Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirov tərəfindən ikiüzlü xovlu xalçanın toxunması üzrə ustad dərsi keçirilib.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, dərslərə 18 yaşdan yuxarı şəxslər iştirak ediblər.
Ustad dərsində xalçatoxuma texnikasına xüsusi maraq göstərən iştirakçılar ikiüzlü xovlu xalçanın toxunmasının sirlərini öyrəniblər.
Aprelin 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında akademiyanın tələbəsi, İkinci Qarabağ müharibəsində şəhid olmuş Tamerlan Mahmudova həsr olunmuş xatirə konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri və "Detaşe" violinoçular ansamblı çıxış edəcəkdir.
Amerika rok qrupu “Foo Fighters” 3 Qremmi mükafatına layiq görülüb.
TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Qremmi” mükafatlandırma mərasimində bildirilib.
Qrup üç nominasiyada - “Medicine at Midnight” mahnısına görə “Ən yaxşı rok albomu”, “Waiting On a War” mahnısına görə “Ən yaxşı rok mahnısı” və “Making a Fire” mahnısına görə “Ən yaxşı rok ifası” nominasiyalarında qalib olub.
Qeyd edək ki, “Foo Fighters” qrupunun üzvləri zərb ifaçısı Taylor Hokinsin martın sonunda Cənubi Amerika turnesi zamanı vəfat etdiyi üçün mükafatlandırma mərasimində iştirak etməyiblər.
"28 Mall" TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Morbius” filminin qorxulu təqdimatı keçirilib.
Report xəbər verir ki, Morbius, "Columbia Pictures" tərəfindən Marvel ilə birlikdə istehsal olunan Yaşayan Vampir Morbius personajının yer aldığı Marvel Comics əsasında hazırlanmış 2022-ci il Amerika superqəhrəman filmidir.
"Sony Pictures Releasing" tərəfindən paylanmış bu ekran əsəri "Sony"nin “Hörümçək Adam” Kainatında üçüncü filmdir.
Kinoteatrın foyesi filmin üslubuna uyğun dekor olunub. Elin Əhmədov oynadığı Morbius obrazının qeyri-adi görünüşü onu tabutda apararkən qonaqları şoka salıb. Sonra tədbir iştirakçıları böyük məmnuniyyətlə gecənin baş qəhrəmanı ilə foto şəkil çəkdirdilər.
DJ Yago, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilər qonaqlara xoş anlar yaşadıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraf da olub.
Filmin rejissoru Daniel Espinosadır. Baş rolu Jared Leto oynayıb. Filmdə həmçinin Maykl Kiton, Mett Smit, Adria Arhona, Jared Harris və başqa aktyorlar çəkilib.
Michael Morbius uşaqlıqdan nadir qan xəstəliyindən əziyyət çəkir və bütün yetkin həyatını müalicə tapmağa həsr edib. Bir gün Maykl yarasaların qanında mümkün bir xilası görür və riskli təcrübəyə qərar verir. Təcrübə gözlənilməz reaksiyaya səbəb olur: xəstə hüceyrələrlə əlaqəyə girərək, Morbiusun bədənini dəyişdirərək onu qaniçən bir canavara çevirir.
Tədbirin təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, qrim Qalib Mirzəliyev, “Orli” event şirkəti, “Light in Black” kreativ şirkəti, Brand Media Groups, “Kolorit” kafesi, “Savalan Winery” şirkəti, Bizon və Şeh Su dəstək göstəriblər.
Qeyd etmək istəyirik ki, “Morbius” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
“Silc Sonic” rep dueti tərəfindən ifa edilən “Leave The Door Open” kompozisiyası "İlin mahnısı" nominasiyası üzrə nüfuzlu “Grammy” musiqi mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, bu barədə CBS kanalının yayımladığı təqdimat mərasimində məlumat verilib.
Koronavirus pandemiyasının başlanmasından ilk dəfə “Grammy” mükafatları tam formatda keçirilib. Namizədlər hələ 23 noyabr 2021-ci ildə elan edilib.
“Ən yaxşı yeni ifaçı” nominasiyasında amerikalı müğənni Oliviya Rodriqo qalib olub. Müğənninin mərasimin əvvəlində ifa etdiyi “Drivers License” mahnısı ən yaxşı pop mahnısı kimi tanınıb.
Ən yaxşı “pop albom” mükafatına Ledi Qaqa və Toni Bennetin “ Love for Sale” mahnısı layiq görülüb.
Ən yaxşı rok ifası kateqoriyası üzrə mükafatı “Foo Fighters” qrupunun "Making A Fire", ən yaxşı rok kompozisiyasını “Foo Fighters”in "Waiting On A War", ən yaxşı rok albomunu isə Medicine At Midnight qazanıb.
Bundan əlavə, “Dream Theatre” qrupu “The Alien”, H.E.R. “Fight For You” kompozisiyasına, “Lucky Daye” “Table For Two” (Ən yaxşı R&B albomu) albomlarına görə mükafatlar qazanıblar.
