Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə əməkdaşlıq çərçivəsində “Turizmin təşviqi” mövzusuna həsr edilmiş onlayn görüş keçirib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfir Məhəmməd Əl Bluşi qonaqları salamlayaraq qeyd edib ki, iqtisadiyyat və turizm arasındakı əlaqə ümumilikdə qarşılıqlı asılı olan münasibətdir, çünki turizm fəaliyyəti ölkələr arasında ən mühüm iqtisadi və sosial fenomenlərdən biridir. Bu fəaliyyət onun geniş coğrafi ərazisi və müxtəlif turizm istiqamətləri ilə xarakterizə olunur.
“Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed Bin Sultan Al Nahyan səhranı yaşıl məkana çevirmək baxışına sahib idi. Beləliklə, bu gün BƏƏ konfranslar, regional və beynəlxalq sərgilər, eləcə də, böyük qlobal idman tədbirləri üçün dünya səviyyəli bir məkandır. Prezident Şeyx Mohamed bin Zayed Al Nahyanın rəhbərliyi altında BƏƏ regionda turizm sənayesindəki mövqeyini möhkəmləndirmiş və görkəmli nəticələr və nailiyyətlər əldə etmişdir”, - deyə səfir əlavə edib.
Əmirliklərin Turizm Şurası və eko-turizm barədə ətraflı məlumat verən səfir diqqətə çatdırıb ki, Birləşmiş Ərəb Əmirlikləri zəngin təbii mühitə malikdir. Birləşmiş Ərəb Əmirlikləri təkcə böyük qum səhraları deyil, həm də dağlara, dərələrə, çimərliklərə də sahibdir. “Expo 2020 Dubai” barədə danışan səfir Azərbaycan pavilyonunun möhtəşəmliyini vurğulayaraq, belə yüksək səviyyədə təmsil olunduqları üçün minnətdarlığını ifadə edib.
“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri müxtəlif sahələrdə uğurlu əməkdaşlığı davam etdirir. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün əsas turizm istiqamətlərindən biridir. Həmçinin, Birləşmiş Ərəb Əmirlikləri azərbaycanlıların ən sevimli turizm məkanlarından biridir”, - deyə səfir bildirib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev, Azərbaycan Turizm Bürosunun turizm sənayesi şöbəsinin müdiri Tural İbrahimov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Azərbaycanda fəaliyyət göstərən özəl sektorun nümayəndələri də iştirak ediblər.
"Top Gun: Meverik" filminin baş rol ifaçısı Tom Kruz kino tarixində ən yüksək qonorar alan aktyorlardan biri olmaq şansına sahibdir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, aktyorun bu filmdən əldə edəcəyi gəlir 100 milyon dollardan çox olacaq.
“Film üzərində birgə işə gəldikdə, həm insan kimi, həm də yaradıcı şəxs kimi T.Kruz möhtəşəm insandır. Əksər aktyorlar verilən pula dəymirlər, amma Tom Kruz və Dueyn Conson aldıqları qonorara layiqdirlər”, - deyə studiya rəhbəri bildirib.
Qeyd edək ki, ekran əsərini ərsəyə gətirən şirkətlə Hollivud ulduzu T.Kruz arasında imzalanmış müqavilənin şərtlərinə görə, filmin davamlı kassa gəlirlərinin əhəmiyyətli bir hissəsi onun da payına düşür. Onu da vurğulayaq ki, bu yaradıcı işin müqabilində aktyor təkcə kassa gəlirindən deyil, həmçinin sabit qonorar da əldə edəcək. Filmin video yayım platformaları üzərində satışından faizlər də T.Kruzun davamlı gəlirlərinə əlavə olunacaq.
İyulun 22-də Azərbaycan Dövlət Film Fondunda tanınmış kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin 85 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.
Fonddan AZƏRTAC-a bildirilib ki, gecədə sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunacaq, rejissorun mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında söhbət açılacaq, həmçinin Y.Əfəndiyevin rejissoru olduğu və 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Yusif Məmmədəliyev” sənədli filmi nümayiş olunacaq.
Məşhur yayım platforması “Netflix” cari ilin ikinci rübündə 970 min abunəçini itirdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu ilin ilk üç ayında 200 min abunəçisini itirən “Netflix”, iyul ayına qədər iki milyondan daha çox abunəçinin ayrılacağını təxmin edirdi. Hazırda zərərin gözləniləndən az olması “Netflix” üçün hələlik ümidvericidir. İndi “HBO Max”, “Amazon Prime Video”, “Paramount Plus”, “Apple TV+” və “Disney+” kimi bir çox güclü rəqibləri olan “Netflix” yeni reklam paketləri təklif edərək abunə sayını qorumağa çalışır.
Bundan əlavə, istehsalın sayını azaltmaq və keyfiyyətini artırmaq “Netflix”in yeni dövr planları arasındadır.
