Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Şimali Kiprin “Tripholi” şirkəti arasında turizmin bərpası və inkişafına həsr olunan işgüzar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, yerli turizm şirkətlərinin və hotel şəbəkələrinin nümayəndələrinin qatıldığı tədbirin məqsədi postpandemiya dövründə turizmin bərpası və inkişafına dəstək olaraq xarici ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirmək, eləcə də qarşılıqlı tanışlıq səfərlərinin təşkilini həyata keçirməklə turist sayının artırılmasına dəstək olmaqdır.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev açılan yeni istiqamətlərin və ölkələrin turizimçilər üçün yeni imkanlar yaratdığını deyib. Assosiasiya sədri Şimali Kipr Türk Cümhuriyyəti ilə qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsinin turizmin inkişafına böyük töhfə verəcəyini bildirib. Rüfət Hacıyev Şimali Kiprdən olan turistlərə həm qış aylarında, həm də yay fəslində Azərbaycana səfər edərək ölkəmizi yaxından tanımağa dəvət edib. O turizm sənayesi nümayəndələrinin Şimali Kiprdən olan turizm şirkətləri ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.
Azərbaycanda olduğu müddətdə ölkənin əksər turizm bölgələrinə səfər etdiyini deyən Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Mustafa Kamal Beyazbayram Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirdirib. O Azərbaycanın gözəl təbiətinin, qonaqpərvər xalqının, milli mətbəx zənginliyinin turistlər tərəfindən hər zaman sevildiyini bildirib.
Görüş çərçivəsində çıxış edən “Tripholi” şirkətinin baş icraçı direktoru İsmail Abidin rəhbərlik etdiyi şirkətin Azərbaycanla birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Baş icraçı direktor qarşılıqlı turizm səfərlərinin təşkili və turistlərin rahatlığını təmin etmək üçün yay fəslində Şimali Kiprə birbaşa çarter reyslərının təşkil ediləcəyini də diqqətə çatdırıb. İsmail Abidin azərbaycanlı turistlərin Şimali Kiprdə asudə vaxtlarını səmərəli keçirmələri üçün istər hotellərdə, istərsə də digər istirahət məkanlarında lazımi şəraitin yaradıldığını bildirib.
50-ə yaxın yerli turizm sənayesi nümayəndəsinin qatıldığı görüşdə “Tripholi” şirkətinin fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verilib.
Tədbirin ikinci hissəsi B2B görüşlərlə davam edib.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunan festival Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan biri olan Novruzu yeniyetmə nəslə aşılanması məqsədi daşıyır. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna məxsus informasiya mərkəzinin önündə təşkil edilən festivalda qazi və şəhid övladları iştirak ediblər.
Tədbirdə bir çox idarə və təşkilatların məsul şəxsləri, həmçinin el ağsaqqalları, tanınmış ziyalılar da iştirak ediblər.
İştirakçılar qoruğa məxsus informasiya mərkəzinin önündə qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında, Kosa, Keçəl, Bahar qızının iştirakı ilə qarşılanıb.
Sonra qonaqlar Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla və alaçıqlarla tanış oldular. Milli mətbəximizin ən gözəl və ləziz təamlarını nümayiş etdirmək üçün qurulan saclarda göy qutabı və fəsəli hazırlanıb, kəklikotulu samovar çayı, paxlava, şəkərbura, səməni bayram süfrəsini bəzəyib.
Tədbirdə idarə və təşkilatların məsul şəxsləri, el ağsaqalları və qonaqlar Novruz bayramı və adətləri haqqında öz xatirələrini, fikirlərini söyləyiblər.
Milli geyimli oğlan və qızların iştirakı ilə “Yallı”, çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsləri xüsusi maraqla qarşılandı. Qoruğun yerləşdiyi Ceyrançöl ərazisində Dilboz atlardan istifadə etməklə “Çövkən” milli oyunu keçirilib.
Tədbir böyük bayram tonqlının qalanması və qonaqların iştirakı ilə ocaq ətrafında “Yallı” rəqsinin oynanılması ilə başa çatıb.