Bu il ilk dəfə olaraq təşkilatçılar 64-cü “Grammy” mükafatlandırma mərasimini Las-Veqasda (ABŞ, Nevada) “MGM Grand Garden Arena”da keçirmək qərarına gəliblər.
“Azərbaycan İtaliyanın mədəni irsinin qorunması üzrə bir sıra işlər görür. İtaliya da bu sahədə çalışır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
XİN başçısı ölkələr arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının nəzərdə tutulduğunu qeyd edib.
“Artım” layihə məkanında rejissor Orxan Ağazadənin iki filmi -“Oturacaqlar” və “Dəlik” sənədli filmləri nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, aprelin 5-də təqdim ediləcək filmlər “Artım”da davam edən "Postponed" qrup sərgisi çərçivəsində nümayiş olunur.
Xronometrajı 20 dəqiqə olan “Oturacaqlar” filmi sevgi məsələlərindən bəhs edir. Kərimlə Rəna sevgili olsalar da, başqa insanlarla məcburi ailə həyatı qurublar. Bütün kənd camaatı cib telefonundan istifadə etmək üçün təpəyə yığışırlar və orada baş qəhrəmanlar həftədə bir dəfə bir-birilərini görsələr də, hisslərini gizlətməkdən başqa çarələri qalmır...
Xronometrajı 13 dəqiqə olan “Dəlik” filmində maraqlı hadisələr cərəyan edir: 25 yaşlı Ziba Britaniya hökumət təqaüdü ilə Londonda təhsil almağa yollanır. Bu səfər onu sanki, doğma evdəki qalma-qallardan xilas edir...
Filmlərə baxmaq üçün qeydiyyatdan keçmək zəruridir. Onlayn qeydiyyatdan keçmək üçün https://cutt.ly/RDRUwdj linkindən istifadə etmək olar.
Strasburqda fəaliyyət göstərən “Elzas-İsrail” Assosiasiyasının təşkilatçılığı ilə Kommunikasiya və Marketinq İnstitutunda yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardonun iştirakı ilə “Azərbaycan - Şərqlə Qərb arasında körpü: Multikulturalizm - Dağ yəhudiləri” adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Elzas-İsrail” Assosiasiyasının sədri Jak Züker rəhbərlik etdiyi assosiasiya tərəfindən Azərbaycanla bağlı belə bir tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb.
J.Kardon Azərbaycana çox saylı səfərlərindən söz açaraq, xoş xatirələrini bölüşüb. Ölkəmizin yerləşdiyi coğrafi məkan barədə ətraflı məlumat verib, ölkəmizin multikulturalizm və tolerantlıq modelinin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb. O, Azərbaycanla bağlı məlumatların Fransa ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edərək bu tədbirin də məhz həmin məqsədlə təşkil olunduğunu diqqətə çatdırıb. Azərbaycanda yaşayan yəhudi icması haqqında geniş məlumat verən fransız yazıçı ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin mehriban ailə kimi yaşamasından söz açıb, ölkəmizdə müxtəlif dinlərə, onların nümayəndələrinə, dini ənənələrinə hörmətlə yanaşıldığını, onların mədəni irsinin qorunub saxlandığını qeyd edib.
Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov təşkilatçılara belə mühüm təşəbbüsə görə öz minnətdarlığını bildirib. Ölkəmizin qədim dini tolerantlıq və multikulturalizm ənənələrindən söz açan səfir F.İsmayılov Azərbaycanda tarixən müxtəlif dinlərin və xalqların dinc və qarşılıqlı ehtiram şəraitində yanaşı yaşadıqlarını, onların münasibətlərində yüksək harmoniyanın mövcudluğunu və bunun dövlət tərəfindən hərtərəfli şəkildə təşviq olunduğunu diqqətə çatdırıb.
Tədbirə qatılmış Strasburq merinin yerli demokratiya, vətəndaş iştirakı və təşəbbüsləri üzrə müavini Karol Zelenski belə vacib tədbirdə iştirak etməsindən məmnunluğunu bildirərək, bugünkü qlobal gərginlik şəraitində tolerantlıq, multikultural dəyərlər, müxtəlif mədəniyyətlər və baxışlar arasında dialoq, eləcə də dinc mübadilələr kimi məsələlərin müzakirəsi və təşviqinin vacibliyini vurğulayıb.
