Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün tanınmış rejissor Tofiq İsmayılovun doğum günüdür

    Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasından 83 il ötür.

    Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 190 nömrəli Bakı şəhər tam orta məktəbini bitirib. M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra "Azərbaycanfllm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

    “Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyası üzərində işləyib. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilib. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında dərc edilib.

    Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 2016-cı ildə martın 25-də Bakı şəhərində vəfat edib.

  • Sənədli filmin çəkilişləri yekunlaşıb

    Kinorejissor Amil Amalın “Vulkan üzərində ev” qısametrajlı sənədli filminin çəkilişləri başa çatıb. Film Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) maliyyə dəstəyi ilə ərsəyə gəlib.

    AZƏRTAC xəbər verir ki, ekran işinin qəhrəmanı paytaxtın Binəqədi qəsəbəsində, aktiv olan Keyrəki vulkanı yaxınlığında yaşayan Aqibət xanımdır. Rejissor uzun müddət 55 yaşlı xanımın həyatını müşahidə edib və film çəkmək qərarına gəlib. Hazırda film post-prodakşn mərhələsindədir.

    Amil Amal 1989-cu ildə Laçın şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, 2013-2015-ci illərdə isə dövlət hesabına Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) kinorejissorluq və kinodramaturgiya ixtisası üzrə ikiillik ali kurslarda təhsil alıb. Sənətin sirlərini ssenarist, rejissor Denis Rodimin və rejissor, pedaqoq Vladimir Fençenkonun emalatxanasında öyrənib.

    Rejissorun “Qara bağ” filmi “Azərbaycan ailəsi” film festivalında (2015), “Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalı”nda (2016), “Haqq iş” qısa film festivalında (Türkiyə, 2017), Bakı Beynəlxalq Qısa Film Festivalında (2019) mükafatlara layiq görülüb. Müəllifin “Titrəmə” filmi isə ötən il Türkiyədə keçirilən 9-cu Beynəlxalq İpək Yolu Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.

  • Ramil Qasımovun yeni “Şuşadan dünyaya” layihəsi təqdim olunacaq

    Mədəniyyət Nazirliyinin və “Mədəniyyət” kanalının “Şuşadan dünyaya” birgə layihəsi Ramil Qasımovun təqdimatında tezliklə “Mədəniyyət” kanalında təqdim olunacaq.

    Yeni layihə barədə AZƏRTAC-a məlumat verən Ramil Qasımov deyib: “Ölkə başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən xalqımız üçün müqəddəs, əziz məkan və Zəfər rəmzi olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması mədəniyyət və incəsənət xadimlərinin daha çox yazıb-yaratmağa, özünü inkişaf etdirməyə sövq edib və onların həyat eşqinin, ruh yüksəkliyinin artmasına səbəb olub. İnanıram ki, bu məqsədlə hazırlanan “Şuşadan dünyaya” layihəsi də Azərbaycan mədəniyyəti və incəsənətinə yeni bir töhfə olacaqdır”.

  • Bakıda Braziliya Film Festivalı başa çatıb

    Nizami Kino Mərkəzində 5 gün davam edən Braziliya Film Festivalı başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan festivalın proqramına 4 bədii, 1 sənədli film daxil edilmişdi.

    Qeyd edək ki, Braziliya Film Festivalı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunub.

  • Bakıda “Run for Art” beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisi açılıb

    Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Run for Art” beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya MOK-un vitse-prezidenti, “Culio Onesti” Fondunun İdarə Heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak ediblər.

    Qeyd edək ki, Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev “Run for Art” beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvüdür.

    Müsabiqə haqqında məlumat verən Klaudia Cordani bildirib ki, “Run For Art” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanmış beynəlxalq fotomüsabiqədir. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini və idmanın əzmini, yəni incəsənət və idmanı birləşdirməkdir.

    Müsabiqə 18-35 yaşarası, dünyanın istənilən ölkəsindən həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə, fərqli mövzu təklif edilib. kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. Müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər birində, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi 8 finalçı seçilib. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən qiymətləndirilib.

    Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Mədəniyyət Nazirliyinə tədbiri beynəlxalq səviyyədə təşkil etdiyi üçün təşəkkür edib. Azərbaycan Milli Olimpiya Komitəsinin 30 il bundan əvvəl yarandığını deyən Ç.Hüseynzadə bildirib ki, bu illər ərzində ölkəmizdə güclü olimpiya hərəkatı yaranıb: “Olimpiya tək idman deyil, həm də idmanın təbliğatı deməkdir. Burada təhsil və incəsənət xüsusi yer tutur”. O, müsabiqədə qalib gələn iştirakçıları təbrik edib: “Çox şadam ki, qaliblər arasında azərbaycanlı fotoqraflar da var. Sevinirəm ki, xarici ölkələri təmsil edən finalçılar uzaq məsafə qət edib mükafatlandırma mərasimində iştirak edirlər”.

    Mədəniyyət naziri Anar Kərimov MOK-un 30 il ərzində çox uğurlu, şərəfli yol keçdiyini vurğulayıb. Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılması Ulu Öndərimizin adı ilə bağlıdır. Prezident İlham Əliyev də bu prinsipləri davam etdirir. Komitənın səyləri nəticəsində idmançılarımız Azərbaycan bayrağını yüksəkliklərə qaldırıb və Azərbaycanı idman ölkəsi kimi tanıdıblar.

    Azərbaycan idmançılarının mötəbər idman tədbirlərində iştirak etdiyini deyən nazir bildirib ki, Komitənin fəaliyyəti nəticəsində idman növləri inkişaf etdirilib, idmançıların beynəlxalq yarışmalarda qazandığı qələbələr yeni nəsildə idmana maraq oyadıb.

    İdmanla mədəniyyətin bir-birlərini tamamladığını söyləyən nazir deyib ki, idman ruhu möhkəmləndirir, mədəniyyət vasitəsilə də mədəni ruh güclənir.

    Sonra “Run for Art” beynəlxalq fotomüsabiqəsində qalib olan Tetsu Çi-Çinqli (Tayvan), Gökhan Taner (Türkiyə), Maks Danlap (ABŞ), Culia Kasu (Fransa), Ris Beyts (Avstraliya) Nəriman Babayev və Bayram Musayevə (Azərbaycan) hədiyyə və sertifikatlar təqdim olunub.

    Tədbir bədii hissə ilə davam edib.

    Sərgi aprelin 16-dək Beynəlxalq Muğam Mərkəzində açıq olacaq.

  • “Şerlok Holms” seriyalarının davamı çəkiləcək

    Məşhur detektiv roman “Şerlok Holms”un əsasında ekranlaşdırılan eyniadlı filmin davamı çəkiləcək.

    AZƏRTAC xəbər verir ki, yeni seriyaların baş rolunu yenidən Robert Dovney canlandıracaq.

    Film “HBO Max” platformasında yayımlanacaq.

    Qeyd edək ki, 2009-cu ildə Robert Dovneyin baş rolda oynadığı "Şerlok Holms" filmi ən uğurlu ekran əsəri olub.

  • UNESCO-nun İcraiyyə Şurasının 214-cü sessiyasında Azərbaycanın milli bəyanatı təqdim olunub

    UNESCO İcraiyyə Şurasının 214-cü sessiyası öz işini davam etdirir.

    AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində ölkəmizin bu qurumdakı daimi nümayəndəsi Elman Abdullayev üzv dövlətlərin geniş dəstəyi ilə UNESCO-nun bu mühüm orqanına - İcraiyyə Şurasına seçilən Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib.

    E.Abdullayev bildirib ki, İcraiyyə Şurasının bu iclası Ukraynada və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda beynəlxalq ictimaiyyət üçün təlatümlü vaxtlarda keçirilir. Azərbaycan sülh yolu ilə həll istiqamətində səylərin hələ də mübarizəni dayandıracaq nəticə vermədiyinə görə dərin təəssüf hissini bildirir. Mülki itkilərin sayının artması xüsusilə narahatedicidir. Biz bir daha mülki şəxslərin və mülki infrastrukturun, o cümlədən mədəni irsin və təhsil müəssisələrinin müdafiəsi üçün beynəlxalq humanitar hüquqa ciddi riayət edilməsinin zəruriliyini vurğulayırıq.

