Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Filarmoniyada Novruz konserti

    Martın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim ediləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək. Ansamblın bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.

    Novruz soraqlı, bahar ətirli proqramda Əməkdar artist Almaz Orucova, müsabiqələr laureatı Taleh Yəhyayev və Rəvanə Qurbanova tamaşaçılara musiqi sovqatlarını hədiyyə edəcəklər.

  • Müsəlman dünyasının ilk qadın deputatı haqqında film çəkilib

    Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyevaya haqqında animasiya filmi çəkilib.

    AZƏRTAC xəbər verir ki, Gürcüstanın “Qadınların Təşəbbüslərinə Dəstək Qrupu” Qeyri-Hökumət Təşkilatının (QHT) layihəsi əsasında hazırlanan “Pərixanım Sofiyeva” adlı qısametrajlı ekran əsəri Tbilisinin “Amirani” kinoteatrında Feminist Filmləri Festivalı çərçivəsində ilk dəfə nümayiş etdirilib.

    Ekran əsərinin istehsal prosesinə azərbaycanlı icmadan məsləhətçilər də cəlb olunub.

    Animasiya filmi gürcü dilində (ingilis dilində altyazılarla) təqdim olunub.

    Cizgi filminin Azərbaycan dilli versiyası da hazırdır və tərəfdaş təşkilatların dəstəyi ilə bu versiyanın azərbaycanlı icma üçün nümayişi də nəzərdə tutulub.

    Məlumat üçün qeyd edək ki, Qardabani rayonunun Qaracalar kəndindən olan P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf millət vəkili seçilib. O, tarixə müsəlman dünyasının demokratik yolla seçilən ilk qadın deputat kimi düşüb.

  • “Başqa həyat” sənədli filmi beynəlxalq müsabiqədə qalib olub

    İran İslam Respublikasında keçirilən beynəlxalq film festivalının qalibi elan edilib.

    AZƏRTAC xəbər verir ki, festivalda "ən yaxşı sənədli film" nominasiyasının qalibi azərbaycanlı rejissor Elçin Ağazadə və prodüser Orxan Məmmədzadənin "Başqa həyat" adlı qısametrajlı filmi olub.

    Festival Kərbəla hadisələrinə həsr olunan müxtəlif kateqoriyaya aid foto, video, rəsm və sair əsərlərin təqdim olunduğu bir müsabiqədir. Festivalda müxtəlif ölkələrin iştirak etməsinə baxmayaraq “Başqa həyat” sənədli filminin ən yüksək mükafata layiq olmağı çox böyük uğur hesab edilə bilər.

    Mükafatın İran İslam Mədəniyyət Mərkəzində təqdim edilməsi də bu filmə verilən dəyərin və bu səpkidə olan işlərin davam etdirilməsinin vacibliyinin göstəricisidir.

    “Başqa həyat” filmi 2020-ci ildə tamamlansa da, Vətən müharibəsinin başlanması ilə əlaqədar təqdimatı ertələnib. Belə ki, filmin ilkin təqdimatı 2021-ci il sentyabrın 18-də Bakıda 44 günlük Vətən müharibəsinin şəhidlərinin il dönümü ərəfəsində keçirilib. Filmdə göstərilən məqamlar cəmiyyətimizin müxtəlif dünya görüşlərinə malik olan fərdləri tərəfindən xüsusi rəğbətlə qarşılanıb və çox böyük uğur qazanıb.

    Qeyd edək ki, rejissoru Elçin Ağazadə olan filmin prodüseri Orxan Məmmədzadə, operatoru Soltan Abdullayev, montajçısı Elmar Tariyeloğlu, səs rejissoru İsmayıl Mirzə Qaçar, filmi səsləndirənlər Samirə Həsən, Kamal Yaşar, Kazım Abdullayev, Xəzər Süleymanlı, Elvin Abdullah, Namiq Carçıyev və Ceyhun Səfəridir.

    Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli-mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi “Cənnət ətri”, “Səngərdə azan”, “Zamana sığmayan Nəsimi”, “Klassik ədəbiyyatımızda imam Hüseyn” və sair ekran əsərləri rəğbətlə qarşılanıb.

