YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının növbəti ustad dərsi martın 12-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ustad dərsi Azərbaycan Rəngkarlığı Muzeyində Anar Şəmsinin iştirakı ilə Kubizm mövzusuna həsr olunacaq.
Xatırladaq ki, qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 20:00-dək aparılacaq.
Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə töhfə kimi “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi tərəfindən nəşrə hazırlanan və Alik Məmmədovun maddi dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab “Ələsgər çağırdım, Ələsgər dedim” adlanır.
AZƏRTAC xəbər verir ki, kitabda Xalq şairinin müxtəlif illərdə Aşıq Ələsgərə həsr etdiyi şeirlər və iki poema yer alıb.
Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi, “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri və “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu, məsləhətçi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, rəyçi isə Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı Əkbər Qoşalıdır.
Dünyanın ən böyük səsyazma şirkəti olan “Universal Music” Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, “Universal Music” öz işçilərinə maaş verməyə davam edəcək, lakin leybl ilə əməkdaşlıq edən musiqiçilərin səs yazısı dayandırılacaq.
Qeyd edək ki, Rusiyada şirkətin eyni adlı törəmə şirkəti var, onunla 50-dən çox ifaçı əməkdaşlıq edir.
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Fidan Hacıyevanın yaratdığı xanımlardan ibarət “Mezzo” kamera orkestrinin “Qadın ətirli tanqo” adlı konsert proqramı təqdim edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsert 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Proqramda Xalq artistinin yaradıcılığı və sənət yolu haqqında məlumat verilib, Azərbaycan və dünya bəstəkarlarının vokal klassik əsərləri səsləndirilib.
Fidan Hacıyevanın ifasında Ü. Hacıbəyli, A.Motsart, J.Bize, A.Piazolla, A.Vivaldi, R.Hacıyev və digər bəstəkarların əsərləri xanımlara hədiyyə olunub.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Martın 12-də Azərbaycan Milli Xalça Muzeyində “Dekorativ-tətbiqi sənətdə miniatür motivləri” adlı mühazirə keçiriləcək.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən təqdim olunacaq mühazirədə miniatürün yaranma tarixi, onun Azərbaycan dekorativ-tətbiqi sənətində yeri və rolu barədə ətraflı məlumat veriləcək.
Yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçmək tələb olunur.
Martın 6-da “Buta Palace”da biznes sahəsində 2021-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Report xəbər verir ki, bütün laureatlar iqtisadiyyatın qeyri-neftsektorunun nümayəndələridir – tibb, tikinti sahəsi, kənd təsərrüfatı, mebel istehsalı və s.
“Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhvəyə görə” əsas mükafata Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Adil Embarş layiq görülüb.
Yuxarıda qeyd edildiyi kimi, qonaqlar arasında Hindistan, Özbəkistan, Tacikistan və Koreya Respublikasının səfiri daxil olmaqla digər ölkələrin də diplomatik nümayəndələri iştirak edirdilər.
“Azeri Business Award” mükafatının partnyorları “Cahan Motors”, “Nabucco A&C” və “Faberlic” brendi, tədbirin dost şirkətləri isə “Caspian Coast”, “Delta Group”, “Ganja Sharab”, “Gədəbəy Mineral Suları”, “Minabi”, “Shamsi Art Studio”, “Danilov”, “Mario Russo” və "King’ Style" Tie & Parfum idi.
"Buta Palace"da təşkil edilən mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.
Tədbirin informasiya tərəfdaşı “Report” İnformasiya Agentliyi idi. Həmçinin tədbirə dəstəyi Insider.az, Urban.az, Marja.az və Navigator.az göstərib.
“Azeri Business Award” 2021 mükafatının laureatları
Məhəmməd Adil Embarş – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə
Səidə Qasımova, AZPRİNT şirkətinin təsisçisi – Mətbəə xidməti sahəsində ilin işgüzar xanımı
Ədalət Məmmədov, OPUS şirkətinin təsisçisi, memar – İlin memarı
OP.DR.Günel Bayramlı, Plastik və estetik cərrah – İlin plastik və estetik cərrahı
Yağmur-2 – Ekoloji layihələrə verdiyi töhfəyə görə
Camal LTD (İCELAND) – Dondurma istehsalı sahəsində ilin ixracatçısı
VS Energy Service – Etibarlı tərəfdaş
Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti – İlin şirkəti. İşıqlandırma sistemlərinin istehsalı
FAB Boya və Kimya Sənayesi – İlin ticarət markası
Core Construction – Tikinti sahəsində know how
Academy Estet klinikası – Kosmetologiya və estetika sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Caspian Cable Systems – İlin şirkəti. Kabel istehsalı
Şirin Su – Sahənin lideri. İçməli su məhsullarının istehsalı və çatdırılması
Glassmaster – Müştəri məmnuniyyəti
Meqa Sığorta – Ədalət və yüksək keyfiyyət standartlarına uyğun sığorta şirkəti
ADORE KOMPANİ – İlin parfümeriya və kosmetika şirkəti
FAW auto – İlin avtomobili
Farfor Home – İlin interyer aksesuarları məkanı
Artel Electronics – Məişət texnikası sahəsində ilin brendi
Business Mind Academy Business School – İnnovativ təhsil mərkəzi
Nestlé – İlin məhsulu. Uşaq qidası
KomiForest şirkətlər qrupu – Taxta materialların istehsalı sahəsində əldə etdiyi yüksək nəticələrə görə
Bəhram Bağırzadə – Milli tarix və mədəniyyətin təbliğinə verdiyi töhfəyə görə
Radio TMB – İlin uğurlu layihəsi. Türk dünyasının ilk radio platforması
TMB TV – Türk millətlərini birləşdirən mədəniyyət platforması
Bu ilin yanvar-fevral aylarında Bakıdakı küçə və prospektlərdə 85 yeni eynisəviyyəli piyada keçidi təşkil edilib və 406 piyada keçidinin boyaları yenilənib.
