Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Əjdahanın evi” serialı avqustun 21-dən “HBO” videoyayım şirkətində

    “Taxt oyunları” filminin prikveli olan “Əjdahanın evi” serialı avqustun 21-dən “HBO” videoyayım şirkətində nümayiş olunacaq.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin tviter səhifəsində bildirilib.

    “HBO” filmin baş qəhrəmanlarının görüntülərini artıq yaymağa başlayıb.

    Serial “Taxt oyunları”nda baş verən hadisələrdən təxminən 300 il əvvəl Vesterosu fəth edən Tarqaryen sülaləsindən bəhs edir. Süjet fantastik eposun yaradıcısı Corc Martinin əsərinə əsaslanır.

  • Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib

    Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.

  • Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları martda cüzi azalıb

    Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 136,5 milyon ABŞ dolları təşkil edib.

    Report quruma istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,3% azdır.

    Bununla belə, AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9%, son 1 ildə isə 12,3% artıb.

  • “Azəriqaz”: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”

    Xankəndi şəhəri və işğaldan azad edilmiş digər ərazilər Azərbaycanın suveren ərazsidir və əzəli Azərbaycan torpaqlarıdır. Həmin ərazilərdə qaz infrasturkturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər".

    Report-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ”Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

    Onun sözlərinə görə, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb: “Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdır, viran edilmişdir”.

    T. Cəfərov bildirib ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur. Nəzərdə tutulub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”.

  • Borçalı xalçaları YUNESKO-nun Gürcüstandakı layihəsində yer alıb

    YUNESKO-nun Gürcüstanda həyata keçirdiyi “Kreativ sənayelərin inkişafı üçün ənənəvi gürcü süfrəsi” layihəsi başa çatıb.

    Report-un yerli bürosu xəbər verir ki, layihəyə Tbilisi Dövlət İncəsənət Akademiyasında açılan sərgi ilə yekun vurulub.

    Tədbirdə Gürcüstan Prezidenti Salome Zurabişvili, Akademiyanın rektoru Giorgi Ququşvili, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyinin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

    Layihə çərçivəsində ötən ilin dekabr ayında Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Borçalı xalçaları da sərgilənib, ustad dərsi keçirilib.

    Akademiyanın dekanı Tinatin Kldiaşvili layihəyə dəstək verdiyinə görə muzeyin direktoru Leyla Əliyevaya təşəkkür edib. Layihə rəhbəri Azərbaycan mədəniyyət ocağı ilə yaxşı münasibətlərin olduğunu bildirib: “Layihənin uğurlu alındığını düşünürəm. Borçalı xalçalarının sərgilənməsi layihəyə rəngarənglik qatdı. Ümid edirəm ki, əməkdaşlığımız dostluq, mədəni və yaradıcılıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”.

    L.Əliyeva öz növbəsində layihədə iştirakdan məmnunluq ifadə edib. O, Borçalı xalçaçılıq sənətinin təbliği üçün yaradılan imkana görə təşkilatçılara minnətdarlığını bildirib.

    Borçalı xalçasının toxunmasını və naxışlarını əks etdirən fotoşəkillər layihə haqqında dərc olunan kataloqa və hesabat videoçarxına da daxil edilib.

    Qeyd edək ki, YUNESKO-nun dəstəyi ilə 2020-2021-ci illərdə reallaşdırılmış layihənin əsas məqsədi ənənəvi gürcü süfrəsinin ənənə və texnologiyasının populyarlaşdırılmasından, Gürcüstan üzrə sənətkarlıq sahəsində çalışanların peşəkarlığının artırılmasına və məşğulluğuna kömək etməkdən ibarət olub.

  • Bu gün Xalq artisti Rafiq Babayevin doğum günüdür

    Azərbaycan cazından danışarkən bu gün 86 yaşını qeyd etdiyimiz istedadlı bəstəkar, Xalq artisti, cazmen, pianoçu Rafiq Babayevin adını xatırlamamaq mümkün deyil.

    AZƏRTAC xəbər verir ki, milli cazın korifeylərindən olan Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb. Caz musiqisinə böyük həvəsi, improvizasiya etmə bacarığı, ailədən gələn musiqiçi istedadı, sanki bu gəncin gələcək həyat yolunu müəyyən edirdi. Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanır və caz dünyasına ilk addımlarını atmış olur.

    Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarının laureatı olur. Ötən əsrin 60-cı illərində ikinci baharını yaşayan milli caz Rafiq Babayevin töhfələri ilə səsini bir daha bütün dünyaya çatdırır. 1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilir.

    Ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışır. Yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəmir. Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görülür. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.

    Həyat yolu Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi milli musiqimizin görkəmli simaları ilə kəsişən Rafiq Babayevin hərtərəfli şəxsiyyəti mədəniyyətimizdə öz izini qoymaqla bərabər, yeni musiqiçilər nəslinin nümayəndələri üçün də ilham mənbəyi olan bir məbəddir. 1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyası daha sonra bir sıra müğənnilər tərəfindən oxunsa da, Rafiq Babayevin ifasında təkrarolunmazdı.

