Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 113 il ötür
Onun musiqisinə heç kəs biganə qala bilmir. Çünki bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır. Təkcə “Ölkəm” romansı Asəf Zeynallının insanlar tərəfindən sevilməsi və daim xatırlanması üçün kifayət edər. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib.
AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz bəstəkar, pedaqoq Asəf Zeynallının anadan olmasından 113 il ötür.
Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar və qarmon çalardı. Beləliklə, musiqi Asəfin həyatına və ürəyinə daxil olurdu.
Asəfin 7 yaşı olanda anası onu Dərbənd Realnı məktəbinə qoyur. O, burada uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.
Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. “Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin “Rast” muğamı əsasında bəstələdiyi pyesdən vəcdə gəlirlər.
Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır. O, konservatoriyada oxuyarkən Üzeyir Hacıbəylinin məşğələlərini hər dəfə böyük səbirsizliklə gözləyirdi. Asəf Zeynallının yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır.
Gənc bəstəkar konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. Onun məruzələri maraqla dinlənilir.
Asəf təhsil almaqla yanaşı, Türk işçi teatrında və konservatoriyanın nəzdindəki musiqi məktəbində işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub.
Asəf Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib.
İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb.
Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir. Özünün “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.
İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay“, “Günlər“ pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir. “Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olub.
Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olur, onun oxuduğu “Alma almaya bənzər” mahnısını çox bəyənir.
Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulur.
Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib. Hazırda Bakıda musiqi kolleci və paytaxt küçələrindən biri onun adını daşıyır.
Heydər Əliyev Sarayında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “4 Gündən 44 Günə” adlı tədbir keçirilib.
Report xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi Əhliyət Mehdiyev çıxış ediblər. Çıxış edən natiqlər Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə bitən Vətən müharibəsində əldə olunan böyük Zəfərin başlanğıcı olduğunu və xalqımıza qələbə sevincini yaşadan qəhrəmanlarımızın, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyini vurğulayıb, gənclər arasında vətənpərvərlik hislərinin aşılanması istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında "4 Gündən 44 Günə" bədii kompozisiyası ilə davam edib.
Kompozisiyada Qarabağ müharibəsinin bütün dövrünü əhatə edən vacib hadisələr səhnələşdirilib, soyqırımı və qətliamların qurbanlarına, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza ehtiram nümayiş olunub. Xalqımızın başına gətirilən müsibətlər, müharibə dəhşətləri, öz yurdundan didərgin düşmüş, uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş yüz minlərlə soydaşımızın, müharibədə doğmasını, əzizlərini itirən insanlarımızın yaşadığı hisslər, işğal nəticəsində əzəli və əbədi yurd yerimizdən, doğma torpaqlarımızdan ayrı qaldığımız 30 ilin ağrı-acısı maraqlı süjet xətti vasitəsilə diqqətə çatdırılıb. Qalibiyyət ruhunda 4 gündən 44 günlük haqq savaşına gedən şanlı yol ifadə edilib.
Tədbir Aprel döyüşləri və Vətən müharibəsi qazilərinin səhnəyə daxil olması ilə, hamılıqla şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Aprelin 5-də Azərbaycan İstiqlal Muzeyində yaşadığımız möhtəşəm Zəfərin başlanğıcı olan Aprel döyüşlərinə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə Aprel döyüşləri zamanı Vətənimizin azadlığı uğurunda qəhrəmancasına şəhid olan - Milli Qəhrəman mayor Samid İmanov, polkovnik-leytenant Raquf Orucov, baş leytenant Elnur İsgəndərov, gizir Orxan Müstəcəbov, Pəncəli Teymurov, Elimdar Səfərov, Şahin Cavadzadə, kiçik gizir Seymur Baxışov, əsgər Fəraim Novruzov, Fəxrəddin Qurbanlı, Əbdülməcid Axundov və Müşfiq Orucovun həyat və döyüş yollarını özündə əks etdirən, muzeyin fondlarında qorunub saxlanılan 200-dən çox müxtəlif şəxsi əşyalar, sənədlər və fotoşəkillər nümayiş olunur.