  • “Türkiye Exclusive Ödülleri 2022”nin təqdimat mərasimi keçirilib

    Azərbaycanda ilk dəfə olaraq Türkiyənin məşhur layihəsi olan "Türkiye Exclusive Ödülleri 2022"nin təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, "Avand Production" və "Oya Ulucan Event"in birgə təşkilatçılığı ilə baş tutan mükafatlandırma gecəsində il ərzində fərqlənən, fəaliyyəti ilə yaddaqalan müxtəlif peşə sahibləri, media işçiləri, iş adamları və şirkətlər təltif olunublar.

    “Türkiye Exclusive Ödülleri 2022” mükafatına layiq görülənlər arasında Xalq artistləri Mələkxanım Əyyubova, Məleykə Əsədova, Əməkdar artistlər Aybəniz Haşımova, Fərqanə Qasımova, Elza Seyidcahan, Gülüstan Əliyeva və başqaları yer alıblar.

    Layihənin beynəlxalq direktoru Oya Ulucan, Azərbaycan üzrə direktoru "Avand Production"ın rəhbəri Ayaz Məmmədovdur.

    Qeyd edək ki, mükafatlandırılanlar arasında AZƏRTAC-ın müxbiri Göyçək Mahmudlu da var.

  • 2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turistin səfəri gözlənilir

    Bu il Dövlət Turizm Agentliyinin əsas fokuslandığı məsələlərdən biri Qarabağın turizm potensialıdır.

    AZƏRTAC xəbər verir ki, bunu Agentlik sədrinin müşaviri Kənan Quluzadə bildirib.

    Onun sözlərinə görə, 2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turistin səfəri gözlənilir: “İşğaldan azad edilmiş ərazilərlə bağlı dəyərləndirmə, konsepsiyaların, strategiyaların hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstəririk. “Yolumuz Qarabağadır” layihəsi çərçivəsində artıq bir neçə marşrutu təqdim etmişik. Xarici vətəndaşların səfərləri barədə də düşünürük ki, onun da bir sistemini quraq. Ümumən gözləyirik ki, 2025-ci ilə qədər Qarabağa daxili və xarici turistlər daxil olmaqla sırf turist kimi bir milyona yaxın insan səfər edəcək".

    K.Quluzadə Qarabağda turizm infrastrukturunun yaradılması planlarından da danışıb: “Azad edilmiş ərazilərdə turizm infrastrukturu barədə müəyyən planlarımız var. Məsələn, Suqovuşan, Hadrut, Şahbulaqla bağlı planlar var. Müxtəlif regionlarla bağlı ayrı-ayrı layihələr, vahid marşrutlar və tematik klasterlər üzərində işləyirik. Bu işlər üçün xarici mütəxəssisləri cəlb etmişik. Eyni zamanda ictimai birliklərlə bu sahədə məsləhətləşmələr aparırıq. İşğaldan azad edilmiş ərazilərə səfərlərimiz olur. Bu səfərlərin daha intensiv olmasına çalışacağıq”.

    Qarabağın və Şərqi Zəngəzurun tanıtımı ilə məşğul olduqlarını söyləyən K.Quluzadə bildirib ki, ötən ilin may ayından Şuşanın, Zəngəzurun potensialını sərgiləməyə başlamışıq: “Görürük ki, maraq böyükdür və bu, Azərbaycan turizmi üçün daha bir imkan yaradacaq. Yəni biz rəqabət şəraitində dünya bazarına yeni bir üstünlüklə qayıdırıq”.

  • Azərbaycanın Qırğızıstandakı səfiri bu ölkədə fəaliyyət göstərən “Türkel” Media Qrupunun rəhbəri ilə görüşüb

    Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bu ölkədə fəaliyyət göstərən “Türkel” Media Qrupunun prezidenti, Qırğızıstanın Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova ilə görüşüb. Görüşdə qrupun baş redaktoru Ramiz Məşədihəsənli də iştirak edib.

