Martın 1-də “Atelier 61 Events Hall”da Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, şair, publisist Şöhlət Əfşarın 75 illiyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə akademik Yaqub Mahmudov və professor Əyyub Əzizov Şöhlət Əfşarın yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər. “Şöhlət Əfşar Nadir şah Əfşar nəslinin davamçısıdır. O, Dünya Avşarlar Dərnəyinin nümayəndəsi idi. Şair bu dərnəyin yaradılmasının 6-cı ildönümündə Nadir şah Əfşarın kətan üzərində işlənmiş portretini hədiyyə edib. Ş.Əfşar Ağcabədi torpaqlarının yetişdirdiyi istedadlı və vətənpərvər şəxsiyyət olub. Ailəsinə, vətəninə, xalqına bağlılığı nümunə sayılacaq xüsusiyyətlərindəndir”, - deyə əlavə olunub.
Şairin anım gününə həsr olunmuş tədbirin təşkilini yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib: “Dünyada ən vacib məsələlərdən biri məhz övlad-valideyn münasibətidir. Təşkil olunan tədbir üçün şairin övladlarına öz təşəkkürümü bildirirəm. Mən Şöhlət Əfşarla Yazıçılar Birliyində iyirmi il bundan əvvəl birlikdə olmuşam. Onun ədəbiyyata vurğunluğu məni hər zaman valeh edib. Şairin “Sükutdan asılmışam”, “Dodaqdan könüllərə”, “Muğamın sədası” əsərləri ən yaddaqalan və maraq doğuran şeirlər sırasında yer alır".
Akademik Sabir Tağıyev, deputat Tahir Rzayev, şairlərdən Tapdıq Əlibəyli, Musa Ələkbərli, yazıçı Bəxtiyar Qaraca, professorlar Qulu Məhərrəmli, Qurban Bayram və Əməkdar müəllim Qəzənfər Abbasovun iştirak etdikləri mərasimdə şairin şeirləri səsləndirilib.
Tədbir çərçivəsində “Balans Medianın” Şöhlət Əfşara həsr etdiyi “Sükutdan asılan şair” adlı sənədli film nümayiş olunub. Filmdə Ş.Əfşarın bədii yaradıcılığının müxtəlif illərinə, ziyalı şəxsiyyətinə, habelə şəxsi həyatına işıq salınıb. Şairin ailə üzvləri, yaxınları, sənət adamları onun haqqında fikirlərini bölüşüblər.
Ekran əsərinin ssenari müəllifi və rejissoru Azərbaycan Televiziyasının əməkdaşı Gülüstan Əkbər, quruluşçu operatoru Cavid Şərifov, montaj rejissoru Əhməd Heybətov, redaktoru Ramin Paşazadədir.
Tədbirin sonunda Ş.Əfşarın ailə üzvləri qonaqlara təşəkkür edib, şairin kitablarının yeni nəşri barədə məlumat veriblər.
Müasir İncəsənət Muzeyində rəssam Günel Ravilovanın “E TİRAZ” adlı fərdi sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, qadın mövzusuna həsr olunan sərginin ekspozisiyasında 40-a yaxın rəngkarlıq və müxtəlif ölçüdə olan qrafik əsərlər tamaşaçılara təqdim olunub.
Açılışda çıxış edən Xalq rəssamı, professor Arif Hüseynov bildirib ki, Günel Ravilova əsərlərində daha çox qadın obrazı və qadın problemlərinə toxunur. "Günel xanım həmişə axtarışda olan bir rəssamdır. Onun özünə aid qrafikaları, rəngkarlıq işləri var. Hər işdə də özünün fəlsəfəsi var. Bu fəlsəfə də odur ki, bütün qadınların problemlərini həll etmək istəyir. Məhz əsərlərində də bunu çox aydın əks etdirir", - deyə A.Hüseynov qeyd edib.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qadın obrazına həsr olunan bu sərginin çox maraqlı olduğunu deyib. "Azərbaycanda rəssamlara yaxşı şərait yaradılıb. Onlar ictimaiyyətə öz əsərlərini belə sərgilər vasitəsilə göstərə bilirlər. Bu çox önəmlidir. Günel xanımın özünəməxsus yanaşması və üslubu var", - deyə deputat diqqətə çatdırıb.
Sonra çıxış edən Günel Ravilova hər dəfə əsərlərində qadın mövzusuna toxunduğunu vurğulayaraq deyib: "Mən əsərlərimdə qadın həyatını, yaşadığı dövrü, sevgisini göstərməyə çalışıram. İşlərimə baxdığınızda görəcəksiniz ki, əsərlər həyat tərzidir, danışan əsərlərdir, hamısında nələrisə deməyə çalışmışam".
Rəssamı narahat edən problemlərdən ən başlıcası cəmiyyətdə qadınlara qarşı doğulduğu andan münasibətlə bağlıdır. Cəmiyyətdə daimi təzyiq və qadınlara qoyulan sərhədlər səbəbindən mübarizə aparmaq çox çətinləşir və bununla qorxular yaranır. Ailə qurmamaq, müəyyən yaşa qədər layiqli ailə qurmağa vaxt tapmamaq, sosial statusuna uyğun olmayan bəy seçmək, hətta ömrünü tək keçirmək qorxusu - bütün bu inanclar nəsildən-nəslə keçir, çünki bütün bu çətinliklərdən keçmiş, qızlarını qorumağa çalışan analar özləri də istəmədən qorxularını onların üzərinə qoymağa başlayırlar.
Günel Ravilova sənətkar ailəsində böyüyüb. 1998-ci ildən indiyədək bir çox sərgilərdə uğurla iştirak edib. Həmçinin “Qadınlara qarşı zorakılıq” adlı sərgidə birinci yerə layiq görülüb. Onun möhtəşəm rəsmləri müxtəlif sərgilərdə nümayiş etdirilib, birinci yerə, bir çox mükafat və diplomlara layiq görülüb. Həmçinin onun “Fransız öpüşü” adlı əsəri Mənzər Hacıyeva Moda Evinin təşkil etdiyi “Paint a Scarf” müsabiqəsində birinci yerə və diploma layiq görülüb.
Hazırda Günelin əsərləri həm şəxsi qalereyalarda, həm də dünyanın müxtəlif ölkələrində yerləşən muzeylərdə nümayiş etdirilir.
Günel ilk dəfə rəsmlərini doğulduğu Bakıda sərgiləyib. Yaradıcılığı ilə bağlı söz-söhbətlər yayıldıqca, o, Türkiyə, İtaliya, Latviya, Avstriya, Fransada, 2014-cü ildə "Artletka" adlı əsəri ilə Palermo (İtaliya) və Parisdə (Fransa) keçirilən sərgilərdə iştirak edib.
Sərgi martın 10-dək davam edəcək.
Bakı metrosunun "Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.
“Report”un “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb.
"Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb", - məlumatda deyilir.
“Bakı Metropoliteni” "Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş edir ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər: “Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qurum baş vermiş nasazlıq səbəbi ilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmanla həmçinin “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq ediib.
Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Energetika Nazirliyidir.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti nazirlik həyata keçirir.
Nazirlər Kabineti qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini 6 müddətində Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Energetika Nazirliyi və Tarif (qiymət) Şurası fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert-konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMA-nın musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim Könül Nəsirova, Xalq artisti Azər Dadaşov, Əməkdar incəsənət xadimləri İmruz Əfəndiyeva, Həcər Babayeva sənətkar haqqında xatirələrini bölüşüblər. Eyni zamanda, Üzeyir Hacıbəyli ənənələrini yeni səviyyəyə ucaldan sənətkar Süleyman Ələsgərovun keçdiyi yaradıcılıq yoluna da nəzər salınıb.
Ölməz sənətkarın bəzi əsərlərinin yeni formada təqdim edilməsi qonaqlar və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirdə, həmçinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin konsertmeysteri Rəna Zəkiyeva, tarzən-şagirdlər Rəvan Əfəndi və Tuncay Əşrəfli də çıxış ediblər.
Sonda S.Ələsgərovun ömür yolunu əhatə edən videoçarx və fotoşəkillər nümayiş olunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Nəsillərin birliyi” adlı konsert olub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərov və BMA-nın baş müəllimi Yuliya Kərimovanın tələbələri çıxış ediblər.
