"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin I yarısında yekunlaşacaq.
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov qurumun yaradılmasının 10-cu ildönümünə həsr olunmuş "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.
"Stansiyada artıq üzlük işlərinə başlamışıq. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir", - deyə o əlavə edib.
Metro rəsmisi eyni zamanda "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işlərinin aparılacağını bildirib: "İlk öncə stansiyadan çöldə divarların bərkidilməsi və qazma işləri aparılacaq. Daha sonra müəyyən məhdudiyyətlər tətbiq edilməklə, hərəkət üçün bağlamamaq şərtilə stansiyanın digər dalanında əsaslı təmir işləri aparılacaq. Yəni qatarların stansiyaya gediş-gəlişi təmin ediləcək, sadəcə dalanın hərəkəti məhdudlaşdırılacaq".
Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.
Əmrə əsasən, Babək rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mart repertuarı məlum olub.
AZƏRTAC sənət ocağının repertuarını təqdim edir.
1 mart - “Qafqazlı qardaşqızı”
2 mart - “Qırmızı papaq”, “Molla Nəsrəddinin beş arvadı”
3 mart - “Buratino”, “Mən dəyərəm min cavana”
7 mart - “Aysedora”
8 mart - “Qadınım”
9 mart - “Qoğalın macərası”, “Amerikalı kürəkən”
10 mart - “İki küpəgirən qarı”, “Leyli və Məcnun”
16 və 17 mart - “Lazgi: Ruh və sevginin rəqsi”
22 mart - “Sevənlərindir dünya”
23 mart - “Yatmış gözəl və cırtdanlar”, “O olmasın, bu olsun”
24 mart - “Yağış göbələyinin macərası”, “Paris Notr-Dama ithaf”
28 mart - “Utancaq qız”
29 mart - “Bəxtiyar”
30 mart - “Düyməcik”, “Beş manatlıq gəlin”
31 mart - “İki küpəgirən qarı”, “Bir nəfəs qədər”.
Bu gün Xalq artisti Mustafa Mərdanovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, fevralın 28-i Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun anadan olmasından 130 il ötür.
Tiflisdə anadan olan Mustafa Mərdanov kiçik yaşlarından teatra böyük maraq göstərib, 1910-cu ildən dram dərnəklərində çıxış edib. Daha sonra Tiflisdə Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. Ali təhsil almağı ən böyük arzusu hesab edən gənc aktyor Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. Burada sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.
Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik olan cizgilərdir. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirib, ona yeni rənglər, çalarlar gətirib.
Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilmək üçün dəvət alıb. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” filmi çıxıb. Aktyor bu filmdə Abbas rolunda çəkilib. O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli olub. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynayıb.
Onun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu - kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb.
Şübhəsiz, böyük sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb.
Sonralar “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirib. 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki rolu aktyorun kinoda son işi olub. Mustafa Mərdanov həmin il dekabrın 12-də dünyasını dəyişib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
AZƏRTAC sənət ocağının mart repertuarını təqdim edir.
1 mart - “35 ildən sonra”
2 mart - “Çipollino”, “Don Rafaello-trombonçu”
3 mart - “Sindbad”, “Qağayı”
9 mart - “Buratinonun macəraları”, “Sərgüzəşti-Vəziri-Xani Lənkəran”
10 mart - “Möcüzəli pillələr”, “Gerçəkləşməyən arzular”
16 mart - “Qırmızı papaq”, “Antiqona”
17 mart - “Uzuncorab Pippi”, “Müsyo Jordan və Dərviş Məstəli şah”
22 mart - “Tıq-tıq xanım”
23 mart - “Göyçək Fatma”
24 mart - “Hekayəti-Xırs quldurbasan”
30 mart - “Koda adı: V.X.A”
31 mart - “İnanıram”.
Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino–ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub. Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə əbədi ictimaiyyətin xüsusi marağına səbəb olub, özünəməxsus yaradıcılıq yolu keçib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 111 il ötür.
