Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət naziri “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyevlə görüşüb

    Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin 2021-ci il üzrə qaliblərindən biri olan Fərrux Əliyevlə görüşüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki tərəf arasında müsabiqənin mentorluq proqamına dair fikir mübadiləsi aparılıb, bu günə qədər həyata keçirilən görüşlərin müsabiqə qaliblərinin inkişafına verdiyi töhfədən danışılıb, proqram çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr müzakirə olunub.

    Anar Kərimov və qalib həmçinin Nazirliyin innovasiya strategiyasının formalaşdırılması üzərində aparılan işləri də müzakirə ediblər. Qeyd olunub ki, bu strategiyanın əsas məqsədi Nazirliyi bir struktur kimi daha innovativ etmək, Nazirlik əməkdaşlarının iş mühitinə yeniliklər gətirməkdir.

    Eyni zamanda, görüşdə dövlət qurumlarında işlərin xüsusiyyətləri, proseslər, üstünlük və çətinlikləri, özəl sektordan fərqli olan cəhətləri müzakirə olunub.

    Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaradıcı sənayelərin inkişafı istiqamətində bundan sonra görüləcək işlər də müzakirə edilib.

    Sonda hər iki tərəf mentorluq proqramının bitməsinə baxmayaraq əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.

    Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

  • Bakının Nəsimi rayonunda 2 küçə əsaslı şəkildə təmir edilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsinin 1 530 metrlik hissəsini, həmçinin Nəsib bəy Yusifbəyli küçəsinin 350 metrlik hissəsini əsaslı şəkildə təmir edib.

    Report Agentliyə istinadən xəbər verir ki, C.Məmmədquluzadə küçəsində aparılan təmir işləri adıçəkilən küçənin Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinə qədər olan 840 metrlik hissəsində və Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinə qədər olan 690 metrlik hissəsində aparılıb.

    Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4 000 kv.m səki bərpa olunub, 2 066 p /metr yeni səki daşı düzülüb. Ümumilikdə 9175 kv.m sahədə təmir aparılıb, 8300 kv.m əraziyə asfalt-beton örtüyü döşənib.

    Cəlil Məmmədquluzadə küçəsinin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Anoloji işlər burda da icra olunub. Belə ki, küçəboyu 1252 p/m səki daşı qoyulub, yolayrıcılarına 414 kv.m olmaqla tamet daşları düzülüb. Ümumilikdə 14.5 min kv.m əraziyə asfalt-beton örtüyü döşənib.

    2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə və Mərdanov qardaşları küçələri arasında yerləşən 350 metrlik hissəsi də əsaslı şəkildə təmir olunub. Küçənin ortalama eni 14.5 metr təşkil edir.

    Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə 840 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 694 p/m səki daşı düzülüb.

    Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 6772 kv.m ərazidə təmir işləri aparılıb.

    Təmir işləri zamanı hər iki küçədə zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunub.

    Sonuncu mərhələdə küçələr üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

    Bu il Nəsimi rayonunda təmir edilən küçələrin ümumi uzunluğu 3 km təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri aparılıb.

  • “Gənclik” metrostansiyası "Qarabağ"ın oyununa görə gücləndirilmiş iş rejiminə keçəcək

    Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar sabah "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.

    Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Bu stadionda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyada qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Saat 20:00-da başlanacaq oyuna yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə növbətçilik cədvəli üzrə stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

    Bundan savayı, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri nəzərdə tutulacaq.

    Gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Lakin futbol matçına azarkeş marağını nəzərə alaraq, sərnişinlərin oyun başa çatdıqdan sonra mənzil başına çatması üçün təhlükəsiz və rahat daşınması məqsədilə bəzi tədbirlər də həyata keçiriləcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

  • “Xatirə və Xəta” ekran əsəri “Cənub Kino və İncəsənət Akademiyası” festivalında qalib olmuş filmlər sırasında yer alıb

    “Xatirə və Xəta” filmi Çili Respublikasında keçirilən “Cənub Kino və İncəsənət Akademiyası” festivalında “Ən yaxşı dram” sertifikatına layiq görülüb. Eyni zamanda ikinci mükafat olaraq “Xatirə və Xəta” triller janrında çəkilmiş ekran əsərində baş rolunu ifa edən Xalq artisti Sabir Məmmədov “Aparıcı aktyor” sertifikatına layiq görülüb. Festivalın üçüncü xüsusi mükafatı hesab edilən “Ən yaxşı musiqi əsəri” mükafatı isə bədii filmdə səsləndirilmiş Emin Sabitoğlunun bəstələdiyi musiqi əsərinə verilib.

    Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.

    C.Qasımov bildirib ki, bu ekran əsəri digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edib və “Ən yaxşı dram” sertifikatına layiq görülüb. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.

    Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montaj Elnur Tarverdiyevə məxsusdur.

  • Beyons musiqi yayım platformasında rekorda imza atıb

    Dünyaşöhrətli müğənni Beyonsun yeni "Renaissance" albomu “Spotify” musiqi yayım platformasında dinləmə rekorduna imza atıb.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, albom iyulun 29-da (buraxılış günü) 43 milyon dəfə dinlənilib. Bu, 2022-ci ildə qadın sənətçiləri arasında albom uğuruna görə ən yaxşı göstərici hesab olunur.

    Bundan əlavə, alboma daxil olan bütün mahnılar “Spotify” musiqi yayım platformasında ilk top 25-ə düşərək, onlardan yeddisi top 10-a daxil olub.