Amerika yazıçısı Corc R.R.Martinin əsərlərinin motivləri əsasında olan “Əjdahanın evi” filminin rəsmi tizer-treyleri yayımlanıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Əjdahanın evi” filminin premyerası 2022-ci il avqustun sonuna planlaşdırılır.
Qeyd edək ki, film əjdahaların yaranma səbəbləri və başlanğıcı, həmçinin atalarının ölümündən sonra taxt uğrunda mübarizə aparan qardaş və bacı Eyqon II ilə Reyniroy Tarqarien arasındakı vətəndaş müharibəsindən bəhs edir. Bu müharibədə Vesterosun böyük igamətgahları, həmçinin Lannisterlər, eləcə də Starklar iştirak edəcək və nəticədə bu, Tarqarien evinin ən nəhəng əjdahalarının ölümünə səbəb olacaq.
Əsas rolları Peddi Konsidayn, Oliviya Kuk, Emma D'Arci, Mett Smit, Stiv Tussen, İv Best, Riz Ayfens, Sonoya Midzuno, Fabien Frankel canlandırırlar.
Amerikalı ifaçı Beyons iyulun 29-da işıq üzü görəcək "Renessans" adlı yeni albomunda yer alan 16 mahnısının adlarını açıqlayıb.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, ifaçı instaqram səhifəsində yeddinci albomuna daxil etdiyi mahnıların adını və ardıcıllığını mövzular üzrə sıralayıb.
Estoniyanın Tallin şəhərinin Arxitektura və Dizayn Qalereyasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Estoniya Respublikasındakı səfirliyinin dəstəyi ilə “Şuşa İli” çərçivəsində rəssam Rövşən Quliyevin əsərlərindən ibarət “Azərbaycan naxışları” adlı sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin Estoniyadakı səfiri xanım Başak Türkoğlu, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək 2022-ci ilin Azərbaycanda “Şuşa İli” və Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı elan edildiyini bildirib, Şuşa şəhərinin ölkəmizin mədəni həyatında xüsusi əhəmiyyətə malik olduğunu söyləyib.
Sərginin ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edən səfir, rəssam Rövşən Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sərgidə Şuşa və ölkəmizin digər gözəl guşələrini əks etdirən müxtəlif rəsm əsərləri, xalçalar nümayiş etdirilib.
Arxeoloji nümunələr tariximizə işıq salan, mədəni irsimizin mühüm elementlərindən biridir. Tez-tez müxtəlif təsərrüfat fəaliyyətləri nəticəsində vətəndaşlarımız tərəfindən də arxeoloji nümunələrin aşkar olunması halları ilə rastlaşırıq. Vətəndaşların bir qismi tapıntıları dərhal aidiyyəti qurumlara təhvil versələr də, bəzi hallarda tapılan artefaktları özlərində saxlayırlar.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bölgələrdə mədəni irs nümunələrinin toplanması istiqamətində yeni təşəbbüsə start verir. Belə ki, mədəni irs nümunələrinin toplanaraq qorunması, gələcək nəsillərə ötürülməsi üçün tarix-diyarşünaslıq muzeylərinə təhvil verilməsinə başlanılır.
Artıq bu istiqamətdə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən yerli sakinlərin köməyi ilə tapılan mühüm arxeoloji nümunələr tarix-diyarşünaslıq muzeylərinə təhvil verilib.
Vətəndaşlardan belə arxeoloji nümunələri olan hər kəs həmin artefaktları təhvil verməklə xalqımızın mədəni irsinin qorunmasına öz töhfələrini verə bilərlər.
Oktyabrın 22-də Nizami Kino Mərkəzində “Art-East Media Group” şirkətinin təşkilatçılığı ilə “Musiqili proyektor” multimedia şousu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təqdim olunacaq multimedia şou layihəsi “Azərbaycanfilm” kinostudiyasının dəstəyilə reallaşacaq.
Qeyd edək ki, “Musiqili Proyektor” multimedia şousunda “Avanqard” kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən film və cizgi filmlərinin saundtrekləri yeni aranjemanda ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək. Proqramda böyük sevgi və rəğbət qazanmış ekran əsərlərindən olan musiqi nümunələri parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar məşhur filmlərdən fraqmentlərlə müşayiət olunacaq.
Bizim üçün əlamətdardır ki, Şuşa şəhəri məhz Türkiyənin Bursa şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Böyük Qarabağ Zəfərindən sonra Şuşa şəhərinin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bizi sevindirir. Əminik ki, Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı missiyasını layiqincə yerinə yetirəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş ifadə edib.
“Şuşa türk dünyasının incisi, fəxrimiz və iftixarımızdır!”, - deyən bələdiyyə sədri Alinur Aktaş bildirib ki, Bursanın türk dünyasının mədəniyyət paytaxtı estafetini Şuşaya verməsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir təzahürüdür. Hazırda Bursa türk dünyasının birliyi və həmrəyliyinə yönələn böyük layihələrə ev sahibliyi edir. Azərbaycanın bu proseslərdə fəal iştirakından çox məmnunuq.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.