Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • İkiüzlü xovlu xalçanın toxunması üzrə ustad dərsi keçiriləcək

    Aprelin 2-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirov tərəfindən ikiüzlü xovlu xalçanın toxunması üzrə ustad dərsi keçiriləcək.

    Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, dərslərə 18 yaşdan yuxarı şəxslər qatıla bilərlər.

    Yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçmək vacibdir.

  • Xalça Muzeyində yeni layihənin təqdimatı olub

    Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, sözügedən layihə beynəlxalq nüfuza malik art-menecer və təcrübəli sənətşünas Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir. Könül Rəfiyevanın kuratoru olduğu layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir.

    Təqdimat mərasimində layihənin mentoru, sənətşünas Cahangir Səlimxanov çıxış edərək layihə haqqında məlumat verib: “Bu layihə adında da qeyd olunduğu kimi, yeni üfüqlər açacaq. “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsi Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu, Hote İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir”.

    Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova xalçanın muzey kolleksiyasının ən dəyərli eksponatlarından biri olduğunu deyib.

    O vurğulayıb ki, videoda xalçanın həyatı nəfs şəkildə canlanır: “Biz istəyirdik ki, musiqi ilə birlikdə mistik bir video yaradaq. Maraqlı bir layihə alındı. Seçimlər zamanı mən ilk olaraq bu xalçanı seçdim. Çünki bu xalçanın çox maraqlı tarixi var. Bu qiymətli xalça on səkkizinci əsrə aiddir. Uzun müddət erməni kolleksiyaçılardan birinin kolleksiyasında saxlanılan xalça on beş ildən artıq bir müddətdə İtaliyada saxlanılıb. Artıq bu xalça bizim muzeyimizdədir”.

    Layihənin kuratoru Könül Rəfiyeva bildirib ki, layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir. Qeyd edib ki, layihə böyük əhəmiyyətə malikdir: “Biz artıq bir ildən çoxdur ki, Cahangir müəllimlə Azərbaycan muzeylərində innovativ yanaşma üzərində işləyirik. Bu gün layihə üçün Qarabağ xalçasının seçilməsi təsadüfi deyil. Qarabağ xalçaları öz ad-sanı ilə məşhurdur. Bu layihənin davamı olacaq”.

    Sonra layihənin təqdimatı olub.

    Muzey kolleksiyasının ən dəyərli eksponatlarından olan XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdirilib.

    Qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya elektron musiqi prodüseri və tar ifaçısı İbrahim Babayevin “vİBrant” adlı yeni albomuna daxil olan “Muğam+” bəstəsi ilə müşayiət edilib.

  • Bursada TÜRKSOY-un Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçiriləcək

    Martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının fövqəladə iclası keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. İclas təşkilati və cari məsələlərə baxacaq.

    İclasın qərar və qətnamələri imzalanandan sonra nəticələrlə bağlı mətbuat konfransı olacaq.

    Qeyd edək ki, martın 30-da “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi baş tutacaq. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin Daimi Şurasının iclasında ölkələri təmsil edən rəsmi heyətlər, türk dünyasından, eləcə də beynəlxalq təşkilatlardan çox sayda qonağın iştirakı ilə keçiriləcək açılış mərasimi rəsmi hissə və zəngin bədii proqramdan ibarətdir.

    Bursa türk dünyası mədəniyyət paytaxtı estafetini Özbəkistanın Xivə şəhərindən qəbul edib.

  • ICESCO ilə UNESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

    İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və UNESCO-nun Baş direktoru Odri Azulay iki təşkilat arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

    ICESCO-nun baş ofisindən AZƏRTAC-a bildiriblər ki, Mərakeşin paytaxtı Rabat şəhərinin 2022-ci ildə İslam Mədəniyyəti Paytaxtı elan edilməsi çərçivəsində keçirilən görüşdə iki təşkilat arasında 2019-cu ilin noyabrında imzalanmış sazişin müddəalarının yerinə yetirilməsi müzakirə olunub. Tərəflər gənclərin dünyada sülhün bərqərar olması üzrə təlimlərdə iştirakı, sivilizasiyalar arasında dialoq ilə bağlı birgə tədbirlərin təşkili, kosmik tədqiqatlar və süni intellekt sahələrində tədqiqatların aparılması, İslam irsinin qorunması və təbliği, iqlim dəyişikliyi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Sonda ICESCO-nun Baş direktoru Odri Azulaya təşkilatın bu yaxınlarda nəşr etdirdiyi “Sülh imkanlarının kəşf edilməsi” adlı kitabı hədiyyə edib.

  • “Səhranın bəyaz günəşi” filminin yaranmasından 54 il ötür

    Sovet dövrünün filmləri sırasında özünəməxsus yer tutan, dəyərli sənət nümunələrindən olan, yarım əsrlik tarixi geridə qoyan “Səhranın bəyaz günəşi” filminin yaranmasının 54 ili tamam olur.

