Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb

    Mədəniyyət günləri çərçivəsində Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi, həmçinin görkəmli şərqşünas-alim, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı və “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qətərin dövlət katibi, Qətər Milli Kitabxanasının prezidenti doktor Həməd bin Abdulaziz Al-Kuvari Qətərlə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini mədəni əməkdaşlıq baxımından əlamətdar hadisə kimi səciyyələndirib, ölkəmizin nümayəndə heyətinə uğurlar arzulayıb.

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilinə verdiyi dəstəyə görə bu ölkənin mədəniyyət naziri Şeyx Abdülrəhman bin Həməd Al Taniyə təşəkkürünü bildirib: “Ölkələrimizin rəhbərlərinin səmimi dostluq münasibətləri Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Siyasi-iqtisadi sahədə əməkdaşlıqda olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişafı üçün çalışmalıyıq. Hər iki ölkənin zəngin mədəniyyətinin qarşılıqlı olaraq təbliğinə töhfə verəcək layihələr həyata keçirilməlidir”.

    Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd edilir. Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamış Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. Onun zəngin yaradıcılığı nəinki Azərbaycanda, bütün dünyada məşhurdur. Məhəmməd Füzulinin 530 illik yubileyinin Azərbaycanda kənarda ilk dəfə Qətər Milli Kitabxanasında keçirilməsi böyük əhəmiyyət kəsb edir, rəmzi məna daşıyır.

    Adil Kərimli çıxışının sonunda Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində zəhməti keçən hər kəsə minnətdarlığını bildirib.

    Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxışında iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin kitabxana sahəsində də əlaqələrin dərinləşməsinə vəsilə olacağını deyib. Həmçinin akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabı haqqında məlumat verib. “XII yüzillikdə yaşayıb-yaratmış Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir dühalardandır. “Böyük Azərbaycan şairi Nizami” kitabı dünyanın bir sıra dillərinə tərcümə olunub. 1940-cı ildə yazılmış bu fundamental elmi əsərin ərəb dilinə tərcümə edilməsi böyük ərəb dünyasının dahi Azərbaycan şairi və mütəfəkkirini daha yaxından tanımasına töhfə verəcək”, - deyə K.Tahirov vurğulayıb.

    Sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunan videomaterial nümayiş etdirilib.

    Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında söz açıb, onun Türk-İslam dünyasında ədəbi düşüncəyə təsirindən danışıb.

    Daha sonra muğam triosunun ifasında musiqi nömrələri səsləndirilib. Gənc xanəndələrin təqdim etdiyi muğam və təsniflər alqışlarla qarşılanıb.

    Sonda tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar. Qonaqlar, həmçinin milli şirniyyatlarımızın dadına baxıblar.

    Qətərdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 21-dən Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət Günləri fevralın 24-dək davam edəcək.

  • Bakıda Vladimir Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

    Vladimir Vısotskinin mahnı və şeirlərindən ibarət “Əyri güzgülər” adlı konsert proqramı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində uğurla başa çatıb.

    AZƏRTAC xəbər verir ki, poeziya axşamı Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus evi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının dəstəyi ilə keçirilib. Vladimir Vısotski, dövrünün görkəmli şəxsiyyəti, şair, aktyor və lirik mahnılar müəllifidir. O, milyonlarla insanın kumiri olub, onun mahnıları təkcə Rusiyada deyil, həm də bu ölkənin hüdudlarından kənarda tanınır və sevilir.

    Əfsanəvi nəğməkar şairin, müəllif mahnısı janrının banilərindən birinin doğum günü hər il Bakıda böyük konsert proqramı ilə qeyd olunur. Bu il də istisna olmadı. Kamera atmosferində Vladimir Vısotskinin şeirləri və mahnıları qeyri-adi formatda səsləndirilib.

