Martın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində İsveç dramaturqu Benqt Alforsun "İllüziya" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Əməkdar artist Elnur Bəhramxan, Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər.
Birhissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin, doğmalıq fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasından bəhs edir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, akademik Rafael Hüseynov bəstəkarın həyat və yaradıcılığı barədə dinləyicilərə geniş məlumat verib.
Sonra bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Samir Cəfərov, Elşən Mansurov, Əməkdar artistlər Almaz Orucova, Anar Şuşalı, Ramil Qasımov, Aşıq Samirə, Arzu Əliyeva, Çinarə Heydərova, Respublika və beynəlxalq müsabiqələr laureatları Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəhruz Zeynalov, Hikmət Qasımov və Elşad Şıxəliyev bəstəkarın sevilən əsərlərini ifa ediblər.
Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Bolonya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.
Mindən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən on mindən çox ziyarətçinin iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən “F.A. Valley” və “Meyvi Spirits” şərab istehsalçıları təmsil edirlər.
Yarmarka zamanı şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliflik məhsulları qonaqlara təqdim edilir.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov milli stendi ziyarət edib və təqdim edilən məhsullarla yaxından tanış olub.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Rəşad Əliyev “İcma üzümləri: yerli üzüm sortlarının gücləndirilməsi və şərab turizmi” mövzusunda olan panel müzakirələrdə çıxış edərək Mədrəsə üzüm sortunun timsalında unikal yerli üzüm sortları üzərində aparılan işlər barədə danışıb.
Tədbir çərçivəsində, həmçinin “Slow Wine” şəbəkəsinin rəhbəri Ludoviko Rokatello ilə işgüzar görüş keçirilərək beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə bu sahədə həyata keçirilməsi planlaşdırılan işlər haqqında fikir mübadilə aparılıb.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin və faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Əməkdar artisti Fuad İbrahimov) müşayiətilə solistlər - respublika və beynəlxalq müsabiqələr laureatları Nicat Məsimov və Hüseyn Nağıyev öz ifalarını dinləyicilərə təqdim ediblər.
Anım mərasimində Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Hacı Xanməmmədovun kamança və orkestr üçün konserti, Fikrət Əmirovun “Nəsimi haqqında dastan”, Azər Dadaşovun “Xocalıya ədalət!” əsərləri və xalq mahnısı “Sarı gəlin” səsləndirilib.
Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılacaq. Yazın gəlişini bildirən Novruz bayramı ərəfəsində Mərkəzdə əlvan rənglərlə bol olan bahar təravətli ekspozisiya təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 148-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdiriləcək. Sərgi XIX əsrin sonu-XX əsrin əvvəlində Özbəkistanın mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunub.
Sərgi bir neçə bölmədən - kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi), Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdən əl ilə işlənmiş dekorativ tekstil - suzaninin nümunələrinin nümayiş etdiriləcəyi tikmə, Səmərqənd, Buxara və Qaraqalpaqstandan olan qədim ustaların gümüş, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölmələrindən ibarət olacaq.
Sərgi XIX-XX əsrin əvvəlində Özbəkistana xas olan sənətkarlığın dirçəlişini əks etdirir.
Buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub.
Almaniyanın populyar “Enzyklopädie des Islam” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Məhəmməd Füzuli – 530” layihəsi çərçivəsində dahi şairin alman dilinə tərcümə edilmiş müsəddəs və qəzəlinin yayımına başlayıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan əsərlərin alman dilinə tərcümə müəllifi – tanınmış filoloq, alman dili mütəxəssisi, “Enzyklopädie des Islam” portalının akademik direktoru – doktor Yavuz Özoğuzdur.
Geniş oxucu auditoriyası tərəfindən izlənilən “Enzyklopädie des Islam” portalı mütəmadi olaraq səhifələrində Xaqani Şirvani, Nizami Gəncəvi, Ömər Xəyyam, Yunus Əmrə, İmadəddin Nəsimi, Volfqanq Höte, Teodor Fönten, Fridrix Rükkert, Rayner Maria Rilke kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.
Dahi Azərbaycan şairi Məhəmməd Füzuli (1494-1556) Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən 2023-cü ilin noyabr ayından etibarən təşkil olunan abonement konsertlər cari ilin fevral ayında da davam etdirilib.
AZƏRTAC xəbər verir ki, konsertlər hər həftənin şənbə günləri Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında keçirilib.
