"Azərbaycanda Rusiya ilə İKT sahəsi daxil olmaqla əməkdaşlıq üçün əlverişli şərait yaradılıb".
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.
Səfir Azərbaycanda Rusiyanın İKT məhsullarına tələbat olduğunu deyən səfir vurğulayıb ki, Rusiya neft hasilatı və digər sahələrdə İKT məhsullarını Azərbaycana təklif edə bilər.
Diplomat AZPROMO tərəfindən iki ölkə arasında İKT sahəsində əməkdaşlıq konsepsiyası hazırlandığını, Rusiya şirkətlərinin bundan yararlana biləcəyini diqqətə çatdırıb.
Bununla yanaşı, 2020-ci ildə iki ölkə arasında inovasiya və texnologiya sahəsində əməkdaşlığa dair sənəd imzalandığı, həmin sənəd çərçivəsində texnologiya şirkətləri arasında əməkdaşlıq qurulduğu xatırlanıb.
Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, unudulmaz xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, BMM tərəfindən təşkil edilən tədbir Xan Şuşinski Fondu ilə birgə baş tutacaq. Xatirə gecəsində tanınmış muğam ifaçıları və musiqi xadimləri iştirak edəcəklər.
Azərbaycan Televiziyası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bədii-sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Hökm” adlı filmdə hadisələr Bakıda cərəyan edir.
1918-ci ilin mart ayının ağır günlərindən bəhs edən ekran işində mülki əhalinin birləşərək erməni-daşnak dəstələrinə müqaviməti əks olunub. Belə ki, türk ordusu gələnə qədər Bakıda əsas yük qoçuların üzərinə düşürdü. Onlar şəhər əhli arasından könüllü dəstələr toplayaraq son güllələrinədək döyüşür, daha sonra isə xəncərlərinə sarılaraq düşmən üzərinə hücuma keçirdilər.
Bu yükü üzərinə götürən Bakı qoçularından biri də Nəcəfqulu adlı gənc idi. Filmdə onun erməni-daşnak dəstələrinə müqaviməti xüsusi olaraq vurğulanır.
Sovet hakimiyyəti qurulandan sonra isə Nəcəfqulu və daha 12 Bakı qoçusu inqilabçı Əli Bayramovun qətlində ittiham olunur. Onlara qarşı haqsızlıq edilir və barələrində ölüm hökmü çıxarılır.
Bədii-sənədli filmdə qoçuların həm də qadın və uşaqları öz canları bahasına qoruduqları, uduzacaqları təqdirdə qadınların düşmən əlinə keçməməsi üçün plan qurduqları səhnələşdirilib. Yaşlı qoçulardan biri “Allah eləməsin, birdən bu davanı uduzsaq, qız-gəlini dənizə tökərik” deyir və qadınları qorumağın nə qədər vacib olduğunu xatırladır.
Filmin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, operatoru Aqşin Rzayev, layihə rəhbəri isə Həmid Əsədzadədir.
Amerikalı aktyor Uill Smit Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı, komediya ustası Kris Roka sillə vurduğuna görə ondan üzr istəyib.
“Report”un məlumatına görə, bu barədə aktyor şəxsi instaqram hesabından paylaşım edib.
“İstənilən formada zorakılıq zəhərli və dağıdıcıdır. Dünən gecə mərasimdəki davranışım qəbuledilməz və bağışlanmazdır”, - Smit instaqram səhifəsində yazıb.
O qeyd edib ki, ona ünvanlanan zarafatlara qulaq asmaq aktyor işinin bir hissəsidir, lakin həyat yoldaşının səhhəti ilə bağlı deyilənlər onda özündə saxlaya bilmədiyi emosional reaksiyaya səbəb olub.