    Auditoriya aralarında Azərbaycanın əməkdar artistləri Boris Qrafkin və Maqsud Məmmədovun, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İqor Yadrovun, O2 Teatrının aktyoru Yevgeni Maksimovun, estrada müğənniləri Alina Litvinova və Cəlal Eminlinin, yazıçı, dramaturq Anara Axundovanın, beynəlxalq festivalların laureatları, istedadlı gənc musiqiçilər Lalə Bağırzadə, Xəyal Əliyev, Cavid Nəsiblinin, xoreoqraf, “Gülüstan” rəqs ansamblının və Baku Tango Therapy məktəbinin rəhbəri Lenay Seydalizadənin, rəqqasələr Aylin Bayramova, Kamilla Tsurkan, Çiçək Abbaszadə, Nadin Bayramovanın, gənc artist Boris Qavrilovun, o cümlədən “StolitsA.rt” şirkətinin direktoru və Bakıdakı Rus evinin mədəniyyət layihələrinin kuratoru Vəfa Məmmədova-Qavrilovanın da olduğu tədbir iştirakçılarını ayaq üstdə alqışlayıb.

    Tədbirin təşkilatçısı Vəfa Məmmədova-Qavrilovanın sözlərinə görə, Vısotskinin fenomenliyi və dahiliyi ondan ibarətdir ki, onun poeziyası bütün janrlarda gözəldir və hətta “bəzək-düzəksiz” də güclü olaraq qalır. “Poeziya tədbirində Vladimir Semyonoviçin sevimli mahnıları şeir şəklində səsləndi. Onlar hətta musiqisiz də dinləyicini yenidən valeh etdilər. Bəzi bard mahnıları isə opera müğənniləri tərəfindən klassik formatda səsləndirildi və elə təəssürat yaranmışdı ki, onlar məhz bu janrda yaradılıb”,- deyə Vəfa Məmmədova-Qavrilova AZƏRTAC-a açıqlamasında bildirib.

    Təşkilatçı qeyd edir ki, layihənin əsas məqsədlərindən biri gənc nəsli cəlb etmək, onlara əfsanəvi nəğməkar şairin yaratdığı janra maraq və hörmət aşılamaqdan ibarət idi.

    “Məhz buna görə, Vısotskinin yaradıcılığının təqdimat formatında belə bir eksperimentin keçirilməsinə qərar verildi. Nəticə isə hamının – həm tamaşaçıların, həm də iştirakçıların ürəyincə oldu”, – deyə Vəfa Məmmədova-Qavrilova qeyd edib.

  • Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi muzeydə qeyd edilib

    Fevralın 22-də görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, ictimai xadim, Xalq artisti, professor, “Şöhrət” ordenli Süleyman Ələsgərovun 100 yaşı tamam olur.

    AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində tədbir keçirilib.

    Görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunan tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

    Tədbirdə Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova, muzeyin direktor müavini, Süleyman Ələsgərovun tələbəsi olmuş Təranə Zeynalova unudulmaz musiqiçi ilə bağlı xatirələrini bölüşüblər.

    Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə müəllimi Sevda Qurbanzadə görkəmli bəstəkarın həyat və yaradıcılıq yolu, onun musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər ziyalı kimi ictimaiyyət arasında nüfuzu və pedaqoji fəaliyyəti barədə söhbət açıb.

    Tədbir Sevda Qurbanzadənin sinfinin şagirdlərinin ifalarında Süleyman Ələsgərovun, Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edib.

    Musiqi ifaları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

  • Azərbaycan kinosunun Gəray bəyi

    Bu gün Xalq artisti Həsənağa Turabovun anım günüdür

    Azərbaycan səhnəsində aktyorluq məharəti ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub. Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Bu sırada XX əsrin səhnə salnaməmizin nadir simalardan biri - Xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun öz yeri var.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Həsənağa Turabovun vəfatından 21 il ötür.

    Bakıda dünyaya göz açmış Həsənağa Turabov 31 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda aktyor, 1987-2001-ci illərdə isə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Onun rəhbərliyi dövründə neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

    Görkəmli aktyor səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Aktyorun yaratdığı obrazlar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.

    Azərbaycan kinematoqrafiyasının inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib və yüksək sənətkarlıq bacarığını bariz şəkildə göstərib. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanıb və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil edilib.

    Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin (“Yeddi oğul istərəm”) misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına “bu rejissorun seçimidir” deyərdi, “mən yalnız onun dediklərini etmişəm”. Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi.