    AZƏRTAC filmlə bağlı maraqlı faktları oxuculara təqdim edir.

    1968-ci ildə “Mosfilm” və “Lenfilm” studiyalarının birgə istehsalı olan, Valentin Yejov və Rüstəm İbrahimbəyovun ssenarisi əsasında ekranlaşdırılan “Səhranın bəyaz günəşi” adlı filmin sınaq çəkilişlərinə başlanılır. Mövzuya əsasən filmdə hadisələr 1920-ci illərin əvvəllərində Xəzər dənizinin şərq sahilində baş verir.

    Filmin taleyi maraqlı olduğu qədər də keşməkeşli olub. Belə ki, filmin ideyası ilk baxışdan təsadüfən ortaya çıxıb.

    Xatırladaq ki, film hazır olduqdan sonra bir çox kadrlar çıxarılıb. R.İbrahimbəyov bu barədə deyib: “Kəsilən hissələrdə Abdullanın arvadı onun ölmüş cəsədinin yanında oturub ağlaması, Qızıl Ordu əsgəri Suxovun səhrada dolanması, hətta xilaskar kimi yox, yeni başçı kimi dolanması var idi. Bundan başqa, hərəmlərdən biri səhrada üzərində “Karl Marks” yazılmış kitabı oxuyur. Doğrusu, iki variant çəkilmişdi. Birində imza yaxşı görünür, ikincidə isə budaq onun üstünü örtür…Doğrudur, biz hesab edirik ki, kəsilən kadrlar film üçün itkidir. Ancaq Sovet senzurası əvvəlcə filmə çox həssas yanaşdı. Valentin Yejov filmin müzakirəsini belə bir elanla başladı ki, hərəmxana bardaqxana deyil. Bu, olduqca abırlı sosial institutdur, ona görə də, filmdə belə bir şeyin olmasında pis heç nə yoxdur.”

    Ssenarinin çəkilişindən tutmuş sınaq çəkilişlərinə qədər, sonrakı proseslərdə filmin təqdimatında olan müzakirələr, bəzən tənqidi məqamlar, ancaq nə olur, olsun öz dövrü üçün önəmli sənət nümunəsi kimi qəbul edilən “Səhranın bəyaz günəşi” filmi böyük əks-səda yaradıb. 1970-ci ildə filmin prokatı reytinqdə lider olub. Bir ildə filmə 50 milyon adam baxıb. Bəlkə də ona görə ki, inqilab filmin mövzusu deyil, əksinə müəyyən bir fon rolunu oynayıb.

  • Bu gün “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının açılış mərasimi keçiriləcək

    “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının açılış mərasiminə hazırlıq işləri başa çatıb. Artıq türk dünyasını təmsil edən qonaqların, eləcə də jurnalistlərin şəhər gəzintisi başlayıb. Bursa qonaqlarını zəngin bədii proqramla qarşılayır.

    AZƏRTAC xəbər verir ki, bu il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək qədim Bursa şəhəri rəsmi heyətlər başda olmaqla qonaqları qarşılayıb.

    Martın 30-da Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə türk dövlətlərini təmsil edən heyət və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə Bursada toplantı keçiriləcək. Axşam isə geniş ictimaiyyətin iştirakı ilə “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının açılış mərasimini olacaq.

    Tədbirdə Azərbaycanı mədəniyyət naziri Anar Kərimov, Qırğızıstanı mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstanı mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərliyi ilə nümayəndə heyətləri təmsil edir.

    Mərasimdə Türkmənistan ölkənin Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstan isə İstanbuldakı Baş konsulu Laszlo Keller səviyyəsində təmsil olunurlar. Bundan başqa, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov; TÜRKSOY Baş katibliyinə namizəd Sultanbay Raev, TÜRKPA Baş katibi Mehmet Sureyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmi şəxslər, həmçinin Türk Dövlətləri Təşkilatının Ankaradakı səfirləri mərasimdə iştirak edəcəklər.

    Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası martın 31-də Bursa şəhərində keçiriləcək. İclasda təşkilati və cari məsələlərə baxılacaq.

  • Şəhid Rəşid Abdullayevə həsr olunmuş videoçarx hazırlanıb

    Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Qanı ilə tarix yazan Rəşid Abdullayev” adlı videoçarx hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, videoçarxda şəhidin keçdiyi döyüş yolu haqda faktlar öz əksini tapıb.

    2002-ci ildə Samux rayonunda doğulan Rəşid Abdullayev orta məktəbi bitirdikdən sonra, 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Tarix müəllimi olmağı arzulayan Rəşid, hərbi xidmətini bitirdikdən sonra yenidən imtahanlara hazırlaşacaqdı. Lakin o, cəmi 18 yaşında olmasına baxmayaraq, qorxmazlığı və igidliyi ilə torpaqlarımızın azadlığı uğrunda qanı ilə tarix yazdı.

