“İranə Qasımova ilə açıq poeziya mikrofonu” layihəsinin növbəti tədbiri paytaxtdakı “Naxçıvan” restoranında təşkil olunub. Gecədə şairlər, eləcə də rus və Azərbaycan dillərində şeirlər səsləndirən qiraətçilər çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Səidə Sübhi, Ələddin Yaqubov, Eldar Cahangirbəyov, Firuz Məmmədov, Natella Kərimova, Hacı Həşimov, Səbinə Zülalova, İlmira Odinayeva, Maksim Lebedev, İbrahim İmaməliyev, Nathalie, Elbert Tuqanov, Əzizə Laym, Nərgiz Tahirova, Naza Həsənova, Günatay Hüseynova və Zinyət Əmirova çıxış ediblər.
Poeziyaya sevgi məsləkdaşları arasında səmimi dostluq ab-havasında keçən tədbir şairə, Azərbaycan Yazıçılar Birliyini üzvü, Azərbaycanın “Qızıl qələm” mükafatı laureatı İranə Qasımova tərəfindən təşkil olunub. O, həm də “İranə Qasımova ilə poeziya klassikası” və “İranə Qasımova ilə poetr-batl” populyar layihələrinin müəllifidir.
Milli Kitabxananın əməkdaşları tərəfindən “21 Fevral - Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, mövzu haqqında kitablar təqdim olunur.
Ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan dilinə və digər dillərə aid kitablar nümayiş etdirilir.
Ənənəvi sərgi 1 həftə davam edəcək.
Fevralın 24-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Məlikməmməd” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə İqbal Əliyevdir.
Rejissor bu klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz ilə əlaqələndirib və ona əlavələr edərək, fərqli prizmadan baxmağa çalışıb.
Azərbaycan xalq nağılı əsasında hazırlanan səhnə əsərinin əsas məqsədi uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Nağılda padşahın üç oğlundan biri olan Məlikməmməd divlər ilə mübarizədə igidlik göstərərək həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyi ilə işıqlı dünyaya çıxır.
Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da, səhnə əsərinin quruluşçu əməkdaşları müasir uşaqlar üçün maraqlı olan elementləri də daxil etməyə çalışıblar.
Əsl rəssam rənglər dünyasının elə sakinidir ki, ondan başqa heç kəs bu füsunkar aləmin özünəməxsus səsini eşidə bilmir. Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşdirən, XX əsrin yetirdiyi çox istedadlı rəssam Böyükağa Mirzəzadə də belə sənət adamlarındandır.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasının 103-cü ildönümü tamam olur.
Görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını Azərbaycan təsviri sənəti ilə məharətlə uzlaşdırmışdır. Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası”dır, - deyiblər.
Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında onun da adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib.
Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakının Fatmayı qəsəbəsində dünyaya göz açmışdır. O, sənətə təsadüf nəticəsində gəlib. Atası onun həkim olmasını arzulayırmış. Gələcək rəssamın yoldaşları - sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Elə bu insanların da məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub.
Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyur və Bakıya qayıdır. 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, 1966-cı ildə Üzeyir Hacıbəylı adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb. B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgisi təşkil edilib. Onun əsərləri ölkəmizlə yanaşı, xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında da saxlanılır.
Rəssamın yaradıcılığı həm çoxşaxəli və həm də məhsuldar olub. Böyükağa Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr–dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirərkən, sənətkarın yaradıcılıq dühasının genişliyi və əhatəliliyinin, cəsarətli rəng çalarlarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi olursan.
Kompozisiya aydınlığını, işıq–kölgə həllində təsirliliyi, kolorit zənginliyini, plenerə hədsiz marağını, impressionist ənənələrinə xüsusi meyilliyi rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləridir. Rəssam süjetli tabloların gözəl nümunələrini yaradıb. Bunlardan “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkəranda”, “Xəzər neftçiləri”, “Bizim kəndin insanları”, “Səhnə arxasında” və digər əsərlərini qeyd etmək olar. “Çimərlikdə” adlı əsərində rəssam Abşeron çimərliklərində adi həyat hadisəsini fırçaya alıb. Surətlərin inandırıcı sadə hərəkətləri, isti günəş şüalarının və sahilin qızmar qumlarının koloriti ustalıqla təsvir olunub.
B.Mirzəzadənin yaradıcılığında süjetin kətanın hüdudlarından kənara çıxarılması, plenerdə işlənilməsi, günəş işığının bolluğu, bir qədər adi görünən mövzuların seçilməsi və obrazların ani, təbii hərəkətlərdə təsvir edilməsi metodu rəssamın əsərlərində özünü qabarıq şəkildə büruzə verir. Onun bu metodla işləməsini rəssamın impressionist cərəyanına və bu cərəyanın nümayəndələrinə xüsusi rəğbəti ilə izah etmək olar.