    “Azərbaycan 30 ilə yaxın Ermənistanın silahlı təcavüzünə məruz qaldı. Bu illər ərzində ağır hərbi, eləcə də insanlığa qarşı cinayətlər törədildi, silahlı münaqişə zamanı mədəni irsin qorunmasına dair beynəlxalq hüquq açıq-aşkar kobud şəkildə pozuldu. Bir vaxtlar zəngin mədəni və təbii irsə malik Azərbaycanın kifayət qədər çiçəklənən əraziləri yerlə-yeksan edilib. Bütün bu illər ərzində Ermənistan hökuməti həm 30 il işğal altında saxladığı ərazilərdə, həm də Ermənistanın özündə Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasət həyata keçirib. Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi zamanı XIII əsrə aid Xudavəng monastırının zəngləri, xaçları, məşhur freskaları və qədim əlyazmaları, eləcə də Azıx mağaralarından və Şahbulaq qalasında olan qiymətli artefaktlar qanunsuz olaraq Ermənistana aparılıb”, - deyə E.Abdullayev əlavə edib.

    Diqqətə çatdırılıb ki, Şuşa Xalça Muzeyindən qanunsuz olaraq 160 qiymətli xalça çıxarılıb və onlardan 71-i Ermənistanın paytaxtı Yerevandakı muzeydə nümayiş etdirilib. Sadalanan bütün bu faktların hamısı İkinci Protokol Komitəsinə ölkəmizin təqdim etdiyi milli və könüllü hesabatlarda öz əksini tapır. Ermənistan tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində kütləvi şəkildə basdırılmış mina və digər partlayıcı maddələr həmin ərazilərdəki mədəni irs üçün ciddi təhlükə yaradır, bərpa işlərinə mane olur, mülki əhalinin geri qayıtmasını ləngidir. Mina partlayışları nəticəsində çox sayda mülki şəxs, eləcə də jurnalistlər həlak olub və yaralanıb.

    Daimi nümayəndə Baş Direktora azərbaycanlı jurnalistlərin ölümünü pisləyən bəyanatına görə təşəkkürü edərək, 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov mina partlaması nəticəsində həlak olduqlarını bir daha xatırladıb.

    Qeyd edib ki, silahlı münaqişə başa çatdıqdan sonra Azərbaycan münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyub. Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə mənşəyindən asılı olmayaraq bütün mədəniyyət və dini abidələrin lazımi qaydada qoruyub saxlamaq, restavrasiya etmək və istifadəyə vermək əzmindədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı reabilitasiya və yenidənqurma səyləri ilə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq ixtisaslaşmış qurumları və təsisatları ilə əməkdaşlığı davam etdirir. Bu istiqamətdə UNESCO-nun töhfəsini də səbirsizliklə gözləyir və təşkilatın BMT-nin digər aidiyyəti qurumları və təsisatlarından nümunə götürəcəyinə inanırıq.

    “Azərbaycan hökuməti ölkədəki mədəni sərvətlərin vəziyyətini qiymətləndirmək üçün UNESCO tərəfindən müstəqil və qərəzsiz texniki missiyaya ev sahibliyi etməkdə maraqlıdır. Ölkəmiz heç bir gecikmə olmadan bu istiqamətdə işi davam etməyə hazırdır və ümid edir ki, hər hansı əlavə şərtlərə görə bundan sonra heç bir maneə olmayacaq. Bu kontekstdə Azərbaycanın yeddi ay əvvəl – 2021-ci il avqustun 19-da təqdim etdiyi təkliflərə təşkilatın reaksiyasını sürətləndirməsi zəruridir”, - deyə daimi nümayəndə bildirib.