    “Yeddi oğul istərəm” filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başlayır. Həsənağa Turabovun qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə həyatını yaşayıb: “Atam Gəray bəy obrazı ilə öz həyatını yaşayıb. Elə bil Gəray bəy özüdür ki, var. Xasiyyəti eyni idi. Mərd, qürurlu idi. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Baxmayaraq ki, mənfi obraz idi Gəray bəy, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy deyə çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar. Yadımdadır, 6-7 yaşım olanda nənəmgilə getmişdim. Pəncərədə dayanıb həyətdə oynayan uşaqlara baxırdım. Məni görən uşaqlar başlayırlar qışqırmağa: “Komsomolu güllələyib öldürən Gəray bəyin qızı Humaydı”. Bu, məni o qədər qəzəbləndirirdi ki...”.

    Həsənağa Turabov kinonu da teatr qədər sevib. Hətta, mənfi rolları da ustalıqla oynayıb. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) rolları təzadlı tiplər olsa da, sənətkarlıq baxımından yaddaqalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də, mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi.

    “Axırıncı aşırım”, “Ürək... Ürək...”, “Sevinc buxtası”, “Çarvadarların izi ilə”, “Qəm pəncərəsi” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilirdi. Amma Kəbirlinskini (“Dantenin yubileyi”) özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. “Bəyin oğurlanması”nda rejissor rolunda çəkilmişdi. “Qaçaq Nəbi”ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsənağa Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə “Ailə” və “Nə gözəldir bu dünya...” olmuşdu.

    Azərbaycan radiosunda səsləndirdiyi “Lirika dəftərindən” adlı ədəbi-bədii veriliş Həsənağa Turabovun ecazkar səsinin, ifa tərzinin sehrini, cazibəsini bu gün də yaddaşlarda qoruyub saxlayır.

    Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Gənclərin aktyorluq sənətinin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.

    Xalq artisti Həsənağa Turabov 2003-cü ilin fevralın 23-də 64 yaşında vəfat edib.

  • Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolu əsaslı şəkildə təmir olunur

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba rayonunun Qırmızı Qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlayıb.

    "Report" bu barədə AAYDA-ya istinadən xəbər verir.

    Uzunluğu 32 kilometr olan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən bərpasına ehtiyac yaranan yol 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun hərəkət hissəsinin eni 8 metrə qədər genişləndirilir.

    Hazırda layihə üzrə torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağının inşasına hazırlıq aparılır. Artıq yolun 6 km-lik hissəsində sadalanan işlər və asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb.

    Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir.

    “İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində yeni asfalt-beton örtüyünün döşənməsi, avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

    Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

  • “LANDAU School”a qəbul başladı: Bu dəfə bir sıra yeniliklərlə!

    Növbəti (2024/2025) tədris ili üçün qeydiyyatı açıq elan etmiş “LANDAU School” tədris prosesinə bir neçə yeniliyi əlavə edib.

    Hər bir şagirdi özünü daim inkişaf etdirməsi üçün həvəsləndirmək və istiqamətləndirmək məqsədinə əsaslanaraq məktəb növbəti tədris ilindən etibarən ÖDƏNİŞSİZ Uzadılmış Gün və “LANDAU” Təqaüd Proqramlarının tətbiqinə başlayacaq.

    Bütün bölmələr (Azərbaycan, ingilis, rus bölmələri) üzrə ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş, Uzadılmış Gün Proqramının valideynlər üçün müsbət tərəfləri:

    - Şagirdlər ev tapşırıqlarını artıq məktəbdə icra edəcəkləri üçün evdə dərs hazırlamaqlarına ehtiyac qalmayacaq;

    - Şagirdlər evdə valideynləri ilə daha səmərəli və daha əyləncəli zaman keçirə biləcəklər;

    - Şagirdlər iş saatlarının sonunadək məktəbdə təhlükəsiz şəraitdə qalacaqlar;

    - Valideynlər əlavə ödənişlərdən və övladının iş saatlarının sonunadək harada qalmaları düşüncəsindən azad olacaqlar.

    Qeyd etdiyimiz kimi, bu proqram tamamilə ödənişsizdir və cari təhsil haqqına daxil olan xidmətdir.

    Bununla yanaşı, artıq hər il “LANDAU School”da 100 şagird “LANDAU” Təqaüd Proqramı çərçivəsində 20%-dək təqaüdlü təhsil alma imkanı da əldə edəcək. LANDAU Təqaüd Proqramı müvafiq tədris göstəricilərinə və imtahan nəticələrinə əsasən təyin olunacaq.

    Bəs “LANDAU School”un əlavə nə kimi üstünlükləri var?

