Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı, jurnalist, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 155 illiyi ilə əlaqədar virtual kitab sərgisi və metodiki vəsait hazırlanıb.
AZƏRTAC xəbər verir ki, materiallarda dramaturqun 155 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni, yazıçının həyat və yaradıcılığı, elmi və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda C.Məmmədquluzadənin Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasının qoyulması, cəmiyyətin maariflənməsi, məktəb tərbiyəsi, milli şüurun inkişafı istiqamətində əzmkarlıqla çalışmasından bəhs edilib. Virtual sərgi və metodiki vəsaitdə Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti, seçilmiş fikirləri, imzaları, görkəmli şəxslərin ədib haqqında söylədikləri dəyərli fikirlər, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, əsərlərinin motivləri əsasında səhnələşdirilən filmlərdən fraqmentlər təqdim edilib. Yazıçının ədibi irsinin kitabxanalarda geniş təbliği məqsədilə hazırlanan metodiki vəsaitdə Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunan müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, müəllifi olduğu və haqqında yazılan kitab və məqalələrin biblioqrafik təsviri yer alıb.
Fevralın 22-də Xalq yazıçısı Mövlud Süleymanlının Bakıda yaşadığı evdə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, mərhumun yaxınları, dostları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq yazıçısı Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxıda anasının yanında dəfn ediləcək.
Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.
Mövlud Süleymanlı əmək fəaliyyətinə 1968-ci ildə Аzərbаycаn Radiosundа başlayıb. 1992–2009-cu illərdə Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin rаdiо üzrə sədr müаvini vəzifəsində işləyib. O, həmçinin “Azərbaycanfilm” kinostudiyasında, “Ulduz” və “Azərbaycan” jurnаllarındа müxtəlif vəzifələrdə çalışıb.
Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının “Əllərim” adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Daha sonra müəllifin şeirlərindən ibarət "Bir ünvan" adlı kitabı işıq üzü görüb.
Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabı çapdan çıxıb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərindən roman janrına müraciət edən yazıçının “Köç”, “Ceviz qurdu”, “Səs” əsərləri həmin dövr üçün Azərbaycan romançılığının inkişafında ayrıca mərhələ kimi səciyyələndirilib.
M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
Bu gün Xalq artisti Yalçın Rzazadə aramızda olmasa da, ifaları tamaşaçıların qəlbində yaşayır. Onun özünəməxsus ifa tərzi həqiqi sənətkar olduğunun göstəricisidir. Yalçın Rzazadə bir çox görkəmli bəstəkarın mahnılarının ilk və mahir ifaçısı olub. Cahangir Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Eldar Mansurov kimi bəstəkarlar onun üçün mahnılar bəstələyib. Kino xəzinəmizdən “Qayınana”, “Dədə Qorqud”, “Baladadaşın ilk məhəbbəti”, “Gün keçdi” kimi filmlərə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqi sənətinin ən parlaq nümayəndələrindən biri olan Yalçın Rzazadənin anım günüdür.
Yalçın İmran oğlu Rzazadə 1946-cı il dekabrın 31-də Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı onu 1963-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) gətirir və 1967-ci ildə həmin institutun Aktyorluq fakültəsini bitirir. 1968-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Vokal şöbəsinə daxil olur və 1973-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur.
Hələ Konservatoriyanın tələbəsi ikən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək fəaliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət alır.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun ötən əsrin 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
Böyük Simfonik və Estrada-Simfonik orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, “Dan Ulduzu” İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada-Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı onu müşayiət ediblər. Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alır. Bundan sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alıb. Amma çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir.
Yalçın Rzazadə 1979-cu ildə “Əməkdar artist”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Bununla yanaşı, 2 dəfə karate üzrə çempion olub.
Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal və pop musiqi kafedrasının müdiri idi.
Yalçın Rzazadə 2021-ci il fevralın 22-də 74 yaşında vəfat edib.
Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin ən parlaq səhifələrindən biridir. Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun anadan olmasının 100-cü ildönümü tamam olur.
Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də Şuşada anadan olub. İlk təhsilini Musiqi texnikumunun tar sinfində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın Bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddətdə musiqi ictimaiyyətində tanınmağa başlayıb. “Üzeyir ruhlu sənətkar” kimi dəyərləndirilən Süleyman Ələsgərov ömrünün çox hissəsini pedaqoji fəaliyyətə həsr edib.
O, 1943-cü ildə Üzeyir Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. On bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub.