    Rekorda imza atan Beyonsun bu albomu üç pandemiya ili ərzində hazırlanıb. "Renaissance" ifaçının altı illik fasilədən sonra hazırladığı sayca yeddinci studiya albomudur.

    Qeyd edək ki, 40 yaşlı Beyons qadın müğənniləri arasında ən çox “Qremmi” musiqi mükafatı sahibidir. Onun hesabında 28 mükafat heykəlciyi var.

  • Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

    Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 124-cü ildönümünü qeyd edir.

    Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

    Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

    1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

    “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

    Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

    Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

    Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

    Diqqətə çatdıraq ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu il də əlamətdar gün münasibətilə ölkəmizdə silsilə tədbirlər təşkil olunub.

    Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.

  • Qazaxda yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil ağa hamamı və Cümə məscidində işlər sürətlə davam edir

    Qazax şəhərində tezliklə möhtəşəm tarixi abidə tarixi kvartal şəklində bərpa-restavrasiya olunduqdan sonra ziyarətçilər üçün qapılarını açacaq.

    AZƏRTAC xəbər verir ki, ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasının tarixi binasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil ağa hamamında və Cümə məscidində işlər sürətlə davam edir.

    Bu tarixi kvartal Qazax şəhərinin fundamental abidə kompleksi qismində şəhərin qədimliyi baxımından müstəsna əhəmiyyət kəsb edəcək. Qeyd olunan abidələrdən ibarət tarixi-memarlıq kvartalının formalaşması gələcəkdə ziyarətçi sayının artmasına töhfə verəcək.

  • “Mən qadınam” ssenari müsabiqəsinin qalibləri elan olunub

    Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti işinə yekun vurub.

    AKİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd müasir Azərbaycan qadının obrazını bütün dolğunluğu ilə tamaşaya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artması, cəmiyyətimizdə gender münasibətlərində harmoniyaya çağırış olub.

    Müsabiqənin münsiflər heyətinin sədri Nadir Bədəlov və münsiflər heyətinin üzvləri Əli İsa Cabbarov, Vaqif Azəryar, Sevda Sultanova, Asif Rüstəmov müsabiqəyə qatılmış 100 ssenaridən 20 əsəri finala buraxıblar.

    “Mən qadınam” ssenari müsabiqəsinin qalibləri aşağıdakılardır:

    1-ci yer – “Dilbər”, ssenari müəllifi Orxan Məmmədli;

    2-ci yer “Zənbil”, ssenari müəllifləri Mirmehdi Ağaoğlu, Mətləb Muxtarov;

    3-cü yer “Neçəyədir?”, ssenari müəllifi Günel Şamilqızı;

    Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb (ssenarilərin adlarının baş hərflərinin əlifba sırası ilə təqdim edirik).

    “Çiyələyin dadı” (ssenari müəllifi Arzuman Mirzəsoy) – “Parlaq vizual obrazlar və atmosfer həllinə görə”;

    “Qar əriyəndə” (ssenari müəllifi Leyla Əliyeva)– “Klıçkova, humanist və bəşəri ideyaların ifadəsinə görə”;

    “Qonşular nə deyər” (ssenari müəllifi Leyla Nəsibli) – “Qəhrəmanın psixoloji portretini dəqiq cızdığına görə”;

    Müəlliflər arasında qadın müəlliflər aktiv iştirak edib. Belə ki, təqdim edilən ssenarilərin 60 faizi qadın müəllif olub. Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb.

    Xatırladaq ki, müsabiqənin 1-ci yer qalibi 2000 manat, 2-ci yer qalibi 1500 manat, 3-cü yer qalibi 1000 manat pul mükafatı qazanıb.

  • Kino Agentliyinin bu ilin sonuna qədər fəaliyyətə başlayacağı gözlənilir

    Kino Agentliyinin fəaliyyətə başlaması və ümumiyyətlə, strukturunun qurulması təkcə Mədəniyyət Nazirliyindən asılı məsələ deyil.

    AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinı görə, agentliyin ilin sonuna qədər fəaliyyətə başlayacağı gözlənilir.

  • “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin təqdimatı olacaq

    Avqustun 3-də “Park inn Hotel Baku”da Qobustan Milli Tarix-Bədii Qoruğunun sifarişi ilə ərsəyə gələn “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində qoruğun nəşr etdirdiyi kitab, jurnal və bukletlərdən ibarət sərgi təşkil olunacaq.

    Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir. Elmi-tədqiqat müəssisəsi kimi qoruqda yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır. Bununla yanaşı qoruq elmi-tədqiqat işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılması işini də diqqətdə saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun nəşridir.

    2016-cı ildə Qobustan qoruğunda “Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Tədqiqat layihəsinin ilkin nəticələri “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqda əksini tapıb.

    Qobustan Milli Tarix-Bədii Qoruğu həmçinin Qobustan abidələrinin ölkə və beynəlxalq səviyyədə təbliği işini də bütün mümkün imkan və vasitələrlə davam etdirir. Bu məqsədlə mütəmadi tədbirlər həyata keçirən qoruğun bu istiqamətdə təqdim etdiyi yeni layihə “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filmidir. Qobustan Milli Tarix-Bədii Qoruğunu sifarişi ilə ərsəyə gələn film dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olan Qobustan abidələrindən, burada aparılan elmi-tədqiqat işlərindən bəhs edir.