Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “O olmasın, bu olsun” tamaşası yenidən səhnədə

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, martın 11-də göstəriləcək tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.

    Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş möhtəşəm tamaşa Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.

  • Cadenza orkestri növbəti konsertə hazırlaşır

    Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.

    AZƏRTAC xəbər verir ki, budəfəki konsertdə orkestr səhnəni məşhur fleyta ifaçısı Avital Cohenlə (İsveçrə-İsrail) paylaşacaq.

    Qeyd edək ki, A.Cohen daha əvvəl IV Beynəlxalq Qara Qarayev Festivalında iştirak edib və bu Azərbaycana ikinci səfəridir.

    Konsertdə Karlhaynz Ştokhauzenin “Pikkolo”, Antonio Vivaldinin Konsert No.3, Haynz Holligerin “Lied”, Türkər Qasımzadənin “Mürəkkəbin su həllində naxışları” və Arif Məlikovun “Konsertino” əsərləri ifa ediləcək.

  • “İçərişəhər” metrostansiyasının vestibülündə “Hər yerdə teatr” adlı maraqlı layihə təqdim edilib

    Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart - Milli Teatr Günü münasibətilə “Hər yerdə teatr” adlı maraqlı layihə həyata keçirilib.

    Ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda – “İçərişəhər” metrostansiyasının vestibülündə nümayiş olunan səhnəciklər şəhər sakinlərinə əsl teatr bayramı yaşadıb.

    Mədəniyyət Nazirliyinin sektor müdiri Könül Cəfərova AZƏRTAC-a müsahibəsində bildirib ki, xalqımızın zəngin teatr ənənələri, tarixi minilliklərə uzanan xalq oyun-tamaşa mədəniyyəti var. Xalq yaradıcılığında, aşıq sənətində, dastanlarda rüşeym şəklində mövcud olan teatr ənənələri əsrlərin sınağından çıxaraq, böyük inkişaf yolu keçib və bu günə qədər qorunub: “Azərbaycanda Avropa tipli peşəkar teatrın yaranması 1873-cü ilin 10 mart tarixinə təsadüf edir. Teatr tarixindən məlumdur ki, həmin gün Bakıda gimnaziya şagirdlərinin ifasında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş olunub və bununla ölkədə peşəkar milli teatrın əsası qoyulub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunur”.

    Onun sözlərinə görə, artıq rəsmi şəkildə 9 ildir ki, 10 mart tarixinin Milli Teatr Günü kimi qeyd olunmasına baxmayaraq, teatr sənətçilərinin peşə bayramı daha çox sənət adamlarını əhatə edir və geniş auditoriya hələ də belə bir bayramın varlığından xəbərsizdir. Çünki teatrlarımız, bir qayda olaraq, Milli Teatr Gününü kompakt şəkildə qeyd edir, həmin gün “Açıq qapı” günləri təşkil edilir, teatr işçilərinin peşə bayramına həsr olunmuş müxtəlif lokal tədbirlərlə kifayətlənirlər: “Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə teatr sənətçilərinin peşə bayramı münasibətilə həyata keçirilən “Hər yerdə teatr” layihəsi 10 Mart - Milli Teatr Gününün daha geniş və müxtəlif tərkibli auditoriyaya çatdırılmasını hədəfləyir”.

    Tədbirdə Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar nümayiş olunub, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.

    “Hər yerdə teatr” layihəsi sosial şəbəkələrdə geniş rezonans doğurub. Layihə nəticəsində sosial şəbəkələrdə #həryerdəteatr və #MilliTeatrGünü həşteqləri ilə çoxlu paylaşımlar edilib.

    Qeyd edək ki, tədbir “Gənclik Mall” ticarət və əyləncə mərkəzində davam edəcək.

    Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Gənclik Mall” və “Bakı Metropoliteni” QSC-dir.

  • Peter Mixalko: “FantazEU” festivalı Avropa və Azərbaycan mədəniyyətləri arasında körpü yaradır

    “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Avropa körpüləri” adlı fotosərginin açılış mərasimi keçirilib. Sərgi "Art Tower" qalereyasında təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, sərgidə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, festivalın məqsədi Avropa mədəni irsini təbliğ etməkdir.

    " Sərgi festivalın bir hissəsidir və “FantazEU” Mədəni İrs Festivalı Azərbaycan və Aİ arasında güclü tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verməklə yanaşı, Avropa və Azərbaycan mədəniyyətləri arasında bir körpü yaradır. Biz mədəni körpülərinin qurulmasının vacibliyinə, qarşılıqlı anlaşmanın vacibliyinə inanırıq. Körpülər insanları birləşdirməyə xidmət edir", - deyə Aİ-nin rəsmisi vurğulayıb.

  • Məşhur serialın yayımı dayandırılıb

    İngiltərənin BBC şirkətinin çəkdiyi və rus bir ailədən bəhs edən “McMafia” serialının yayımı dayandırılıb.

    AZƏRTAC türk mediasına istinadla xəbər verir ki, serialın yayımının dayandırılmasının səbəbi Ukraynadakı hərbi əməliyyatlardır.

    Qeyd edək ki, serialın ilk bölümü 2018-ci ildə ekranlara çıxıb və böyük izləyici kütləsi toplayıb.