Qarabağda baş verən hadisələrə bəstəkar öz fikrini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında Vətən harayı, düşmənə qisas çağırışı olub.
Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də vəfat edib.
Martın 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, dünyanın bir çox teatrlarında göstərilən Buratinonun macəraları bu dəfə Filarmoniyanın balaca aktyorlarının iştirakı ilə səhnələşdiriləcək.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Banqladeşin Fransadakı səfirliyinin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə Parisdə Beynəlxalq Ana Dili Günü münasibətilə beynəlxalq tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ana Dili Günü münasibətilə təşkil olunmuş sərgidə Azərbaycan Daimi Nümayəndəliyinin sərgisi xüsusilə diqqəti cəlb edib. Sərgidə Azərbaycan dilində müxtəlif rəngli kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub.
Tədbirdə UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ana dilinin vacibliyi, eləcə də təhsil haqqında fikrini bölüşüb. Davamlı cəmiyyətlər üçün mədəni və dil müxtəlifliyinin vacibliyi vurğulanıb, sülh naminə başqalarına tolerantlıq və hörməti təşviq edən mədəniyyətlərin, dillərin fərqliliklərini qorumağın önəmi diqqətə çatdırılıb.
Stefania Ciannini, UNESCO-nun İcraiyyə Şurasının, eləcə də Baş konfransının sədrləri Azərbaycan dilinə həsr edilmiş sərgini ziyarət ediblər.
Tədbirin mədəni proqramı çərçivəsində XIX əsr Azərbaycanın görkəmli şairi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəzəlləri səsləndirilib.
Beynəlxalq Ana Dili Günü UNESCO-nın Baş Qərargahında konsert proqramı ilə davam edib.
Tədbirdə Azərbaycan da daxil olmaqla 20-yə yaxın ölkə iştirak edib.
Xatırladaq ki, 1999-cu ildə UNESCO-nun Baş Konfransında təsdiqlənmiş və 2000-ci ildən bütün dünyada qeyd edilən Ana Dili Günü bu qurumun yanındakı daimi nümayəndələr tərəfindən hər il fevralın 21-də təntənəli şəkildə keçirilir.
Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi münasibəti ilə "Gözlə məni" romansını yeni aranjimanda təqdim edib.
AZƏRTAC xəbər verir ki, sözləri Şirzad Əliyevə məxsus romansın yeni aranjimanı Emin Həsənova aiddir.
Videoçarxın səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayevdir.
Prezident İlham Əliyev “Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda deyilir: “2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.
Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. Onun janr əlvanlığı və forma aydınlığı ilə seçilən zəngin yaradıcılığı öz mənbəyini xalq musiqisi xəzinəsindən almışdır. Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal və instrumental əsərləri, xüsusən də sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahnı və romansları bəstəkara musiqisevərlərin böyük rəğbətini qazandırmışdır. Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışmaqla yanaşı, həm də uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir”.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə reallaşan “Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zəfər qanadlarında” adlı konsert proqramı Əməkdar incəsənət xadimi Əlibala Rzayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Dövlət Nəfəs Alətləri Orkestri tərəfindən təqdim edilib.
Q.Qarayev, V.Adıgözəlov, Ə.Əliyev, İ.Ştrauss, A.Silvestri, V.Handi kimi Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur marş və caz musiqiləri səslənib.
Maraqla qarşılanan konsert proqramı, həmçinin muzeyin kolleksiyasına aid hərbi mövzuda əsərlər haqqında tematik ekskursiya ilə müşayiət edilib.
Fevralin 20-21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 176, 270 və 234 saylı tam orta məktəblərin və İdrak Liseyinin rus bölməsinin şagirdlərinin təqdimatında “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məktəblilər kitabxananın kiçik oxu zallarında Yəhya Kərimovun “Dilimizi öyrənək”, Sevinc Nuruqızının “Qədim Bakıya səyahət”, “Melisa” adlı kitabları ilə tanış olublar.
Daha sonra B.Vahabzadənin “Ana dili”, M.Müşfiqin “Ana dili”, T.Bayramın “Ana dilim” şeirləri və kompazisiyalar, videoslayd təqdim edilib. Videotəqdimatda bu tarixi günün inkişaf mərhələlərindən ətraflı bəhs edilib, ana dilinin qorunması sahəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirləri, qanun və sərəncamlar öz əksini tapıb. “Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur hissi duymalı, dilimizin, mədəniyyətimizin, tariximizin yaşanması üçün çalışmalıdır”, - deyə tədbirdə qeyd olunub.