Proqramda İ.S.Bax, V.A.Motsart, L.Bethoven, E.Qriq, S.Raxmaninov və G.Abdullazadənin əsərləri istər vokal ifaçıları, istərsə də pianoçular tərəfindən böyük peşəkarlıqla səsləndirilib.
Fərqli musiqi nümunələrinin müəllimlər təfərindən ifası konsertə xüsusi rəng qatıb.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə ərsəyə gələn “Muzeydə musiqi” layihəsi çərçivəsində muzeydə növbəti konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, “Milli musiqi gecəsi” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Elgiz Əliyev, Murad Laçın, Səbinə Ərəbli, Günay İmamverdiyevanın iştirakı ilə təqdim olunub.
Təbirdə xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rafael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.
Həmçinin “Salam, Novruz!” sərgisində nümayiş etdirilən milli musiqi alətlərinin təsvir olunduğu əsərlər haqqında tematik ekskursiya da keçirilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” layihəsi çərçivəsində Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun konserti olub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert proqramını “Qarabağ” ansamblı müşayiət edib.
Mənsum İbrahimovun Xalq artisti tarzən Elçin Həşimovun, Əməkdar artistlər kamança ifaçısı Elnur Əhmədovun və nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğamları və xalq mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Xalq artisti, həmçinin torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə, qazilərimizə həsr etdiyi “Zəfər” mahnısını ifa edib.
Konsert proqramında Xalq artistinin yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova da çıxış ediblər.
Türkiyənin Xaricdə Yaşayan Soydaşlar və Əqrəba İcmaları Departamentində “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı olub. Kitabda indiki Ermənistan ərazisində olan və sonradan kilsəyə çevrilən qədim türk memarlıq abidələri haqqında ətraflı məlumat verilir.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu tədqiqat əsəri dünyanın 19 ölkəsində təməldə türk abidəsi olmuş və sonradan kilsəyə çevrilmiş irs yadigarları haqqında məlumatları ehtiva edir.
Kitabın müəllifi olan memar Emin Yılmaz bildirib ki, Türkiyənin soydaş və əqrəbalar yaşayan coğrafiyalarında memarlıq abidələrinin üzə çıxarılması üzrə fəaliyyət davam edir. Onun sözlərinə görə, bu tədqiqat türklərin məruz qaldıqları köç, sürgün proseslərinə də işıq salır, həmçinin tarixin müxtəlif mərhələlərində baş vermiş faciələri daha müfəssəl şəkildə araşdırmağa imkan yaradır. Müəllif qeyd edib ki, kitab ingilis dilində də nəşr edilib.
Emin Yılmazın 13 il ərzində hazırladığı bu tədqiqat əsəri üç cilddən və 1425 səhifədən ibarətdir. Kitabın birinci cildində Azərbaycan, Albaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Əlcəzair, Ermənistan, Kipr, Xorvatiya, Monteneqro, Kosovo və Makedoniya, ikinci cildində isə Ukrayna, Macarıstan, Moldova, Rumıniya, Serbiyadakı tarixi abidələr haqqında məlumatlar yer alıb. Əsərin üçüncü cildi bütövlükdə Yunanıstandakı türk tarix abidələrinə həsr edilib.
Təqdimat mərasimi çərçivəsində kilsəyə çevrilən qədim türk abidələrinin fotoşəkillərindən ibarət sərgi də təşkil olunub.
Avstriyada fəaliyyət göstərən “ÖST Ensemble” ansamblı Vyanada “Arzu balıq dastanı” adlı performans proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Vyana Future Art Lab zalında reallaşan performans tamaşaçıların çoxsaylı müraciətləri əsasında ansamblın ötən il təqdim etdiyi eyniadlı layihənin genişləndirilmiş yeni təqdimatıdır. Layihə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Yunus Emre İnstitutunun dəstəyi ilə baş tutub.
“Arzu Balıq” dastanı görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin “Balaca Qara Balıq” nağılı əsasında Aria Torkanbouri tərəfindən yazılıb. Bu performans başdan-başa Azərbaycan-Türk aşıq dastan ənənəsi əsasında qurulub. Yəni, fərqli musiqi və rəqs mədəniyyətlərindən seçilən və ifa olunan əsərlərin hamısı dastan rəvayəti əsasında, aşıqların dastan demə formasına dayanaraq yeni formada ifa olunub.