    Vurğulayıb ki, UNESCO-nun belə bir missiyası ona ev sahibliyi edən üzv dövlət kimi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam uyğun olaraq həyata keçirilməlidir. UNESCO-nun missiyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərməklə yanaşı, təşkilatın Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi ilə məşğul olması da təcili zərurətdir. Vətəndaş cəmiyyəti, QHT nümayəndələri və müxtəlif təşkilatlar bu geniş miqyaslı dağıntının sənədləşdirilməsi üçün UNESCO-dan Ermənistana missiya göndərməyi xahiş ediblər.

    “Bu sessiyanın gündəliyi ağırdır və mühüm məsələlərdən ibarətdir. Azərbaycan sessiyanın işinə səmərəli töhfə verməyə hazırdır. Qürurla qoşulduğumuz Qlobal Təhsil Koalisiyası vasitəsilə ölkələrə dəstək və kömək etməklə UNESCO-nun Dayanıqlı İnkişaf Məqsədlərində liderlik rolunu gücləndirdiyini yüksək qiymətləndiririk. Ölkəmiz Qlobal Təhsil Koalisiyası çərçivəsində “Gender Flaqmanı”, xüsusən də “Qızları Şəkildə Saxlamaq” kampaniyası vasitəsilə pandemiya şəraitində gender bərabərliyinə göstərilən xüsusi diqqəti alqışlayır. Həmçinin UNESCO-nun Mədəniyyət və İncəsənət Təhsili üzrə yenidən işlənmiş çərçivəsinə doğru prosesi dəstəkləyir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirməyə kömək etmək üçün nəzərdə tutulmuş sektorlararası təşəbbüsü yüksək qiymətləndiririk.

    Azərbaycanın Afrika ölkələri ilə uzunmüddətli tərəfdaşlığından hər kəs xəbərdardır. Bu istiqamətdə də ölkəmiz UNESCO-nun Qlobal Afrika Prioritetini dəstəkləyir və inkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirməyə çağırır”, - deyə E. Abdulayev bildirib.

    Əsas qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi ümumdünya irs obyektləri üçün təhlükə yaratmaqda davam etdiyini bildirən natiq deyib: “Azərbaycan işçi qrupunun ilk iclasında böyük maraqla iştirak edib və işçi qrupun iclasının keçirilməsi üçün Ümumdünya İrs Mərkəzinə maliyyə yardımı edib. Azərbaycan UNESCO-nun mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüsləri, xüsusən 2018-ci ildə fəaliyyətə başlamış UNESCO-nun Mədəniyyətlərarası Dialoq üzrə elektron Platformasını fəal dəstəkləyir. Platforma Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə hazırlanıb. Azərbaycan gənclərin qərarların qəbulu prosesində iştirakını və fəal rolunu dəstəkləyir. Bu baxımdan COVID-19-dan sonrakı dövr üçün Fəaliyyət Planının hazırlanmasına həsr olunmuş UNESCO 12-ci Gənclər Forumunu alqışlayırıq”.

    Qeyd edib ki, Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə artan əhəmiyyətini nəzərə alaraq, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv olduğu müddətdə Qoşulmama Hərəkatının üzv dövlətlərinin bu Şura çərçivəsində mövcud koordinasiya mexanizmini gücləndirməyə çalışacaq. Bu ilin iyununda Azərbaycanın UNESCO-ya üzv olmasının 30 illiyini qeyd edəcəyik. Bu qısa müddət ərzində Azərbaycan ikinci dəfə UNESCO-nun İcraiyyə Şurasının üzvü olmaqdan şərəf duyur. UNESCO-nun məsul üzvü kimi Azərbaycan dünyanın müxtəlif yerlərində təşkilatın nəcib missiyasını dəstəkləməyə sadiqdir, dəyərlərimizin və prinsiplərimizin təbliğində onun güclü tərəfdaşı olmağa davam edəcəkdir.

  • “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verilir

    Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi məhz regionlardakı muzeylərin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.

