Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.
Report xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakıda, hava limanına enib.
Bildirilib ki, sərnişin uçuş zamanı vəfat edib.
"Azərbaycanın milli parkları son illər daha çox məşhurlaşıb və parklara səfər artıq bir ənənəyə çevrilib. 2022-ci ilin 7 ayı ərzində milli parkları 147 359 turist ziyarət edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub".
Bunu Report-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, ən çox turist qəbul edən milli parklarımız Göygöl, Şahdağ, Hirkan, Abşeron və Ağgöldür.
Xidmət rəsmisinin sözlərinə görə, turistlərin sayında müşahidə olunan artım insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə işləri ilə yanaşı, sosial şəbəkələr üzərindən təbiətimizin foto və videolarda tərənnümünün, ekoturizmin təbliği istiqamətində tərəfdaşlarla birgə həyata keçirilən fəaliyyətin nəticəsidir.
“Biz bu gün xüsusilə vurğulaya bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir".
Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük Vətən müharibəsi ilə bağlı birgə serial layihəsi üzərində işləyirlər. Serial Türkiyənin tanınmış “Bozdağ film” studiyası ilə birgə çəkiləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.
E.Əliyev qeyd edib ki, ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. “Hazırlıq işləri tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci bölümün bu il təqdimatı gözlənilir”, – deyə Elnur Əliyev bildirib.
Qeyd edək ki, “Bozdağ film” Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və s. tarixi mövzuda məşhur seriallarının istehsalçısıdır. Studiyanın qurucusu Mehmet Bozdağ “Diriliş Ertuğrul” ve “Kuruluş Osman” seriallarının rejissorudur. Hazırda “Bozdağ film” təxminən 30 hektar ərazidə inşa edilən Türkiyənin ən böyük film platolarından birinə malikdir.
“AMC Networks”a məxsus “Şər: V/H/S/99” adlı qorxu filminin yeni bölümünün premyera tarixi açıqlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni bölümün premyerası 2022-ci il oktyabrın 20-də olacaq. Ekran əsərinin yeni beşinci bölümünün yaradılmasında bir neçə məşhur rejissorlar Meqqi Levin, Yohannes Roberts, Flainq Lotus, Tayler Makİntayr və Vanessa Vinter iştirak ediblər.
Ssenarisi Saymon Barrett tərəfindən yazılmış filmin bütün bölümlərinin süjet xətti həyəcanverici hadisələrlə davam edir. Ekran əsəri izləyiciləri videolent avadanlıqları olan dövrün son günlərinə aparır. Yeniyetmənin hazırladığı video bir sıra dəhşətli hadisələrin başlanğıcı olur.
Qeyd edək ki, "Şər" filminin ilk əsas bölümü 2012-ci ilin oktyabr ayında kütləvi nümayişə buraxılıb. Filmin bütün bölümləri izləmə rekorduna imza ataraq böyük marağa səbəb olub.
2 Avqust – Milli Kino Günü münasibətilə silsilə tədbirlər təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası avqustun 1-də “Azərbaycan Kinosu Günü” adlı tədbir təşkil edəcək.
Həmin gün kinostudiyanın yeni loqo və saytının təqdimatı keçiriləcək. Eyni zamanda kinostudiyanın 100 illiyi (2023) münasibətilə elan olunan Qarabağ mövzusunda ssenari müsabiqəsi qaliblərinin adları açıqlanacaq, mükafatlandırma mərasimi olacaq. Bundan əlavə, tədbirdə “Azərbaycanfilm”in rəhbərliyi tərəfindən qarşıdan gələn 100 illik yubileylə bağlı tədbirlər planı haqqında da ictimaiyyətə məlumat veriləcək.
Avqustun 1-də həmçinin Azərbaycan Dövlət Film Fondunun həyətində Milli Kino Günü münasibətilə sərgi keçiriləcək. Sərgi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərgidə kinomuzun səssiz mərhələsindən başlamış sovetlər dönəmi bitənə qədər film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar nümayiş olunacaq. Təqdim ediləcək eksponatlar “Azərbaycanfilm” və Film Fondunda qorunan avadanlıqlardır.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) da Milli Kino Gününə xüsusi hazırlaşıb. Avqustun 2-də təşkil ediləcək bayram tədbirində Milli Kino Mükafatı təqdim ediləcək. Həm gənc, həm də yaşlı nəsil kinematoqrafçılara mükafatlar təqdim olunacaq. Yubileyi olan kino xadimləri, il ərzində bu sahədə uğur qazananlar da diqqətdən kənarda qalmayacaq. Qeyd edək ki, builki Milli Kino Mükafatına 75 illik yubileyini qeyd edən Xalq rəssamı Rafiq Nəsirov layiq görülüb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) isə Milli Kino Günündə ənənəvi olaraq özünün üç nominasiyada kino mükafatını sahiblərinə təqdim edəcək. İyulun 28-də AKİ 2022-ci il üçün mükafatçıları elan edib.
“Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə” İlkin Yusif, “Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə” Rəşid Ağamalıyev, “Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə” İntiqam Hacılı diplom və pul mükafatına layiq görülüblər.
Avqustun 1-də AKİ-nin bu ilin fevralında elan etdiyi “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsinin qalibləri də elan olunacaq.
