Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • AZAL Tivat şəhərinə bilet satışına start verib

    "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verib.

    "Report" AZAL-a istinadən xəbər verir ki, Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayın 2-nə planlaşdırılıb.

    Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. May ayında Bakı ilə Tivat arasında uçuşlar həftədə bir dəfə — cümə axşamı günləri yerinə yetiriləcək, iyunun 10-dan isə bu istiqamətdə daha bir reys — bazar ertəsi günləri əlavə olunacaq.

    Səyahət və istirahət üçün mükəmməl seçim olan Tivat gözəl çimərlikləri, füsunkar təbiəti və bənzərsiz memarlığı ilə səyahətçiləri cəlb edir.

    Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

  • Vüqar Əhmədov Masallıda vətəndaşları qəbul edib

    Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

    “Report”un quruma istinadən verdiyi məlumata görə, Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı rayonunda yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.

    Həmçinin həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

    Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər yerlərdə yenidənqurma və bərpa işlərinin uğurla aparıldığını deyiblər.

  • Xalq artisti Tofiq Tağızadənin şəxsi arxiv fondu yaradılıb

    Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Tofiq Tağızadənin 105 illiyi münasibətilə şəxsi arxiv fondu yaradılıb.

    AZƏRTAC xəbər verir ki, fonda görkəmli sənətkarın şəxsi fotosənədləri, diplom və fəxri fərmanları, qəzet və jurnal materialları daxil edilib.

    Şəxsi arxiv fondunda yer alan sənədlər T.Tağızadənin kürəkəni, Əməkdar artist, aktyor Firdovsi Atakişiyev və digər kinematoqrafçılar tərəfindən təhvil verilib. Tofiq Tağızadə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər ekran əsərlərinin quruluşçu rejissoru olub.

  • Kukla Teatrı mart repertuarını təqdim edib

    Azərbaycan Dövlət Kukla Teatrı martda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    AZƏRTAC sənət ocağının mart repertuarını təqdim edir.

    1 mart - “Pinokkionun sərgüzəştləri”

    2 mart - “Karlson”

    3 mart - “Qar kraliçası”, “Qoğal”

    8 mart - “Düyməcik”

    9 mart - “Maşa və ayı”

    10 mart - “Melisa”

    15 mart - “Qırmızı papaq”, “Üç cəsur”

    16 mart - “Qoğal”, “Çipollino”

    17 mart - “Ağca və yeddi cırtdan”, “Düyməcik”

    20 mart - “Tıq-tıq və Taq-taqın nağılı”, “Durna balığı”

    21 mart - “Yeddi nar çubuğu”, “Çipollino”

    22 mart - “Cırtdan”, “Üç cəsur”

    23 mart - “Maşa və ayı”, “Ələddinin sehrli çırağı”

    24 mart - “Qırmızı balıq”, “Durna balığı”

    25 mart - “Məlikməmməd”, “Pişiyin evi”

    26 mart - “Düyməcik”, “Gözəl və bədheybət”

    29 mart - “Qoğal”

    30 mart - “Melisa”, “Çipollino”.

  • Şəki xanlığının nadir sikkələri təqdim olunub

    Azərbaycan Milli İncəsənət Muzeyində numizmat Rüstəm Hüseynov Şəki xanlığının nadir sikkələrinə həsr olunmuş mühazirə ilə çıxış edib.

    AZƏRTAC xəbər verir ki, Rüstəm Hüseynov Şəki xanlığının sikkələrinin nominalları və növləri, onların zərb olunması tarixindən ətraflı bəhs edib. O, xanlığın birinci sikkələrinin meydana çıxması, üzərində Rusiya imperiyasının taxt-tacı olan bu pul nişanları haqqında geniş məlumat verib. Numizmat, həmçinin Şəki xanlığının ləğvindən sonra həmin sikkələrin tədavülündən danışıb.

    Mühazirədə böyük tarixi dəyəri olan müxtəlif konfessiyaların nadir numizmatika nümunələri, o cümlədən unikal ağır gümüş abbasi təqdim olunub. Onlardan bəziləri ilk dəfə geniş ictimaiyyətin qarşısında nümayiş etdirilib.

    Unikal eksponatlardan başqa, müxtəlif sikkə növlərinin nominal və real dəyəri arasındakı fərq, bu fərqə əsaslanan fərziyyələr və bununla bağlı demək olar ki, detektiv hekayələr iştirakçıların xüsusi marağına səbəb olub.

