Türkiyənin Bayburt şəhərində keçirilən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı türk dövlətlərinin, bütün türk xalqlarının ümumi mədəni maraqlarını təmin edir. Azərbaycanda Dədə Qorqud irsi ilə bağlı nümunəvi işlər görülüb. Bu işlərin özünü də tədqiq etmək və vahid strategiya ilə davam etdirmək çox əhəmiyyətlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin görkəmli şairi, tanınmış tərcüməçi Kenan Çarboğa ifadə edib.
Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərmanın tarixi missiya olduğunu xatırladan Kenan Çarboğa deyib ki, Dədə Qorqud irsinin araşdırılması ortaq türk mədəniyyətinin araşdırılmasında mühüm bir strategiyadır. Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi milli mədəniyyət tariximizə göstərilən birgə qayğının real nəticəsidir.
İyulun 22-də Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ekskursiya zamanı jurnalistlər qoruğun ərazisi ilə tanış olub, orada yerləşən eksponatlar haqqında məlumat alıblar.
Bildirilib ki, ərazidə 350 yaşı olan püstə ağacı Abşeron bölgəsində nadir tapılan ağaclardandır. Eksponatlar arasında üzərində qadın və keçi ovlayan ibtidai insanın təsviri olan qaya parçalarının yaşı eramızdan əvvəl 2-3-cü minilliyə gedib çıxır.
Jurnalistlər üçün həmçinin duluzçu evində gildən dolça hazırlamağın və xalça toxumağın, həmçinin qaya üzərində təsvir yaratmağın sirləri nümayiş olunub.
Ərazidə, həmçinin XIX əsrə aid Toy evi tikilisi diqqəti daha çox çəkib. Bildirilib ki, Azərbaycanda evlənmə mərasimi toy-düyünlə müşayiət olunan, çoxlu adət-ənənələrlə, qız bəyənmədən başlamış gəlinin ər evində üzə çıxmasınadək davam edən çoxmərhələli adətdir.
Sonda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib və ekskursiyada iştirak edən hər bir jurnalistə təşəkkürnamə sertifikatlarını təqdim edib.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Ciddə Sənaye və Ticarət Palatasının Turizm və Mədəniyyət Şurasının sədri şahzadə Abdullah bin Səud bin Məhəmməd ilə görüşündə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin perspektivləri, o cümlədən turizm sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Ciddə Palatası Direktorlar Şurasının üzvləri və ayrı-ayrı sahələrin rəhbərlərinin iştirak etdikləri görüşdə səfir Ş.Abdullayev ölkəmizin iqtisadi inkişafı, turizm potensialı haqqında məlumat verib. O vurğulayıb ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır. Səfir Səudiyyə Ərəbistanının iş adamlarını bu prosesdə fəal iştirak etməyə dəvət edib.
Görüşdə turizm sektorunda əməkdaşlığın daha da inkişafı, iki ölkə arasında marketinq və mədəni əlaqələrin gücləndirilməsi, Səudiyyə Ərəbistanının iş adamlarının Azərbaycana səfəri müzakirə olunub. Həmçinin Ciddə Palatasının Turizm və Mədəniyyət Şurası nəzdində turizm və mədəniyyət sahələrində əməkdaşlığın potensialını araşdırmaq məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.
Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 22-də Heydər Əliyev Mərkəzi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, qonaq əvvəlcə Heydər Əliyev Muzeyində Ümummilli Liderin xidməti istifadəsində olmuş avtomobillərə baxıb. O, muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olub.
Sonra qonaqlar dünyanın memarlıq inciləri sırasında olan və Bakının müasir rəmzinə çevrilən Heydər Əliyev Mərkəzinin binası, onun arxitektor özəllikləri barədə məlumatlandırılıb.
Mərkəzdəki Heydər Əliyev Muzeyi qonaqların böyük marağına səbəb olub. Qeyd olunub ki, Muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir.
Sonra nümayəndə heyəti Mərkəzdə Azərbaycanın tarixinə və mədəni irsinə dair eksponatların nümayiş olunduğu “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgilərinə baxıblar. Nümayəndə heyəti Mərkəzdə nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri ilə də tanış olublar.
Sonda Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov xatirə kitabına ürək sözlərini yazıb.
Fransanın Sete şəhərində hər ilin iyul ayında açıq havada baş tutan “JazzaSete” festivalında ölkəmizi azərbaycanlı caz ifaçısı İsfar Sarabski təmsil edib.