Tanınmış yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda Sənaye Texnikumunda təhsil alıb. Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib. Eyni zamanda, Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb.
“Azərnəşr”in bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim, “Azərbaycanfilm” kinostudiyasında rəis, İkinci Dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilib. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olub. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışıb. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilib. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışıb. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olub.
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun II Dünya müharibəsi illərində qələmə aldığı hekayələrdə o dövr publisistikamızda olduğu kimi, zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapıb. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edib: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Xalq yazıçısı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba, Türkiyə, İspaniyada keçmiş sovet nümayəndə heyətinin tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı", "Qırmızı Əmək bayrağı" və digər ordenlər, eləcə də döyüş medalları ilə təltif olunub.
Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində doğma yurdumuza baharın gəlişinə həsr olunmuş “Salam, Novruz!” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, maraqlı konsepsiyaya malik sərgi məkanı Su, Od, Yel, Torpaq çərşənbələrinə, eləcə də astronomik yeni ilin başlandığı Novruz bayramına həsr olunmuş beş tematik zala bölünüb.
Sərginin girişində tamaşaçıları interaktiv niyyət ağacı qarşılayıb. Onlar öz arzu və diləklərini yazaraq buradan asmaqla sonda onu yaşıl yarpaqlı ağaca çevirərək ekspozisiyanın tərtibatına öz töhfələrini veriblər.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sərginin kuratoru Şirin Məlikova bildirib ki, bahar bayramının ilk müjdəçisi olan Su çərşənbəsi günündə gerçəkləşən və muzeyin kolleksiyasından seçilmiş dekorativ-tətbiqi və təsviri sənət əsərlərini əhatə edən 80-ə yaxın eksponat əsasında təqdim olunan sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə olub.
Digər çıxış edənlər tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Salhab Məmmədov Novruz bayramının və çərşənbələrin mahiyyəti, tarixi kökləri, bayramla bağlı adət-ənənələr haqqında məlumat veriblər.
Bildirilib ki, yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan Novruz bayramı təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Qeyd edilib ki, Novruz çərşənbələri insanların təbiətlə və bir-biriləri ilə bağlarını gücləndirir.
Bayram ab-havası ilə keçən sərgidə “Nənə-qızlar” folklor ansamblının ifaları və rəngarəng rəqsləri qonaqların əhvali-ruhiyyəsini yüksəltməklə yanaşı, xoş atmosfer yaradıb.
Qonaqlar “Salam, Novruz!” sərgisində tematik zallara daxil olmadan əvvəl Ə.Əzimzadə, S.Bəhlulzadə, E.Şahtaxtinskaya və başqa görkəmli Azərbaycan rəssamlarının bu qədim bahar bayramını əks etdirən rəngkarlıq və qrafika əsərləri ilə tanış olublar.
Ümumilikdə, bayramın al-əlvan koloritinə malik, Novruzun bütün atribut və simvollarını əhatə edən beş tematik zal tamaşaçını sanki zaman və məkan çərçivəsində səyahət etdirib.
Su çərşənbəsi zalında üzərində semantik mənası su ilə bağlı olan həndəsi ornamentlərin əksini tapdığı Tunc dövrünə aid keramik qablar, forma gözəlliyi və nəfis naxışları ilə seçilən dolça və səhənglər, aftafa-ləyən, su qabı, çilcam (qırxaçar) kimi XIX əsrin bədii metal nümunələri nümayiş etdirilir.
Od çərşənbəsi ilə bağlı yaradılmış növbəti zalda əcdadlarımızın Oda, Günəşə etiqadla bağlı ideoloji görüşlərini əks etdirən qədim keramika nümunəsi, gözəl rəng həllinə malik, günəş rəmzini ifadə edən ornament və təsvirlərlə işlənilmiş XIX əsrə aid müxtəlif texnikalı zərif bədii tikmələr, dəbilqə, qalxan kimi bədii silah nümunələri və digər unikal sənət nümunələri tamaşaçıya təqdim olunur.