Bakıda velosiped yollarının salınması layihəsi çərçivəsində bu gün saat 22:00-dan sabah saat 06:00-dək paytaxtın Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Bu barədə Report-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
“Gürcüstanın Rusiyadan təbii qaz idxalından yüksək asılılığı yoxdur, tələbatımızın 90 %-dən çoxunu Azərbaycan təmin edir. Bizim başqa mənbəmiz yoxdur”.
Report-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri David Narmania deyib.
Onun sözlərinə görə, illərdir Rusiyadan qaz tədarükü 10 %-i üstələmir: “2021-ci ildə bu göstərici 15 % təşkil edib ki, bu da fevral-mart aylarında Azərbaycanda qaz kəmərində baş vermiş qəza səbəbindən olub. Qəzanın nəticələri aradan qaldırılandan sonra göstərici əvvəlki səviyyəyə qayıtdı”.
Builki proqnoza əsasən, Gürcüstan 2 milyard 695 milyon kub metr həcmində təbii qaz idxal etməyi planlaşdırır. Bu həcmin 2 milyard 514 milyon kub metri və yaxud 93,28 %-i Azərbaycanın payına düşəcək. Rusiyadan tədarük olunacaq qazın həcmi isə 200 milyon kub metr təşkil edəcək.
“Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) ərazisində və Qarabağda tikiləcək GES-də istifadə ediləcək panellər analoji digər stansiyalarda yerləşdirilən panellərdən fərqli olacaq.
Bunu Report-a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.
T.Əmmayevin sözlərinə görə, bu panellərin hər iki üzü Günəş şüalarını qəbul edə biləcək:
“Bunun üçün isə panellərin yerləşəcəyi yerdə torpaq qatının üzərinə xüsusi örtük çəkiləcək. Hansı ki, həmin örtük günəşdən gələn şüaları əks etdirəcək və bununla da panelin aşağı hissəsindəki üzü də elektrik enerjisi istehsalında iştirak edəcək.
Panellərin üzərinə yağacaq qarı isə xüsusi sistem vasitəsi ilə təmizlənməsi mümkün olacaq”.
Agentlik rəsmisi stansiya fəaliyyətə başladıqdan sonra az işçi sayının olmasına da münasibət bildirib:
“Bu panellər əvvəlkilərə nisbətən daha innovativdir və ağıllı sistemlər vasitəsi ilə idarə ediləcək. Ona görə də bir neçə işçi bu sistemi idarə edə biləcək”.
Qeyd edək ki, martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 230 MVT gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 18 ay ərzində həyata keçirəcəyi layihənin ümumi dəyəri 225 milyon ABŞ dollarıdır. Ümumilikdəı 550 hektar ərazidə yerləşəcək və illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək GES sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq.
Ümumilikdə 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq layihənin inşası dövründə 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.
Bu aydan Türkiyənin daha 4 televiziya kanalı - “TMB, “Akıllı”, “Nurs” və “EuroTrio” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.
Bu barədə Report-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") bildirilib.
Məlumatda deyilir ki, “TMB TV”-də əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” -də daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV”-nin gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Plovdiv Ticarət və Sənaye Palatası (PCCI) ilə birgə əməkdaşlıq çərçivəsində “Üzümdən ticarətə: Azərbaycan və bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsinin tərkib hissəsi olan 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitinə ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, tədbir Avropa İttifaqı və Azərbaycandan olan 140-a yaxın maraqlı tərəfi və biznes nümayəndələrini bir araya gətirib.
Tədbir AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann, PCCI-nin prezidenti Angel Hronev və Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankovun salamlama nitqləri ilə başlayıb. Bolqarıstan və Azərbaycanın şərab ixracatçıları arasında sinerji yaratmaq və yeni işgüzar əlaqələrin qurulmasında bu layihənin əhəmiyyəti müzakirə olunub.
