Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Paltar ianə qutuları yenidən ixtiyarınızdadır!!!

    Paltar ianə qutuları yenidən ixtiyarınızdadır!!!
    Lazımsız və istifadəyə yararlı olan geyim əşyalarınızı tullamaq əvəzinə bu qutulara yerləşdirməyinizi xahiş edirik. Paltarlarınıza ikinci ömür verməklə siz həm insanlara öz yardım əlinizi uzatmış, həm də təbiətə vurulan zərəri azaltmış olursunuz.
    Qutuların yerləşdiyi ünvanlar:
    "Bravo" hipermarket - Koroğlu m/s yaxınlığı
    "Bravo" hipermarket - 20 Yanvar m/s yaxınlığı
    "Bravo" hipermarket - Əhmədli qəsəbəsi (köhnə Radiozavod)
    "Bravo" superstor - Babək prospekti, Xətai m/s yaxınlığı
    "SOCAR Petroleum" yanacaqdoldurma məntəqəsi -Babək prospekti
    Xahiş edirik, ianə etdiyiniz geyimlərin qutulara atılmadan öncə təmiz olmasına diqqət edin, qutulara kənar əşyalar və zibil atmayın.

  • Tofiq Quliyevin 105 illiyi münasibətilə konsert proqramı təqdim ediləcək

    Aprelin 29-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 105 illiyinə həsr olunan “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı təqdim ediləcək.

    AZƏRTAC xəbər verir ki, proqramda Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Azər Zeynalov, İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Murad Hüseynov, Əməkdar artistlər Anar Şuşalı, Aygün Bəylər, Zamiq Hüseynov, Elton Hüseynəliyev, İnarə Babayeva, həmçinin Zabitə Alıyeva, Mirələm Mirələmov, Kamilə Babayeva, “Qaya” Dövlət Ansamblı, Akademik Musiqili Teatrın orkestri, xoru, balet truppası və solistləri çıxış edəcək.

    Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

    Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib. Görkəmli bəstəkarın əsərləri hələ neçə-neçə qərinələr sonra da insanlar tərəfindən böyük sevgi və maraqla dinləniləcək.

  • Xalça Muzeyində yeni layihənin təqdimatı olacaq

    Martın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, bu beynəlxalq nüfuza malik art-menecer və təcrübəli sənətşünas Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir. Könül Rəfiyevanın kuratoru olduğu layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir.

    Burada muzey kolleksiyasının ən dəyərli eksponatlarından olan XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdiriləcək. Ziyarətçilər martın 29-da saat 10.00-dan 18.00-dək ekspozisiyada yerləşdirilən videoinstalyasiya ilə tanış ola biləcəklər.

    Qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya elektron musiqi prodüseri və tar ifaçısı İbrahim Babayevin “vİBrant” adlı yeni albomuna daxil olan “Muğam+” bəstəsi ilə müşaiyət edilir.

    “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsi Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu (International Relief Fund2021), Höte İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir.

  • Sənət şöhrəti Şuşadan bütün dünyaya yayılan dahi

    “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Şuşanın simaları” bölməsi üzrə növbəti təqdimatı müsəlman Şərqində ilk operanın banisi, dünyaşöhrətli bəstəkar, görkəmli musiqişünas alim, yazıçı, publisist, ictimai xadim, Xalq artisti, akademik, ən məşhur şuşalı Üzeyir Hacıbəyliyə həsr olunub.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Azərbaycanın mədəniyyət tarixində misilsiz xidmətləri olan Üzeyir bəyin ana yurdu musiqi-sənət beşiyi Şuşa şəhəridir. Dahi musiqiçinin uşaqlığı qədim Qarabağımızın tacı olan Şuşada keçib. Üzeyir dühasının qaynaqları da qarlı zirvələrin, dibi görünməz uçurumların, dərin dərələrin dövrələdiyi, sərin səhər nəsimlərinin oxşayıb tumarladığı, bulaqları bal dadan Şuşadır!

    Üzeyir bəyin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuşdu. Üzeyir bəyin anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Bəstəkarın dayısı Ağalar bəy Əliverdibəyov xalq musiqisinin gözəl bilicisi və Üzeyir bəyin ilk musiqi müəllimi olub. Üzeyir Hacıbəylinin, eləcə də onun qardaşlarının musiqi istedadı Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Qarabağın, Şuşa şəhərinin zəngin musiqili mühitində formalaşıb.

