Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Report-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.
Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.
Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.
6 dəfə “Oskar” mükafatı qazanan “Dune: Səhra planeti” ekran əsərinin davamının çəkilişlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat filmin rəsmi tvitter hesabından açıqlanıb.
Aktyorlar Timotey Çalamet, Rebekka Ferqyuson, Zendaya, Josh Brolin, Xavyer Bardem, Dave Bautista və Stellan Skarsqard birinci çəkilişində olduğu kimi, bu çəklişlərdə də iştirak edəcəklər. “Dune 2” filminin aktyor heyətinə qatılan yeni adlar arasında "Elvis" filmindəki performansı ilə yaddaşlarda iz buraxan Ostin Batler, "Qara dul" və "Kiçik qadınlar" kimi filmlərdə gördüyümüz Florens Pyu, son olaraq rejissor David Cronenbergin "Gələcəyin cinayətləri" filmində rol alan Lea Seydoux və “Oskar” mükafatlı aktyor Kristofer Uolken yer alırlar.
Filmin 2023-cü ilin noyabr ayında nümayiş olunacağı gözlənilir.
İyulun 19-da Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Anar Kərimov mətbuatın cəmiyyətdəki rolu və əhəmiyyətindən söz açıb.
Jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edən nazir bildirib ki, hər bir xalqın mətbuatı düzgün qurulsa, həmin cəmiyyət də düzgün inkişaf edəcək: “Mətbuat hər zaman ölkədə baş verən hadisələri dinamik şəkildə işıqlandırır. Rəqəmsal platformalar populyarlaşdıqca, media daha da güc alır və ölkədə baş verən hadisələrə təsir etmək imkanı qazanır. Mətbuat hər zaman cəmiyyətdə olan nöqsanları ortaya çıxarır, bu və ya digər məsələnin həllində carçı rolunu oynayır”.
Mətbuatın informasiya müharibəsində rolunu vurğulayan nazir 44 günlük Vətən müharibəsi zamanı bunun şahidi olduğunu qeyd edib: “Bu işdə mətbuatın çox böyük rolu oldu. Media, həmçinin Qarabağda aparılan quruculuq işlərini də geniş işıqlandırır və dövlətin apardığı sülhsevər siyasəti dünya ictimaiyyətinə çatdırır”.
İyulun 21-də Bakıdakı Rus Evində (RİMM) Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, beynəlxalq festival və müsabiqələr laureatı Sahib Paşazadənin “Oxuyan tar” adlı solo konsert proqramı təşkil olunacaq.
RİMM-dən AZƏRTAC –a verilən məlumata görə, konsert çərçivəsində Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək.
Konsertdə Sahib Paşazadəni Əməkdar artist, pianoçu Nərgiz Əliyeva müşayiət edəcək.
Qeyd edək ki, Azərbaycan bəstəkarlarının orkestrlə tar üçün yazdığı 30-dan çox konsertdən 9-u Sahib Paşazadəyə həsr olunub. Həmçinin azərbaycanlı tarzənin virtuoz ifasının güclü təəssüratı ilə şəxsən ona həsr olunmuş 15-ə yaxın əsər yazılmışdır ki, onlardan biri də braziliyalı bəstəkar Benjamin Taubkinin yazdığı əsərdir. Bu, dünya musiqi tarixində Azərbaycanda baş verən ən nadir faktdır. Dünyanın 50-dən çox ölkəsində 40-dan çox solo konsert proqramı ilə çıxış edən musiqiçinin repertuarında Azərbaycan, Qərbi Avropa və Latın Amerikası bəstəkarlarının 500-dən çox əsəri yer alıb.
Opera ifaçılığı sənətinə qəlbən bağlanan, bu yolda fədakarlıq göstərərək musiqi xəzinəmizə töhfələr verən görkəmli sənətkarlarımızdan biri də Xalq artisti Ağababa Bünyadzadədir.
AZƏRTAC xəbər verir ki, bu gün istedadlı opera ifaçısı Ağababa Bünyadzadənin anadan olmasının 107 ili tamam olur.
Ağababa Balağa oğlu Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub. 1934-cü ildə orta məktəbi bitirir və Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnir. Ancaq bu sənətin dalınca getmir. Bariton səsi olan Ağababa bədii özfəaliyyət kollektivlərinə yazılır. Dram dərnəyində aktyorluq fəaliyyəti göstərməklə yanaşı, müğənnilik də edir.
Ağababa Bünyadzadə Üzeyir Hacıbəylinin məsləhəti ilə 1938-1939-cu illərdə Moskvada Qnesinlər adına Musiqi Məktəbində təhsil alır. 1940-cı ildə vətənə dönür. Elə həmin il Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Opera studiyasında Xalq artisti K.Knijnikovun sinfində səs quruluşundan dərs alır. Beləliklə, gənc müğənni əmək fəaliyyətinə Opera və Balet Teatrında başlayır. Əvvəlcə studiyanın xor dəstəsində çıxış edir. Bir müddət sonra teatrın solistləri arasında öz yerini tutur.