    Mühazirənin gedişində iştirakçıları maraqlandıran çoxsaylı suallar – xanlıqların sikkələrinin zərbi ilə bağlı ictimaiyyətə az məlum olan detallar və bununla bağlı siyasi, iqtisadi aspektlər ətrafında diskussiya aparılıb.

    Müasir Azərbaycanın şimal-qərbində XVIII əsrin ortaları - XIX əsrin əvvəllərində mövcud olmuş Şəki xanlığının sikkələri mühüm tarixi əhəmiyyətinə baxmayaraq, zəif tədqiq edilib və geniş şəkildə öyrənilməyib. Öz sikkəsini zərb etmək hər hansı bir dövlətin ən mühüm hakimiyyət rəmzlərindən biridir, habelə güc və suverenlik atributudur.

    Şəki xanlığının sikkələri, xüsusən də onların keçid növləri Azərbaycan tarixinin mühüm detalları haqqında daha geniş məlumat verə, XVIII əsrin sonu – XIX əsrin əvvəllərinin təkcə siyasi deyil, həm də iqtisadi tarixinin səhifələrinə işıq sala bilər. Bəzi növlər və nominallar son dərəcə məhdud sayda məlumdur.

  • Milli Xalça Muzeyində Səbinə Zülalovanın layihəsinin təqdimatı olub

    Azərbaycan Milli Xalça Muzeyində Səbinə Zülalovanın “Upcycle Twenty” adlı layihəsinin təqdimatı olub. Bu tədbir çərçivəsində, həmçinin “Swan-Maiden” Moda Evinin 20 illiyi qeyd olunub, ekologiya, habelə fiziki imkanları məhdud şəxslərin dəstəklənməsi mövzularının önə çıxarıldığı qurama elementlərini ehtiva edən moda kolleksiyasının nümayişi keçirilib.

    AZƏRTAC xəbər verir ki, layihə xüsusilə tullantı materiallarından necə istifadə olunacağına həsr olunub. Dizayner Səbinə Zülalova əvvəlki kolleksiyalarından bəzi geyimlərə yeni nəfəs verib, onları qurama elementləri ilə zənginləşdirib, digər dizaynerlərə örnək olub. Yeni kolleksiyalar yaratmaq üçün qalan parça hissələrindən istifadə olunması ekoloji riskləri azaldır, çünki fabriklər atmosferi çirkləndirir və poliqonlar tullantılarla doldurulur ki, bu da istər-istəməz iqlim dəyişikliyinə təsir göstərir. Təqdimatda nümayiş olunan videoçarx da bu mövzuya həsr olunub. Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Xanım Cənnətova da çıxış edib. Səbinə Zülalova həm də “Aqıllı cəmiyyətə ekoloji dəstək” qeyri-hökumət təşkilatının təsisçisi olduğu üçün ətraf mühitin mühafizəsi tədbirlərinin dəstəklənməsi onun layihəsinin əsas istiqamətlərindən biridir.

    Fiziki imkanları məhdud şəxslər də layihədə iştirak etməyə dəvət olunublar. Tədbir zamanı təşkil edilən yarmarkada onların əl işləri təqdim edilib. Bu şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Peşə Reabilitasiyası Mərkəzinin dəstəyi ilə qədim qurama sənətinin öyrənilməsi üzrə iki aylıq kurs keçirilib. Dərslər İçərişəhər Muzey Mərkəzinə daxil olan Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində baş tutub. Layihənin sponsorları tərəfindən əsərləri podiumda nümayiş etdirilən müəlliflərə hədiyyələr təqdim olunub.

    “Swan-Maiden” Moda Evinin 20 illiyinin qeyd olunması çərçivəsində modelyer Saima Mədətova tərəfindən son iyirmi il ərzində yaradılan müxtəlif geyim nümunələrindən ibarət “Vintaj” kolleksiyası təqdim edilib. Moda axşamının kulminasiya nöqtəsi modelyerin qızının podiuma çıxması olub. Məhz o, anasının yaratdığı brendin ilham pərisidir və modelyer özünün ilk kolleksiyasını övladının dünyaya gəlməsini gözlədiyi vaxt – 2023-cü ildə tamaşaçılara təqdim edib.