    Üzeyir Hacıbəyli ibtidai təhsilini Şuşada, Nikolayevski adına rus-tatar məktəbində alıb. 1899-cu ildə bu məktəbi bitirdikdən sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olub. 1904-cü ildə seminariyanı bitirib Şuşa yaxınlığındakı Hadrut kənd məktəbinə müəllim kimi əmək fəaliyyətinə başlamışdı.

    Üzeyir Hacıbəyli bütün ömrünü, bilik və bacarığını müasir mədəniyyətin, musiqi elmi və musiqi sənətinin inkişafına sərf edib. O, müxtəlif təhsil sistemli musiqi məktəblərinin açılması, Azərbaycan Dövlət Konservatoriyasının təşkil olunması, dünya musiqi mədəniyyəti səviyyəli kadrların yetişdirilməsi, Azərbaycan musiqi tarixi və musiqi nəzəriyyəsinin yaradılması sahəsində xüsusi xidmətlər göstərib. Bununla yanaşı, bir-birinin ardınca musiqi təhsili və metodikasına aid dərslik və dərs vəsaitləri çap etdirir, yeni-yeni musiqili səhnə əsərləri yazıb.

    Üzeyir bəy 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyub. Bəstəkarın 1910-cu ildə ərsəyə gətirdiyi “Ər və arvad” əsəri isə ölkəmizdə operetta janrının ilk nümunəsidir. Sənətkar daha sonra “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi operettalarını, “Əsli və Kərəm”, “Koroğlu” operalarını yaradıb. Üzeyir bəy, eyni zamanda, Azərbaycanın Dövlət Himninin, unudulmaz romans (“Sənsiz”, “Sevgili canan”) və mahnıların müəllifidir.

    Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin yaradıcısı olmaqla yanaşı, musiqişünas, onun əsaslarını və prinsiplərini dərindən bilən və tədris edən görkəmli alim-pedaqoq idi. "Azərbaycan xalq musiqisinin əsasları" fundamental kitabı, habelə "Azərbaycan xalq mahnılarının adlarını öyrənmək üçün təlim", "Çahargah" mövzusunda "Birinci fantaziya", "Şur" üzərində "İkinci fantaziya" və s. əsərləri ona böyük şöhrət qazandırıb.

    Ulu öndər Heydər Əliyev dahi bəstəkarın yaradıcılığını, xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: "Üzeyir Hacıbəyli fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur". Məhz Prezident Heydər Əliyevin 1995-ci ildə – bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) kimi qeyd olunur.

    1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılıb. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə, həmçinin dahi musiqiçinin şəhərdəki ev-muzeyi 1992-ci ildə, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Şuşa işğal edildikdən sonra vandalizmə məruz qalaraq tamamilə dağıdılıb.

    2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağımız və onun tacı Şuşa işğaldan azad edildikdən sonra Üzeyir bəyin doğma yurduna mədəniyyətimizin də qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bəstəkarın yeni heykəli hazırlanıb və dövlət başçısının iştirakı ilə 2021-ci ilin 29 avqustunda Şuşa şəhərində abidənin açılışı keçirilib.

    2021-ci il sentyabrın 18-də uzun illərdən sonra ilk dəfə Milli Musiqi Günü çərçivəsində Şuşada görkəmli bəstəkara həsr olunmuş Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti gerçəkləşdi. Şuşa bəstəkar övladının ölməz musiqiləri üçün çox darıxmışdı. Nəhayət, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqisinin banisinin əsərləri yenidən səsləndirildi. Şuşanın dağlarından Üzeyir musiqisinin sədaları hər tərəfə yayıldı.

    Dahi bəstəkar Üzeyir Hacıbəyli bənzərsiz yaradıcılığı ilə adını Azərbaycanın musiqi mədəniyyəti tarixinə əbədi yazdıran böyük sənətkardır. Onun yaratdığı bəstəkarlıq məktəbi gələcəkdə də yeni musiqiçi nəsillərin yetişməsinə öz töhfəsini verəcək.

  • Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək.

    Mədəniyyət Nazirliyindən Report-a verilən məlumata görə, konsert mayın 9-da baş tutacaq.