Ağababa Bünyadzadə Opera və Balet Teatrında çalışdığı illər ərzində 60-dan çox məsul partiya oxuyub. Yaradıcılığı dövründə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb.
Araşdırmalarda göstərilir ki, A.Bünyadzadənin Ü.Hacıbəylinin “Leyli və Məcnun”unda Nofəl, “Koroğlu”da Həsən xan və Alı, R.Qlierin “Şahsənəm”ində Xan, F.Qalevinin “Kardinal qızı”nda Rudjiero və digər operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı və səslə hərəkətin üzvi vəhdəti ilə seçilib. Həmçinin Şahvələd (“Aşıq Qərib” – Z.Hacıbəyov), Hökmdar (“Nizami” – Ə.Bədəlbəyli), Yavər (“Azad” – C.Cahangirov), Atakişi (“Sevil” – F.Əmirov), Ağalar bəy (“Nərgiz” – M.Maqomayev), Şeyx Nəsrullah (“Ölülər” – V.Adıgözəlov), Şapur (“Xosrov və Şirin” - Niyazi), Mərdan (“Vətən” – Q.Qarayev və C.Hacıyev), Fiqaro (“Sevilya bərbəri” – C.Rossini) və s. partiyaların mükəmməl ifası ilə tamaşaçıların rəğbətini qazanıb.
A.Bünyadzadə 1967-ci ildə M.Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb və operada yaratdığı Aslan şah obrazı ilə ilk böyük uğurlarından birinə imza atıb. Ü.Hacıbəylinin “Koroğlu” operasında Həsən xan partiyası isə sənətkarın ən böyük səhnə uğuru hesab edilir.
A.Bünyadzadə Üzeyir bəyin şəxsiyyətini və onun zəngin yaradıcılığını yüksək qiymətləndirib, minnətdarlıqla yada salıb. 1962-ci ildə mətbuatda dərc olunan “Ölməzlik” adlı məqaləsində dahi bəstəkar haqqında xatirələrində deyir: “Üzeyir bəy daim yeni axtarışlar, tapıntılar sorağında idi. Belə “tapıntılar” arasında mən də vardım. Mən “Koroğlu” operasında ilk tamaşadan iştirak etmişəm. Əvvəlcə xorun tərkibində, daha sonra carçı obrazında. Sonra düşündüm ki, Həsən xanı hazırlayım. Buna görə də yavaş-yavaş obraz üzərində işləməyə başladım. Ariyaları hazırlayıb İsmayıl Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. İfamı İ.Hidayətzadə dinlədikdən sonra bəyəndiyini dedi. Biz Üzeyir bəyə sürpriz hazırlamaq fikrinə gəldik. Səhnədə gənc və yeni sima olan Həsən xanı Üzeyir bəyə göstərmək məsuliyyət və sevinc idi. Tezliklə bu partiyanı mənə tapşırdılar və yaradıcılığımda ilk uğurlarımdan biri oldu”.
A.Bünyadzadə respublikanın hüdudlarından kənarda – Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Tiflis və keçmiş SSRİ-nin digər şəhərlərində, habelə Bolqarıstan və Rumıniyada qastrol səfərlərində olub, mədəniyyətimizi layiqincə təmsil edib. Sofiya Opera Teatrında J.Bizenin “Karmen” operasında Eskamilyonun partiyasını oxuyub. Teatr sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. 1943-cü ildə “Əməkdar artist”, 1955-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Görkəmli səhnə xadimi 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.
Moskvada ADM-DJEK kinostudiyasında Yeltsin Mərkəzinin dəstəyi ilə “Çingiz Aytmatov – Doğan günəş” adlı film çəkilib. Filmdə ulu öndər Heydər Əliyev haqqında danışılıb.
AZƏRTAC xəbər verir ki, ekran işinin ssenari müəllifləri Aleksey Şipulin və Qriqoriy Naxapetovdur. Q.Naxapetovun rejissorluğu ilə çəkilən filmin mətnini Aleksandr Drozdov oxuyub.
Qeyd edək ki, 2008-ci il Qırğızıstanda “Çingiz Aytmatov İli” elan olunmuşdu. Elə həmin il dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun yubiley tədbirlərinə Bakıda start verilmişdi. Həmin vaxt birinci və axırıncı yubiley tədbiri Bakıda keçirilib. Prezident İlham Əliyev o vaxt Çingiz Aytmatovla birlikdə səfərin təşkilatçısı və Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun prezidenti Nüsrət Məmmədovu qəbul edərək, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovu “Dostluq” ordeni ilə təltif etmişdi.
Həmin ilin mayında Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında ulu öndər Heydər Əliyevin 85 illik yubileyi təntənəli şəkildə keçirilib. Tədbirdə çıxış edən Çingiz Aytmatov ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də çox böyük nüfuza malik siyasi xadim olduğunu diqqətə çatdırmışdı. Yubiley tədbiri Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun təşkilatçılığı ilə keçirilmişdi.
