Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • YARAT-da açılacaq növbəti sərgi- “İNSƏN”

    YARAT Müasir İncəsənət Mərkəzində multidistiplinar rəssam Çingizin “İNSƏN” adlı yeni fərdi sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, “İNSƏN” rəssamın şəxsi təcrübə prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi və nəfəsi ilə yaşayan, dəyişən İnsan və onun əməlləridir.

    Bu ideyanı açıqlamaq üçün dövrün metamorfozlarını, təsir və əks təsirlərini təcəssüm edən heykəl və instalyasiyalar müxtəlif situasiyaların göstəricisi qismində çıxış edir. İnsan və onun ətrafı, hissləri və emosiyaları, təzad və alternativləri üzərində fokuslanan sərgi, baş verən bütün proseslərin mərkəzi, əsas iştirakçısı və performeri insanın özünün olmasını vurğulayır.

    Layihəni avtobioqrafikləşdirən rəssam, şəxsi məkan prinsipini emalatxana prototipində inkişaf etdirərək, onu əhatə edən reallıqdan bəhs edir. Sərgi, insanların müxtəlifliyini vurğulayaraq, həm də eyni insanın təkrarlanan həyat situasiyalarında özünü başqa cür aparmasını bildirir, həmçinin onun individual və ziddiyyətli xasiyyətləri haqqında danışır.

    Sərginin kuratoru Fərəh Ələkbərlidir.

  • Xalq yazıçısı Rüstəm İbrahimbəyov son mənzilə yola salınıb

    Martın 16-da Nizami Kino Mərkəzində müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, vida mərasimində tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulmuşdu.

    Cənazənin ətrafına müxtəlif təşkilatları və kollektivlər adından da əklillər düzülmüşdü.

    Rüstəm İbrahimbəyovun həmkarları, dostları, tələbələri, tanınmış mədəniyyət xadimləri axın-axın Nizami Kino Mərkəzinə gələrək Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsinə və gözəl insana son borclarını verirdilər.

    Vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Rüstəm İbrahimbəyovun yaradıcılığından və insani keyfiyyətlərindən danışıb.

    O qeyd edib ki, Rüstəm İbrahimbəyov nəinki ədəbiyyatımızın, həm də milli kinomuzun əfsanələrindən biri idi: “Xalqımızın böyük şəxsiyyəti Rüstəm İbrahimbəyovu son mənzilə yola salırıq. Rüstəm İbrahimbəyov 6 dövlətin mükafatını qazanan yeganə şəxsiyyətdir. O, dünyada belə mükafat alan yeganə adamdır. Xatırlayıram ki, 1990-cı ildə Rüstəm İbrahimbəyov məndən 10 nüsxə “Qara Yanvar” kitabını istəmişdi. O, kitabda olan dəhşətli şəkilləri Fransa və ABŞ ictimaiyyətinə göstərmək niyyətində idi. Kitabları sərhəddən keçirə bilməyəcəyini ona bildirəndə, o, cavabında SSRİ-nin deputatı olduğu üçün onu yoxlamayacaqlarını söyləmişdi. Bu gün bizə ABŞ, Fransa, Almaniya, hətta Rusiya və Ukraynadan məktublar gəlir və bu zaman başa düşürsən ki, necə də böyük bir insanı itirmişik”.

    Rüstəm İbrahimbəyovun vəfatının Azərbaycan mədəniyyəti üçün ən ağır itki olduğunu deyən mədəniyyət naziri Anar Kərimov söyləyib ki, ölkəmiz bu gün kədərli günlərdən birini yaşayır: “Rüstəm İbrahimbəyov 60 il Azərbaycan mədəniyyətinə xidmət edib. O, mədəniyyət və incəsənətimizin zənginləşməsində, keyfiyyət baxımdan yeni bir müstəviyə çıxmasında və dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Onun əsərlərinə çox gözəl filmlər çəkilib ki, onlar Azərbaycan mədəniyyət salnaməsinə qızıl hərflərlə yazılıb”.

    Nazir vurğulayıb ki, Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilmiş filmlər dünyanın tanınmış mükafatlarına layiq görülüb. Onun fəaliyyəti təkcə kino ilə məhdudlaşmayıb, əsərləri əsasında yüzlərlə tamaşalar səhnə həyatı qazanıb. Bu da onun çoxşaxəli fəaliyyətindən xəbər verir. Onun yaratdığı yeni obraz və üslublar daim Azərbaycan xalqının qəlbində yaşayacaq.

    Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov qeyd edib ki, Rüstəm İbrahimbəyov böyük istedada malik bir insan idi və özündən sonra parlaq bir iz qoydu: “Rüstəm İbrahimbəyov kino işçisi, yazıçı, dramaturq, rejissor idi. O, Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı əlaqəsinə və inkişafına öz töhfəsini verib. Bu gün biz Rüstəm İbrahimbəyovu ehtiramla anırıq. Bu böyük insanı kədər və ürək ağrısı ilə onu son mənzilə yola salırıq”.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum sənətkarla bağlı xatirələrini bölüşüb, vətəninə layiq bir insan olduğuna diqqət çəkib: “Azərbaycan böyük oğlunu itirdi. Mən altmış il dostuq etdiyim bir insanı itirdim. Mənim üçün çox ağırdır. Rüstəm XX və XXI əsrin övladı idi. Mənə elə gəlir ki, o orta əsrlərdən gələn cəngavər idi: Mərdanəliyinə, cəsarətinə, qeyrət və namus anlayışlarına görə... O, vətənini sevirdi, daim ölkəsi ilə maraqlanırdı, Azərbaycanda nə baş verirdisə hamısından xəbərdar idi. Onun Azərbaycandan kənarda yaşamasına baxmayaraq, daim ürəyi Vətənlə döyünürdü. Onun özü də, əsərləri də bundan sonra yaşayacaq. Ancaq onun bir yadigarını yaşatmaq bizim borcumuzdur. Onun yaratdığı və balası kimi bəslədiyi "İbrus" teatrını yaşatmaq lazımdır”.

    Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rüstəm İbrahimbəyovun Bakıya hər gəlişinin mədəniyyət sahəsi üçün inqilabi dərəcədə sevindirici hal olduğunu bildirib: “Toplaşırdıq, danışırdıq, bu bizim üçün böyük bir xoşbəxtlik idi”.

    Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında mərhum sənətkarın hər sözünün, hər ifadəsinin arxasında fəlsəfi fikir dayandığını söyləyib: “Musiqi olsun, siyasət olsun, kino olsun, hər birində onun öz mövqeyi var idi. Mərd adam idi, dost adam idi”.

    Fuad İbrahimbəyov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

    Vida mərasimi başa çatandan sonra görkəmli alimin ruhuna dualar oxunub və cənazəsi son mənzilə yola salınıb.

    Mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

    Allah rəhmət eləsin!

  • Dünya şöhrətli azərbaycanlı cazmen

    Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür

    Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 82-ci ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

    1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

    1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

    Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.

    Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

    Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

    V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

  • Rəngkarlıq Muzeyində İngiltərə istehsalı olan film göstərilib

    Azərbaycan Rəngkarlığı Muzeyində Böyük Britaniya istehsalı olan “Sərhədlərin məhvi: Planetimiz haqqında elm” filmi nümayiş olunub.

    AZƏRTAC xəbər verir ki, filimdə Devid Attenboro və alim Yohan Rockström Yerin biomüxtəlifliyinin dağılmasını və bu böhranın hələ də qarşısının necə alına biləcəyini araşdırır.

    75 dəqiqəlik film tamaşaçıları təkcə planetimizin sabitliyi üçün deyil, həm də bəşəriyyətin gələcəyi üçün keçməməli olduğumuz planetar hədləri kəşf etmək üçün səyahətə çıxarır.

    Ekran əsəri ingilis dilində təqdim edilib.

  • “Şuşa İli” ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan olunub

    Mədəniyyət Nazirliyi 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan edib.

    Nazirlikdən Report-a verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır.

    Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.

    Müsabiqənin şərtləri:

    Heykəltaraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəl hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan heykəltaraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.

    Mükafatlar:

    Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat

    İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat

    Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat

    Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat

    Müsabiqənin müddəti:

    Müsabiqə 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcəkdir.

    “Şuşa İli” elan edilməsi ilə bağlı keçirilən açıq heykəltaraşlıq müsabiqəsinin şərtləri

    Təşkilatçılar: Mədəniyyət Nazirliyi

  • "Vəhşi" filmi “Oskar”a təqdim olunub

    Rejissor Hugo Kovarrubias Çili hərbi diktaturası zamanı kəşfiyyat rəhbəri qismində həbsxana itlərindən istifadə edərək dissidentlərə işgəncə verən, kəşfiyyat rəhbəri İnqrid Olderokun hekayəsini “Vəhşi” ("Bestia") qısametrajlı filmində böyük ekrana çıxarıb.

    AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Giyermo del Toro və ya Stiven Spilberq kimi rejissorların rəğbətini qazanan animasiya filmi bu il “Oskar”a təqdim edilib.

  • “Radio TMB” və “Turkic.World” arasında anlaşma memorandumu imzalanıb

    “Radio TMB” (Türk Millətlər Birliyi) ilə “Turkic.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihə arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

    AZƏRTAC xəbər verir ki, memoranduma əsasən, media şirkətləri əməkdaşlıq çərçivəsində informasiya mübadiləsi aparacaq, xüsusilə “Radio TMB” 100.5FM hər gün 15:00 –da türk dünyasındakı xəbərləri “Turkic.World”a istinadən dinləyicilərə təqdim edəcək. Memorandumun imzalanması hər iki media qurumuna türk dünyasında baş verən hadisələri daha fəal işıqlandırmağa imkan verəcək. Tərəflər əməkdaşlığı dərinləşdirmək üçün gələcəkdə qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsi barədə də razılığa gəlib.

