Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Artım” layihə məkanında gənc rəssamların duet sərgisi davam edir

    “Artım” layihə məkanında açılan iki gənc rəssamın “Daxili gurultu” adlı duet sərgisi davam edir.

    AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Leyla Qabulova və Murad Vəliyevin əsərləri nümayiş olunur.

    Rəssamlar öz əsərlərində eqo, ictimai qınaq, ikiüzlülük, stiqma, kollektiv və fərdi travmalar, zorla boynumuza qoyulan, bizə sırıdılan yarlıqlar və hekayələr kimi vacib problemləri qabardıblar. Onlar öz əsərləri ilə əsas sosial standartların həqiqiliyinə meydan oxuyur və destruktiv davranış modellərindən uzaqlaşmaq üçün öz hekayələrini təklif edirlər.

    Qeyd edək ki, sərgi sentyabrın 25-dək davam edəcək.

  • Kapadokiyada hava şarı turlarına maraq artır

    Kapadokiyada yerli və xarici turistlərin diqqətini çəkən hava şarı turlarına maraq artır.

    AZƏRTAC xəbər verir ki, cari ilin ilk beş ayında Kapadokyadakı tarixi məkanları 1 milyon 30 mindən çox turist ziyarət edib. Bu istiqamət üzrə turistlərin marağını cəlb edən maraqlı əyləncələrdən biri də hava şarları ilə səyahətdir.

    Mülki Aviasiya Baş İdarəsinin verdiyi məlumata görə, Nevşehirdə rəsmi lisenziyası olan 28 hava şar operatoru var. Xarici turistlər hazırda hava şarı turlarına bir adama görə 150-185 Avro arası ödəniş etməli olurlar. 2022-ci il avqustun 15-dən sonra bu qiymətin 210 Avroya qədər artacağı gözlənilir.

  • Bakının Zivərbəy Əhmədbəyov küçəsi təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsini təmir edir.

    Report Agentliyə istinadən xəbər verir ki, küçənin uzunluğu 1 000, ortalama eni 15 metr təşkil edir.

    Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması icra olunur.

    Təmir işləri zamanı mövcud piyada səkilərinin bərpası, yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq yeni baxış qapaqlarının qoyulması da nəzərdə tutulub.

    Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. Ardıcıllığa uyğun şəkildə təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.

    Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 km təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub. Artıq II Alatavanın daxili yolları və Ələsgər Ələkbərov küçəsinin təmiri yekunlaşıb.

  • Onun fəaliyyəti azərbaycançılıq məfkurəsinə sədaqətin bariz nümunəsidir

    Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 27 il ötür

    O, koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 27 il ötür. O, 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib, Qazax pedaqoji məktəbində, daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib. İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhədə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.

    Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində aspirant , müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.

    İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.

    İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.

    “Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi: “Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı...

    Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm”. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. İ.Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi"ni rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirmişdi. Bu kitabda XIX əsrin romantizm və tənqidi realizm kimi iki əsas cərəyanı alman, ingilis, fransız, polyak, macar və digər ədəbiyyatların əsasında təhlil olunur.

    Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, Türkiyəli yazıçı Əziz Nesinin "Taxtalıköydən məktublar" sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.

    "Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının "Şöhrət" ordeninin sahibi Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

  • Bakıda “Xəzərin sahilində” adlı rok festivalı təşkil olunacaq

    İyulun 30-da Səbail rayonu, Şıx çimərliyində “Xəzərin sahilində” adlı rok festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, festival çərçivəsində bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış edəcəklər.

    Konsert zamanı bir-birindən maraqlı musiqi nömrələri səsləndiriləcək.

  • “Minyonlar -2” dünya üzrə 640 milyon dollardan çox gəlir qazanıb

    “Minyonlar -2” animasiya filmi dünya üzrə 640 milyon dollardan çox gəlir əldə edib.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, animasiya filmi qısa zaman ərzində dünya üzrə daha 42 milyon qazanc əldə etməyi bacarıb.

    Cənubi Koreyada “Minyonlar-2” pandemiya zamanı animasiya layihələri arasında ən yaxşı nəticə göstərə bilib.

    Maraqlısı odur ki, “Minyonlar -2” 598 milyon dollar nəticəsi olan “Tor 4: Sevgi və ildırım” filmini də kassa gəlirləri üzrə geridə qoyub.

  • Cordan Pilin “Xeyr” filmi ABŞ satış kassalarında birinci yerdədir

    “Çıx get” və “Biz” kimi qorxu filmləri ilə tanınan amerikalı aktyor, rejissor, ssenarist Cordan Pilin son filmi “Xeyr” ABŞ-ın satış kassalarında ilk sırada yer alıb.

    AZƏRTAC xəbər verir ki, film nümayişinin ilk günündə 44 milyon dollar qazanc gətirib. Ekran əsəri ölkə üzrə 3785 kinoteatrda nümayiş olunan elmi fantastika janrında çəkilən “Biz” filmindən geri qalsa da, uğurlu başlanğıc edib.

    Ekran işi Cordan Pili “Çıx get” filmində rol almış “Oskar” mükafatçısı Daniel Kaluuya ilə yenidən bir araya gətirir. Filmin aktyor heyətinə, həmçinin Kek Palmer, Stiven Yeun, Maykl Vinkot, Brandon Perea daxildir.