    Şəhid valideynləri onunla təsəlli tapırlar ki, Rəşid cəmi 18 il yaşamasına baxmayaraq, mənalı ömür sürüb və əbədiyaşar ad qoyub gedib bu dünyadan, neçə-neçə Rəşidlər azad, müstəqil ölkədə yaşasın deyə...

    Ailəsi Rəşidin şəhid olması xəbərini noyabrın 9-da alıb. İgid əsgər Bayraq Günü elə müqəddəs bayrağa bükülərək evlərinə gəlib.

    Şəhid Rəşid Abdullayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

  • "Ulduz yolu" filminin rejissoru vəfat edib

    Amerikalı kinorejissor, prodüser Marvin Çomski 92 yaşında vəfat edib.

    AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, rejissor Santa Monikadakı hospisdə dünyasını dəyişib. Onun ölümü ilə bağlı oğlu, eyni zamanda, kinoprodüser Peter Çomski məlumat verib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.

    Qeyd edək ki, Marvin 1978-ci ildə "Holokost" mini serialna, 1980-ci ildə "Attica" televiziya filminə, 1982-ci ildə "Üçüncü Reyxin daxilində" filmi və 1986-cı ildə "Böyük Pyotr" miniserialındakı işinə görə “Emmi” mükafatları alıb. O, həmçinin məşhur "Ulduz yolu" serialının da rejissoru olub.

  • Bakının Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmirinə başlanılıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “İnvestisiya Proqramına”na əsasən, Bakının Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmirinə başlayıb.

    Report bu barədə Agentliyə istinadən xəbər verir.

    Məlumata görə, uzunluğu 1 300, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı, küçə profilə salınıb. Hazırda zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.

    Yenidənqurma işləri çərçivəsində küçə boyu 1 600 p/metr bardyur və vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1 500 p/metr yeni piyada səkilərinin inşası nəzərdə tutulub. Son mərhələdə küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, avtobus dayanacağı, yol nişanları quraşdırılacaq, yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

    Təmir işlərinin Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılması nəzərdə tutulur.

    Agentlik ötən il rayon ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edib.

  • Heydər Əliyev Beynəlxalq Aeroportu dronlardan mühafizə olunacaq

    Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının (PUA) aerodrom ərazisi üzərində radiosiqnallarını bloklayaraq PUA-nın icazəsiz uçuşlarının qarşısını alan kompleks sistem tətbiq ediləcək.

    Bu barədə Report-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

    Məlumata görə, pilotsuz uçuş aparatlarının aerodromlar üzərində və ya uçuş-enmə zolaqlarının yaxınlığında uçuşu reysin gecikdirilməsinə, uçuşun təxirə salınmasına səbəb ola bilər, dronlarla toqquşma və ya onların təyyarənin mühərrikinə düşməsi isə hava gəmisinin zədələnməsi ilə nəticələnə bilər.

    Bu səbəbdən, hava limanı ərazisinin pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsindən mühafizə edilməsi mülki aviasiya üçün prioritet vəzifədir və AZAL-ın "Azəraeronaviqasiya" HHİ-nin (AZANS) əsas məqsədlərindən biridir.

    Bununla əlaqədar, AZANS Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün hava məkanının dronların qərəzli və ya qeyri-ixtiyari istifadəsindən qorunması üzrə tədbirlər həyata keçirəcək.

    Sistem, üfüqi və şaquli müstəvilərdə səmərəli qoruyucu radiusa malik olmaqla, uçuş cədvəlinə əsasən reyslərin gecikməsi riskinin qarşısını alacaq. Dron əleyhinə mühafizə sistemi rabitə operatorları şəbəkəsinin işinə və naviqasiya sisteminin siqnallarının ötürülməsinə təsir etməyəcək.

    Sistemin iş prinsipi hava limanları yaxınlığında pilotsuz uçuş aparatlarının aşkar edilməsindən və onların idarə olunmasına müdaxilə etməklə uçuş yerinə qayıtmasına məcbur etməkdən ibarətdir.

    Azərbaycan qanunvericiliyində pilotsuz uçuş aparatlarının idxalına və istismarına xüsusi icazənin alınmasının nəzərdə tutulmasına baxmayaraq, hava limanları yaxınlığında xüsusi təhlükə yaradan pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsi ilə bağlı hallar hələ də mövcuddur.

    Hava gəmisinin pilotsuz uçuş aparatı ilə toqquşmasından yaranan zərər, təsirinə görə quşla toqquşmadan daha təhlükəlidir. Onların geniş yayılması, eləcə də dron istifadəçilərinin təlim keçməməsi mülki aviasiya üçün potensial riskdir.

    Dronlarla bağlı insidentlər mütəmadi olaraq dünyanın müxtəlif hava limanlarında müşahidə olunur. 2018-ci ilin dekabr ayında dronla toqquşma təhlükəsi səbəbindən London şəhərinin "Getvik" hava limanında yüzlərlə uçuş gecikdirilib.