Açılış mərasimindən sonra Azərbaycan və Bolqarıstanın 15 şərab şirkəti öz məhsullarını azərbaycanlı və avropalı həmkarlarına və qurumlara nümayiş etdiriblər. Onların, həmçinin Azərbaycan və Avropa şirkətlərinin əməkdaşlıq edə biləcəyi biznes imkanları haqqında birbaşa konkret və praktiki məlumat əldə etmə imkanları olub.
Daha sonra Azərbaycan Turizm Bürosunun Məhsulların İnkişafı şöbəsinin müdiri xanım Şərifə Həsənova qonaqlara “Şərabçılıq tarixinin dirçəlişi və şərab turizmində innovasiyalar” mövzusunda məlumat verib.
Şərab dequstasiyasından sonra qonaqlar AHK Azərbaycan və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə keçirilən “Şərab İnnovasiya Müsabiqəsi”ndə iştirak ediblər. Qaliblərə kupon və hədiyyələr təqdim olunub. Tədbir canlı musiqinin müşayiəti ilə şəbəkədaxili danışıqlar ilə davam edib.
Bundan əlavə, layihə çərçivəsində 9 azərbaycanlı şərab ixracatçısı Bolqarıstanın üzümçülük bölgələrinə 4 günlük işgüzar səfər edib və Plovdivdə keçirilən “VINARIA 2022” şərab sərgisində fəal iştirak edib. Proqrama 1-ci Aİ-Azərbaycan Şərab Sammiti ilə yanaşı, masterklas və Bolqarıstan şirkətlərinin Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri də daxildir.
“Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi EUROCHAMBRES tərəfindən idarə olunan Avropa İttifaqının EU4Business: Connecting Companies (EU4BCC) təşəbbüsü tərəfindən maliyyələşdirilir.
İspaniyanın “Thyssen” muzeyi köhnə ustalardan tutmuş ən müasir qraffitilərə qədər yeddi əsr ərzində yaradılan optik illüziyaları "Hiperreal aldatma sənəti" adlı sərgisində ictimaiyyətə təqdim edib.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, sərgidə insan gözünü aldatmaq üçün rəssamların istifadə etdiyi mexanizmlər nəzərdən keçirilir.
Gerçəklik kimi təqdim olunan çəkilmiş rəsmlər təsviri sənətdə qədim köklərə malikdir. Bunu sərgidə toplanan 100-dən çox əsər təsdiqləyir. Sərgi mayın 22-dək açıq olacaq.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Novruz bayramı ərəfəsində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşmuş İçərişəhər sakini Fərid Əliyevin ailəsini ziyarət edib.
Qoruğ İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ailə üzvləri ilə görüş zamanı Şahin Seyidzadə onların şəhidlə bağlı xatirələrini dinləyib, qayğıları, ehtiyacları ilə yaxından maraqlanıb.
İdarə rəhbərliyi şəhid ailələri və qazilərimizin daim diqqət mərkəzində saxlanıldığını, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini bildirib.
"Bergen" filmi iki həftə ərzində 2 milyon 644 min 300 dəfə izlənilib.
AZƏRTAC türk mediasına istinadla xəbər verir ki, ilk həftəyə 718043 izlənilən film, ikinci həftəyə 981187 nəfər tamaşaçını sinema salonlarına çəkib. Film "ikinci həftə sonunda bütün zamanların ən çox izlənən filmləri" sıralamasında 39-cu yerə qalxıb.
Qeyd edək ki, "Bergen" filminin yüksək izlənmə sayı səbəbilə bu həftə vizyona girəcək yerli filmlərin tarixi növbəti həftələrə dəyişdirilib.
"Bergen" filmi 2022-ci ilin martın 4-də vizyona girib. Ssenarisini Sema Kaygusuz və Yıldız Bayazıtın qələmə aldığı, rejissorluğunu Mehmet Binay və Caner Alperin etdiyi, Farah Zeynep Abdullahın baş rolunu oynadığı bioqrafik və dram janrlı film, müğənni Bergenin həyat hekayəsindən bəhs edir.