    Konsertdən əldə olunacaq gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.

  • Azərbaycan musiqi tarixinin korifeyi - Xan Şuşinski

    Bu gün Xan Şuşinskinin anım günüdür

    Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkardandır.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin ölümündən 43 il ötür.

    1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açan sənətkar adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb. “Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında “Kürdü Şahnaz”ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” - deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.

    Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

    Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

    Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.

    Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

    Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

    Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlərboyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.

  • Heydər Əliyev Fondu uşaq evlərinə və internat məktəblərinə kitablar hədiyyə edib

    Heydər Əliyev Fondu Bakıdakı bir sıra uşaq evləri, internat məktəbləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrinə kitablar hədiyyə edib.

    AZƏRTAC xəbər verir ki, aksiya Bakı Kitab Mərkəzi və BP Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan "Yüksəl" təhsil layihəsi çərçivəsində keçirilib.

    Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı, Gəncə, Lənkəran və Şəkidə uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrində olub, Azərbaycan, türk, rus və ingilis dillərində çap olunmuş, uşaqlar üçün nəzərdə tutulmuş şeirlər, hekayələr, tapmacalar, ensiklopediyalar və digər mövzularda ümumilikdə 2000-dən çox kitab paylayıblar.

    Aksiyanın davamı olaraq martın 17-də Xəzər Gənclər Evində uşaq və yeniyetmələr üçün Novruz bayramına həsr olunan proqram təqdim edilib, Gənclər Evinin kitabxanasına müxtəlif nəşrlər hədiyyə olunub.

    Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında layihənin gənc nəslin fərdi inkişafında və dünyagörüşünün formalaşmasında vacibliyini vurğulayıblar.

  • Növbəti Novruz konserti qəhrəman əsgər və zabitlərimizə həsr olunub

    Yazın gəlişini tərənnüm etdirən Novruz bayramı Azərbaycan xalqının mədəniyyətində xüsusi yer tutur. Bayramla əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqına Qələbə sevincini bəxş edən Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə həsr olunmuş konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinə şəhid və qazilər sayəsində nail olunduğunu vurğulayıb.

    Sonra konsert proqramı təqdim edilib. Konsertdə xalq mahnıları, həmçinin Fikrət Əmirovun “Reyhan”, Emin Sabitoğlunun “Azərbaycan”, Cəfər Cabbarlının “Türk marşı”, “Bayatı-Şiraz” təsnifi və digər musiqi nömrələri Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Xalq artisti Teyyub Aslanovun və Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında səslənib.

  • Mədəniyyət Nazirliyi “Yeni adlar” adlı layihəyə başlayır

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Yeni adlar” adlı layihəyə başlayır.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində gənc və istedadlı musiqiçilər Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə zəngin və maraqlı proqramla çıxış edəcəklər.

    Layihə milli musiqimizin, mədəni irsimizin qorunması, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətinə töhfə verəcəkdir. “Yeni adlar” layihəsi Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğinə, musiqi və estetik zövqünün formalaşmasına dəstək olmağı hədəfləyir, istedadlı gənclərin üzə çıxmasına təkan verərək, onların geniş auditoriyada tanınmasına yardımçı olacaqdır.

    “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək, böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edəcəkdir.

    Gənc ifaçıların, tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafına böyük təkandır.

    Layihə çərçivəsində ilk konsertlərin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilməsi nəzərdə tutulmuşdur. Martın 18-də baş tutacaq konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Prezident təqaüdçüsü Orxan Hüseynov (cello), Eldəniz Ələkbərzadə (piano) və Məhəmmədəli Paşazadə (klarnet), aprelin 1-də isə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Prezident təqaüdçüləri Vurğun Vəkilov (piano) və Leyla Zeynalova (piano) çıxış edəcəklər.

  • “Marvel”in ilk müsəlman komiks qəhrəmanı

    “Marvel”in ilk müsəlman komiks qəhrəmanı olan “Ms. Marvel” serial kimi çəkiləcək.

    AZƏRTAC türk mediasına istinadla xəbərlə verir ki, serial “Disney Plus”da göstəriləcək.

    Qeyd edək ki, serial iyunun 6-sında başlayacaq və həftəyə bir bölüm olaraq yayımlanacaq.