    Muzeylər insanların ictimai-iqtisadi inkişafında əldə etdikləri, yaratdıqları maddi və mənəvi sərvətlərin toplandığı, qorunub mühafizə edildiyi, öyrənildiyi və gələcək nəsillərə çatdırıldığı mədəniyyət, elm-maarif müəssisələridir. Həmçinin, muzeylər hər bir fərdin, bütövlükdə cəmiyyətin dünyagörüşünün formalaşması və inkişafında, onların mədəni və mənəvi tərbiyəsində çox əhəmiyyətli işlər aparırlar. Hazırda ölkəmizdə muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmış və bu istiqamətdə çoxşaxəli işlər aparılır.

    Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması böyük əhəmiyyət kəsb edir.

    Layihə çərçivəsində region (Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Biləsuvar, Xaçmaz, İsmayıllı, Kürdəmir, Masallı, Sabirabad, Şəki, Şəmkir) üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafizi Mira Məmmmədxanova, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova kimi peşəkar mütəxəssislər tərəfindən 3 gün müddətində “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçiriləcəkdir.

    Daha sonra iştirakçı muzeylər təlimçilər tərəfindən onlara təqdim edilmiş mövzu üzrə öz muzeylərində həyata keçirəcəkləri layihənin 1 həftə müddətində təqdimatını hazırlayacaq. Sonda hər region üzrə muzey və Heydər Əliyev mərkəzləri tərəfindən hazırlanmış təqdimatlara baxılacaq və qiymətləndiriləcəkdir. Təqdim edilən layihənin həyata keçirilməsi Mədəniyyət Nazirliyi tərəfindən məqsədəuyğun hesab olunduğu təqdirdə, layihənin reallaşdırılması üçün dəstək göstəriləcəkdir.

  • Azərbaycan muğamşünaslıq elminə dəyərli töhfə

    Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun və Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin müəllifi olduqları “Azərbaycan xalq musiqisi janrlarının təhlili” adlı 200 səhifəlik kitab bu yaxınlarda “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, girişdən, 4 fəsildən, 11 paraqrafdan, nəticə və notoqrafiyadan ibarət olan kitab musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün nəzərdə tutulub. Xalqımıza məxsus olan bütün musiqi janrlarının geniş şəkildə təhlil edildiyi kitabda Azərbaycan muğamları ilə əlaqədar daha bir yeniliyə də toxunulub. Məlum olduğu kimi, dahi Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı qiymətli kitabında muğamlarımızın insana ruhi təsirindən söhbət açır, “Rast”ın qəhrəmanlıq, “Şur”un lirik əhval-ruhiyyə, “Segah”ın sevgi, “Humayun” və “Şüştər”in kədər hissləri yaratdığını göstərir. Lakin Azərbaycan klassik muğamlarının çoxlu sayda şöbələrinin hər birinin yalnız ona məxsus olan emosional təsir imkanları vardır ki, bu günə qədər heç kim onları tədqiq etməyib.

    Bu baxımdan yeni kitabın müəllifləri muğamlarımızın şöbələrinin adlarının hər birinin mənasının əks etdirdiyi emosional əhval-ruhiyyəni cədvəllər şəklində göstəriblər ki, bunları muğam nəzəriyyəsi tarixində yenilik kimi qeyd etmək olar.

    Layihə rəhbəri Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, elmi məsləhətçisi isə Xalq artisti Siyavuş Kərimi olan bu kitab muğamşünaslıq elminə dəyərli bir töhfədir.

  • Bakıda “İşıqlı kuklalar şousu” təqdim olunacaq

    Mayın 1-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında Nikolay Zıkov teatrının təqdimatında, uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa “İşıqlı kuklalar şousu” təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, öz kreativliyi ilə fərqlənən, yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq. Biletlər artıq satışdadır və şəhərin kassalarından əldə etmək olar.

    Qeyd edək ki, dünyanın ən tanınan kuklaçılarından biri olan Nikolay Zıkovun təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 50-dən çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Həmçinin o, yenilikçi yaradıcılıq fəaliyyəti və peşəkar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.