Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6 %-i məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib.
Bu, Report-un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.
Bundan başqa, qurum bəyan edib ki, ölkədə turistlərin gecələmələrinin 11,1 %-i işğal altında qalmış ərazilərin payına düşüb.
“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - deyə açıqlamada qeyd olunub.
Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib.
“Oskar” və “Emmi” mükafatı laureatı Keyt Uinslet, dağılmağa başlayan avtoritar rejimdən bəhs edən "Saray" adlı filmdə rol alacaq.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ekran əsərinə “Şahzadə” tarixi dramına görə “Oskar” qazanan Stiven Frirs rejissorluq edəcək. İcraçı prodüser isə Uill Treysidir.
Qeyd edək ki, daha çox əfsanəvi “Titanik” filmindən tanınan dünyaşöhrətli aktrisa Keyt Uinslet, həmçinin çəkiləcəyi bəzi filmlərdə icraçı prodüser kimi də fəaliyyət göstərəcək.
Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 30 il ötür. İlk əvvəl kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır. Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.
Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.
Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.
Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı fəal oxucuların iştirakı ilə şəhid Nahid Teymurzadə və digər şəhidlərə həsr olunmuş "Unudulmayan oğullar" adlı tədbir təşkil edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qarabağın erməni işğalından azad edilməsi uğrunda canından keçən oğullarımızdan biri də Nahid Teymurzadə olduğu qeyd edilib.
Şəhidimizin 1997-ci ilin iyunun 23-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Nahid Vətən müharibəsinə könüllü şəkildə qoşulub və Xocavəndin Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.
N.Teymurzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Daha sonra şəhidlərimiz haqqında, eləcə də onların keçdikləri şərəfli yoldan bəhs edilərək, əziz xatirələri ehtiramla yad olunub.
Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.
Bunu Report-a açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur "Bozdağ film" studiyası ilə birgə həyata keçirilir: "Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci seriyanın bu il təqdimatı gözlənilir".
E.Əliyev qeyd edib ki, artıq ekran əsərinin işçi adı da məlumdur: "Amma serialın adını açıqlamaq hələ tezdir. Çünki dəqiq deyil. Serial Türkiyə və Azərbaycanın birgə əməkdaşlığının nəticəsidir. Ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Çalışacağıq ki, bu, əməkdaşlığımızın simvolu olsun".
"Report"un əldə etdiyi məlumata görə, serialın ilk bölümü bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanacaq.
Qeyd edək ki, "Bozdağ film" studiyası Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşları Londonda "CNN" telekanalının qonağı olub, telekanalın işi ilə tanışlıq imkanı qazanıblar.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Nazirliyin şöbə müdiri Məryəm Qafarzadə və şöbənin baş məsləhətçisi Elnarə Kərimova "CNN" rəhbərliyi ilə görüşüblər. Görüş zamanı diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "CNN" telekanalı ilə illərdir əməkdaşlıq edir və kanalda ölkəmizlə bağlı çoxsaylı süjetlər yayımlanıb.
Telekanalı ziyarət zamanı nazirlik rəsmiləri kanalın işi, beynəlxalq layihələri ilə tanış olublar. Həmçinin çəkiliş prosesi, məşhur "CNN Breaking News"un canlı yayımlarını, montaj və hazırlıq işlərinin necə getdiyini, redaksiya işlərinin necə aparıldığını, strategiyaların necə hazırlandığını izləmək imkanı qazanıblar. Rəqəmsal və yaradıcı həllər üzrə təcrübələrini bölüşüblər.
Görüş zamanı M.Qafarzadə və "CNN" rəhbərliyi arasında aparılan danışıqlar zamanı telekanalın saytında ölkəmizin mədəniyyəti ilə bağlı məqalə hazırlanaraq sayta yerləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçinin gələcək layihələrlə bağlı müzakirələr aparılıb.
"CNN" rəhbərliyi media sxemi, xəbər ötürmə, marketinqlə bağlı illər ərzində əldə etdiyi təcrübələrini də bölüşüblər.
M.Qafarzadə "CNN"ə yaradılan şəraitə görə təşəkkür edərək, zəngin mədəniyyətimizin təbliği üçün yeni metodların tətbiqi və davamlı əməkdaşlığın perspektivlərindən söz açıb.
Qeyd edib ki, cari ildə telekanal mədəniyyət paytaxtımız Şuşada keçirilən tədbirlər, eyni zamanda, Azərbaycan milli sərvəti olan muğam və xalça sənətimizlə bağlı videoçarxlar nümayiş etdirib.
