Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Şah İsmayıl Xətainin 535 illiyinə həsr olunmuş videoslayd hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoslaydda Ş.İ.Xətai haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Şah İsmayıl Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb: “Əsərlərinin çoxunu ana dilimizdə yazaraq “Dəhnamə” poemasını və “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılmış qəzəllərlə yanaşı, heca vəzni nümunələri olan qoşma, gəraylı və bayatılar daxil edib. Şair Ş.İ.Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur”.
Videoçarxda, həmçinin Azərbaycan dövlətinin sərhədlərinin xeyli genişlənməsinə səbəb olan Şah İsmayıl Xətainin uğurlu hərbi yürüşlərindən də danışılıb.
Endryu Taqqart və Aleks Poll cütlüyü 2024-cü ildə kosmosda çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, onların yer aldığı “The Chainsmokers” musiqi qrupu kosmosda konsert verəcək ilk qrup olacaq.
Musiqiçilər artıq müvafiq müqaviləyə imza atıblar. Onlar kosmik turizmi şirkəti olan “World View” tərəfindən təşkil olunacaq ilk uçuşlardan birində iştirak edəcəklər.
Konsert üçün qrup üzvləri hava keçirməyən kapsula yerləşdiriləcəklər.
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Xarrat Qulu Məhəmməd oğluna həsr olunub.
Xarrat Qulu Məhəmməd oğlu 1823-cü ildə Şuşa şəhərində anadan olub. O, bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur.
XIX əsrin sonunda Şuşa musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Məşhur musiqişünas Xarrat Qulu Şuşada musiqi məktəbinin yaradıcısı olub. O, məclisə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. O zaman dini ənənələrdən başlıcası məhərrəmlik təziyəsi idi. Azərbaycanın hər yerində olduğu kimi, Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü.
Xarrat Qulunun öz şagirdlərini dini mərasimlərdə çıxış etməyə sövq etdirməsinə baxmayaraq, onlara şərq musiqisinin əsaslarını - muğamları, Azərbaycan xalq nəğmələrini də öyrədərdi.
Onun məktəbində xanəndələrin oxumaq tərzləri belə bir ümumi qayda və ənənəyə əsaslanırdı: Xanəndə dizi üstə oturub oxuyardı. Onlar çox gözəl qaval vurar, oxuyarkən tərpənməz, bəzən isə gözlərini də yumardılar.
Xarrat Qulunun musiqi məktəbi dinə xidmət məqsədi güdsə də, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynamış, bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi (Bülbülcan), məşhur tarzən Sadıqcan həmin məktəbin yetişdirmələridirlər.
Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.
İyulun 22-də Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüşdə Əməkdar rəssam Yelena Haqverdiyeva, publisist, musiqişünas Fərizə Babayeva, filoloq, fotoqraf-rəssam və publisist Leyla Sultanzadə, eləcə də sənətşünas Toğrul Əfəndiyev iştirak edəcəklər. Görüş zamanı hazırda Azərbaycan Rəngkarlığı Muzeyində açılan azərbaycanlı rəssam Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisi, habelə onun həyat və yaradıcılığından danışılacaq. Həmçinin qonaqlar iştirakçıların sualını cavablandıracaq, maraq doğuran mövzular müzakirə ediləcək.
Tədbirin moderatoru kurator, “BARZA Art Bureau”nun təsisçisi Samira Sefidir.
Görüş rus dilində keçiriləcək.
İyulun 19-da mədəniyyət naziri Anar Kərimov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Anar Kərimov birgə mədəni əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını bildirib. Kitabxana, kinematoqrafiya, muzeyşünaslıq və digər humanitar sahələrdə təcrübə mübadiləsinin, həmçinin sərgilərin təşkilinin önəmini vurğulayıb.
Nazir Anar Kərimov, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən danışıb. O, bu kampaniya çərçivəsində də Serbiya ilə əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb.
Səfir Draqan Vladisavljeviç qeyd edib ki, gerçəkləşdirilən birgə layihələr nəinki mədəniyyətlərimizin, eləcə də xalqlarımızın doğmalığının göstəricisidir.
Görüş zamanı, həmçinin tarixi irsimizə sahib çıxmağın, mədəniyyətimizi gələcək nəsillərə ötürməyin əhəmiyyətindən bəhs olunub. Arxeologiya və etnoqrafiya sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.
Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.
