Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Yazıçı Fərman Kərimzadənin əsərlərindən ibarət virtual kitab sərgisi hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının informasiya-resurs şöbəsinin müdiri A.Quliyeva yazıçı Fərman Kərimzadənin əsərlərindən ibarət virtual kitab sərgisi hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının həyat və yaradıcılığına dair məlumatlar və əsərləri barədə geniş məlumatlar yer alıb.

    Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alıb, orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.

    İsmayıllı və Beyləqan rayonlarında orta məktəbdə dərs deyib. Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləyib. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü, "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri olub. Şüvəlan yaradıcılıq evinin direktoru işləyib.

    F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

    Fərman Kərimzadə 1989-cu il martın 17-də vəfat edib.

  • Musiqili Teatrda “Həyatdan səhnəyə” sərgisi açılacaq

    10 mart – Milli Teatr Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində “Həyatdan səhnəyə” adlı sərgi nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC- a bildirilib ki, ölkəmizdə peşəkar teatrın yaranmasının 149-cu ildönümü münasibətilə hazırlanan layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.

    Sərgidə uzun illər teatrda fəaliyyət göstərmiş peşəkar rəssamların - Əməkdar rəssamlar İsmayıl Məmmədov və Nabat Səmədovanın, eyni zamanda, Validə Ümman və Vusal Rəhimin teatrla bağlı müxtəlif əsərləri, kompozisiyaları, müəllifi olduqları səhnə eskizləri və səhnə geyimləri nümayiş olunacaq.

    112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrın sərgisində, həmçinin teatrın tarixini özündə əks etdirən lövhə, teatrın maketi, retro səhnə əsərlərinin afişaları, korifey sənətkarların oynadığı tamaşalardan fotoşəkillər, yaradıcı heyətin müxtəlif beynəlxalq tədbirlərdə aldıqları mükafatlar da sərgilənəcək.

    Qeyd edək ki, martın 10-dan etibarən ay ərzində teatrın tamaşalarına baxmağa gələn hər kəs sərgini izləyə biləcək.

  • Ceyms Barrinin "Piter Pen" əsəri haqqında videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Fəridə Alnağıyeva Şotlandiyalı dramaturq və nasir Ceyms Barrinin "Piter Pen" əsəri haqqında videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda əsər haqqında geniş məlumat verilir.

    Bildirilir ki, "Piter Pen” romantik nağıl-povestdir. Bu əsəri dünyada əksər uşaqlar və yaşlı adamlar oxuyub.

    Əsərdə baş qəhrəman kimi təsvir olunan, heç vaxt böyümək istəməyən Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, olduqca nadinc, həm də böyüklər kimi qürurlu, intiqamçı və döyüşkən, eyni zamanda, uçmağı bacaran biridir. Kimsəsiz uşaqları himayə edir və onları dəniz quldurlarından, əzazil kapitan Qarmaqdan qoruyub azadlığa çıxarır.

    Videoçarx kitabxananın instaqram səhifəsində yerləşdirilib.

  • Filip Barkley: VII Britaniya Film Festivalında 7 ekran əsəri nümayiş ediləcək

    Bu il Böyük Britaniya üçün çox xüsusi bir ildir. Biz Azərbaycanla Britaniya arasında diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edirik. İkitərəfli əlaqələrimiz çox güclüdür və əminəm ki, gələcəkdə daha da sıx olacaq.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley VII Britaniya Film Festivalının açılışı zamanı jurnalistlərə müsahibəsində deyib.

    Festivalın ilk günü “Hersoq” retro-komediyasının nümayiş olunduğunu deyən Barkley bildirib ki, filmdə baş rolu Cim Brodbent oynayır: “Aktyor “Harry Potter and the Half-Blood Prince” filmində professor Horace Sluqhorn rolunu möhtəşəm oynayıb. Mənim qızlarım bu filmi çox sevir. Düşünürəm ki, tanınmış kino tənqidçilərinin rəğbətini qazanan “Hersoq” tamaşaçılara xoş anlar bəxş edəcək”, - deyə Barkley əlavə edib.

    Bildirib ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Məkanında olacaq.

  • Ekspert: “Azərbaycanın neft satışından gəlirləri artacaq”

    "Bazardakı hazırkı vəziyyət Azərbaycanın neft satışından daha çox gəlir əldə etməsinə şərait yaradacaq".

    Bu barədə “Report”a “Independent commodity intelligent services” (ICIS) müstəqil konsaltinq şirkətinin neft və neft məhsullarının qiyməti üzrə baş analitiki Parmar Acay neft qiymətlərinin son artımını şərh edərkən bildirib.

    “Azərbaycanda orta hesabla gündəlik 720 min barel maye karbohidrogen hasil edilir. Sırf xam neft ixracatçısı kimi Azərbaycanın neft satışından gəlirləri xeyli artacaq”, - o deyib.

    O, həmçinin Azərbaycan neftinin bir hissəsinin Rusiyanın “Ural” markalı nefti ilə qarışdırılaraq Rusiya vasitəsilə ixrac edildiyini bildirib: “Əgər Rusiya neftinin ixracına sanksiyalar tətbiq edilərsə, ola bilər ki, Azərbaycan daha bu praktikanı davam etdirməsin. Bununla belə, bu yolla ixrac edilən həcm çox az olduğundan, çox güman ki, Azərbaycana təsir minimal olacaq”.

    Neft bazarındakı qiymət artımı ilə bağlı son vəziyyətə gəlincə, bu, ilk növbədə, Ukraynada cərəyan edən son hadisələrlə bağlıdır.

    “Neft qiymətlərinin artması sıravi istehlakçılar üçün avtomobil yanacağının bahalaşması ilə nəticələnəcək. İstismar xərclərinin yüksək olması səbəbindən neft emalı zavodları hazırda göstəriciləri artırmağa çalışır, bu isə o deməkdir ki, neft məhsullarının qiyməti daha uzun müddətə yüksək qalacaq”, - o deyib. ABŞ-ın Rusiyadan enerji daşıyıcılarının ixracına birbaşa sanksiyaların tətbiq ediləcəyi ilə bağlı son bəyanatlarını xatırladan Parmar Acay bu ay ərzində neft qiymətlərinin artmaqda davam edəcəyini əlavə edib.

    Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Nigeriya, Kanada və s. kimi neft ixracatçıları bundan qazanırlar. Uduzan tərəflərin isə neft idxalçıları olan Çin, əksər Avropa ölkələri, Hindistan və Yaponiya olacaq.

  • “Bakı Metropoliteni” “Siemens”lə əməkdaşlığı davam etdirəcək

    “Bakı Metropoliteni” QSC Almaniyanın "Siemens" şirkəti ilə bağladığı müqavilə çərçivəsində bu ilin sonuna qədər daha bir elektrik yarımstansiyasında yenidənqurma işləri aparacaq.

    Bunu Report-a açıqlamasında səhmdar cəmiyyətinin Elektrik Təchizatı Xidmətinin rəisi Ramiz Əhmədov bildirib.

    “Bu ilin II yarısında "28 May" alçaldıcı elektrik yarımstansiyasını yenidənqurmağı nəzərdə tuturuq. Həmin yarımstansiya ötən əsrin 60-70-ci illərində istismara verilib və oradakı avadanlıqlar köhnəlib. Onları bu ilin sonuna qədər ən müasir avadanlıqlarla əvəz etməyi planlaşdırırıq. Bu obyektdən əsasən metro stansiyalarının işıqlandırılması, eskalatorların hərəkəti üçün istifadə edilir”, - deyə o, qeyd edib.

  • “Azəriqaz” azad olunmuş ərazilərdə qazlaşma prosesinə hələ başlamayıb

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkənin işğaldan azad olunmuş ərazilərində qazlaşma prosesinə hələ başlamayıb.

    Report-un məlumatına görə, bunu Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

    Onun sözlərinə görə, hazırda bu proses daxili məsləhətləşmələr və müzakirələr mərhələsindədir: “Əgər bununla bağlı hər hansı qərar və göstəriş olarsa, “Azəriqaz” həmin icrasına başlaya bilər. Bu imkanlar mövcuddur”.

    E. Vəliyev qeyd edib ki, ancaq hələlik bununla bağlı qərar verilməyib: “Qərar verildikdən sonra ilk olaraq Şuşa və Ağdamın qazpaylayıcı qaz xətlərinin çəkilməsinə başlanılacaq”.