    AZƏRTAC xəbər verir ki, L.Qəndilov Əməkdar mədəniyyət xadimi H.Xəlilovanı 8 Mart - Beynəlxalq Qadınlar Günü və doğum günü münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

    Səfir bildirib ki, “Türkel” Media Qrupu 20 ildən çoxdur Qırğızıstanın informasiya məkanında uğurla fəaliyyət göstərir. Media qrupu “Altın körpü” jurnalı, “Türkel” qəzeti və bir neçə saytı özündə birləşdirir. Diplomat qrupun əməkdaşlarının səfirliyin tədbirlərini də müntəzəm işıqlandırmasına görə H.Xəlilovaya minnətdarlıq edib.

    “Türkel” Media Qrupunun prezidenti H.Xəlilova diqqətə görə səfirə təşəkkürünü bildirib, ona Qırğızıstan-Azərbaycan əlaqələrinin genişləndirilməsi və inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

  • Bağdadda Füzuli yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib

    Bağdadda “Azərbaycan ədəbiyyatında mütaliə - şair Füzuli əl-Bağdadi nümunəsində” mövzusunda beynəlxalq konfrans keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İraqdakı səfirliyi ilə İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin birgə təşkil etdiyi beynəlxalq konfransda səsləndirilən mühazirələrdə Məhəmməd Füzulinin yaradıcılığına müxtəlif aspektlərdən yanaşılıb, onun həm ərəb-Azərbaycan ədəbi əlaqələri, həm də Azərbaycan ədəbiyyatındakı mövqeyindən söhbət açılıb.

    Konfransda çıxış edən azərbaycanlı şərqşünas Həşim Məmmədov dahi şairimiz Məhəmməd Füzuli yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib. Nəzərə çatdırıb ki, Məhəmməd Füzulinin yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Məhəmməd Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

    Məhəmməd Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapıb. Məhəmməd Füzuli burada Aristotel, Platon, Demokrit və başqa filosofların fikirlərindən, fəlsəfi irsindən təsirlənib.

    Məhəmməd Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

    Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan təmsilçisi Həşim Məmmədova sertifikatlar təqdim edilib.

  • “Qobustan” sənət toplusunun yaz nömrəsi işıq üzü görüb

    “Qobustan” sənət toplusunun yaz nömrəsi çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, dərgi 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində sənətin müxtəlif yönlərində tanınmış Azərbaycan qadınlarına həsr edilib. Burada öz sahəsində ilklərə imza atmış XIX-XX əsrin qadın simaları da var, müasir xanımlar da... Rəssamlıq sənətimizdə fırçaları ilə rəngarəng izlər buraxmış xanımlar, yaxud kino, teatr sahəsində özünəməxsus yeri olan aktrisalar haqqında müxtəlif məqalələrin yer aldığı dərgidə müəlliflər də qadınlardır...

    Tanınmış yazıçı Təranə Vahid “Odla təmas və ya zərif qanadların uçuşu” məqaləsində sənətin müxtəlif yönlərində birinci olan xanımlardan yazır. Dərgi yazıçı Günel Anarqızının ad gününü Narıngül Nadirin məqaləsi ilə təbrik edir. Kəmalə Səlim Müslümqızı “Cənubi Azərbaycanın xatunu”ndan, Pərvin Etisamidən söz açır. Gənc filoloq Xumar Paşazadə Nurəngiz Gün haqda məqaləsində şairənin ömür və yaradıcılıq yoluna nəzər salır.

