Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur fransız yazıçısı, tarixi və macəra romanlarının ustası Aleksandr Dümanın doğum günü ilə əlaqədar olaraq sərgi açılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana əməkdaşı Gülarə Qəniyeva macəra romanlarının “atası” Aleksandr Dümanın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Bildirilib ki, A.Düma daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanıb. Onun “Qraf Monte Kristo”, “Qrafinya de Monsoro”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərləri dəfələrlə ekranlaşdırılıb. A.Düma dramaturq olmaqla yanaşı, həmçinin qəzetlər üçün məqalələr yazan peşəkar müxbir kimi də tanınıb.
Sonda yazıçının kitablarının nümayiş olunduğu sərgiyə baxış keçirilib.
vqustun 13 –dən 20-dək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq. Festival proqramı çərçivəsində gender məsələlərinə toxunan filmlər nümayiş olunacaq.
Festivalın builki şüarı “Bizdən sizə kim düşə?” olacaq. Festival çərçivəsində, eyni zamanda, seçki komissiyası tərəfindən seçilən filmlər, “Ən yaxşı uzun metrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, master-klassların, panel müzakirələrin, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyir. Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş olunacaq.
Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində “Sevilfestin” builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.
Xatırladaq ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.
“Marvel” studiyası “Qara pantera 2” filminin tizer-treylerini təqdim edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Qara pantera 2” filmində izləyicilər 2020-ci ildə vəfat edən baş rol ifaçısı Çedvik Bouzmanın yerinə yeni aktyor görəcəklər. Filmin geri dönməyən başqa bir aktyoru da Daniel Kaluyadır. Aktyor etiraf edib ki, ekran əsərinin ikinci hissəsinin çəkiliş cədvəllərindən razı qalmadığı üçün filmin çəkilişlərindən imtina edib.
Qeyd edək ki, ilk əsas bölümü 2018-ci ilin fevralında təqdim olunan Afrikanın Vakanda bölgəsində baş verən hadisələrdən bəhs edən "Qara pantera" filminin ilk bölümü kassa gəliri üzrə uğurlu nəticə göstərərək 1,3 milyard dollardan çox gəlir əldə edib. Ekran əsərinin ikinci bölümünün premyera tarixi hələ təsdiqlənməyib.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Vasif Adıgözəlova həsr olunub.
Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür.
Vasif Adıgözəlov Bakıda doğulub boya-başa çatsa da, ata yurdu Qarabağı heç vaxt unutmayıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.
Vasif Adıgözəlovun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.
İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.
Şuşanın, daha sonra bütün Qarabağın işğal edilməsi Vasif Adıgözəlovu son dərəcə sarsıtmışdı. Təsadüfi deyil ki, ömrünün sonlarında bəstələdiyi əsərlərdə kədər notları daha çox sezilirdi. “Qarabağ şikəstəsi” oratoriyası, “Qəm karvanı”, “Şuşam laylay” əsərləri, üzərində sərasər on bir il işlədiyi “Natəvan” operası Qarabağ həsrətindən yaranmışdı.
Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edildi.
Ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında Vasif Adıgözəlovun “Qarabağ oratoriyası”na görkəmli bəstəkarın oğlu Yalçın Adıgözəlov dirijorluq edirdi.
Şuşadan, Qarabağdan ayrılmağı sonsuz kədərlə qarşılayan bəstəkar təbii ki, bu itkinin müvəqqəti olmasına inanırdı və bu inamın, bu təntənəli qayıdışın akkordları elə ilk notlardan hiss olunurdu. Bu unudulmaz günədək yaşamaq bəstəkara nəsib olmasa da, 30 ildən sonra onun möhtəşəm Zəfər müjdəli notlarının Cıdır düzündə səslənməsi qala-konsertin kulminasiya nöqtəsi oldu.
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşa hamamlarına həsr olunub.
Şuşa şəhəri burada tikilmiş hamamların həm sayına, həm də memarlıq üslubuna görə şöhrət qazanıb. Hamamlara bəzək vurulması zamanı müxtəlif növ kaşılardan, rəngarəng şüşə və mərmərdən geniş istifadə olunurdu. Burada istifadə edilən su adətən adi quyulardan götürülürdü və çox duzlu olurdu.
Deyilənə görə, Şuşada ilk hamamı İbrahimxəlil xanın əmisi oğlu Əbdüsəməd bəy tikdirmişdi. Sonralar Şuşa hamamlarının sırasına Aşağı bazar deyilən yerdə inşa edilmiş Uğurlu bəy hamamı, Mirzəli hamamı və başqaları da əlavə olunmuşdu. Ümumiyyətlə, XVIII - XIX əsrlərdə Şuşada 20-yə qədər hamam tikilib istifadəyə verilmişdi.