    Lakin dünyanın lənətlədiyi terror bu böyük sənətkarın həyatına son qoydu. 19 mart 1994-cü il. Bakı metrosunda törədilmiş terror nəticəsində 14 həmvətənimiz öldü. Ölənlər arasında Xalq artisti, Azərbaycanın caz musiqisi sənətinin yeni parlaq səhifələrini yaradan Rafiq Babayevin də adı var. Ömründə ilk və son dəfə yer altına enən dahi sənətkar həyata elə oradaca əlvida dedi.

    Bu gün anadan olmasının 86-cı ildönümü tamam olan Rafiq Babayevin əziz xatirəsi “Kədərimiz... Vüqarımız”, “Günorta qatarı” filmlərində, qızı Fərizə Babayeva və sənətşünas Rauf Fərhadoğlunun müəllifi olduğu “Rafiq Babayev: mövzudan improvizəyə” kitabında və ən əsası hər bir azərbaycanlının düşüncələrində yaşayır.

  • İsraildə Azərbaycanın turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı olub

    İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılışı Azərbaycan və İsrail arasında turizm əlaqələrinin inkişafına təkan verəcək.

    AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev martın 30-da İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı mərasimində bildirib.

    Tədbirdə çıxış edən Agentlik sədri nümayəndəliyin fəaliyyətinin İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.

    Fuad Nağıyev iqtisadi və strateji amillərlə yanaşı, xalqlarımız arasında mədəni-tarixi əlaqələrin, qarşılıqlı dostluq və anlaşmanın turizm münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

    Azərbaycanın çoxsaylı etnik qrupların birlikdə yaşadığı tolerant və multikultural ölkə olduğunu vurğulayan Fuad Nağıyev azərbaycanlılar və yəhudilərin əsrlər boyu bir yerdə yaşayaraq ortaq dəyərlər yaratdıqlarını, yəhudi irsinin bu günədək Bakı, Quba, İsmayıllı, Oğuz və digər rayonlarda qorunub saxlanıldığını, Qubada yerləşən Qırmızı Qəsəbənin dünya üzrə İsraildən kənarda dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə yer olduğunu qeyd edib.

    Agentlik sədri israilli turistlərin tezliklə işğaldan azad olunmuş Qarabağa da səfər edə biləcəklərinə inamını ifadə edib.

    Tədbirdə çıxış edən İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, 2021-ci ilin avqust ayında Azərbaycanın ticarət nümayəndəliyinin, eləcə də turizm nümayəndəliyinin açılması, indi isə Təl-Əviv ofisinin açılışı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək.

    Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

    Sazişə əsasən, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək öhdəliyi götürürlər.

    Bundan əlavə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 29-30 martda Təl-Əvivdə baş tutan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində iştirak edib.

    Sərgidə “Azərbaycan Hava Yolları” QSC, Dağ Yəhudiləri Muzeyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və digər 9 yerli tərəfdaşla birlikdə təmsil olunan nümayəndə heyəti tərəfindən Azərbaycanın turizm imkanları, o cümlədən Qarabağın turizm potensialı nümayiş etdirilib.

    Sərgi çərçivəsində müvafiq tərəfdaşlarla yeni əlaqələr yaratmaq və yaxın gələcəkdə İsraildən daha çox turisti qarşılamaq istiqamətində əməkdaşlıq etməklə bağlı görüşlər keçirilib.

    Sərgi zamanı İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan milli stendini ziyarət edərək təqdim olunan turizm məhsulları ilə tanış olub.

    Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən tarixi yəhudi irsinin turizm potensialının inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu irs üzrə turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı səfirliyi ilə birlikdə Quba rayonunda yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində işlər görülüb.

    2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib. Bu da 2018-ci il ilə müqayisədə 17.3 faiz artım demək idi. Pandemiya dövründə bu say kəskin azalsa da, 2021-ci ildə sərhədlərin tədricən açılması ilə davamlı şəkildə artmağa başlayıb.

  • “Qarabağın ruhu – sülhə doğru uzun yol“ sərgisinin məqsədi diqqəti münaqişə başa çatdıqdan sonra Azərbaycanın apardığı bərpa işlərinə yönəltməkdir

    Bu sərgidə müharibə dövrü, xüsusilə Xocalı faciəsi və Qarabağdakı dağıntılara aid fotolarım yer alsa da, sərgidə əsas hədəf münaqişə başa çatandan sonra Azərbaycanın apardığı bərpa işlərinə diqqəti yönəltməkdir.

    Bu fikirləri Vyanada “Qarabağın ruhu – sülhə doğru uzun yol“ sərgisinin açılışında sərginin müəllifi Reza Deqati  AZƏRTAC-a açıqlamasında bildirib.

    Qeyd edib ki, sərgiyə gələnlərə Azərbaycanın qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq və bərpa işləri nümayiş olunur. Avropada təqdim olunan sərginin əsas mesajı da Azərbaycanın sülh yolunda addımladığını göstərməkdir.