    Bildirək ki, "TMB - Türk Musiqisini Birləşdirən Radio" devizi ilə fəaliyyət göstərən radionun əsas prioriteti informasiya və media sahəsində layihələr həyata keçirməklə yanaşı, türk xalqlarının mədəniyyətinin tərənnümü, informasiya mübadiləsi və maarifləndirilməsidir. Həmçinin, “Radio TMB” türk musiqi mədəniyyətində mədəni və tarixi irsin, eləcə də milli kimlik və adət-ənənələrin qorunub saxlanmasında beynəlxalq əməkdaşlığa olduqca önəm verən bir media qurumudur.

    Onu da xatırladaq ki, “Turkic.World” layihəsinin məqsədi isə türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və ana dili dəyərlərini əsas götürərək türk dünyasının həmrəy kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirməkdir.

  • “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub

    Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və təşəbbüsü ilə reallaşan “Shusha talks” (“Şuşa söhbətləri”) adlı layihənin təqdimatı olub.

    AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Qarabağın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir.

    Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək layihə haqqında məlumat verib.

    Bildirib ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.

    Mədəniyyət naziri Anar Kərimov çıxış edərək deyib ki, "Şuşa söhbətləri" layihəsi "Şuşa ili"nə həsr edilib: “Bu gün biz önəmli bir layihəyə start veririk. Layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Şuşa İli" elan edilməsinə həsr olunub. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik. Bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır. Nazirliyin bütün layihələrində Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunmağı vacibdir”.

    Nazir vurğulayıb ki, Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşamaqdadır: “Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik. İstəyirik ki, Şuşa söhbətləri vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. “Şuşa söhbətləri” çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri dəvət edəcəyik. Bu, bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də bunu davam etdirməyi düşünürük. Burada vətəndaş cəmiyyətinin iştirakı çox önəmlidir”.

    A.Kərimov hər kəsi layihənin ictimai müzakirəsində fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, bundan sonra hər ay bu mövzuda görüşlər keçiriləcək.

    Sonra “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub.

    Tədbir müzakirə və çıxışlarla davam edib.

    Qeyd edək ki, layihə çərçivəsindəki müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır.

  • Səhnə və ekran sənətimizin fəxri

    Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasından 125 il ötür

    Bu gün Azərbaycanın Xalq artisti, bənzərsiz rolları ilə milyonların sevimlisinə çevrilmiş, unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin anadan olmasından 125 il ötür.

    AZƏRTAC xəbər verir ki, ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən Ağasadıq Gəraybəyli bütün zamanlarda xatırlanacaq çox dəyərli obrazlar qalereyası yaradıb. O, adını Azərbaycan teatr və kino tarixinə böyük həriflərlə yazdırmağı bacarıb. Hər zaman onun adı çəkiləndə insanların gözü önündə bir-birindən maraqlı obrazlar canlanır.

    Şamaxıda dünyaya göz açan sənətkar Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb.

    Milli teatrımızın klassiklərindən, fədailərindən olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirsən. O, 200-dən çox müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy bu obrazlardandır.

    Ağasadıq Gəraybəyli xatirələrində deyir: “1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Kimsəsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə zürriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam”.

    Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəylinin adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı: “Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: “Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”.

    Onun yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb.

    Xalq şairi Səməd Vurğun yazıb: “Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm”. Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: “Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi”.

    91 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü.

    Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: “Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.

    Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdı. Görkəmli müğənni Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: “Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək”. Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!”

  • Bakıda gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qalibləri bəlli olub

    Bakıdakı “Rus Evi”ndə “Canlı klassika” beynəlxalq müsabiqəsi iştirakçılarının final çıxışları olub.

    Bakıdakı “Rus Evi”nin (RİMM) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, layihənin təşkilatçısı “Canlı klassika” Fondudur. Layihənin Azərbaycan üzrə kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır. Müsabiqənin regional mərhələləri və finalı Bakıdakı “Rus Evi”nin və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə keçirilib.

    Bu il müsabiqədə iştirak etmək üçün ölkə üzrə 150-yə yaxın müraciət qəbul edilib. Finala 50 iştirakçı keçib.

    Gənc qiraətçilər aktyor, Azərbaycanın Əməkdar artisti Teymur Rəhimov, pedaqoq-psixoloq Leyla Qurbanova, jurnalist İradə Əsədova, Bakıdakı “Rus Evi”nin əməkdaşı Anastasiya Kurbatovanın daxil olduğu münsiflər heyəti qarşısında rusiyalı müəlliflərin əsərləri ilə çıxış ediblər.

    Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Alidə Ramazanova birinci, Səbinə Əhmədova ikinci, Fidan Həsənzadə isə üçüncü yeri tutublar.