Sərginin açılışından öncə çıxış edənlər bildiriblər ki, Aprel döyüşləri, daha sonra 44 günlük Vətən müharibəsi həqiqətən də Azərbaycan Ordusunun və xalqının qəhrəmanlığını dünyaya sübut etdi. Əldə olunan möhtəşəm Zəfər Ali Baş Komandanın “Dəmir yumruğ”unun ətrafında sıx birləşən xalqımızın həmrəyliyi, Azərbaycan Ordusunun məğlubedilməzliyi sayəsində mümkün oldu.
Ötən ilin oktyabrından etibarən vətənpərvərliyin təbliği və Azərbaycan İstiqlal Muzeyinin, eləcə də yeni yaradılacaq Zəfər muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində10 tədbir-sərgi keçirilib. Azərbaycan hərb tarixinin qəhrəmanlıq səhifəsi olan Aprel döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir-sərgi bu layihənin davamı olaraq reallaşıb.
Qeyd edilib ki, torpaqlarımız uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və onlar daim qürur hissi ilə yad olunacaq.
Sərgi aprelin 12-nə qədər davam edəcək.
Heydər Əliyev Sarayında Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət “Nəğmə dolu bir ürəyəm, ey Vətən” adlı konsert proqramı təşkil ediləcək.
Saraydan AZƏRTAC-a bildirilib ki, iyun ayının 7-nə planlaşdırılan konsert “Əbədiyaşarlar” layihəsi çərçivəsində reallaşacaq.
Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri AzTV-nin Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” ansamblı müşayiəti ilə ifa edəcək.
YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu ayın ilk dərsi aprelin 9-da Orxan Qarayevin rəhbərliyi ilə “İncəsənət mübadiləsi” mövzusuna həsr olunacaq. Qeydiyyat çərşənbə axşamından cümə gününə kimi saat 11:00-dən 18:30-dək aparılır.
Xatırladaq ki, ustad dərsləri Rəngkarlıq Muzeyində təşkil ediləcək.
Azərbaycan Milli Xalça Muzeyində silsilə mühazirələr keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun 55 illik yubileyi çərçivəsində keçiriləcək “Rəngdən naxış dünyasına” adlanan ilk mühazirə sənətkarın rəssamlıq fəaliyyətinə həsr olunacaq.
Aprelin 9-da reallaşacaq mühazirəyə qatılmaq istəyənlər yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçməlidirlər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Qırğızıstanın mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov arasında görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın üzv ölkələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin, türk xalqlarının qədim mədəni mənəvi dəyərlərinin beynəlxalq aləmdə təbliğinə, eləcə də türk dünyasının həmrəyliyinə töhfə verəcəyini vurğulayıb. Günay Əfəndiyeva Qırğızıstanın mədəni irsinin tanıdılması yönündə fond tərəfindən həyata keçirilmiş layihələrdən söz açıb. Fondun prezidenti təşkilatın qurucu üzv dövlətlərindən biri olan Qırğızıstanla mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Qırğızıstanın mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının zəngin tarixinin, mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də onlar arasında birliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat ilə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib. Nazir Fondun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığının tanıdılması çərçivəsində gördüyü işləri təqdirəlayiq hesab etdiyini bildirib. O, eyni zamanda fondun prezidentini Qırğızıstana rəsmi səfərə dəvət edib.
Görüş tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.
Sumqayıt Dövlət Rəsm Qalereyasında Mədəniyyət Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə açılan “Dumanlar başımda dastana döndü” adlı səyyar sərgi davam edir.
AZƏRTAC xəbər verir ki, YARAT Müasir İncəsənət Məkanının yerli rəssam və fotoqrafların əsərlərindən ibarət sərginin 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin həll edilməsi və Azərbaycan Ordusunun Qələbə ilə başa çatan Zəfərinə həsr olunub.
Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin özünəməxsus ifasında sevilən “Vətən yaxşıdır” mahnısından götürülən sərginin adı, həmçinin Rəşad Ələkbərovun nümayiş olunan instalyasiyasının tərkib hissəsidir. Ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərov, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qaffarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza, Zamir Hüseynov və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiyasının fotoqrafiya, video və rəqəmsal sənət əsərləri bir-biri ilə dialoqa girərək artıq həll olunan Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya YARAT Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqrafları Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.
İllərdir davam edən və Zəfərlə bitən Qarabağ münaqişəsinin təsir və nəticələr aspektlərini açıqlayan “Dumanlar başımda dastana döndü” adı altında birləşən qrup sərgisi Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısının sədaları altında daha təsirli və yadda qalan olur.
