Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Anar Kərimov: Dünyada baş verən proseslər bizi daha sıx birləşməyə çağırır

    44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan və öz dəstəyini əsirgəməyən bütün türk dövlətlərinə təşəkkürümüzü bildiririk. Dünyada baş verən proseslər bizi daha sıx birləşməyə çağırır. Müasir qloballaşmanın mənfi təsirlərindən qorunmaq üçün bu, çox vacibdir.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov martın 31-də TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclasında söyləyib.

    TÜRKSOY mükafatının təsis edilməsinin əhəmiyyətini vurğulayan nazir bu mükafatın Qarabağ həqiqətlərini dünyaya çatdıran jurnalistlərə təqdim olunduğunu bildirib.

    "Mədəniyyət paytaxtı" layihəsinin türk dünyasının mədəni irsinin qorunması istiqamətində önəmini qeyd edən A.Kərimov Bursa şəhərinin bu işə öz töhfəsini verəcəyini bildirib.

    TÜRKSOY-un həyata keçirdiyi mühüm layihələrdən və tədbirlərdən danışan Azərbaycanın mədəniyyət naziri türk rəssamların sərgilərinin, teatr tamaşalarının, festivalların, dahi şəxsiyyətlərin yubileylərinin təşkilinin əhəmiyyətini vurğulayıb.

    Anar Kərimov bu tədbirin türk dünyasının mədəni irsinin qorunması, əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

  • TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası Bursada işə başlayıb

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası Türkiyənin Bursa şəhərində martın 31-də işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasda təşkilatın ötən dövrdəki fəaliyyətinə dair hesabat dinləniləcək, təşkilati və cari məsələlərə baxılacaq.

    İclasın gündəliyində olan ən mühüm məsələlərdən biri Şuşa şəhərinin 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsidir.

  • Gürcüstan “Trans-Xəzər Şərq-Qərb” dəhlizi üzrə qətnaməyə qoşulub

    Gürcüstan “Trans-Xəzər Şərq-Qərb” dəhlizi üzrə Azərbaycan, Türkiyə və Qazaxıstanın imzaladığı qətnaməyə qoşulub.

    Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

    Sənəddə nəqliyyat dəhlizlərinin inkişafının və tranzit potensialının artırılması, tərəflərin dəhlizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

    Qətnamədə həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa və Asiya arasında rəqabətqabiliyyətli daşımaların təşviqində mühüm rolu və xəttin ötürücülük qabiliyyətinin artırılması üçün tikinti işlərinin başa çatdırılmasının önəmi də vurğulanıb.

    Sənəddə bu marşrut üzrə nəqliyyat əməliyyatlarının keyfiyyətini artırmaq üçün infrastruktura investisiyalara əhəmiyyətli ehtiyacın olduğu da qeyd edilib.

  • Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarının qiyməti məlum olub

    “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5G texnoloji standartının tətbiqi ilə sellülar (mobil) rabitə xidmətlərinin təşkilinə lisenziyanın verilməsi üçün mobil operatorlardan müraciət daxil olmayıb”.

    Bu barədə Report-un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

    "Lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun həyata keçirilir. Hazırda bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da 5G texnoloji standartının tətbiqi üçün hazırlıq işləri aparılır. Bu istiqamətdə artıq konseptual sənəd hazırlanıb. Bu sənədə şəbəkənin tətbiqi, standartları, tezliklərin paylanması ilə bağlı bütün məsələlər daxil edilib. Bundan əlavə, bu sənəddə texnologiyanın tətbiqi barədə məsələlər də əks etdirilir. Bu şəbəkədə hansı cihazların istifadə oluna biləcəyi göstərilir, bəzi digər məsələlər əks etdirilir”, - deyə qurum bəyan edib.

    Xatırladaq ki, hazırda Azərbaycanda 4 mobil operator mövcuddur ki, onlarda 3-ü ("Azercell", "Bakcell" və "Azərfon") bütün ölkə, 1-i ("Naxtel") isə yalnız Naxçıvan MR ərazisində fəaliyyət göstərir. Ümumölkə mobil operatorlarının təqdim etdiklərii 4G şəbəkəsi isə ölkənin 80%-dən çox ərazisini əhatə edir.

    "Report"un əldə etdiyi məlumata görə, hazırda Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarnın qiyməti 1 milyon manatdır. 3G üçün isə lisenziya isə bir qədər ucuzdur. RİNN lisenziyaların qiymətləri ilə bağlı şərh verməyib.

  • Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

    Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak etdiyi Qlobal Sahibkarlıq Konfransında Azərbaycan startapları da öz layihələrini təqdim ediblər.

    Report bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

    Məlumata görə, Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) və Beynəlxalq Sahibkarlar Şəbəkəsinin (GEN) təşkilatçılığı ilə keçirilmiş konfransda KOBİA-nın dəstəyi ilə startaplarımız xaricdə onlayn təhsil və təchizatçılarla tədarükçüləri bir araya gətirən onlayn platformalar ilə təmsil olunublar.

    27-30 mart tarixlərində keçirilmiş Qlobal Sahibkarlıq Konfransı çərçivəsində startapçılarımız layihələrini xarici investorlara təqdim edib, bu istiqamətdə bir sıra görüşlər keçiriblər.

    KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də startap ekosisteminin inkişafına dəstək verməkdir. Agentlik mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verir. Ər-Riyadda ölkəmizi təmsil edən "Unibroad" MMC və "Supply Chain Community" MMC-yə də “Startap” şəhadətnamələri verilib. KOBİA həmçinin, yerli startap layihələrinə dəstək məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

  • DANX 2 istiqamətdə müntəzəm marşrut xəttinin təşkili ilə bağlı müsabiqə keçirir

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı-Horadiz (Füzuli)-Bakı və Bakı-Sabirabad-Bakı istiqamətində müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqə elan edib.

    Report xəbər verir ki, iddiaçılar ilkin sənədləri aprelin 29-u, saat 17:00-a qədər, müsabiqə təkliflər toplusunu isə mayın 13-ü, saat 17:0-a qədər DANX-ın Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

    Təkliflərə mayın 26-da qeyd olunan ünvanda baxılacaq.

  • Bakı Kitab Mərkəzində “Məhşər Divanı: Yalanın 17 anı” romanının təqdimatı olacaq

    Martın 31-də Bakı Kitab Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin qələmə aldığı “Məhşər Divanı: Yalanın 17 anı” 445 səhifəlik sənədli romanının təqdimat mərasimi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, o cümlədən hüquq müdafiəçiləri, mədəniyyət xadimləri iştirak edəcəklər.

    Məlumat üçün bildiririk ki, olduqca maraqlı süjet xətti olan “Məhşər Divanı: Yalanın 17 anı” adlı sənədli roman real tarixi hadisələrdən və müəyyən şəxslərin utopik məhkəməsindən bəhs edir.

    Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda həm də çoxsaylı ensiklopedik məlumat yer alıb.

  • Musiqili Teatrda “Açıq qapı” günü unudulmaz anlarla yadda qalıb

    Beynəlxalq Teatr Günü münasibətilə Mədəniyyət Nazirliyinin teatrlarda elan etdiyi “Açıq qapı” günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da unudulmaz anlar yaşanıb.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, teatra maraq göstərən yüzlərlə tamaşaçı yaradıcı kollektivin işi ilə yaxından tanış olmaq üçün teatra axın edib. Teatrın ayrı-ayrı sexləri, iş fəaliyyəti ilə tanışlıqdan, sevdikləri aktyorlarla ünsiyyətdən, eləcə də hazırlıq prosesində olan tamaşanın məşq prosesinə baxışdan sonra onlarda yaranan böyük maraq əvvəlcədən elan olunan “Paris Notr-Dama ithaf” tamaşasının nümayişində özünü bir daha sübut edib.

    Sosial şəbəkələrdə yayılan görüntülər də ürəkaçan olub. Teatrın tamaşaçılarından biri yazıb: “İynə atsan yerə düşməzdi” – bax, buna deyirlər. 460 nəfər zal ağızbaağız dolu, əlavə oturacaqlarla zaldakı insanların sayı 600-ü keçmişdir, hələ çöldə yer olmadığına görə küsüb gedən onlarla insan oldu. 27 Mart – Ümumdünya Teatr Günü münasibətilə incəsənət işçilərini və sənətsevərləri təbrik edirəm. Mərkəzində insan olan bu sənət insan var olduqca yaşayacaq. İnsanı insan edən elm, incəsənət, teatrdır”.

    27 Mart - Beynəlxalq Teatr Günü arxada qalsa da sosial şəbəkələr vasitəsilə teatra ünvanlanan təbrik və minnətdarlıq dolu müraciətlər Akademik Musiqili Teatrda unudulmaz anlar yaşandığını bir daha göstərib.

  • Azərbaycanlı uşaq yazıçısının əsəri Beynəlxalq Uşaq Kitabı Şurasının Fəxri siyahısında yerə alıb

    Uşaq yazıçısı Solmaz Amanovanın “Cəsur ayı və dostları” kitabı Beynəlxalq Uşaq Kitabı Şurasının (IBBY) fəxri siyahısında dördüncü olub.

    AZƏRTAC xəbər verir ki, IBBY tərəfindən təsis edilən Hans Xristian Andersen mükafatı uğrunda 163 müəllif, illüstrator və tərcüməçilər mübarizə aparıb.

    Hans Xristian Andersen mükafatı, dünyanın ən nüfuzlu ədəbi mükafatlarından sayılır, hətta “Kiçik Nobel mükafatı” da adlanır. Bu mükafat yalnız həyatda olan laureatlara verilir.

    Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) İsveçrədə, Sürix şəhərində 1953-cü ildə yaradılıb. Hazırda IBBY-nin dünya üzrə 80 Milli Bölməsi fəaliyyət göstərir.

    F.Köçərli adına IBBY-nin rəsmi üzvüdür və həmin təşkilatla əməkdaşlıq edir.

  • Rəngkarlıq Muzeyində poeziya axşamı keçiriləcək

    Aprelin 7-də Azərbaycan Rəngkarlığı Muzeyində “Mistik ruhun ömrü" sərgisinin finisajı çərçivəsində poeziya axşamı təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, poeziya axşamında müasir Azərbaycan şairləri Leyla Qurbanova, Sahib Məmmədov, Ayxan İbrahimov, Eldar Canaşvili və Lalə Həsənova həm rəssam Mir Nadir Zeynalovun müəllif olduğu əsərlərini, həm də incəsənətə ithaf edilmiş şeirləri səsləndirəcəklər.

    Tədbir rus dilində keçiriləcək.