  • Azərbaycan ilə Qazaxıstan arasında aviareyslərin sayı artırılacaq

    Azərbaycan və Qazaxıstan aviareyslərin sayını artırmaq niyyətindədir.

    “Report” Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) müzakirəsi zamanı məlum olub.

    “Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin nümayəndəsi TBNM vasitəsilə birgə avtomobil yük daşımalarını inkişaf etdirməyi, həmçinin iki ölkə arasında aviareyslərin sayının artırılması təklifini nəzərdən keçirməyi təklif edib. Azərbaycan tərəfi bu təklifi müsbət qarşılayıb”, - məlumatda deyilir.

    Tərəflər, həmçinin 2022-ci ildə TBNM ilə daşınması proqnozlaşdırılan yük həcmlərini, dəmir yollarının hissələri və Xəzər dənizi üzrə buraxılış qabiliyyəti, əlavə yük axınlarının istiqamətləndirilməsi şərtləri, “Orta dəhliz”in və birgə müəssisələrin yaradılması məsələlərini müzakirə ediblər.

    Xatırladaq ki, noyabrın 7-dən etibarən Qazaxıstan və Azərbaycan arasında həftənin cümə axşamı və bazar günləri Almatı - Bakı - Almatı marşrutu üzrə uçuşlar həyata keçirilir. Fevralın 18-dən isə Bakı - Aktau – Bakı marşrutu üzrə uçuşlar həyata keçirilir. Aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçirilir.

    Xatırladaq ki, Qazaxıstana 2020-ci ilin mart ayından etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı səbəbindən uçuşlar dayandırılmışdı. Belə ki, Almatı, Aktau və Nur-Sultan istiqamətində uçuşlar həyata keçirilirdi.

  • Vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə ləğv edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbəni ləğv edib.

    Report bu barədə quruma istinadən xəbər verir.

    "Məlum olduğu kimi, ölkədə koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlər çərçivəsində 2020-ci ilin mayından etibarən vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qəbulu əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilib. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar nəzərə alınaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin işində dəyişiklik edilib. Belə ki, vergi ödəyiciləri martın 9-dan etibarən həmin mərkəzlərdə göstərilən xidmətlərdən, iş rejimi nəzərə alınmaqla, onlayn növbəyə yazılmadan istifadə edə bilərlər", - deyə Dövlət Vergi Xidməti bəyan edib.

  • Zeytun ağacları Van Qoqun gözü ilə

    Martın 11-də Van Qoq Muzeyi 1889-cu ilin iyun-dekabr ayları arasında Fransanın cənubundakı Sen-Remi-de-Provans şəhərində zeytun bağlarının on beş rəsmini çəkən holland rəssamın sərgisini açacaq.

    AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, zeytun ağaclarının tipik xüsusiyyətlərinin axtarışında olan Van Qoq ilin müxtəlif fəsillərində, hətta günlərdə onları fərqli rakurslardan tabloya köçürüb.

    İlk baxışdan hamısı eyni görünsə də hərəsi bir süjeti əks etdirir. Rəssam 1889-cu ilin sentyabrında qardaşı Teoya yazmışdı: "Zeytun ağacları çox özünəməxsusdur və mən bunu tutmağa çalışıram".

  • Akademik Milli Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır

    Martın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın premyerası keçiriləcək.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.

    Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.

    Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

    Tamaşada baş rollarda Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayırlar. Səhnə əsərində həmçinin aktyorlar Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Ləman İmanova, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Şəhla Əliqızı, İlahə Həsənova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz və Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıb.

    Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

  • Lissabon Avropanın ən qonaqpərvər şəhəridir

    Amerikanın nüfuzlu səyahət jurnalı “Condé Nast Traveller” Portuqaliyanın paytaxtı Lissabonu Avropada birinci və dünyanın beşinci ən qonaqpərvər şəhəri kimi qiymətləndirib.

    AZƏRTAC xəbər verir ki, məşhur nəşr 34-cü illik “Oxucu seçimi mükafatları” sorğusunda dünyanın ən qonaqpərvər şəhərlərini növbəti dəfə sıralayıb.

    Bu sorğu səyahətçilərin şəhərləri ziyarət edərkən özlərini necə hiss etdikləri, yəni xoş qarşılandıqları, əziz qonaq olduqlarını və məlumata ehtiyac olduqda yerli sakinlərdən tam dəstək alıb-almadıqlarını qiymətləndirir.

    “Condé Nast Traveler” həmçinin bildirir ki, Lissabon sahil mənzərələri, tarixi memarlıq və şirniyyatları ilə Portuqaliyaya ilk dəfə gələnlər üçün mükəmməl başlanğıc nöqtəsidir.

    “Condé Nast Traveller” tərəfindən dünyanın ən qonaqpərvər şəhərləri sıralamasında birinci yerdə Kralendeyk (Boneyr Adası), ikinci San-Miguel-de-Alyende (Meksika), sonra isə Mərrakeş (Mərakeş), Banqkok (Tayland), Lissabon (Portuqaliya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), İstanbul (Türkiyə), Sinqapur, Edinburq (Şotlandiya) yerləşdirilib.

    Bu il Lissabon həm də beynəlxalq mətbuatda 2022-ci ildə ən yaxşı istiqamət, ən yaxşı qastronomiya və yaşamaq üçün ən sağlam yer kimi bir sıra mükafatlara layiq görülüb.