    Qeyd edək ki, sözügedən filmin avqustun 11-də Nizami Kino Mərkəzində nümayişi planlaşdırılıb.

  • “Şuşa -Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə uğurla davam edir

    “Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa -Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə uğurla davam edir.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti təqdimat unudulmaz tarzən, mahir müğənni, bəstəkar Məşədi Cəmil Əmirova həsr olunub.

    Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini mədrəsədə almış, on iki yaşında ikən atası vaxtsız vəfat etdiyindən o, ailələrini dolandırmaq üçün təhsilini yarımçıq qoyub. Ağır ailə vəziyyəti Cəmili məktəbdən ayırsa da, qəlbindəki musiqi sevgisini bitirməmişdi. Onu hər şeydən əvvəl tar aləti maraqlandırırdı. 1911-ci ildə o, musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. Bu müddət ərzində həm musiqi təhsili alır, not savadına yiyələnir, həm də Avropa musiqisi ilə yaxından tanış olur.

    Məşədi Cəmil Türkiyədə olduğu illərdə Azərbaycan musiqisinin qızğın bir təbliğatçısı kimi çıxış edir. Türklər tarı sinə üstə tutub çalmağı ilk dəfə Məşədi Cəmilin ifasında görmüşlər. Azərbaycan musiqisi tarixində ilk dəfə muğamları nota salanlardan biri məhz Məşədi Cəmil olub.

    Zəngin sənət təcrübəsi ilə vətənə qayıdan sənətkar Gəncənin musiqi həyatında geniş fəaliyyət göstərir. Gəncəyə döndükdən sonra şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə icazə verilmir. Lakin o, öz şəxsi maddi imkanı ilə “Muğamat kursu” açır və buraya gənc istedadları dəvət edərək onların musiqi təhsili ilə məşğul olmağa başlayır.

    Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov və bir çox xanəndələrin bir sənətkar kimi tanınmasında Məşədi Cəmilin müəyyən rolu olub.

    1921-ci ildə Məşədi Cəmil Gəncədə dram truppası yaradır. Truppa iki ilə yaxın bir müddətdə Gəncə, Şəki, Qazax mahallarında musiqili dramlar, opera tamaşaları ilə çıxış edib.

    1923-cü ildə isə Məşədi Cəmil nəhayət ki, Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir.

    İstedadlı sənətkar Məşədi Cəmil Əmirov 1928-ci ildə Gəncə şəhərində vəfat edib.

  • Ayasofya məscidini 6,5 milyondan çox turist ziyarət edib

    Türkiyənin, o cümlədən dünyanın ən qədim tarixi abidələrindən biri olan Ayasofya məscidi çoxsaylı yerli və xarici turistləri cəlb etməyə davam edir.

    AZƏRTAC xəbər verir ki, Ayasofya İstanbula gələn turistlərin ilk dayanacaq nöqtəsinə çevrilib. Məscidə gələnlərin bir qismi burada namaz qılarkən, bir qismi də ölçüsü və funksionallığı ilə dünya sənət aləmində mühüm yer tutan bu tikili ilə yaxından tanış olur.

    Dünyanın hər yerindən gələn qonaqların günü-gündən Ayasofyaya marağının artığın qeyd edən İstanbul Müfti müavini Ahmed Aktürkoğlu bildirib ki, Ayasofya məscidi ikinci ildönümündə artıq 6,5 milyondan çox ziyarətçiyə ev sahibliyi edib.

    Xatırladaq ki, 2020-ci il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.

  • Mərhum jurnalist Tahir Abbaslının məqalələrindən ibarət kitab çap olunub

    Ustad jurnalist, yazıçı-publisist Tahir Abbaslının məqalələrindən ibarət “Publisistik taktlar” kitabı çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, kitabda müəllifin 2011-2021-ci illərdə “Mədəniyyət” qəzetində dərc olunmuş Azərbaycan söz-sənət irsi ünvanlı yazılarından 55 nümunə toplanıb. Yazılar beş bölümdə təqdim edilir.

    “Musiqidə obrazlaşanlar” bölümündə Azərbaycanın musiqi mədəniyyətinə adları əbədi həkk olunmuş sənətkarlar, “Söz ömrü qazananlar” başlığı altında söz-fikir sarbanları, “Səhnə və ekran fədakarları” bölümündə milli teatr və kino sənətinin görkəmli simaları, “Rənglərin dünyasından” başlığı altında təsviri sənətin görkəmli nümayəndələri barədə yazılar toplanıb.

    “Tarixi yaddaş” bölümü isə müəllifin üçrəngli bayrağımıza, qan yaddaşımızın Qara Yanvar, ağrısı dinməyən Xocalı səhifələrinə, bilgi xəzinəsi kitaba və əbədi, ruhumuzun sevinc qaynağı Novruza həsr olunan yazılarından ibarətdir.

    Kitab “Mədəniyyət” qəzetinin layihəsi olaraq “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Nəşrin tərtibçisi Fariz Yunisli, redaktoru Vüqar Əliyevdir.