“Səhnə arxasında” adlı əsər də rəssamın yaddaqalan əsərlərindəndir. Kompozisiyada balerinaların çıxışdan əvvəlki vəziyyətləri təsvir edilib. Surətlərin hazırlaşdıqları məqam – obrazların bəzilərinin məşq zamanı keçirdiyi ehtiraslı hisslər, bəzilərinin həyəcanlı şəkildə səhnəyə yönəlmiş nəzərləri yüksək ustalıqla, duyğulandırıcı şəkildə boyaların dili ilə bədiiləşdirilib. Surətlərin daxili psixoloji gərginliyi, “yüngül” ritmik harmoniyası və tablonun kolorit həlli mahiranə rəng çalarları ilə işlənilib və əsərin bədii təsir qüvvəsi olduqca təsirlidir. Əsərin rəng qammasında rənglərin keçidləri ustalıqla əlaqələndirilib.
Böyükağa Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini də portret janrı tutur, onun bu sahədəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləmişdir. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkilmiş portretləri olduqca məzmunludur. Yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə, rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu baxımdan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaradıb. Rəssamın çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazının daxili mənəvi dünyasına nüfuz edərək, onları mahiranə rəng çalarları ilə yaratdığını görmək olar. “Niyazinin portreti”ndə rəssam dirijoru səhnədə konsert zamanı təsvir edib. Sənətkarın dəqiq təsvir edilmiş rəsmi və onun əlindəki dirijor çubuğunun ritmik hərəkəti obraza peşəsindən irəli gələn harmonik bağlılıq verir. Rəssam dirijorun daxili mənəvi dünyasını kolorit həllinin köməyi ilə tamaşaçıya çatdıra bilib. “Şəmsi Bədəlbəylinin portreti”ndə rəssam yaradıcı sənət adamının yaddaqalan obrazını boyaların dili ilə bədiiləşdirib. Əsərin kolorit həlli ustalıqla işlənib.
“Bəstəkar Xəyyam Mirzəzadənin portreti”ndə rəssam istedadlı bəstəkarımızın yaddaqalan bədii obrazını rənglərin xüsusi dili ilə məharətlə ifadə edib, onun yaradıcı daxili dünyasını ustalıqla kətanda əks etdirə bilib. Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub.
Böyükağa Mirzəzadənin mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı yaratdığı əsərlər fərqlənir. Onun əsərlərində Abşeronun gözəllikləri dilə gəlir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvana yönəltməsin. Xarici ölkələri dolaşdıqca aldığı təəssüratlar da rəssamın yaradıcılığında öz əksini tapmışdır.
Rəssam, eyni zamanda, yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Böyükağa Mirzəzadə güllərlə bağlı xeyli sayda natürmort yaratmışdır. “Sarı güllər”, “Tüstü ilə natürmort”, “Dolça ilə natürmort”, “Qızılgüllər”, “Güllərlə natürmort”, “Bankalı natürmort” kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur. B.Mirzəzadə həm də İ.Əfəndiyevin “Mənim günahım” pyesinə, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” musiqili komediyalarına bədii tərtibat verib.
Böyükağa Mirzəzadə rəssamlıqla yanaşı, pedaqoji fəaliyyət də göstərmişdir. Neçə-neçə gənc istedadlı rəssam kadrın yetişməsində və təsviri sənətimizin zənginləşməsində əməyi olub. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışıb. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır. B.Mirzəzadənin yaradıcılığı xalqımız və dövlətimiz tərəfindən daim dəyərləndirilib. Rəssam 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Böyükağa Mirzəzadə 2007-ci il noyabrın 3-də, 86 yaşında dünyasını dəyişib.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olmuş polşalı ixtiraçı, geoloq Vitold Zqlenitski haqqında kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Polşa Respublikasının Azərbaycandakı səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn “Polşalı Nobel” adlı kitabın müəllifi Polşa ictimai xadimi, professor Andjey Yan Xodubskidir.
Mərasimdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı kitabın nəşrini yüksək qiymətləndirib.
Polşa Respublikasının səfiri Rafal Poborski Azərbaycan və Polşa dövlətləri arasındakı tarixi-mədəni əlaqələrin vacibliyini vurğulayıb.
Kitabın tərcüməçisi Samir Səttərov V.Zqlenitskinin həyatı və nailiyyətləri haqqında mühazirə söyləyib. O deyib: “Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin Riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə Polşada mühəndis kimi çalışıb, lakin onun həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlıdır. 1891-ci ildən vəfatına qədər Bakıda işləyib. V.Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olaraq, onun dənizin dibindən çıxarılması ideyasını irəli sürüb. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar - neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha dərin qazmağa imkan verən texniki həllər hazırlayıb. V.Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olub. Onu “Bakı neftinin atası” adlandırırdılar, çünki onun geoloji fəaliyyəti və ixtiraları Bakıda neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib. V.Zqlenitskinin ictimai fəaliyyətini də xatırlamağa dəyər. Məsələn, Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində iştirak edib. V.Zqlenitski öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi Birinci Dünya müharibəsinin başlaması ilə dayandırılıb. Rusiyada 1917-ci il inqilabından sonra V.Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum olunub. V.Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb və Wola Kielpinska qəbiristanlığında dəfn edilib”.
Tədbirin sonunda qonaqlara yeni nəşr edilmiş kitablar hədiyyə olunub.