Qeyd edək ki, "Çingiz Aytmatov – Doğan günəş" adlı filmdə Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun keçirdiyi hər iki tədbirdən fraqmentlər yer alıb.
Sentyabrın 9-da Ukraynanın Xalq artisti, “Avroviziya-2006”nın iştirakçısı Tina Karol Heydər Əliyev Sarayında konsert verəcək.
AZƏRTAC xəbər verir ki, estrada ulduzu Tina Karolun indiyədək 3 albomu və 8 sinqlı işıq üzü görüb. 2006-cı ildə buraxdığı “Show Me Your Love” (Mənə sevgini göstər) albomu uğur qazanıb və Ukrayna müğənnini “Avroviziya-2006” mahnı müsabiqəsinə göndərməyi qərara alıb. Yunanıstanın paytaxtı Afinada keçirilmiş müsabiqədə T.Karol “Show Me Your Love” mahnısını ifa edərək yeddinci yerə layiq görülüb.
Qeyd edək ki, Rusiyanın Maqadan vilayətində yerləşən Orkutan qəsəbəsində anadan olan 37 yaşlı müğənni T.Karol 1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçüb. 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirib. “Novaya volna-2005” müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanıb.
Azərbaycan Diasporuna Dəstək Fondu “Qardaşlaşmış Qarabağ Məktəbləri” adlı yeni layihəyə start verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, davamlılığının təmin olunması nəzərdə tutulan ilk layihə iyulun 18-24–də gerçəkləşdiriləcək.
“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri, keçmiş məcburi köçkün və şəhid ailələrinin övladları Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq mərkəzində bir həftə ərzində səmərəli vaxt keçirəcəklər. Şagirdlərin mədəni-maarifləndirici panellərdə iştirakı, ölkəmizin dilbər guşələrinə səyahəti, muzeylərə səfəri nəzərdə tutulur.
Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edir. Burada onlara daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri də keçiriləcək. Layihənin növbəti mərhələsində isə yerli şagirdlərin İsveçrəyə səfəri təşkil ediləcək.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi layihənin tərəfdaşlarından biridir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, dünya azərbaycanlılarını birləşdirən ana dilinin daim təbliği kimi fəaliyyətləri diaspor siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib.
Xarici ölkələrdə “Qarabağ məktəbləri”nin qurulmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə start verilib. Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində həftəsonu məktəbləri fəaliyyətə başlayıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini və mədəniyyətini tədris etməklə yanaşı, ölkəmizlə bağlı həqiqətləri də aşılamaqdır.
İsti yay günlərini çox vaxt dənizdə və ya hovuzda keçirməyi üstün tutanların sayı çoxdur. Ancaq hava nə qədər isti olsa da, bəzən suya girməkdən qorxanlar da olur. Hidrofobiyadan əziyyət çəkənlər dənizdə və ya ümumiyyətlə, su hövzəsi olan yerlərdə həyəcan keçirirlər. Onlar su ilə təmasdan qaçır, çox tez panikaya düşürlər.
AZƏRTAC xəbər verir ki, psixoloq Kamilə Kazımovanın dediyinə görə, qorxu hissinin yaranmasının müxtəlif səbəbləri var: “Hidrofobiya psixoloji travmalardan da yarana bilər. Nə vaxtsa hovuzda və çimərlikdə yaşanan hər hansı bir problemdən, dənizdə və axan çayda kiminsə boğulmasından, yaxud uşaqlıqda onun şüuraltında qalan hansısa hadisədən yarana bilər. Belə olan halda başqa terapiyalardan istifadə olunur”.
Bəzi hidrofoblar su içməkdən, hətta duş qəbul etməkdən də ehtiyat edirlər. Psixoloji terapiya ilə düzgün düşünmə qabiliyyəti yaradaraq həmin qorxunu dəf etmək mümkündür: “Müalicə adətən 8-12 seansdan ibarət olur. Məsələn, art-terapiyadan, rəsm çəkməkdən də istifadə oluna bilər. Şəkil çəkərək fobiyanın üstünə getmək, su ilə əlaqədar müəyyən söhbətlər aparmaq da səmərəli nəticələr verir”.
İnsan öz qorxuları ilə üzləşməyi bacarsa, fobiyalara qalib gələ bilər. Xüsusi olaraq yüksək bərpa dərəcələrinə malik olan şüuraltı davranış hidrofobiyanın müalicəsində ən yaxşı müdaxilə kimi qəbul edilir.
Oktyabrın 30-da Bakı Konqres Mərkəzində tanınmış caz ifaçısı, Xalq artisti Əzizə Mustafazadənin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, COVID-19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmayacaq və alınmış biletlər də geri qaytarılmayacaq.
Qeyd edək ki, “Fast Track” xidmətini əldə edən qonaqlar Bakı Konqres Mərkəzinin ərazisinə B girişindən daha rahat və sürətli daxil ola biləcəklər.