    Sevilən aktrisa Zemfira Əbdülsəmədova dərginin əməkdaşı Esmira Nəzərli ilə söhbətində həyat və yaradıcılıq yolunu yada salır. Humay Quliyevanın “Anam haqda dörd esse” silsiləsini dərginin baş redaktoru Pərvin “Uçmaq üçün” məqaləsi ilə təqdim edir. Sevinc Kərimzadə gənc və istedadlı vokalist xanım İslama Abdullayeva ilə söhbətinin təəssüratlarını bölüşür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli “Rəssam qadınlarımız” məqaləsində təsviri sənətimizdə izləri olan xanımlardan söz açır. Aysel Kərim “Yoxluğunu bilə-bilə” məqaləsi ilə bəstəkar Elza İbrahimovanın təkrarsız mahnılarından və kədərli həyat yoldan danışır. Aynur Hilali “Tarixdə türk qadını” essesi ilə Azərbaycan-türk xanımlarının xarakterinin tarixi köklərinə nəzər salır. “Söz gənclərdə” layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Qarabağ müharibəsi zamanı fədakarlıqlar göstərmiş Fulya Öztürkə həsr olunmuş “Fulya” filminə aid təəssüratlarını bölüşürlər. Zülfiyyə Qəniyevanın "Qurama"sında fərqli qadınlar haqda kiçik, amma maraqlı faktlar yer alıb.

  • Gender bərabərliyi üzrə “O” müasir incəsənət layihəsi ilə bağlı mətbuat konfransı keçirilib

    Latviyanın Azərbaycandakı səfirliyi BMT-nin ölkəmizdəki nümayəndəliyi və Norveçin Türkiyədəki səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq Gender bərabərliyi üzrə “O” beynəlxalq müasir incəsənət layihəsi həyata keçirir.

    AZƏRTAC xəbər verir ki, bununla əlaqədar martın 7-də Latviyanın Bakıdakı səfirliyində mətbuat konfransı keçirilib.

    Mətbuat konfransında layihəyə daxil olan tədbirlər və layihənin iştirakçıları barədə məlumat verilib. Həmçinin bu il layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı qətnaməsinə həsr olunacaq. Layihə gender bərabərliyi ilə bağlı təcrübələrini bölüşmək, eləcə də müasir incəsənət vasitəsilə qadınların həyatına təsir edən pandemiya və postmünaqişə vəziyyətlərini əks etdirmək üçün beynəlxalq iştirakçıları bir araya gətirəcək.

    Bildirilib ki, layihənin proqramına təqdimatların, müzakirələrin, film nümayişlərinin, ədəbiyyat axşamının, sərgi və konfransların keçirilməsi daxildir. Hər bir element incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təşviqi və gücləndirilməsinin yeni strategiyasında mühüm rol oynayır.

    Həmçinin diqqətə çatdırılıb ki, layihə çərçivəsində tanınmış fotojurnalist Reza Deqatinin gender bərabərliyi üzrə təqdimatı olacaq.

    Eyni zamanda, noyabr ayında xalq diplomatiyası proqramının bir hissəsi kimi Azərbaycanın Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində www.tobeawoman.az  internet səhifəsi əsasında fəaliyyətlərin davamı olaraq “O” adlı sərgi təşkil ediləcək. Sərginin mövzusu qadınların həyatı, cəmiyyətdəki rolu, sevinc və problemlərinə həsr olunub.

    Bundan başqa, payızda Latviyanın Azərbaycandakı səfirliyi NATO-nun ölkəmizdəki əlaqələndirici ofisi ilə birgə “Qadınlar dayanıqlı sabah üçün” adlı beynəlxalq konfrans təşkil edəcək.

    Qeyd edək ki, layihənin əsas tərəfdaşı Latviyanın Azərbaycandakı səfirliyidir. Digər tərəfdaşlar Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin ölkəmizdəki nümayəndəliyi, “UN Women”, BMT-nin İnkişaf Fondu, tanınmış beynəlxalq fotojurnalist Reza Deqati, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Müasir İncəsənət Muzeyi, “The Landmark”, Nizami Kino Mərkəzi və “PlatformART” təşkilatıdır.

  • “Hər qadın bir çiçəkdir” adlı sərgi açılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əzim Əzimzadə adına mənzil-muzeyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbi ilə birgə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Hər qadın bir çiçəkdir" adlı sərgi təşkil edilib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığını dəstəkləmək, rəssamlıq sənətinə marağı artırmaq, məqsədilə keçirilib.

    Sərgidə iştirak edən xanım tələbələr, bayram münasibətilə muzeyin direktoru İradə Əzimzadə tərəfindən fəxri fərmanla təltif olunub.