O, Amerika Kino Akademiyasından, şounun təşkilatçılarından və orada olan hər kəsdən, eləcə də bütün dünyadakı tamaşaçılardan üzr istəyib:
“İctimaiyyət qarşısında səndən üzr istəmək istəyirəm Kris. Xətti keçdim, səhv etdim. Utanıram və hərəkətlərim olmaq istədiyim insanı əks etdirmir. Sevgi və xeyirxahlıq dünyasında zorakılığa yer yoxdur”.
Finlandiya Ukraynanın ən böyük muzeylərindən birinin incəsənət əsərlərinin qorunub saxlanmasına yardım edəcək.
AZƏRTAC Finlandiya KİV-inə istinadla xəbər verir ki, Milli Qədim Əsərlər Şurası, Finlandiya Milli Muzeyi və Milli Qalereyası Ukraynanın mədəni irsinin qorunması məqsədilə yardımın göstərilməsi ilə bağlı tədbirlərə başlayıb.
Müvafiq qərar Avropa muzeylərinin, o cümlədən fin muzeylərinin Ukraynadan yardım göstərilməsi ilə bağlı çoxlu sayda sorğuların almasından sonra qəbul edilib.
Finlandiya artıq Lvov Milli Muzeyinin müdafiəsi ilə bağlı işə başlayıb. Belə ki, Ukraynanın muzey rəhbərliyi qablaşdırma materialları, o cümlədən xüsusi qutular, incəsənət əsərlərinin qorunması üçün Finlandiyaya materiallar göndərib.
Qeyd edək ki, Lvovdakı Andrey Şeptitski adına Milli Muzeydə ən zəngin sənət kolleksiyaları, çox dəyərli tarixi-mədəni artefaktlar, dini ikonalar və qədim əlyazmalar var.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov aprelin 15-də saat 10:00-da Xaçmaz şəhər Tarix-Diyarşünaslıq muzeyində Xaçmaz şəhərindən və Şabran rayonundan olan vətəndaşlar qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar nazirliyin info@culture.gov.az elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsilə aprelin 12-dək qədər qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların əlaqələndirici şəxslərə (Musayev Fərid Beybala oğlu- Xaçmaz Regional Mədəniyyət İdarəsi, məsləhətçi: (050) 543 54 33; (02332) 5 39 01, Əliyev Təvəkkül Ənvər oğlu - Xaçmaz Regional Mədəniyyət İdarəsi, Şabran Heydər Əliyev Mərkəzi, direktor (070) 966-17-90; (02335) 3 44 64) müraciət etmələri tövsiyə olunur.
YARAT Müasir İncəsənət Mərkəzində belçikalı konseptual rəssam Mişel Fransuanın “Panoptikum: Təpəgözün baxışında donmuş anlar" fərdi sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgi restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub və azadlıq ehtirasını simvolizə edir. İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik (təpəgöz) gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir. M. Fransuanın əsəri ilhamını, XVIII əsrdə sosioloq və filosof Ceremi Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının pəncərələrini güzgülərlə əvəzləyən rəssam, qüllənin strateji məqsədini tərsinə çevirir.
Beləliklə, M. Fransuanın əsəri şəxsi həyatın toxunulmazlıq hüququnu sanki "oğurlayan və talayan" nəzarət cihazların sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər. Qüllə, həmçinin onun ətrafındakı boşluğu dolduran obyektləri əks etdirir. Digər heykəltəraşlıq müdaxilələri isə, tərk edilmiş çəkiliş meydançasında donmuş anları təqdim edirlər.
Bir çox digər öz sərgilərində olduğu kimi, rəssam daima "qaçış planı"nı axtarır. Elə görünür ki, o, bu azadlığı təbii elementlərin ram olunmayan gözəlliyində, məsələn: ətrafa bürünc fıstıqlar səpən xəyali fəvvarənin coşqun görünüşündə və ya qəribə bulud kimi səmada süzülən gümüş səddin eleqantlığında tapır. Eyni azadedici həzzi, YARAT-ın sifarişi ilə rəssam tərəfindən çəkildiyi filmdə, Azərbaycanın palçıq vulkanları landşaftının elmi fantastikaya bənzəyən sehrinin təkrar görüntülərini müşahidə edərkən hiss etmək olar. Burada fasiləsiz transformasiyada sönən qaz qabarcıqları ilə püskürən lava təsvir edilir. Onlar bir zamanlar sürrealistlərin "partlayış təhlükəli" adlandırmaq istədikləri sirli "məhvedici" gözəlliyə malikdir. Təqdim edilmiş digər heykəltəraşlıq kompozisiyalarının əksəriyyəti ölkənin həqiqi gizli xəzinəsi olan təbii resurslarına müəyyən üsulla istinad edən, diqqətlə seçilmiş zəif, demək olar ki, bayağı materiallardan ibarətdir.
Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir. Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil etmək ideyası durur.
Sərginin kuratoru Barselonada yaşayan belçikalı rəssam-kurator Erix Vaysdır (Erich Weiss).
Xatırladaq ki, sərgi oktyabrın 4-dək açıq qalacaq.
“Auction Baku” MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının metodiki dəstəyi ilə Bakıda auksion təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, aprelin 3-də təşkil ediləcək auksion Azərbaycanda hərrac ənənələrinin inkişaf etdirilməsi, bu sahədə rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayenin rolunu artırmaq məqsədilə keçiriləcək. Auksionda 5 tanınmış rəssamın- Vüqar Muradov, Mir Azər Abdullayev, Anar Hüseynzadə, Cəlal Ağayev və Milena Nəbiyevanın Novruz atributlarından olan yumurta forması üzərində çəkdiyi əsərlər hərraca çıxarılacaq. Bununla yanaşı, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan Novruz bayramı mövzusunda əsərlər sərgilənəcək.
Xalqımızın milli adət-ənənələrini və ən nadir xüsusiyyətlərini özündə birləşdirən Novruz bayramına zaman-zaman Azərbaycan rəssamları da öz yaradıcılıqlarında yer vermiş və bədii dəyərə malik əsərlər yaratmışlar.
“Vinni Pux” və “Bremen şəhərinin musiqiçiləri" filmlərinin yaradıcı-animatorlarından biri olan Violetta Kolesnikova vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə onun çalışdığı "Şar" studiyasının mətbuat xidməti məlumat yayıb. 83 yaşında vəfat edən Kolesnikovanın ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, 1959-cu ildən "Soyuzmultfilm"də çalışan Violetta "Matç - revanş", "Mavi bala", "Film, film, film" kimi cizgi filmlərinin hazırlanmasında da iştirak edib.
İsveçrədə keçirilən 36-cı Beynəlxalq Fribourq Film Festivalında rejissor Maryna Er Qorbaxın TRT-nin ortaq istehsalı olan “Klondike” filmi 3 mükafat qazanıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna və Türkiyənin birgə istehsalı olan film “Beynəlxalq müsabiqənin ən yaxşı filmi”, “Gənc münsiflər heyətinin fəxri adı” və “Kino tənqidçilərinin ən yaxşı filmi” mükafatlarına layiq görülüb.
Mükafat mərasimində rejissor Maryna Er Qorbaçla yanaşı, filmin ortaq prodüseri olan Mehmet Bahadır Er də iştirak edib. Mərasimdəki çıxışında Qorbaç müharibə şəraitində ölkəsini müdafiə edən ukraynalı sənətçilərə diqqət çəkib.
Aprelin 8-19-da 41-ci İstanbul Film Festivalının “Milli yarışma” bölməsində “Klondayk” filminin Türkiyə premyerası baş tutacaq. Film çəkiliş qrupunun iştirakı ilə aprelin 14-də nümayiş olunacaq.
Film Ukrayna-Rusiya sərhəddində yaşayan və kəndinin separatçı qruplar tərəfindən mühasirəyə alınmasına baxmayaraq, evini tərk etmək istəməyən hamilə qadının hekayəsindən bəhs edir.