    - Yüksək təhlükəsiz şərait;

    - Riyaziyyat fənninə metodiki üstünlük (həftədə 8 dərs);

    - İngilisdilli mühit;

    - Beynəlxalq bilik olimpiadalarına xüsusi hazırlıq;
    - Aparıcı xarici universitetlərə 100% qəbul şansı;

    - 13 illik Britaniya tədris proqramının 11 il ərzində başa çatdırılması;

    - Tədris proqramı sonunda şagirdin sərbəst şəkildə ən azı 3 xarici dili mənimsəməsi;

    - Siniflər üzrə daha az şagird sayı (18-22 nəfər);

    - Valideynə övladının tədris prosesi ilə bağlı mütəmadi hesabatlar;

    - Dərsdənkənar fəaliyyətlər (dərnəklər və klublar);

    - Müxtəlif ünvanlarda çoxsaylı korpuslar.

    Qeydiyyatdan keçmək üçün müvafiq linkə (https://bitly.ws/DaiU) və ya rəsmi saytımız olan “www.landauschool.com”da “LANDAU School”a müraciət edin” bölməsinə keçid edərək onlayn formanı doldura bilərsiniz.

    Daha ətraflı məlumat əldə etmək üçün *1908 nömrəsinə zəng edə bilərsiniz.

  • Şuşa Teatrı mart repertuarını təqdim edib

    Şuşa Dövlət Musiqili Dram Teatrı mart repertuarını açıqlayıb.

    AZƏRTAC sənət ocağının mart repertuarını təqdim edir.

    1 mart - “Anamın kitabı”

    2 mart - “Tənbəl dovşan”, “Ana”

    3 mart - “Dovşanın ad günü”

    8 mart - “Solğun çiçəklər”, “Sən həmişə mənimləsən”

    9 mart - “Cırtdanın nağılı”, “Ölməz sevgi”

    10 mart - “Qırmızı papaq”

    15 mart - “Lənkəran xanın vəziri”

    16, 17, 19, 20, 21, 22, 23, 24 mart - “Novruz şənliyi”

    29 mart - “Solğun çiçəklər”

    30 mart - “Nağıllar aləmində”, “Ana”.

  • Bakıdakı Rus evində Rusiyanın Xalq artistinin yaradıcılıq axşamı olub

    Bakıdakı Rus Evinin növbəti qonağı Rusiyanın xalq artisti, SSRİ və RF dövlət mükafatları laureatı, Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) aparıcı aktyoru Pyotr Mixayloviç Semak olub.

    Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, Pyotr Semakın yaradıcılıq axşamı aktyorun “Profildə klassiklər” adlı birnəfərlik tamaşasından fraqmentin təqdimatı ilə başlanıb. Bu əsərdə rəssam qısa nəsrə - Anton Çexovun, Mixail Zoşenkonun, İsaak Babelin hekayələrinə müraciət edir.

    P.Semak tədbirdə aktyorun rol üzərində çalışması prosesindən və müxtəlif rejissorlarla iş təcrübəsindən danışıb. Gecənin qəhrəmanı A.S.Puşkin və M.Y.Lermontovun əsərlərini ifa edib.

    Görüş Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) nəzdində reallaşdırılan “Aleksandrinski Teatr Məktəbi: MDB-nin iştirakçı dövlətləri ilə əməkdaşlığın inkişafı” təhsil layihəsi çərçivəsində baş tutub. Layihə Bakıda MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakıdakı Rus evinin dəstəyi ilə həyata keçirilir.

  • Milli Dram Teatrı mart repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı martda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, sənət ocağı repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək. Belə ki, martın 9-da və 10-da “Əsrə bərabər gün”, 15-də “Şükriyyə”, 16-da “Dantenin yubileyi”, 17-də “Ah, bu uzun sevda yolu”, 29-da “Ölülər”, 30-da “Sənsiz” və ayın son günü, 31-də “Qarabağnamə” tamaşaları təqdim olunacaq.

  • Milli Kitabxana “Xalq artisti Süleyman Ələsgərov-100” adlı sərgi təqdim edib

    Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq artisti Süleyman Ələsgərov-100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr və görkəmli bəstəkar haqqında kitablar təqdim olunub.

    Bir həftə davam edəcək ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan ədibin əsərlərinin not yazıları, haqqında yazılan kitablar Azərbaycan və rus dillərində nümayiş etdirilir.