardan asılıdır.

    “Şuşanın baş planı təsdiq edilsə də, təfsilatlı plan hazırlanmaqdadır. Orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik”, - deyə nazir söyləyib.

  • Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrılıb

    Prezident İlham Əliyev Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Report xəbər verir ki, sərəncamla on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Vnukova aeroportundan ilk dəfə Gəncəyə təyyarə reysi baş tutub

    Gəncə Beynəlxalq Hava Limanından ilk dəfə olaraq Moskva şəhərinin Vnukova aeroportuna uçuş həyata keçiriləcək.

    Report-un Qərb bürosunun məlumatına görə, artıq Vnukova aeroportundan Gəncəyə ilk uçuş bu gün baş tutub.

    Saat 13:10-da eniş edən Rusiya şirkətlərindən birinə məxsus sərnişin təyyarəsi saat 18:20-də yola düşəcək.

    Qeyd edək ki, Vnukova aeroportu Moskva şəhərinin üçüncü ən böyük hava limanıdır.

  • “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” : Ağabəyim ağa

    "Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat İbrahimxəlil xanın qızı - Ağabəyim ağaya həsr olunub.

    Ağabəyim ağa 1782-ci ildə Şuşada anadan olub. O, türk-islam dünyasının ən mütərəqqi, yüksək təhsilli, siyasi nüfuzlu xanımlarından biridir. O, İran şahı Fətəli şahın sevimli zövcəsi olub.

    Ağabəyim ağa erkən yaşlarından saray alimlərindən dərs alıb, şeir yazıb, dünyəvi elmlərdə, musiqi - sənət fənlərində hünər göstərib. Ərəb, fars, ingilis, fransız dillərini öyrənib.

    Ağabəyim ağanın taleyi Qarabağın və regionun siyasi hadisələrinin qəmli hekayəsidir. O, qürbətdə şah sarayında cah-calal içində yaşasa da həyatı çox kədərli, nisgilli olub. Gözəlliyi, zəkası və yüksək nitq mədəniyyəti ilə dillər dastanı olan xan qızı öz əmisi oğlu Məhəmməd bəyə aşiq idi. Lakin Qarabağda və regionda baş verən siyasi hadisələr Ağabəyim ağanın taleyinə böyük təsir göstərdi. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetirildikdən sonra taxta çıxmış Fətəli şah "hər iki tərəfin xətircəmliyi üçün" İbrahimxəlil xandan qızı Ağabəyim ağanı hərəmxanasına göndərilməsini istəyir. Ağabəyim ağa öz xoşbəxtliyini Vətənin gələcəyi naminə qurban verməli olur. O, 1798-ci ildə Tehrana gəlin getsə də, öz eşqinə və əhdinə xilaf çıxmır. Bir müddətdən sonra Qum şəhərinə köçür. Fətəli şah Ağabəyim ağaya çox aşiq idi və ona dövlətin siyasətinə müdaxilə etmək hüququ vermişdi.

    Tehranda olarkən qəm-qüssəyə yenilməyən Ağabəyim ağa "Qarabağ şikəstəsi" və "Sarı Bülbül" kimi məşhur şeirlərini yazmışdı. Özünə "Qarabağ şikəstəsi" adı verən məhəbbətin, qürbətin və Vətən itkisinin ağrısı ilə yaşayan xan qızı son nəfəsinə kimi Qarabağ deyib haray çəkmişdi. 1831-ci ildə Ağabəyim ağa zəhərlənir və bu cinayət əməli nəticəsində dünyasını dəyişir. O, Qum şəhərində xanədan sahiblərinə aid məzarlıqda dəfn edilir.

  • Bu gün Xalq artisti Həqiqət Rzayevanın anım günüdür

    Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli bacıları, çətinliklə də olsa, Azərbaycan qadınının yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər. Bu sənət fədailəri arasında görkəmli müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biri olan Xalq artisti Həqiqət Rzayevanın vəfatından 53 il ötür. Hər il bu təqvimdə xalqımız öz böyük sənətkarını xatırlayır, onun çəkildiyi filmlər televiziya vasitəsilə göstərilir.

    Onun yaradıcılığının milli musiqi sənətimizin inkişafında müstəsna yeri var. 2007-ci ildə bu böyük sənətkarın anadan olmasının 100 illiyi ilə bağlı Prezident Sərəncamında “Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənni, milli musiqinin inkişafına töhfələr vermiş” bir sənətkar kimi xarakterizə olunub.

    Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini yaşadan insanlar — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları, ilk növbədə, yada düşür. O insanlar ki, Həqiqət xanım onlardan dərs alıb, muğamlarımızı, xalq mahnılarımızı öyrənib. Onun səsindəki məlahət ilk görüşdən bu sənətçilərin diqqətini çəkib və Həqiqət xanım az bir müddət içərisində məşhurlaşıb. Əsl adı Süsən idi, Həqiqət adını isə sonradan götürüb. Soyadı isə Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını daşıyıb.

    Həqiqət Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda dünyaya göz açıb. İlk təhsilini Lənkərandakı Qızlar məktəbində alan Həqiqət xanım müəllimə olmağı arzulayırdı, amma elə uşaqlığından valideynləri onda gözəl səs olduğunu hiss ediblər.

    1923-cü ildə onun ilk arzusu reallaşıb. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Onu məktəbin dram dərnəyinə üzv yazıblar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı. Bakıda elə həmin vaxtlar “Damğa” adlı satirik teatrın açılması onun da həyatını dəyişib və Həqiqət xanım həmin teatrda işləməyə başlayıb. Beləliklə, o öz sənət yolunu müəyyənləşdirib və Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1928-1932-ci illərdə Konservatoriyanın muğam şöbəsində təhsil alan H.Rzayeva burada böyük sənətkarlarla qarşılaşır.

    Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox əhəmiyyətli rol oynadı. Üstəlik, bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması 20 yaşlı Həqiqət xanımın həyatında yeni bir dövrün başlanğıcını qoydu. Ərəbzəngi rolu çox məsuliyyətli idi. Həqiqət Rzayeva bu obrazın üzərində çox işlədi və “Şah İsmayıl” operası böyük müvəffəqiyyətlə nümayiş etdirildi. Onun ifası gözəl alınmışdı, haqqında qəzetlər yazmışdı. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi və Həqiqət xanımın gələcəyinə böyük ümidlər ifadə olunurdu. Beləliklə, nəhayət ki, Ərəbzənginin ilk qadın ifaçısı “kəşf” olundu, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynadı. Onun tamaşalarına böyük maraq var idi. Həmişə Opera Teatrının səhnəsi tamaşaçı ilə dolu olardı.1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

    Elə Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırıb. Amma əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb. Ən əsası bu idi ki, onun məlahətli səsi obrazı tamamlayıb. Məhz ondan sonra Leylinin Azərbaycanda yeni-yeni ifaçıları yetişib.

    Həqiqət xanım milli opera sənətimizin əsl ulduzu idi. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub, ən başlıcası isə “Xalq artisti” fəxri adına layiq görülüb.

    Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. Qəmər xala filmdə mənfi obrazdır. O, kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq” sitatı yaddaşlara həkk olunub.

    Həqiqət xanım həm də pedaqoji fəaliyyətlə məşğul olub. Uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.

    İkinci Dünya müharibəsi illərində Azərbaycanın incəsənət ustaları ilə dəfələrlə cəbhədə döyüşçülər qarşısında çıxış edib, öz şaqraq səsi ilə əsgərləri qələbəyə ruhlandırıb. Onun yaradıcı ömrünü bütövlükdə musiqi sənətimizin, milli operamızın inkişafına həsr edib. Yaratdığı rollar opera sənətimizin tarixində silinməz izlər qoyub.

    Bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq.

  • Milli Kitabxana “2 Avqust – Azərbaycan Kinosu Günü” adlı virtual sərgi hazırlayıb

    Azərbaycan Kinosu Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “ 2 Avqust – Azərbaycan Kinosu Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan kinosunun tarixini əks etdirən sənədlər, görkəmli şəxslərin kino tariximiz haqqında olan fikirləri, fotolar, Azərbaycan kinosunun tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.

  • Azərbaycanda vətəndaşlara ƏDV-nin geri qaytarılması qaydası dəyişə bilər

    Azərbaycanda aldığı malın dəyərini nağdsız qaydada ödəyənlərə ƏDV-nin 15%-i deyil, 20%-i geri qaytarıla bilər.

    Report xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

    Əvəzində ödənişi nağd edənlərə ƏDV-nin 10%-nin deyil, 5%-nin geri qaytarılması təklif olunur. Başqa sözlə, faiz nisbətini dəyişməklə vətəndaşların nağdsız ödənişə stimullaşdırılması nəzərdə tutulub.

    Xatırladaq ki, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il iyulun 1-nə qədər istehlakçılara 651 001 786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun aylarında isə 222 747 769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb.