Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Qonaq Teatr” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı "The Müqəssir" (Əbdürrəhim bəy Haqverdiyev) əsəri ilə Bakıda tamaşaçılar qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Saleh Əzimzadə, Vəfa Hacızadə, Nizami Qurbanov, Günel Abbaszadə, Məleykə Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli oynayıblar.
Tədbirin sonunda rejissor Abdulla Elşadlı bölgə teatrları ilə uğurlu əməkdaşlıq əlaqələri qurduğu və Lənkəran Dövlət Dram Teatrının tamaşanın orijinal quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunub.
Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası SSRİ Xalq artisti, Rəşid Behbudovun 108 illiyinə həsr olunmuş konsert verib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov Filarmoniyanın musiqi heyətinə, solistlərinə təşəkkürünü bildirib, Gəncənin mədəniyyət torpağı olduğunu vurğulayıb. Deyib ki, bir çox əbədiyaşarlar yetişdirən bu torpaq mədəniyyət və musiqisi ilə Azərbaycan mədəniyyətində önəmli yer tutub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu cür müştərək konsertlər müxtəlif tarixlərdə müxtəlif salonlarda keçiriləcək.
Konsertdə Xalq artisti Sərxan Sərxan, Abbas Əhməd, Samir Piriyev, Estrada ansamblının müşayiəti ilə Filarmoniyanın solistləri - Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Vasif Bayramov, Rüstəm Cəfərov və Əli Məmmədov sənətkarın yaddaqalan mahnılarını səsləndiriblər.
Tədbirdə Rəşid Behbudovun “Gəncə”, “Zibeydə”, “Lalələr”, “Gözəlim sənsən”, “Sevgilim”, “Əziz dost”, “Bahar sənsiz”, “Azərbaycanım”, “Ey Vətən” mahnıları ifa olunub.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bir sıra məşhur istiqamətlərə – Dubay, Ər-Riyad və Nyu Dehli şəhərlərinə uçuşlara yeni endirim aksiyasına start verir.
"Report" AZAL-a istinadən xəbər verir ki, təklif çərçivəsində endirimli aviabiletləri 20-29 fevral 2024-cü il tarixlərində əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 24 fevral-27 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Belə ki, Bakıdan Dubay şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 130 avro, hər iki istiqamətdə 234 avro təşkil edir. Ər-Riyad şəhərinə səyahət edərkən biletləri bir tərəfə 69 avroya, gediş-dönüş aviabiletlərini 128 avroya əldə etmək mümkündür. Nyu Dehli şəhərinə aviabiletlərin qiyməti isə bir tərəfə 150 avro, hər iki istiqamətdə 272 avro təşkil edir.
Bu şəhərlər sərnişinlərə unudulmaz səyahət təcrübəsi vəd edir və müxtəlif mətbəx, tarixi və memarlıq nümunələrinə qərq olmaq imkanı yaradır.
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
AZAL ilə sərfəli qiymətə səyahət etmək fürsətini qaçırmayın!
ABŞ-nin proqram təminatı korporasiyası “Microsoft” növbəti iki ildə 2,1 milyard dollarlıq sərmayə qoymaqla İspaniyada süni intellekt (Sİ) və bulud infrastrukturunu genişləndirəcək.
“Report” xəbər verir ki, bu barədə şirkətin sədr müavini və prezidenti Bred Smit sosial şəbəkədə açıqlayıb.
“İnvestisiyamız sadəcə verilən (data – red.) mərkəzləri tikmək çərçivəsindən kənara çıxır, bu, İspaniyaya, onun təhlükəsizliyinə, hökumətinin, biznesinin və insanlarının inkişafı və rəqəmsal transformasiyasına 37 illik sadiqliyimizin sübutdur”, – şirkətin meneceri nəql edib.
Xatırladaq ki, daha öncə “Microsoft” Almaniyada süni intellekt yönümlü 3,2 milyard avro (3,45 milyon dollar) sərmayə qoyacağını bildirib.
XX əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan Əliağa Kürçaylı çoxcəhətli yaradıcılığı ilə “şeirimizin ən uca və barlı-bəhərli budaqlarından" (Rəsul Rza) biri idi. Yaşadığı 52 il ərzində çox məhsuldar işləmiş, şeirə, sənətə ciddi münasibət bəsləyərək məhz poetik nümunələrə, əsl ədəbi əsərlərə imza atmışdı. Əliağa Kürçaylı elə bir dövrdə bədii yaradıcılığa başlamışdı ki, ədəbi mühitdə Mehdi Hüseyn, Qulu Xəlilov, Yaşar Qarayev kimi sərt tənqidçilərlə bərabər, məşhur şairlər ordusu var idi. Lakin yaradıcılıq dünyasına dərindən bələdçilik, anadangəlmə istedad, geniş dünyagörüş, daim öz üzərində işləmək Əliağa Kürçaylını çoxundan fərqləndirə bildi. Tənqidçilər indi də onun haqqında məhəbbətlə yazırlar ki, Əliağa Kürçaylı dünənin, bu günün deyil, sabahın da ən böyük şairlərindən biri olaraq daim yaşayacaq.
AZƏRTAC xəbər verir ki, bu gün Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli şair, dramaturq və publisist Əliağa Kürçaylının anadan olmasından 96 il ötür.
1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gələn Əliağa Kürçaylı sonralar belə yazırdı: “deyirlər, “müharibə uşaqları” vaxtından əvvəl böyüyür”.
Onun da uşaqlığı müharibə illərinə düşmüşdü. Əliağa əsl həyatla qarşılaşdığı gün ilk şeirini yazdı, ilk şeirindən özünə “Kürçaylı” təxəllüsü götürdü və elə ilk şeirindəcə diqqəti cəlb etdi. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.
Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. O, arzularının dalınca böyük şəhərə üz tutdu. Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?
- Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:
Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim...
Səməd Vurğun, “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.
Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir. 1950-ci illərdə Əliağa Kürçaylı şair kimi tanınıb sevilir. “Arifin bağçası”, “Salam, gələcək illər”, “Gözəllik” adlı şeir kitabları çap olunur. O, təkcə istedadlı şair deyil, həm də dramaturq, publisist, tənqidçi kimi tanınır. “...Yesenin poeziyada etiraf nöqtəsidir”, - deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində uğurlu işləri ilə diqqəti cəlb edir. Sergey Yeseninin əsərlərini, Dantenin “İlahi” komediyasını ilhamla dilimizə çevirir.
“Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam” - Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O, kifayət qədər tanınır və sevilirdi. Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.
Kürçaylının şeirləri öz lirik tempinə, axarına və ritmik melodik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə də şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən 20-30 il keçməsinə baxmayaraq “Yadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdu sənin”, “Səslə məni” mahnıları bu gün də eyni sevgi, məhəbbətlə qarşılanır.
Dramaturq kimi Əliağa Kürçaylının yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram”, - deyən Əliağa Kürçaylının “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” və başqa pyesləri indi də teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.
Əliağa Kürçaylı müxtəlif illərdə dövri mətbuatda və nəşriyyat sahəsində işləmiş, “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə qədər yüksəlmişdi.
1970-ci illərdə Kürçaylı yaradıcılığı kamillik mərhələsinə çatır. “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ağuşumdadır”, “Bütövlük” kitabları işıq üzü görür. Nəşr olunan kitablarında “Durnalar cənuba uçur”, “Məhəbbət”, “Sən kimsən”, “Sınaq”, “Payız günləri” - ümumilikdə 25 poeması çap olunur.
Əliağa təpədən dırnağacan şair idi və şair ömrü də yaşadı. O, sənətdə, poeziyada şəxsiyyət idi. Onun şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyyət, təzad yox idi.
Yəqin, az adam bilir ki, Nəsiminin anadan olmasının 600 illik yubileyi ərəfəsində Xalq rəssamı Mikayıl Abdullayev dahi şairin portretini yaradarkən Əliağa Kürçaylının üz cizgilərindən yararlanıb. Əliağa Kürçaylı isə “Nəsimi” adlı şeirini böyük sənətkara ithaf edib.
“Seçilmiş əsərlər”inə müqəddimədə Əliağa Kürçaylı yazırdı: “Yaşasın poeziya!” Şair, əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq:
Harda olsan gələrəm,
Təki sən səslə məni,
Darda olsan gələrəm,
Təki sən səslə məni.
Ömrünün sonunacan Əliağa Kürçaylı işıq içində, poeziya işığının içində üzdü. Çağdaş Azərbaycan poeziyasında nə o, bir kimsəyə bənzədi, nə bir kimsə ona...
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr edilib.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində maraqlı mövzular əksini tapıb. Belə ki, jurnalın rubrikalarında Cəlil Məmmədquluzadənin felyetonları, Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi, Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi, Fransisko de Kevedonun seçmə şeirləri, Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti yer alıb.
Bundan başqa, oxucular “Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı, Tove Alsterdalın “Görüş” hekayəsi, Kamilo Xose Selanın miniatürləri, Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi, Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlər ilə də tanış ola biləcəklər.
Bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin 86 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan muğam musiqisinin inkişafında ağdamlı ustadların - musiqi yaradıcılarının, xanəndələrin böyük xidmətləri olub. Bu xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan muğamlarımızı yaşadıb, onun qorunub saxlanılmasında müstəsna xidmətlər göstəriblər. Muğamların yeni variantlarının yaradılması da xanəndələrin yaradıcılıq – ifaçılıq keyfiyyətləri ilə bağlı olub, hər bir xanəndənin ifaçılıq tərzindən meydana gələn xüsusiyyətdir. Hər bir xanəndə oxuduğu muğama öz nəfəsini, öz oxuma tərzini, özünəməxsus ifaçılıq ənənəsini gətirir. Belə xanəndələrdən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov və başqalarını misal göstərə bilərik. Əsl sənətkar olmaq, xalqın rəğbətini qazanıb ürəklərə həmişəlik yol tapmaq, ən başlıcası, milli sərvətimiz sayılan muğamlarımızın saflığını qoruyub, onu özünəməxsus çalarlarla bəzəyib zənginləşdirmək hər sənətkara nəsib olmur. Bu gün milli muğam ifaçılığının görkəmli nümayəndəsi, məlahətli səsi, böyük istedadı ilə ustad xanəndə kimi tanınan Arif Babayev ən qüdrətli sənətkarlardan biri kimi qəbul olunur. Onun sənəti musiqi tariximizdə, xüsusən muğam sənətində ayrıca, bənzərsiz, özünəməxsus bir məktəbdir. O, XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb.
Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub.
Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan böyük şöhrət qazanıb
Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayıl (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.
Özünün dediyi kimi, Opera və Balet Teatrının səhnəsi ciddi sənət ocağıdır. Oxumaq, öyrənmək istəyən ifaçı burada gündən-günə cilalanır, kamilləşir, təkmilləşir. Onun Məcnun rolu üzərindəki işini sənətkarın sənətdə atdığı ilk addımlarının uğuru adlandırmaq olar. Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan böyük şöhrət qazanıb. Onun səsi Füzuli şeiri və Üzeyir musiqisi ilə birləşib, bənzərsiz bir Məcnun yaratdı...
Onu da qeyd edək ki, “Leyli və Məcnun” operasında Arif müəllimin tərəf müqabilləri əvvəlcə Rübabə Muradova, sonralar Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yaqut Abdullayeva, “Əsli və Kərəm”də Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Rəsmiyyə Sadıqova, “Şah İsmayıl”da Gülxar Həsənova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Sahibə Əhmədova olublar. “Gəlin qayası” və “Aşıq Qərib” operalarında Arif Babayev əsasən Nəzakət Məmmədova ilə oynayıb. Opera aktyoru üçün vacib şərtlərdən biri də odur ki, müğənni solist olmaqla və vəziyyətdən asılı olaraq yaranan psixoloji ovqatları “yaşamaqla” yanaşı, tərəf müqabilini musiqi dialoqlarında həssaslıqla duya bilsin.
Onun yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır
A.Babayev dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olub, Azərbaycan muğamını ləyaqətlə xarici ölkə tamaşaçılarına təqdim edib, Amerika, Avropa və Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıdıb. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılıb. Onun yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır.
Böyük sənətkar muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edir. O, öz bilik və bacarığını istedadlı xanəndələr nəslinin yetişməsinə sərf edərək, Qarabağ muğam ifaçılığı ənənələrini yaşatmağa çalışır.
Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətləri görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Seygah yanğısı”, Rüzgar Əfəndiyeva “Vətəndir Arifin səsi” kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən “Arif Babayevin mahnı və təsnifləri” adlı kitab ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.
Avazı könülləri oxşayan ifaçı
Arif Babayev sənətinin qüdrətidir ki, o, bütün rollara yaradıcı şəkildə yanaşır. Həmin qəhrəmanların səhnə həyatını elə canlandırır ki, tamaşaçı sanki onları ayrı-ayrı zamanlarda səhnədə deyil, həyatda görüb-duyur və öz yaddaşına köçürür. Çünki Arif Babayev böyük sənətkardır. Arif Babayevin bir mükəmməl ifaçı kimi püxtələşməsində, kamil sənətkar kimi yetişməsində Azərbaycan Dövlət Opera və Balet Teatrının fəaliyyəti əvəzsiz olub. Kərəm kimi yanmaq, səhraların Məcnunu olmaq, Xətai kimi hökmranlıq etmək, Qəribin qərib məhəbbətini yaşamaq və bu rolların rəngarəngliyində Arifliyini təsdiq etmək əsl sənət fədailiyidir. Səsinin vurğunluğuna bizi qərq edən Arif Babayev avazı bu gün də könülləri oxşayır. Zamanın sınağından uğurla çıxmış Arif səsi yenə də öz hekayəsində, öz sanbalında, bənzərsizliyində insanın qəlbini vəcdə gətirir.
Fevralın 28-də Rusiyanın Stavropol diyarında 12-ci Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.
“Report”un yerli bürosunun məlumatına görə, tədbir Rusiya hökumətinin himayəsi altında “Minvodıekspo” çoxfunksiyalı sərgi mərkəzində baş tutacaq.
Proqram layihəsi dörd tematik dəyirmi masa və biznes sessiyanı nəzərdə tutur. Buraya “Sənaye sektorunda gələcəyin texnologiyaları”, “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika layihələrinin rolu”, “Humanitar, mədəni qarşılıqlı əlaqə və turizm sahəsində əməkdaşlıq inteqrasiya proseslərinin hərəkətverici qüvvəsi kimi”, “Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”, “Rusiya və Azərbaycanda KOB-lar üçün ixrac imkanları” daxildir.
Azərbaycan Aşıqlar Birliyi Xalq şairi Hüseyn Arifin 100 illiyi ilə əlaqədar tədbir keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Bildirilib ki, tədbirlər planı çərçivəsində “Saz-söz axşamı” verilişinin növbəti buraxılışı bütünlüklə Hüseyn Arifə həsr olunacaq. Şairinin həyat və yaradıcılığını əhatə edən verilişdə aşıq Avdı Musayev, Şaiq İncəli, Əfsanə Kərimli, Şahin Süleymanov, Azər Əkbərov, Nemət Əliyev, Sehran Əbülfəzqızı, Ruslan İbrahimoğlu, Mehdi İncəli və Əlizamin Kəlbəcərli iştirak edəcəklər.
Tədbirdə “Mina gəraylı”, “Hüseyni”, “Aran gözəlləməsi”, “Kərəm gözəlləməsi”, “İncəgülü”, “Ağır şərili”, ”Cəlili”, “Ovşarı” və digər aşıq havaları sədasında H.Arifin şeirləri ifa olunacaq.
Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın bioqrafik dramı “Oppenheimer” (2023) “Ən yaxşı film” nominasiyasında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını qazanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ümumilikdə nominasiyaların sayına görə liderlik edən film namizəd olduğu 13 mükafatdan 7-ni qazanıb. Belə ki, o, Britaniya Akademiyası tərəfindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan aktyoru”, “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı redaktə” nominasiyalarında mükafat alıb.
Sonrakı yerdə 5 nominasiya ilə Yorqos Lantimosun “Kasıb əşyalar” filmi qərarlaşıb.