    Tədbirdə müğənni və bəstəkar Sivva “Şuşa, sabahın xeyir!” mahnısını ifa edib. O, səhnəyə Səbinə Zülalovanın məxsusi olaraq bu nəğmə üçün hazırladığı geyimdə çıxıb.

  • Şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib

    Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib.

    "Report" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

    G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 50 ildən çox idi ki, yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir. Yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitaba müəlliflik edib.

    Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.

    Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir. G.Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır.

    O, son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirirdi. Burada “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoru idi.

  • Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliyi açılacaq

    Bu il Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliklərinin açılması planlaşdırılır.

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

    "Biz tender elan etmişik ki, bir sıra ölkələrdə, o cümlədən Çində, Yaxın Şərq və digər ölkələrdə nümayəndəlik xidmətlərini əldə edək. Pandemiyadan öncə bizdə belə bir təcrübə var idi. Belə ki, hansısa tərəfdaşlar bizim xarici ölkələrdə nümayəndəlik funksiyalarını yerinə yetirirdilər. Bu, nümayəndəlik deyil, nümayəndəlik xidmətinin göstərilməsidir”.

    O qeyd edib ki, agentlik bu il yenidən o təcrübəyə qayıdır: “Tender elan edilib, nəticələr bilinəndən sonra ictimaiyyətə məlumat verəcəyik. Çalışacağıq ki, yaya qədər bu məsələ həllini tapsın".

  • Xalq artisti Şəmsi Bədəlbəylinin doğum günüdür

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qurucusu kimi tanınan Şəmsi Bədəlbəylinin teatr sənətimizin inkişafı naminə gördüyü işlər bu gün də böyük hörmət və ehtiram hissi ilə anılır.

    AZƏRTAC xəbər verir ki, bu gün mədəniyyət tariximizdə mühüm yeri olan görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 113 il ötür.

    O, 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. 1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli, bu teatrda on il rejissor vəzifəsində çalışıb. Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək Malıy Teatrda Şillerin “Don Karlos” əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. O, sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib.

    Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası olub. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da ona olduqca şöhrət gətirib. Eyni zamanda, sənətkarın Sabit Rəhmanın “Xoşbəxtlər” əsərinə verdiyi quruluş da uğurlu alınıb. Sənətkar bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir edir. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin “Kral Lir” pyesi olub. İkinci Dünya müharibəsinin başlanması ilə bir çox məsələləri yarımçıq qoyan Ş.Bədəlbəyli hərbi müxbir kimi İrana ezam edilib.

    Sənətkar burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya qoyub.

    1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Teatrın yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib.

    Ş.Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. Musiqili Teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində səmərəli fəaliyyət göstərib.

    Onun hərtərəfli rejissor kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib. Hətta 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət ediblər. O, burada “Koroğlu” operasını tamaşaya qoyub. Keçmiş sovet məkanında da çox məşhur idi. Onun rejissor işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış teatrşünaslar yüksək fikirlər söyləyirdilər.

    Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.

    Ş.Bədəlbəylinin tamaşaları əlvanlığı, cazibədarlığı, koloritliyi, forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. Musiqili Teatrın formalaşmasında, aktyor truppasının təkmilləşməsində Ş.Bədəlbəylinin xidmətləri böyükdür. İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin üzə çıxıb formalaşmasında rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Quruluş verdiyi tamaşalarda tamaşaçıları güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı.

    Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Bu səbəbdən də onun işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.

  • “Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü çərçivəsində konsert proqramı təşkil olunub

    Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində keçirilən Azərbaycanın Milli Günü çərçivəsində axşam saatlarında konsert proqramı təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, ekspo sərgisindəki Milli Gündə Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə keçirilən konsertdə “Natiq” ritm qrupunun ifasında “Şuşanın ritmləri”, “Mehriban”, Azərbaycan ritmləri, “Cəngi”, “Qaytağı”, “Qarabağ” kompozisiyası, Xalq artisti Ənvər Sadıqov və “Buta” qrupunun ifasında “Fantaziya” və digər bəstələr, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Odlar Yurdu” süitası, “Qaytağı” rəqsi, “Zəngəzur yallısı” təqdim edilib.

    Xatırladaq ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərən “Doha Ekspo 2023”də Azərbaycan milli pavilyonla təmsil olunur. Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılıb.

    Qeyd edək ki, fevralın 21-dən Qətərdə, həmçinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Günləri fevralın 24-dək davam edəcək.