Təqdimatdan sonra J.Kardon tədbir iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb, müəllifi olduğu və Azərbaycan qadınına həsr olunmuş “Qafqazın ram edilməyən qadını” adlı kitabını imzalayaraq konfrans iştirakçılarına təqdim edib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Ekspo 2020” dünya sərgisi başa çatıb. 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edərək müxtəlif mükafatlara layiq görülən Azərbaycan pavilyonu “Dubay Ekspo 2020”nin də ən çox ziyarət edilən və sevilən pavilyonlarından olub. Dünya ekspolarının 30 ilə yaxın müddətdə qiymətləndirməsini aparan məşhur “EXHIBITOR” jurnalının ənənəvi təşkil etdiyi müsabiqədə Azərbaycan pavilyonu “Ekspo 2020”nin “Ən yaxşı orta ölçülü pavilyon” və “Mövzunu ən yaxşı çatdıran pavilyon” nominasiyalarında mükafatlara layiq görülüb. Bundan əlavə, milli pavilyonumuz ənənəvi olaraq hər Eksponun sonunda ziyarətçilərin və ekspo könüllülərinin ümumi səsverməsi ilə “Ən gözəl və baxımlı” pavilyonlar sırasında yer alıb.
AZƏRTAC xəbər verir ki, 192 ölkənin iştirak etdiyi və əhatə etdiyi 438 hektar ərazi ilə bu günə qədər ən böyük dünya sərgisi olan “Dubay Ekspo 2020”yə 6 ayda 23 milyondan çox ziyarətçi gəlib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonumuzda isə bu müddət ərzində 2,5 milyon ziyarətçi olub. Hər bir ziyarətçi ölkəmiz barədə - onun tarixi, müasir həyatı, turizm imkanları, işğaldan azad olunan ərazilərimizdə həyatın canlanması haqqında geniş məlumat alıb, pavilyonumuzdan Azərbaycanın ən yaxın dostu olaraq müsbət təəssüratlarla ayrılıb.
Ekspo sərgiləri həm də yeni əməkdaşlıqların qurulması baxımından əhəmiyyət daşıyır. Bu mənada “Dubay Ekspo 2020” sərgisi ölkələr arasında yeni əlaqələrin yaradılması istiqamətində geniş platforma oldu, ölkəmizin tarixi, müasir həyatı, müxtəlif sahələr üzrə nailiyyətləri təqdim edildi. Sərgi müddətində Azərbaycan pavilyonunda dövlət və özəl qurumların müxtəlif təqdimatları təşkil olundu, konfranslar, forumlar, konsert və mədəni proqramlar keçirildi. Milli pavilyonumuz həm də müxtəlif ölkələrin rəsmi nümayəndə heyətlərinin, dövlət və hökumət başçılarının ziyarət etdiyi, mətbuat və sosial media platforma istifadəçilərinin ən çox işıqlandırdığı məkan oldu. Milli pavilyonumuzda 6 ay ərzində fəaliyyət göstərən komandanın peşəkarlığı yüksək qiymətləndirilib və xüsusi mükafatla təltif edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan “Dubay Ekspo 2020” sərgisində milli pavilyonun tikintisinə başlayan ilk ölkələrdən olub. Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və nəzarəti ilə ərsəyə gələn milli pavilyonda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti və digər sahələri xüsusi dizayn və konsepsiya üzrə təqdim edilib.
“Dubay Ekspo 2020”dəki pavilyonlar innovasiyalar, texnoloji nailiyyətlərin yaratdığı üstünlüklərin nümayişi üzərində qurulsa da, Azərbaycan pavilyonu öz tematik konsepsiyası ilə insan amilinin bütün bunların fövqündə olduğunu, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmağın mümkünlüyünü nümayiş etdirdi.
“Ekspo 2020”də milli pavilyonun yaradılması və ölkəmizin təmsilçiliyi ilə son dövrlərin ən uğurlu layihələrindən birini həyata keçirən Azərbaycan hazırda 2025-ci ildə Osakada təşkil ediləcək növbəti dünya sərgisinə hazırlaşır.
Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd olunması heç də səbəbsiz deyil. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb insanların həyatlarını gülüşsüz təsəvvür etməmələridir. “Gülüş bir günəşdir, o qışı insanın üzündən götürür” deyimi də yəqin ki, insanların bu mənəvi-psixoloji dəyərə verdikləri ən düzgün qiymətdir.
AZƏRTAC xəbər verir ki, Gülüş Günü 500 il əvvəl Fransada yaranıb. O vaxt fransızlar yeni ili məhz həmin gün qarşılayırdılar. Amma Fransa kralı qərar verdi ki, yeni il yanvarın 1-də qeyd olunsun. Xalq kralın qərarından narazı qaldı. Buna etiraz etmək üçün müxtəlif tədbirlər keçirirdilər. Camaat kralın adamlarını lağa qoyurdu. Onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırdılar. Amma kral qərarını dəyişmədi.
Aradan illər keçdi. Xalq yavaş-yavaş yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşdi. Bununla belə, 1 apreli də unutmadılar. Həmingünkü zarafatları yada salıb 1 apreli Gülüş Günü kimi qeyd etməyi qərara aldılar.
Tezliklə bu ənənə bütün dünyaya yayıldı. Həmin gün insanlar bir-birini aldadır, özü də bundan heç kim incimir. Düzdür, hamı çalışır ki, 1 apreldə aldanmasın. Amma buna çox az adam nail olur.