“MGM” şirkətinin məşhur "Tomb Raider: Lara Kroft 2" filminin istehsalı qeyri-müəyyən müddətə təxirə salınıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ekran işində məşhur arxeoloq obrazını canlandıran Alisiya Vikander “Tomb Raider: Lara Croft 2” filmindən danışıb. Aktrisanın sözlərinə görə, 2019-cu ildən hazırlanan film üzərində iş hələ ki, başlamayıb. "Filmin heyəti olaraq biz bu layihə üzərində həvəslə işləmək əzmindəyik, lakin “MGM” şirkətindəki struktur və kadr dəyişiklikləri, eləcə də bir çox anlaşılmaz vəziyyətlərə görə layihə uzun müddətlik dayana bilər”, - deyə aktrisa bildirib.
“Amazon Studios”, “Imagine Entertainment” və “Eddie Murphy Productions” tərəfindən birgə istehsal olunacaq “Candy Cane Lane” adlı yeni komediya filmində baş rola dünyaşöhrətli Hollivud aktyoru Eddi Mörfi dəvət alıb.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin rejissoru Reginald Hadlin, ssenaristi isə Kelli Yanqerdir. Həmçinin E.Mörfi, Brayan Qreyzer və Karen Lander icraçı prodüser qismində çıxış edəcəklər.
Qeyd edək ki, yeni çəkiləcək film 1992-ci ilin baxımlı ekran işi olan “Bumeranq”ın komandasını yenidən birləşdirəcək. Bu, B.Qreyzer və E.Mörfi arasında yeddinci əməkdaşlıqdır. Filmin süjetinin təfərrüatları hələ ki, gizli saxlanılır və çəkilişlər 2022-ci ilin qış aylarında Los-Ancelesdə başlayacaq.
"Candy Cane Lane" filminin təqdimatının 240-dan çox ölkədə olması planlaşdırılır.
Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində “Dədə Qorqud türk dünyasının mənəvi mirası” mövzusunda panel müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, birinci panelə professor Alpaslan Ceylan, ikinci panelə isə professor Zakir Avşar sədrlik ediblər.
Türk dünyasının tanınmış alimləri Firudin Ağasıoğlu, Nailə Əskər, Ahmet Bican Ercilasun, Mətin Əkici, Mutlu Türkmən, Fatih Kirişçioğluna və Kənan Çarboğa Dədə Qorqudun tarixi şəxsiyyət kimi türk xalqlarının dəyərlərinin qorunmasına və inkişafına təsiri, ona aid hadisələrin coğrafiyası, bu sahədə qədim irsin tədqiqi, Dədə Qorqud dastanlarında adı çəkilən şəxslər və coğrafi adlar barədə fikirlərini bölüşüblər.
Professor Alpaslan Ceylan diqqətə çatdırıb ki, Dədə Qorqud hadisələri ilə əlaqədar Azərbaycan başda olmaqla, bütün türk dünyasında ortaq tarixi irsimizin dərindən araşdırılmasına ciddi ehtiyac var.
Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzaladığını xatırladan professor Zakir Avşar bu istiqamətdə görülən bütün işlərin ortaq türk tarixinə və mədəniyyətinə misilsiz töhfələr verdiyini ifadə edib.
Dədə Qorqud irsinin türk xalqlarının müasir düşüncəsinə təsir imkanlarının geniş olduğunu ifadə edən natiqlər indiki Ermənistan ərazisindəki yerlər və tarixi mədəniyyət abidələri ətrafında geniş müzakirələr aparıblar. Bildirilib ki, bu coğrafiyadakı bütün tarixi və mədəni izlər, insan amili ilə bağlı irs türk mənşəlidir.
Alimlər Azərbaycanda Dədə Qorqud irsinin tədqiqini, bu mövzuda əsərlərin yazılmasını, kitabların nəşrini bütün Türk dünyası üçün böyük töhfə kimi dəyərləndiriblər. Qeyd olunub ki, Türk dövlətləri arasında bu sahədə daha sıx əməkdaşlıq ortaq tariximizin və mədəniyyətimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
anvar-iyun aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 660,2 milyon sərnişin daşınıb və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 22,7 faiz artıb.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm-100” adlı ssenari müsabiqəsinin qəbul mərhələsi başa çatıb.
Report xəbər verir ki, kinostudiyanın 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilib.
Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.
Qeyd edək ki, müsabiqəyə 60 müraciət daxil olub. Bu müraciətlərdən 7-i reqlamentə uyğun olmadığı üçün qəbul olunmayıb. Digər 53 ssenari isə Ekspert Şurasının müzakirəsinə həvalə olunub.
Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Ssenarilərin oxunması prosesi davam edir. Ekspert Şurasının artıq ilk müzakirəsi keçirilib. Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 000, 8 000 və 5 000 manat məbləğində mükafat veriləcək.
Qaliblərin adları avqustun 2-də Azərbaycan kinosu günündə elan olunacaq.