    Məşhur fotojurnalist bildirib ki, son 30 ildə Azərbaycan əraziləri işğala məruz qalsa da, şəhər və kəndlər dağıdılsa da, münaqişə başa çatandan sonra Azərbaycan böyük quruculuq işlərinə başlayaraq, ağrı-acılı günləri arxada buraxır və bərpa işləri sayəsində uğurlu gələcəyə doğru irəliləməkdədir.

    R. Deqati qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzünün ilk dövrlərindən indiyədək dövrü əhatə edən fotosərgi ilk dəfə Vyana şəhərində nümayiş olunur və onun məqsədi bu sərgini Avropa və Amerikanın böyük şəhərlərində təqdim etməkdir. Sərgi 100-dən artıq foto, fotolar əsasında hazırlanmış videoçarxlar, stendlər və kitabları əhatə edir.

  • UNESCO-nun İcraiyyə Şurasının 214-cü sessiyası işə başlayıb

    Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun üç konstitusiya orqanından biri olan İcraiyyə Şurasının 214-cü sessiyası işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində qurumun plenar iclasları, eləcə də Bürosunun, zəruri hallarda Xüsusi Komitəsinin, Konvensiyalar və Tövsiyələr Komitəsinin və komissiyalarının iclasları keçiriləcək.

    İcraiyyə Şurasının plenar iclasında baş direktorun yazılı və şifahi məruzələri əsasında mühüm məsələlərə baxılacaq və gündəlikdəki məsələlər nəzərdən keçirilərək qəbul ediləcək. Təşkilatın iş proqramına, habelə baş direktor tərəfindən təqdim edilən müvafiq büdcə smetalarına da baxılacaq.

    Sessiyanın gündəliyində İcraiyyə Şurasının 212-ci və 213-cü sessiyalarının protokollarının təsdiqlənməsi, İcraiyyə Şurasının daxili nizamnaməsinin 59-cu maddəsinin tətbiqinə dair baş direktorun hesabatının dinlənilməsi, baş konfransın qəbul etdiyi proqramın icrası, 2020-2021-ci illər üçün maliyyə idarəçiliyinə dair hesabat, İcraiyyə Şurasının və baş konfransın əvvəlki iclaslarında qəbul edilmiş qərar və qətnamələrin monitorinqi, təhsil və mədəniyyət sahələri ilə bağlı məsələlər yer alıb.

    Həmçinin sessiya çərçivəsində bir çox mühüm məsələlərlə yanaşı, irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə üzrə qurumun yol xəritəsinin həyata keçirilməsi kimi məsələlərə də toxunulacaq. Üzv dövlətlərin irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə üzrə təşkilatın təşəbbüslərini dəstəkləməyi davam etdirməsi, eləcə də bu istiqamətdə təşkilatla davamlı dialoqu inkişaf etdirmək məsələləri də müzakirə olunacaq.

    Qeyd edək ki, İcraiyyə Şurası hər biri dörd il müddətinə seçilən 58 üzv dövlətdən ibarətdir. Azərbaycan 2021-ci ildə İcraiyyə Şurasına 4 illik üzv seçilib.

    İcraiyyə Şurasının 214-cü sessiyası aprelin 13-dək davam edəcək.

  • Nizami Kino Mərkəzində Bakı Braziliya Film Festivalının açılışı olub

    Martın 30-da Nizami Kino Mərkəzində Bakı Braziliya Film Festivalının açılış mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət Nazirliyi və Braziliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

    Açılış mərasimində Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro çıxış edərək bildirib ki, festival Azərbaycan tamaşaçısını Braziliya cəmiyyəti və orada çəkilən filmlərlə bağlı məlumatlandırmaq üçün gözəl fürsət yaradır. Festivalda nümayiş edilən filmlər ən çox mükafat qazanmış ekran əsərləridir. Filmlər insanlardan, onların maraq və düşüncələrindən, sevgi əhvalatlarından bəhs edir.

    Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Braziliya-Azərbaycan münasibətlərində maraqlı məqamlardan danışıb: “Hər iki ölkənin kino tarixi paralel olaraq 1898-ci ildə başlayıb. Bu gün Braziliya üçün önəmli gündür. Braziliya öz müstəqilliyinin 200-cü ildönümünü qeyd edir. Bu il, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu mənada Bakı Braziliya Film Festivalı hər iki dövlətin mədəniyyətinə bir töhfədir”.

    Filmin nümayişindən əvvəl Azərbaycan Kapoeyra Federasiyasının idmançıları performans göstərib.

    Sonra “Qalib gəlmək üçün 10 saniyə” filmi nümayiş olunub. Film 60-70-ci illərdə ikiqat dünya çempionu olmuş, indi də bütün dövrlərin ən yaxşı döyüşçülərindən biri hesab olunan braziliyalı boksçu Eder Jofrenin bioqrafiyasından bəhs edir.

    Aprelin 3-dək davam edəcək festivalda 4 bədii və 1 sənədli film nümayiş olunacaq.