  • Qızıl geosiyasi vəziyyət fonunda bahalaşır

    Geosiyasi risklər səbəbindən investorların etibarlı aktivlərə tələbi qızılın bahalaşmasına səbəb olub.

    “Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,29%, yaxud 5,6 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 941,5 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,42% artaraq, 1 unsiyası 25,317 ABŞ dolları təşkil edib.

    Rusiya və Ukrayna arasında gərginliyin artması investorların, qızılın da daxil olduğu etibarlı aktivlərə tələbini dəstəkləyir.

    Münaqişə ilə bağlı qeyri-müəyyənlik investorların inamına böyük zərbə endirib.

  • “Ən yaxşı ata” foto və videomüsabiqəsi elan edilib

    “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Əhali Fondu tərəfindən icra olunan “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində “Ən yaxşı ata” foto və videomüsabiqəsi keçirilir.

    AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən atalar övladları ilə birgə çəkdikləri foto və ya videoları enyaxshiatamusabiqe@gmail.com elektron poçt ünvanına göndərməklə müsabiqəyə qoşula bilərlər. Bir iştirakçı bir neçə foto və ya video təqdim edə bilər.

    Foto və ya videoların son qəbul tarixi martın 30-dəkdir.

    Hər bir fotonun həcmi 5 MB, videonun həcmi isə 25 MB-dan artıq olmamalıdır. Fotolar JPG, videolar isə MP4 formatda təqdim edilməlidir.

    Təqdim olunan foto və videolar müsabiqənin feysbuk və instaqram səhifələrində paylaşılacaq. Ən çox bəyənmə toplayan 3 foto və ya video qalib elan olunacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

    Müsabiqədə 5 yaşadək uşaqlar iştirak edə bilər.

    Foto və ya videolar göndərilərkən iştirakçıların (ata və övladı) adı və soyadı, əlaqə nömrəsi, yaşayış və email ünvanları qeyd olunmalıdır.

    Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində həyata keçirilir.

  • "Bütün köhnə bıçaqlar" filminin treyleri yayımlanıb

    "Amazon Prime Video" aprelin 8-də yayımlanacaq "Bütün köhnə bıçaqlar" (All the old knives) adlı filmin treylerini paylaşıb.

    AZƏRTAC xəbər verir ki, tanınmış aktyorlar Kris Payn və Tandive Nyutonun, "CIA" Mərkəzi Kəşfiyyat İdarəsi əməliyyatçılarını canlandırdığı filmdə həmçinin Lorens Fişburn və Conatan Pris kimi məşhur aktyor rol alıb.

    Filmdə keçmiş "CIA" agenti Seliya və Henri illər sonra Amerikanın kiçik bir qəsəbəsində şam yeməyi üçün görüşürlər. Seliya ailə səbəblərinə görə "CIA"nı tərk edib. Henri hələ də peşəsini davam etdirir. Keçmiş sevgililərin yenidən bir araya gəlməsi təsadüf deyil, onların keçmişdə birlikdə işlədikləri vəzifə ilə bağlıdır.

    Sərnişinlərin ölümü ilə nəticələnən bir təyyarənin qaçırılmasında iştirak edən Seliya və Henri baş verənləri yenidən nəzərdən keçirməyə başlayır.

    Filmdə təşkilat bir agentin terrorçulara məlumat sızdıra biləcəyindən şübhələnməyə başlayanda, Henrinin bütün həmkarları, o cümlədən keçmiş sevgilisi Seliya şübhəli bilinənlər qrupuna daxil edilir.

    "Bütün köhnə bıçaqlar" filminin treyleri, "CIA" köstəbəyinin kim olduğunu öyrənmək üçün Payn personajına təzyiq göstərən baş əməliyyatçı Lorens Fişburn tərəfindən irəli sürülən "heç kimə güvənmə" ssenarisini nümayiş etdirir.

    Qeyd edək ki, Olen Ştaynhauerin eyniadlı romanı əsasında çəkilmiş və “New York Times”ın bestsellerlər siyahısında yer alan filmin ssenarisini Ştaynhauer yazıb.