Fevralın 3-də gənc istedadların iştirakı ilə konsert təşkil olunub. Solistlər Respublika və beynəlxalq müsabiqələr laureatları Ayxan Quluzadə, Abid Çələbiyev, Zəhra Sadıxova, Nurgün Abdulova, Aişə Əlizadə, Fatimə Hüseynzadə, Tomris Eyvazlı, Mehin Zalıyeva, Yasəmən Umudova, Ayşən Umudova, Fərəh Əliyeva, Vəli Vəliyev, İbrahim Abbasov, Nuray Quliyeva, Məryəm Rəhimli, Mələk Mustafazade, Miray Pirməmmədova, Kamran Rəhimli, Zəhra Məmmədova və “Şəms Qəmər” Kamera Xoru (bədii rəhbər Leyla Zalıyeva) öz ifalarını dinləyicilərə təqdim ediblər. Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.
Fevralın 10-da Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti keçirilib. Həmçinin Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova dinləyicilər qarşısında çıxış edib.
Fevralın 17-də Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) Azərbaycan bəstəkarlarından ibarət konserti keçirilib. Solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Anton Ferştandt və Tural Ağasıyev, Talıb İsgəndərli, Rəşad İbrahimov, Emin Məmmədov, İsmayıl Əsədli, Adil Baxışlı, Emin Qəmərlinskiy, Leyla Muradzadə öz ifalarını dinləyicilərə təqdim ediblər.
Fevralın 24-də Azərbaycan Dövlət Fortepiano Triosunun Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti keçirilib.
Bu əsərin yaradılması zaman etibarilə qabaqcadan müəyyən edilib. Dinc şəhərin faciəsi 16 yaşımda həyatıma daxil olub. Yeniyetmə maksimalizmi ilə qəbul edilən sarsıntı sanki kənara çəkilib həmin günləri göz önümə gətirən an hər dəfə yaşadığım emosiyaları rəssam kimi lazımi qüvvəyə sahib olanda ortaya çıxarmağımı gözləyirdi.
Bu fikirləri AZƏRTAC-a “Xocalı” əsərinin müəllifi Emin Qəhrəmanov deyib.
“Mən iki il tərz, forma, palitra tapmağa çalışdım. Eskizlər bir-birinin ardınca yaranırdı. Sənədlərlə tanış oldum, şəkillərin özündə nələri saxladığından dəhşətə gəldim. Bunun necə törədilməsinin mümkünlüyü ağlıma sığmırdı. Pikassonun “Gernika” əsəri yadıma düşdü. İnsanlığın yer üzündə Yaradanın bizə bəxş etdiyi ən böyük dəyəri - həyatı qorumağı heç cür öyrənə bilməməsi fikrindən qəlbimə kədər dolurdu”, - deyə rəssam vurğulayır.
E.Qəhrəmanov xatırladır ki, müasir Azərbaycanın tarixində faciəli səhifələr az deyil: 20 Yanvar – Ümumxalq Hüzn Günü, 26 Fevral – Xocalı Soyqırımı Qurbanlarını Anma Günü, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü...
“Soyuq sənədli sübutlar həmin dəhşətli hadisələrin əks-sədasını özündə saxlayır. Mən ilk dəfə bu sənədləri görəndə dəhşətə gəldim desəydim, bu sözlər həddindən artıq az olardı”, - deyə o qeyd edib.
Emin Qəhrəmanovun sözlərinə görə, “Xocalı” rəsmi onun üçün müəyyən müqəddəslik mənası daşıyır. Bu gün, əsərin təqdimatından bir il keçdikdən sonra rəssam qeyd edir ki, bu, təkcə fevral faciəsi barədə söhbət deyil. Rəsmdə hər iki Qarabağ müharibəsinin bütün qurbanlarının hüznü var. Tabloda şahidlərin beynəlxalq sənədlərdə əks olunan ifadələrinə və vəhşiliyi törədənlərə, onların adlarının heç vaxt üzə çıxmayacağına inananlara sərt və ədalətli hökmə çevrilən özünəməxsus ismarış var.
“Bu gün biz Xocalıda qətlə yetirilən 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın hər birini, ermənilərin əsir götürdükləri, ağlasığmaz əzablara, təhqirlərə məruz qoyduqları 1275 nəfəri tək-tək xatırlayırıq. Bizim onlara ödənilə bilməyən borcumuz var, onların xatirəsinə hörmət əlaməti olaraq azadlığını və müstəqilliyini öz qüvvəmizlə əldə etdiyimiz Azərbaycanımızı möhkəmləndirməliyik”, - deyə rəssam əlavə edib.