Bu barədə Report-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bunlardan 6-da “sarı döyünən işıq” tətbiq edilib. 11 məntəqədə isə mövcud svetoforlara piyada seksiyaları quraşdılıb. 1 200-ə yaxın yol nişanı quraşdırılıb. 27 məntəqədə ümumilikdə 270-dən artıq avtomobil üçün parklanma yerləri yaradılıb. Vətəndaş müraciətləri və təhlillər əsasında zəruri olan 51 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib.
Yazıçı Kamil Əfsəroğlunun “İttiham” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitaba müəllifin üç romanı daxildir. Romanlar fərqli mövzulara toxunsa da, “İttiham” adı sanki hər üç əsər üçün xarakterikdir. Romanlarda ötən əsrin 50-60-cı illərinin yazılmayan, bədii ədəbiyyatın diqqətindən kənarda qalan hadisələr qələmə alınıb. Stalin despotizminin xofu onun ölümündən sonra bir müddət çəkilməsə də, insanlar ümidlərini itirmir, sabaha inamla baxırlar.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türkiyədə fəaliyyət göstərən Ankara Universitetinin birgə təşkilatçılığı ilə görkəmli xakas türkoloq, şairə və folklorçu Alevtina Maytakovanın anadan olmasının 90 illiyinə həsr edilən konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un mərkəzi qərargahında bu qurumun baş katibinin müavini Bilal Çakıcının sədrliyi ilə “Sibir türk epik ənənəsi və kamlıq inancı” mövzusunda keçirilən konfransda rəsmi şəxslər, Türkiyədən olan deputatlar, görkəmli alimlər və Ankara ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Əvvəlcə Bilal Çakıcı yubilyarın zəngin mənalı həyat və yaradıcılığı barədə məlumat verib. Baş katibin müavini diqqətə çatdırıb ki, şairənin yaradıcılığı bütün türk dünyası üçün tükənməz irsdir.
Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov video-formatla konfransa qatılıb.
Rəsmi hissədən sonra görkəmli türkoloq Alevtina Maytakovanın yaradıcılığı ilə bağlı çıxış edənlər fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki xakas dilinin qorunmasında və inkişafında A.Maytakovanın əsərləri böyük təsirə malikdir.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin dəstəyi, Niderland Milli Teatrı və “Avrasiya Türk Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq ədalət şəhəri Haaqada Niderland Milli Teatrının binasında “Şuşa İli” çərçivəsində “Natəvanın ayaq izləri” adlı ədəbi-bədii gecə keçirilib.
Ədəbi-bədii gecə Şuşanın 270 illiyinə, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə və Azərbaycan-Niderland diplomatik münasibətlərinin 30 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, ədəbi-bədii gecədə Niderlandda fəaliyyət göstərən səfirliklərin diplomatları, bu ölkənin mədəniyyət, incəsənət nümayəndələri, eləcə də Azərbaycan və türk icmalarının, yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Holland dilində keçirilmiş ədəbi-bədii gecədə Qarabağ xanlığı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa, eləcə də Xan qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Səhnələr nümayiş olunub. Gecədə milli musiqilərimiz, rəqslərimiz və mahnılarımız təqdim edilib. Azərbaycan icmasının üzvü Fatma Aktaşın təşkilatçılığı ilə Xurşidbanu Natəvanın həyatından səhnələr göstərilib.
Gecədə Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov çıxış edərək təşkilatçılara təşəkkür edib. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində mədəniyyət paytaxtımız Şuşa 28 illik erməni işğalından azad oldu. Şuşada aparılan bərpa işlərinə toxunan səfir deyib ki, artıq Şuşa əvvəlki kimi yenə də mədəniyyət festivallarına ev sahibliyi edir.
“Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib. Qarabağın tacı, xalqımız üçün müqəddəs məkan olan Şuşanın təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Bu il müqəddəs Şuşanın 270 illiyi qeyd edilir. Şuşanın ölkəmizin, eləcə də Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rolu olub”, - deyə səfir F.Axundov vurğulayıb. Diqqətə çatdırıb ki, Şuşada böyük şəxsiyyətlər, tanınmış şairlər, musiqiçilər yetişib. Bu il Şuşada tanınmış şairə, ictimai xadim, xeyriyyəçi Xurşidbanu Natəvanın doğma məkanında onun anadan olmasının 190 ili qeyd edilir.
Səfir, həmçinin bu il Azərbaycan-Niderland diplomatik münasibətlərinin 30 iliyinin qeyd edildiyini bildirib.