Yel çərşənbəsi zalında isə hava ünsürü ilə əlaqəli dekorativ sənət nümunələrindən zərif kəlağayı, incə yelpiklər, nəfəs aləti-ney nümayiş etdirilir. Zala dinamiklik, bu çərşənbəyə xas ab-hava gətirilməsi üçün interaktiv üsullardan istifadə edilib.
Tematikanı davam etdirən Torpaq çərşənbəsi zalı torpağı, bərəkəti, məhsuldarlığı ifadə edən ornamentlərin əksini tapdığı xalça, bədii tikmə nümunələri və digər xalq sənəti növləri ilə yanaşı, bu ilaxır çərşənbədə həyata keçirilən xalq inancları ilə bağlı təqdim edilən eksponatlarla tərtib olunub.
Beşinci zal astronomik yeni ilin, gecə ilə gündüzün bərabərləşməsini, qışın sona çatmasını, yaz fəslinin gəlişini əks etdirir. Bayram ab-havasının yaradıldığı bu zalda tamaşaçıya Novruzun əsas atributları ilə bəzədilmiş rəngarəng “interaktiv xonça” təqdim edilir.
Sərginin ekspozisiyasında, həmçinin foto və videoproyeksiya vasitəsilə Novruz ünsürləri görüntü və səs effektləri ilə canlandırılır, yaz mərasim nəğmələri folklor qruplarının ifasında səsləndirilir.
Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Lahor Qala Şəhəri Administrasiyasının Baş direktoru Kamran Laşarinin dəvəti ilə Lahorda olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, Lahor şəhərinə səfər çərçivəsində Lahor Qala Şəhəri Administrasiyasının rəhbəri Kamran Laşari ilə görüş keçirilib, iki qurum arasında əlaqələr və mümkün birgə layihələrin icrası perspektivləri müzakirə olunub.
Səfər zamanı Lahor şəhərində onlarla abidənin, o cümlədən ümumdünya irs mirası hesab olunan Lahor Fort Kompleksinin restavrasiyasını həyata keçirən "Ağa Xan" Fondunun rəhbərliyi ilə görüşdə ətraflı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Lahor şəhərinin ən çox ziyarət olunan tarixi məkanı, UNESCO mirası "Lahor Fort" kompleksində “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin məhsullarından və “İçərişəhərim” sərgisinin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Açıq hava şəraitində, insanların çoxluq təşkil etdiyi məkanda keçirilən sərgi yerli və xarici qonaqların marağına səbəb olub.
Qeyd edək ki, səfərin təşkilində əsas məqsəd UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan iki qədimi şəhər mərkəzi arasında tarix və mədəniyyət abidələrinin konservasiyası və idarə olunması sahəsində təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də Azərbaycan memarlığının incisi olan İçərişəhərin zəngin mədəni irsinin tanıdılması və Azərbaycan-Pakistan mədəni əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.
“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında aktyor-rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi “Apatiya” filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, imza gününə gələn qonaqlar filmi yaradıcı heyyətlə birlikdə izləyiblər.
Sonra rejissor və komandası öz çıxışında tamaşaçılara təşəkkür edib. Hikmət Rəhimov “Apatiya”nın məqsədindən, onun verdiyi mesajdan danışıb.
İmza günü maraqlı anlarla yadda qalıb. Gələn qonaqların arasında yazıçılar, telejurnalistlər, sayt rəhbərləri, mədəniyyət işçiləri və başqa sahələrin nümayəndələri də iştirak edib.
Filmi izləyənlər yaradıcı heyətlə şəkil çəkdirib imza alıblar.
Qeyd etmək istərdik ki, “Apatiya” filmi bütün “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur.
Mədəniyyət naziri Adil Kərimli martın 6-da saat 10:00-da Zaqatala rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala şəhərlərindən olan vətəndaşlarla keçiriləcək.
Vətəndaşlar martın 4-dək Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin shaki-zaqatala@culture.gov.az elektron poçt ünvanı, (024) 244-74-93 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.