Sərgi aprel ayının 22-nə kimi davam edəcək.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında silsilə layihələr həyata keçirilir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Şuşa torpağının Azərbaycan xalqına bəxş etdiyi dahi bəstəkarların ölməz əsərləri aprel ayı ərzində teatrın səhnəsində “Şuşadan dünyaya yayılan musiqi” adı altında nümayiş olunacaq. Bu məqsədlə Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyaları aprel ayının 16 və 23-də oynanılacaq. Tamaşalar saat 19:00-da başlayacaq.
Unudulmaz bəstəkar Fikrət Əmirovun musiqiləri ilə ərsəyə gələn “999-cu gecə” tamaşası isə aprelin 3-də artıq teatrsevərlər üçün təqdim olunub.
Səhnə əsərlərinə biletləri şəhərin kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.
Aprelin 3-də Heydər Əliyev Mərkəzində “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransının yekuna həsr olunan konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə autizmli gənclər və tanınmış incəsənət ustaları çıxış edib.
İlk çıxışçı-autizmli gənc piano ifaçısı Əlisahib Bayramov səhnəyə dəvət edilməzdən əvvəl onun konsertə necə hazırlaşdığını tamaşaçılara çatdırmaq üçün videoçarx göstərilib. Bildirilib ki, Əlisahib Bayramova səhnə vərdişlərini yiyələndirmək asan olmayıb. Bu məsələdə onun ailəsindən, çevrəsindən çox böyük səbir, dözüm, iradə, anlayış, insansevərlik tələb olunub. Ən böyük dəstəyi o, ailəsindən alıb. Qeyd olunub ki, anası, atası və qardaşı ona çox inanır. Amma bu sahədə pianoçuya ikinci böyük dəstəyi onun müəllimi, beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı Humay Mansurova göstərib.
Sonra Əlisahib Bayramov və Humay Mansurova pianoda Tofiq Quliyevin “Sevgi” valsını ifa ediblər.
Gecədə Azərbaycanın fərqli balalarını öz himayəsində saxlayan Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb. Bildirilib ki, Leyla Əliyeva yazdığı şeirlərilə hər zaman insanların qəlbinə yol tapır. O, istedadlı insanlara olan xüsusi münasibətilə seçilir. Buna görə də proqramda Leyla Əliyevanın yaradıcılığını göz önünə gətirmək üçün səhnəyə qiraətçi Xəzər Süleymanlı dəvət olunub. O, Eldar Mansurovun “Elegiya”sının sədaları altında Leyla Əliyevanın şeirlərindən birini oxuyub.
Tədbirdə Əlisahib Bayramovun fərqli bir dünyada yaşadığı diqqətə çatdırılıb. Bildirilib ki, onun ən çox sevdiyi əsərlərdən biri Müslüm Maqomayevin “Dəniz” mahnısıdır. Məhz dalğaların xışıltısında Əlisahib qurduğu dünyada rahatlıq tapır, öz arzularına qovuşur.
Proqramın davamında Şəhriyar İmanov tarda Azər Rzayevin “Düşüncə” əsərini, Ceyla Seyidova skripkada Rolf Lövlandın “Secret Garden” kompozisiyasını ifa edib. Ardınca Fərid Əliyev Müslüm Maqomayevin “Dəniz” mahnısını səsləndirib. Gecədə Faiq Sücəddinov “Vətən balladası”nı, Fidan Hacıyeva “Azərbaycan”, Tünzalə Ağayeva autizmli şəxslərdən bəhs edən “Fərqliyəm” mahnısını oxuyub.
İfalar zamanı səhnədə kompozisiyalara və mövzuya uyğun proyeksiya olunan videogörüntülər gecəyə xüsusi bir ab-hava gətirib.
Qeyd edək ki, aprelin 2-3-də Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Regional İnkişaf” İctimai Birliyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda məqsəd autizm sindromunun erkən aşkarlaması, erkən müdaxilə üzrə xidmətlər, eləcə də autizmli şəxslərin ömür boyu təhsil və məşğulluğunun təmin olunmasında inklüziv və multidisiplinar yanaşmalara əsaslanan beynəlxalq təcrübələrin öyrənilməsi, ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək olub.