Əsl mənada gözəl istirahət guşələri olan Şuşa hamamları Azərbaycanda bu sahədə olan memarlıq ənənələri əsasında tikilmişdi. Onların əksəriyyəti 5 hissədən – “tulanbar” adlandırılan qızdırılan yerdən, yuyunma və kisələnmə otaqlarından, ilıq su hovuzundan və daş arakəsmələrlə ayrılan soyunub-geyinmə otaqlarından ibarət olurdu.
Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək, hamamların əksəriyyəti öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə isə digər abidələrimiz kimi Şuşa hamamları da dağıntılara məruz qalıb. Hazırda işğaldan azad edilmiş Şuşada geniş bərpa - quruculuq işləri aparılır.
Bu ilin avqustun 6-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Bakıda "CultRural Festivalı 2022" tədbirini təşkil edəcək.
Bu barədə Report-a Alman-Azərbaycan Xarici Ticarət Palatasından bildirilib.
Məlumata görə, festivalda Bolqarıstan və Azərbaycan yaradıcı biznes nümayəndələri ilə və onların sənətkarlıq, dizayn və moda, təsviri və ifaçılıq sənəti sahələrində məhsulları ilə tanış olmaq mümkün olacaq.
Qeyd edilir ki, tədbiri keçirtməkdə əsas məqsəd kiçik sahibkarlara dəstək olmaqdır. Tədbir çərçivəsində B2B görüşləri də keçiriləcək.
Hazırda dövriyyədə olan ödəniş kartlarının 70%-i, POS-terminalların isə 82%-i təmassız ödəniş texnologiyasını dəstəkləyir.
Report xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı Məlumat yayıb.
Qurum bəyan edib ki, təmassız ödənişlər üzrə yüksək artım tempi ilk növbədə təmassız ödəniş infrastrukturu göstəricilərinin yüksəlməsi ilə bağlıdır: "Sözügedən ödənişlərindən istifadənin artmasında ən önəmli faktorlardan biri də əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasıdır. Xüsusilə pandemiya məhdudiyyətlərinin təsiri ilə daha geniş vüsət alan təmassız ödənişlər istehlakçılar tərəfindən gündəlik əsasda əldə olunan mal və xidmətlərin dəyərinin heç bir fiziki təmas olmadan daha rahat, sürətli və təhlükəsiz formada aparılmasına imkan verir. Eyni zamanda, tokenizasiya həllərinə əsaslanan, mobil telefon, saat, üzük və digər ağıllı cihazlar vasitəsilə ödənişlərin həyata keçirilməsinə imkan verən innovativ ödəniş həllərinin ölkəmizdə tətbiqi də təmassız ödənişlərin genişlənməsinə təkan verməkdədir".
Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib.
Bu barədə Report-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilər kimi Füzuli rayonunda da yenidənqurma işləri davam etdirilir.
Bu dəfə Füzulidə növbəti N saylı hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlər yekunlaşdırılıb. Çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunub.
Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq yarımstansiyadan götürən xəttin uzunluğu 22,5 km-dir və izolyasiyalı naqillə çəkilib.
İşlərin aparıldığı ərazilər əvvəlcə minalardan təmizlənib.
Füzulidə tikiləcək obyektlərin, yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təchizatı üçün layihələndirmə aparılır. Görüləcək işlər innovativ yeniliklərin tətbiqi ilə müasir standartlara uyğun reallaşdırılacaq.
Zəngilanda yeni inşa edilən beynəlxalq hava limanına ZZE - yeni üçhərfli beynəlxalq kod təyin edilib.
Report "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir ki, müvafiq qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında (IATA Passenger Services Conference) qəbul edilib.
“Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir. O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaqdır. Zəngilan hava limanına üçhərfli IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır”, - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə etməklə yaradılıb, sərnişin və yük daşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovoğzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə istifadə olunur.
Bundan əvvəl ICAO Zəngilandakı beynəlxalq hava limanına UBBZ - dördhərfli kodu təyin edib.
Zəngilanda aeroprtun inşasına ötən ilin yazında başlanılıb və bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər. Beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metrdir. Onun terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tanınmış şair Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar “Əhməd Cavadı tanıyırıqmı?” adlı viktorina təşkil edib.
AZƏRTAC xəbər verir ki, viktorina iyulun 31-dək onlayn formada təşkil olunacaq. Qalib gələnlərə müxtəlif kitab hədiyyələri təqdim olunacaq.
Viktorina iştirakçılarına şairin həyat və yaradıcılığı ilə bağlı suallar ünvanlanır.
Qeyd edək ki, viktorinanın cavabları iyulun 31-dək yasamal.mks@mail.ru elektron poçta göndərilməlidir.