Azərbaycan və Hindistan arasında Bakı-Mumbay birbaşa aviareysinin açılması ilə bağlı danışıqlar aparılır.
Report xəbər verir ki, bu barədə iki ölkənin turizm imkanlarına həsr edilmiş B2B görüşündə bildirilib.
Xatırladaq ki, avqustun 9-dan "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq. Azərbaycan paytaxtından Yeni Dehliyə aviareys hər həftənin çərşənbə axşamı və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Bu məsələdə AZAL-ın tərəfdaşı Hindistanın “Zeal Global Group” şirkətidir.
İyulun 29-31-də Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı keçiriləcək.
Bu barədə Report-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, artıq ikinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib.
“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.
Xan yaylağının ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.
Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.
Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Xan yaylağında olub və festivala hazırlıq işlərinin gedişatı ilə maraqlanıb. Təşkilati məsələlərlə, yaylaq ərazisində mədəniyyət guşələrinin və səhnələrin qurulması, mədəni proqramın tərtibi, kollektivlərin çıxışları, loqistika məsələləri ilə yerində tanış olan nazir müavini festivalın layihə rəhbəri “Cavad xan” Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənovla, təşkilat komitəsinin üzvləri ilə və könüllülük proqramı üzrə seçilmiş gənclərlə görüşüb.
Görüşdə qeyd olunub ki, mədəniyyətin gənclər üçün əlçatan olması, milli mədəniyyətə sahib çıxması baxımından könüllülərin və ümumiyyətlə, gənclərin tədbirdə iştirakı vacibdir. Azərbaycan gəncliyinin mədəni proseslərdə fəal iştirakı Mədəniyyət Nazirliyinin strateji məqsədlərindəndir.
Yaylaq ərazisində hazırlıq işlərinin tamamlanması və təşkilati məsələlərin həlli üçün tapşırıq və tövsiyələrini verən E.Əliyev bildirib ki, Mədəniyyət Nazirliyi milli mədəniyyətin təbliğinə yönəlmiş Yaylaq Festivalına xüsusi önəm verir və tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi dəstəyi göstərir.
Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılmasının Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən nazir müavini Nazirliyin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, o cümlədən “Yurd” layihəsi haqqında məlumat verib.
Festival məkanında milli mədəniyyətimizin canlandırılması - tədbirin bədii proqramın, açılış və bağlanış mərasimlərinin təşkili, oyun və konsert səhnələrinin quraşdırılması Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
II Milli Yaylaq Festivalının bədii proqramına Akademik Musiqili Teatr, Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, həmçinin Gəncə, Masallı və Şəki Regional Mədəniyyət İdarələrinin musiqi, rəqs və folklor kollektivlərinin çıxışları daxildir.
Yeni versiyada çəkilmiş "Terminator: Qaranlıq talelər" elmi-fantastik filmi uğursuz alınaraq iflasa uğrayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu filmin rejissoru Tim Miller etiraf edib.
"Terminator: Qaranlıq talelər" 2019-cu ilin oktyabrında nümayiş etdirilib. Onun büdcəsi 185 milyon dollar, kassa gəliri isə cəmi 260 milyon dollar olub.
Xatırladaq ki, rejissor Ceyms Kameron tərəfindən çəkilərək 1984-cü ilin oktyabrında təqdim olunan gələcəkdən gələn robotların hekayəsindən bəhs edən "Terminator" filmi tamaşaçılar arasında böyük uğur qazanaraq, eyni zamanda, kassa gəlirinə görə də əfsanəvi filmlər siyahısında yer tuta bilib.
İyulun 28-də “Artım” layihə məkanında “Qavrayışı formalaşdıraraq” adlı vorkşop təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, vorkşop zamanı rəssam Murad Vəliyevin rəhbərliyi altında iştirakçılar inşaat köpüyü, sap və akril daxil olmaqla müxtəlif materiallardan və texnikalardan istifadə edəcəklər, həmçinin modanı müasir incəsənətdə necə tətbiq etməyi öyrənəcəklər.
Murad, İstanbul, Moskva və Bakı kimi şəhərlərdə moda və müasir incəsənət sahələrində çalışan gənc rəssamdır. Onun yaradıcılığının ilham mənbəyi cəmiyyətimizin müxtəlif stereotipləridir və o, modanı müasir incəsənətlə birləşdirərək əsərlər yaradır.
Onun əsərləri "L’Officiel Azerbaijan", "Elle Russia", "Cosmopolitan Turkiye", "GQ", "Esquire", "Schön!", "Based Istanbul" və "Vogue" kimi nəşrlərdə dərc olunub.