Bu gündən Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin “Şuşa uşaqlar üçün”, “Bakı uşaqlar üçün”, “Praqa uşaqlar üçün” və “Azərbaycanda xristian kilsələri” kitabları Çex Respublikasında satışa çıxarılıb.
O, “Report”a açıqlamasında deyib ki, müəllifi olduğu nəşrlər Azərbaycan və rus dilində işıq üzü görüb.
Əməkdar artistin sözlərinə görə, Çexiya tərəfi həmin kitabları bəyənərək tərcümə edib: “Şuşa uşaqlar üçün” kitabını Qalib Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə həsr etmişəm. Bakı haqqında kitab turistlər üçün nəzərdə tutulub. Həmçinin “Azərbaycanda xristian kilsələri” kitabı isə ölkəmizdəki xristian abidələri ilə bağlıdır. Nəşrlər həm də dünyada Azərbaycanın təbliğinə xidmət edir. Bu işi davam etdirməyə çalışacam”.
O həmçinin qeyd edib ki, kitabları ispan dilinə də işıq üzü görəcək:
“Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşdüm. O, Meksika haqqında da kitab yazmağımı xahiş etdi. Bildirdi ki, Azərbaycan uşaqları da Meksika haqqında məlumatlansınlar. Kitablarımızı ispan dilinə tərcümə etdirməyə çalışacam. Məqsədim Meksika uşaqlarının Azərbaycanı tanımasına nail olmaqdır”.
B.Bağırzadə bildirib ki, 50-yə yaxın ölkə ilə bağlı kitab yazıb.
Daşkənd şəhərindəki Abdulla Qadiri Xatirə muzeyində “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçirilib.
Bu barədə "Report"a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq bildirib ki, sərgidə Özbəkistanın tanınmış fotoqrafı Husniddin Atoyev Azərbaycanın işğaldan azad edilən ərazilərində çəkdiyi unikal fotoşəkillər nümayiş olunur.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iki ölkə arasında olan tarixi dostluq əlaqələrindən danışıb, son illərdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Diplomat Ermənistanın tarixən Azərbaycan xalqına qarşı işğalçılıq siyasətindən danışıb, Qafqazla yanaşı, Mərkəzi Asiyada da erməni daşnaklarının həyata keçirdiyi qətliamlar barədə məlumat verib.
Husniddin Atoyev Azərbaycanın Ermənistan işğalından azad olunmuş bölgələrini ziyarət edərkən heyrətə gəldiyini və şoka düşdüyünü söyləyib. Ağdam, Füzuli və Şuşa rayonlarında olan fotosərginin müəllifi həmin ərazilərdə sanki güclü dağıdıcı zəlzələ baş verdiyini, Azərbaycan xalqının min illərlə yaratdığı şəhər və kəndlərin viran edildiyini vurğulayıb. O, gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə Azərbaycana və Qarabağ mövzusuna dair çəkilmiş fotoşəkillərin əsasında yeni sərgilərin keçirilməsinin planlaşdırıldığını da qeyd edib.
Fotosərgi fevralın 27-dək davam edəcək.
21-27 fevral 2024-cü il tarixlərində "Birbank Cashback Mastercard" taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinə qədər “Hotel” və “Aviabilet” kateqoriyaları üzrə ilk birdəfəlik 100 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 30 AZN qazanacaq.
Qazanılan məbləğ ödəniş edildikdən dərhal sonra müştərinin "cash back" hesabına əlavə ediləcək. Fürsətlər taksit, POS terminal və onlayn ödənişlərə şamil olunur.
"Birbank" kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın "Facebook" və "Instagram" səhifəsinə müraciət edə bilərsiniz. "Birbank" kartını sifariş vermək üçün "Birbank" mobil tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, "WhatsApp" vasitəsilə (050) 999 81 96 nömrəsinə yazın və yaxud "Birbank" mərkəzlərinə müraciət edin.
Fevralın 22-dən fevralın 23-nə keçən gecə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ Futbol Klubu" MMC-nin ev oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.
“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya, əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.
Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.
Mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyində siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından danışıb. Bildirilib ki, iki ölkənin rəhbərləri arasında mövcud səmimi münasibətlər geniş spektrli faydalı əməkdaşlıq üçün zəmin yaradıb.
Qeyd olunub ki, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Nazir bu il mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib, Xorvatiya tərəfinin bu mötəbər tədbirdə iştirakından məmnun olacağımızı deyib.
Frano Matuşiç Xorvatiya ilə Azərbaycanın uzun illərdən bəri səmərəli iqtisadi-ticari əlaqələrə sahib olduqlarını diqqətə çatdırıb. Bildirib ki, xalqlarımızın yaxınlaşması, tarixi-mədəni mirasımızın tanıdılması üçün qarşılıqlı mədəniyyət layihələrinin həyata keçirilməsi zəruridir.
Söhbət zamanı Azərbaycan-Xorvatiya birgə Hökumətlərarası Komissiyasının Bakıda keçiriləcək növbəti iclası və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov da iştirak ediblər.