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat mesenat Sadıq bəy Zöhrabbəyova həsr olunub.
S.Zöhrabbəyov 1868-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında almış, daha sonra isə Şuşa Real məktəbində təhsilini davam etdirib. O, musiqi və klassik poeziya bilicisi kimi ərəb-fars dillərini kamil bilən, eyni zamanda, rus dilinə aşina olan mükəmməl ziyalı kimi yetişmişdi. Əsasən ticarətlə məşğul olmuşdur.
Sadıq bəy Zöhrabbəyov ticarət işlərini Rusiya imperiyasının Vladiqafqaz şəhərində aparırdı. Həmin şəhərdə Zöhrabbəyov qardaşlarının yaşayış evləri, ticari kontorları vardı.
Sadıq bəy Zöhrabbəyov maarifçilik hərəkatına, elm və təhsilin yayılmasına kömək əli uzadan nadir iş adamlarından biri olub. O, qardaşları ilə birgə Vladiqafqaz şəhərində qız pansionatı tikdirmişdi. Onun mesenatlıq fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir. Qardaşı kollej katibi, görkəmli pedaqoq Mirzə Salah bəy Şuşada məktəb tikdirərkən ona böyük maliyyə dəstəyi göstərmişdi.
Maarifin-məktəbin çiçəklənməsinə yardım edən Sadıq bəy Zöhrabbəyov Şuşadan görkəmli pedaqoq Bahaəddin bəy Köçərlinskini Vladiqafqaza dəvət etmiş, onu işlə və qalacaq yerlə təmin etmişdi.
Musiqi aşiqi olan Sadıq bəy Zöhrabbəyov Qarabağ xanəndələrinin dinləyicisi və seyircilərindən olmuşdu. Adlı-sanlı xanəndələri tez-tez Vladiqafqaza dəvət edirdi.
Onun səxavəti və nəcibliyi, qonaq və kasıblara göstərdiyi təmənnasız köməyi artıq Sadıq bəy Zöhrabbəyovu bütün qafqazlıların hörmət bəslədiyi ləyaqətli bir insana, böyük nüfuz sahibinə, şəxsiyyətə çevirmişdi.
Sadıq bəy Zöhrabbəyov inqilabdan sonra Azərbaycana dönmüş, Bakıda məskunlaşmışdı.
Sadıq bəy Zöhrabbəyov 1942-ci ildə Bakı şəhərində vəfat edib.
Avrozonanın 19 ölkəsində illik inflyasiya səviyyəsi, ilkin hesablamalara görə, 8,6%-dən 8,9%-ə çatıb. Avrozonada inflyasiya tarixi maksimumu yeniləyib.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) məlumatında deyilir.
Bundan başqa, 2022-ci ilin ikinci rübündə Avrozonada ÜDM illik ifadədə 4%, rüblük ifadədə 0,7% artıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolunun tikintisinə dair tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq, 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verib.
Report bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, uzunluğu 10 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Yolun 8,5 km uzunluğa malik Həsənabad–Neftçala hissəsinin 1.1 km ərazisi yararsız asfalt örtük, 7.4 km ərazisi isə torpaq əsasdan ibarət idi.
Yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, hazırda yeni yol geyimi inşa edilir.
Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda eni 1.5, uzunluğu 900 metr olan piyada səkisinin inşası aparılır.
Layihə çərçivəsində yolun 1,5 km-lik Bankə–Beştalı ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpünün təmiri də nəzərdə tutulub.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində yola yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Türkiyənin Adıyaman şəhərinin Gölbaşı qəsəbəsində 1600 yaşı olduğu təxmin edilən 27 insan skeleti tapılıb.
AZƏRTAC xəbər verir ki, tədqiqatçılar skeletlərin aşkar edildiyi qaya məzarların Roma dövrünə aid olduğunu ehtimal edirlər. Qaya məzarlarda həmçinin 3 ədəd “gözyaşı şüşələri”nin də tapıldığı bildirilib.
Qeyd edək ki, qədim Yaxın Şərqdə geniş yayılmış “Gözyaşı şüşələri”ni yas tutanlar kiçik şüşə qabları göz yaşı ilə doldurub məhəbbət və hörmət rəmzi kimi məzarlara qoyurdular.
Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi münasibətilə “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.
Report xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov, təhsil nazirinin müavini Firudin Qurbanov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi olub.
Daha sonra mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, dünyada Azərbaycandan kənarda 40 milyona yaxın azərbaycanlı yaşayır və onların arasında ölkəmizi təmsil edən çoxsaylı sənətkarlarımız var:
"Onun həyatına baxsaq, qəhrəmanlıq səhifələrini görə bilərik. Mən deyərdim ki, Deqatinin ən böyük sənət əsəri onun öz həyatıdır. Onun həyatı üzrə sənədli və bədii filmlər hazırlanacaq".
Qeyd edək ki, Reza Deqati 55 ildir ki, fotoqraf kimi fəaliyyət göstərir və bu günə qədər dünyanın müxtəlif ölkələrində 460-dan çox sərgisi keçirilib. Onun “National Geographic”, “Paris Match”, “Stern”, “Figaro”, “New York Times” kimi məşhur beynəlxalq jurnallarda 10 mindən artıq fotosu çap olunub. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib.