Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda uşaq və yeniyetmələr üçün rəsm müsabiqəsi elan olunub

    Bakıda “Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində eyniadlı müsabiqə elan olunub.

    AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilir.

    Müsabiqə uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunur.

    Yaşı 21-ə qədər olan istedadlı şəxslər mayın 2-dək Xətai Sənət Mərkəzinin feysbuk səhifəsinə (https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim etdiyi əsərin fotosu, əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilər.

    Əsərlər feysbuk qrupunda tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.

    Mövzu sərbəstdir. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

    Seçim zamanı müdaxiləsiz işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

    Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası.

    Birinci turdan keçmiş əsərlər sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə gətirilməlidir.

    Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

    Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

    Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

  • Azərbaycanın mədəniyyət naziri Türkiyəyə gedir

    Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gedir.

    Bu barədə Report-a nazirlikdən məlumat verilib.

    "Səfər çərçivəsində Türkiyənin Bursa şəhərində 30-31 mart tarixində keçiriləcək Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURSKOY) növbəti iclasında iştirak, həmçinin bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur", - nazirlikdən vurğulanıb.

  • Rüstəm İbrahimbəyovun yerinə yeni sədr seçiləcək

    Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinə yeni sədr seçiləcək.

    Bunu Report-a açıqlamasında yaradıcı təşkilatın katibi Əli İsa Cabbarov deyib.

    O bildirib ki, seçkilər ittifaqın İdarə Heyətinin mərhum sədri Rüstəm İbrahimbəyovun 40 mərasimindən sonra keçiriləcək.

    Əli İsa Cabbarov söyləyib ki, strukturuna görə Azərbaycan Kinematoqrafçılar İttifaqının ali orqanı İdarə Heyətidir: "İdarə Heyətinin 18 üzvü var. Bundan əlavə, işləri aparan icraçı isə katiblikdir. Katibliyin də 7 üzvü var. Rüstəm müəllim vəfat edəndən sonra say 6-ya düşüb".

    Onun sözlərinə görə, katiblik hazırda R.İbrahimbəyovun sağlığında qoyduğu tapşırıqları yerinə yetirir, gündəlik məsələlərlə məşğul olur: "Yəni filmlərin təbliğatı, kino məktəbi, müavinətlərin verilməsi ilə bağlı işlər görülür. Rüstəm müəllimin 40 mərasimindən sonra İdarə Heyəti yığışaraq təşkilatın ümumi iclasının vaxtını təyin edəcək. Ümumi iclasda bütün üzvlərin iştirakı ilə yeni sədr seçiləcək. Həmçinin İdarə Heyətinin üzvləri və katiblik də yenidən fomalaşdırılacaq”.

    Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Onun cənazəsi Bakıya gətirilib və martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.

  • “Tanrı yoxuşu” Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsindən bəhs edir

    Tanrı yoxuşu Murovdağ silsiləsindən Daşkəsənə adlayan aşırımlardan biridir. Kəlbəcər erməni quldur birləşmələrinin işğal altına düşəndə həmin aşırımı adlamaq həyati əhəmiyyət kəsb edirdi. Amma amansız düşmən və sərt təbiətlə ölüm-dirim mübarizəsi nəticəsində qarlı-çovğunlu aşırımı adlamaq heç də mühasirəyə düşənlərin hamısına nəsib olmadı. Qarlı aşırımda uçqunda dərəyə yuvarlanaraq həlak olanların, itkin düşənlərin, donvurmadan ölənlərin sayı-hesabı yox idi...

    AZƏRTAC xəbər verir ki, əslən Kəlbəcərdən olan araşdırmaçı-jurnalist Elxan Salahovun “Tanrı yoxuşu” kitabında 1993-cü ildə düşmən mühasirəsındən xilas olmağa çalışanların həyat mücadiləsindən, real faktlar əsasında qələmə alınmış erməni hərbi birləşmələrinin törətdiyi müharibə cinayətlərindən bəhs edir.

    Birinci Qarabağ müharibəsinin hələ də qaranlıq qalan səhifələri, açılmayan, araşdırılmayan, ictimaiyyətin xəbərsiz qaldığı hadisələri var. Bunlardan biri də 1993-cü ilin aprelində Ermənistanın quldur dəstələri Kəlbəcəri işğal edərkən mühasirədə qalan insanların başına gələn müsibətlərdir. Kitabda mühasirədə qalan əsgərlərin və dinc sakinlərin başına gələnlər, ermənilərin törətdiyi qətliamlar və vandalizm hərəkətləri şahidlərin xatirələri əsasında qələmə alınıb.

    Kitabın redaktoru tanınmış publisist Süleyman Qaradağlıdır.

  • “Ən yaxşı kişi aktyor” nominasiya üzrə “Oskar” mükafatının qalibi Uil Smit olub

    “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatı qazanan “Kral Riçard” filmindəki roluna görə ABŞ aktyoru və musiqiçisi Uil Smit olub.

    AZƏRTAC xəbər verir ki, aktyora ilk “Oskarı” qazandıran filmin rejissoru Markus Qrindir.

    Mükafat uğrunda həmçinin Xavyer Bardem, Benedikt Kamberbetç, Denzel Vaşinqton və Endryu Qarfild mübarizə aparıb.

  • “Qızıl moruq” mükafatının builki sahibləri müəyyənləşib

    İlin ən pis filmi, rejissoru və aktyorlarının seçildiyi “Qızıl moruq” mükafatının builki sahibləri bəlli olub.

    AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, qalib adına 10 nominasiya üzrə namizəd olan “Diana: The Musical” filmi beş kateqoriyada, o cümlədən əsas – “İlin ən pis filmi” mükafatına layiq görülüb. Təqdimat zamanı Şahzadə Diananın həyatından bəhs edən filmin 2020-ci ildə bu nominasiya üzrə birinci olan “Cats” adlı ekran işindən də pis olduğu bildirilib.

    “Netflix” tərəfindən ekranlaşdırılan filmin ilk sırada yer aldığı digər nominasiyalar isə “Ən pis rejissor” (Kristofer Eşli), “Ən pis ssenari” (David Bryan və Joe DiPietro), “Ən pis aktrisa” (Janna de Vaal) və “Ən pis ikinci plan aktrisası” (Cudi Key) olub.

    Bundan başqa, “Space Jam: The New Generation” filmi də “Ən pis remeyk”, “Ən pis ardıcıllıq” nominasiyalarının qalibi olub. "Warner Bros" tərəfindən lentə alınan ekran işində baş rolu canlandıran basketbolçu LeBron Ceyms isə "Ən pis aktyor" adına layiq görülüb.

    Aktyor Cared Leto “The House of Gucci” filmindəki roluna görə “İkinci planda ən pis aktyor” seçilib.

  • Vill Smit həyat yoldaşını ələ salan aparıcını vurub

    “Oskar-2022” mükafatının təqdimat mərasimində qalmaqal yaşanıb.

    AZƏRTAC “İndependent” portalına istinadla xəbər verir ki, məşhur Amerika aktyoru Vill Smit həyat yoldaşı, aktrisa Cada Pinkett Smiti ələ saldığı üçün səhnəyə çıxaraq verilişin aparıcısı Kris Roka sillə vurub.

    Buna səbəb aparıcının xanım Smiti ələ salaraq qısa kəsdirdiyi saçlarına görə ona “əsgər Ceyn” deyə müraciət etməsi olub. Qeyd edək ki, Cada Smit saçları töküldüyü üçün qısa kəsim elətdirir.

    2022-ci ilin ən yaxşı kişi roluna görə birinci mükafata layiq görülən Vill Smit ürək sözlərini dilə gətirərkən emosional hərəkəti üçün üzr istəyib. Amma qeyd edib ki, peşəsindən asılı olmayaraq hər bir insanın bu həyatda əsas vəzifələrindən biri də ailəsini qorumaqdır. Aktyor buna misal olaraq “Kral Riçard” filmindəki özünün canlandırdığı Riçard Vilyams obrazını misal çəkib. Yeri gəlmişkən, Riçard Vilyams məşhur tennis ustaları Serena və Venus Vilyams bacılarının atasıdır.

    Xatırladaq ki, Hollivud ulduzları arasında ən çox qazanan 53 yaşlı Vill Smitin illik qazancı 80 milyon dollar təşkil edir.

  • Prezidentin köməkçisi: "Qarabağda vandalizmə məruz qalan teatrlarımız tezliklə yenidən fəaliyyətə başlayacaq"

    "27 mart Dünya Teatr Günüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə açıb".

    Report xəbər verir ki, bunları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Twitter hesabında yazıb.

    "Qarabağda erməni vandalizminə məruz qalan teatrlarımız tezliklə yenidən fəaliyyətə başlayacaq", - Prezidentin köməkçisi qeyd edib.

  • Reza Deqati: Mütləq Şuşaya gəlin

    1992-ci ilin aprelində şəhərin erməni qüvvələrinin əlinə keçməsinə bir neçə həftə qalmış Şuşanı tərk edən sonuncu jurnalist mən olmuşam. Həmişə geri qayıtmaq istəyirdim və 2020-ci ildə şəhərə gələn ilk jurnalist mən oldum.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər dünyaşöhrətli fotoqraf Reza Deqatinin Şuşadan çəkdiyi videopaylaşımda yer alıb.

    Fotoqrafın instaqram səhifəsindəki paylaşımında qeyd olunub: “Azərbaycan abidələrinin bu dərəcə vandalizm və geniş çaplı dağıdılması məni sarsıtdı. Mən bütün Qarabağı, xüsusən Şuşanı işğaldan azad olunduğu gündən fotolarını çəkirdim və onu qar altında çəkib Novruzda orda olmağı arzulayırdım. Hər iki arzum bir anda gerçəkləşir. Sevimli bağçasında oynayan uşaq kimi idim. Mütləq Şuşaya gəlin.

    Ümid edirəm ki, bəyənəcəksiniz və zəhmət olmasa paylaşıb repost edin və dostlarınızı da paylaşmağa təşviq edin”.

     

  • Bakıda Braziliya film festivalı keçiriləcək

    Martın 30-dan aprelin 3-dək Nizami Kino Mərkəzində Braziliya film festivalı keçiriləcək.

    “Report” Braziliyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfirliyin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək tədbir çərçivəsində 4 bədii və 1 sənədli film nümayiş olunacaq. Bütün filmlər orijinal dildə, azərbaycanca subtitrlə göstəriləcək.