AZƏRTAC xəbər verir Əməkdar artist, pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı İsfar Sarabski “JazzaSete” festivalında “Planet” albomunun rəsmi təqdimatını keçirib, eləcə də rəhbərlik etdiyi trio ilə birlikdə XX əsrin nüfuzlu caz ifaçısı, 14 “Qremmi” mükafatı sahibi, amerikalı pianoçu və bəstəkar Herbie Hancock ilə eyni səhnəni bölüşüb.
Festivalda İ.Sarabskinin yaradıcılığından söz açılıb və onun musiqisinin Şərq və Qərb musiqisi arasında körpü yaratdığı bildirilib. “Peşəkar ifaçı İ.Sarabski heyrətamiz istedadı ilə üfüqlər açaraq yeni yollar yaradır və sərhədləri aradan götürür. Azərbaycanlı ifaçının musiqiləri istər öz ölkəsində, istərsə də xaricdə böyük rəğbətlə qarşılanır. Çünki o ictimaiyyətlə tellər yarada bilib”, - festivalda vurğulanıb.
Qeyd edək ki, festival zamanı Azərbaycan caz musiqiləri böyük alqışlarla qarşılanıb.
Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Bakıda və Lənkəranda çərpələng yarışları keçiriləcək.
“Report” Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tədbir iyulun 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda, iyulun 24-də isə Bakıda Dənizkənarı Milli Parkda təşkil ediləcək.
Bu məqsədlə Yaponiyadan 11 çərpələng ustası dəvət olunub. Yarış “Sanjo Kite Race” formatında keçiriləcək.
Çərpələng yarışında hər birində 5 nəfər olmaqla 2 komanda iştirak edəcək. İştirakçılar rəqibin çərpələngini yerə düşürtmək üçün mübarizə aparacaqlar.
Yarış üçün istifadə olunan çərpələnglər altıbucaqlıdır və bu, Sanco şəhərinin özünəməxsus atributudur. Hətta onların az küləkli şəraitdə belə səmada uçurdulması mümkündür və idarəsi rahatdır.
İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı" adlı ikinci panel keçirilib.
Report-un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, müzakirə olunan əsas mövzular mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika olub.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu altında keçirilən ikinci paneldə çıxış edənlər Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Giboi, Real Təhlil İnfomasiya Mərkəzinin Baş direktoru Mir Şahin Ağayev, "Anadolu" agentliyinin Baş direktorun müavini, baş redaktor Yusuf Özhan, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub.
Bu il havaların anomal isti keçməsi nəticəsində Portuqaliya və İspaniyada 1 700-dən çox insan ölüb.
Report xəbər verir ki, məlumatı Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun başçısı Hans Klyuqe bildirib.
Məlumata görə, son zamanlar Avropa ölkələrində anomal istilər qeydə alınıb.
Ümumdünya Meteoroloqlar Təşkilatının nümayəndəsi Robert Stefanski Avropada anomal istilərin gələn həftənin ortalarınadək davam edəcəyini bildirib.
Gilavar Foto Klubunun təşkilatçılığı ilə ötən ildən başlayaraq Azərbaycanda “İlin press fotosu” adlı yeni layihəyə start verilib. Layihə çərçivəsində hər il “Azərbaycan press foto” adlı fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, qalib gələn fotolar arasından fotojurnalist Əziz Kərimovun helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi zamanı çəkdiyi foto “İlin press fotosu” seçilib.
İkinci dəfə keçirilən müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Fotoqrafların işləri Misir, Hindistan və Banqladeşdən olan peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə xəbər, gündəlik həyat, portret, təbiət, idman və mədəniyyət mövzuları ətrafında keçirilib. Qaliblər hər mövzu üzrə birinci, ikinci, üçüncü yer olmaqla seçilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək, eləcə də dəyərləndirməkdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır. 2022-ci ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyulun 21-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində Qəbələ və Oğuz sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə Anar Kərimov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Qəbələ Rayon Mədəniyyət Mərkəzinə gələn nazir Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Nazirə məlumat verilib ki, müəssisə 1958-ci ildən mədəniyyət evi, 2013-cü ildən mədəniyyət mərkəzi olaraq fəaliyyət göstərir. Nazir mədəniyyət mərkəzinin birinci mərtəbəsində yerləşən Qəbələ Dövlət Rəsm Qalereyasına baxış keçirib. Bildirilib ki, 2006-cı ildən fəaliyyət göstərən qalereyanın fonduna ümumilikdə 224 əsər daxildir.
Daha sonra Qəbələ Rayon Mədəniyyət Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbula gələn sakinlərin müraciətləri işlə təmin olunma, əməyin qiymətləndirilməsi, kitab nəşrinə kömək göstərilməsi, iş yerinin dəyişdirilməsi, şəhid adının əbədiləşdirilməsi, dini məkanın bərpası və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.