O bildirir ki, “Xocalı” əsəri tarixin bizim özümüz tərəfindən yaradılmasını xatırladır.
“Xocalı” rəsmi təcavüzə yol verməməyə və dayanmağa, Yaradanın bəxş etdiyi insan həyatını niyə və nəyin naminə qurban verilməsini yenidən düşünməyə çağırışdır”, - deyə Emin Qəhrəmanov sonda qeyd edib.
M.Calil adına Tatarstan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən 42-ci Beynəlxalq Şalyapin Opera Festivalında Rusiya, Azərbaycan, İtaliya və Belarusdan dəvət olunmuş tanınmış dirijor və solistlər yer alıb.
AZƏRTAC xəbər verir ki, bu ilki festival Kazan Dövlət Opera Teatrının 150-ci illiyinə həsr edilib.
Festivalın açılış günü ilk klassik rus professional operası kimi tarixə düşən Mixail Qlinkanın “İvan Susanin” (“Çar üçün həyat”) operasının premyerası olub. Tanınmış rus rejissoru Yuri Aleksandrovun quruluş verdiyi tamaşaya rəhbərlik etmək üçün dünya şöhrətli dirijor, Rusiyanın Bolşoy və Mariinski teatrlarının direktoru Valeri Gergiev dəvət edilib.
Festivalın uğurlu və əlamətdar tamaşalarından biri isə C.Puççinin “Toska” operası olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi və üç möhtəşəm teatr - Bolşoy, Mariinski və Belarusun Bolşoy teatrlarının solistlərinin yer aldığı bu mühüm hadisə yerli mətbuatda xüsusi işıqlandırılır.
Dirijor Əyyub Quliyevin Kazan Dövlət Opera Teatrı ilə əməkdaşlığı 2021-ci ilin mayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin premyerası ilə başlayıb. Bu ilki festival çərçivəsində C. Rossininin “Sevilya bərbəri”, C.Verdinin “Aida”, R. Leonkavallonun “Məzhəkəçilər”, M.Musorqskinin “Boris Qodunov”, P.Çaykovskinin ”Yevgeni Onegin” və Mariinski Teatrın Gənclər Vokal Akademiyasının fevralın 29-da və martın 1-də gerçəkləşəcək qala konsertləri nəzərdə tutulub.
Fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində eyniadlı tədbir təşkil edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov və “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı Xocalı soyqırımına siyasi qiymətin verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar. “Faciədən 32 il ötməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verilməyib. Lakin ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu yerlərdə ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzində gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. Faciədən illər ötsə də, Azərbaycan xalqı bu hadisələri heç zaman unutmayacaq və gələcək nəsillərə ötürəcək”, - deyə əlavə olunub.
Mədəniyyət nazirinin birinci müavini Fərid Cəfərov vurğulayıb ki, bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Çünki Vətən müharibəsində Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycan Ordusu tarixi Qələbəyə imza atıb.
“Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı Soyqırımı Günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə isə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Hazırda müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini dünyaya çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası geniş şəkildə həyata keçirilir”, - deyə F.Cəfərov qeyd edib.
Mərasimdə Xocalıda donmuş ananın qucağında vəfat etdiyi güman edilən ikiyaşlı körpə Kübra Mahmudova və onu xilas edən Əsəd Fərəcov haqqında videogörüntülər göstərilib.
Tədbir çərçivəsində “Xocalıya ədalət gənclərin gözündə” adlı süni intellekt müsabiqəsinin sərgisi nümayiş olunub. Sərginin məqsədi süni intellektdən istifadə edərək Xocalı soyqırımını gənclərin yaddaşına həkk etməkdir. Sözügedən müsabiqənin münsiflər heyəti sırasında yer alan dünyaşöhrətli fotojurnalist Reza Deqati və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasovun iştirakı ilə müsabiqədə I, II və III yerə layiq görülən və fərqlənən gənclərə mükafat təqdim olunub.
Sonda “Cadenza” Müasir Orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi konsert proqramı ilə çıxış ediblər.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Milli Konservatoriyasının və “Cadenza” müasir orkestrinin birgə təşkilatçılığı ilə keçirilib.