Akademik Milli Dram Teatrının (Azdrama) Abbas Mirzə Şərifzadə səhnəsində Evripidin “Medeya” əsəri əsasında eyniadlı monotamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, rəqslərə quruluş verən Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.
Medeya rolunda Əməkdar artist Münəvvər Əliyeva çıxış edəcək.
Tamaşanın premyerasının keçirilmə tarixi haqqında əlavə məlumat veriləcək.
“Billboard Women in Music Awards”ın builki qalibi məlum olub. Əsas mükafatı müğənni Oliviya Rodriqo alıb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Olivia Isabelle Rodrigo amerikalı aktrisa, müğənni və bəstəkardır.
Bundan əlavə, Bonni Rayt ilin ikonası, Qabbi Barret isə əsas yüksələn ulduz kimi tanınıb.
Qeyd edək ki, ötən il mükafatlar heç kimə verilməyib. 2020-ci ildə isə əsas mükafatı amerikalı hip-hop sənətçisi Cardi B. qazanıb. Müğənni Cennifer Lopez musiqi sənayesinə xidmətlərinə görə ilin ikonası, kantri müğənnisi Dolli Parton isə 2020-ci ilin əsas hitmeykeri hesab edilib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq 10 mart – Milli Teatr Günündə, həmçinin 13 və 27 martda “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək.
2019-cu ilin noyabrından Akademik Musiqili Teatrın repertuarına daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin Rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.
Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa edirlər.
“Huma Art Room” qalereyasında 8 mart -Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yaz Rapsodiyası” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə beş azərbaycanlı xanım rəssamın - Ziba Əliyev, Raida Mustafayeva, Lelya İsayeva, Aydan Nəbizadə və Safranda Məmmədovanın əsərləri nümayiş olunub.
“Bu ay bizim qalereyamızın bir yaşı tamam olur və biz bu hadisəni parlaq və unudulmaz qeyd etmək istəyirdik. Əminəm ki, buna nail olduq. Baharın nəfəsini artıq hamımız hiss edirik. Bahar bir çoxları üçün bayramlarla, hərarətlə və təbii ki, çiçəklərlə bağlıdır. Gəlin gözlərimizi klassiklərə - ölməz rəsm əsərlərinə çevirək. İlin bu qeyri-adi vaxtını gözlərlə görməyə çalışaq. Xanım rəssamlarımız təbiətin oyanışını incə hiss edərək, bu hissləri əsərlər vasitəsilə mükəmməl şəkildə tamaşaçıya çatdırırlar. Bütün bu assosiasiyaları sərgidə təqdim olunan əsərlərdə görmək olar”, - deyə “Huma Art Room” qalereyasının nümayəndəsi Teymur Məmmədov bildirib.
Qeyd edək ki, sərginin məqsədi 8 mart ərəfəsində Azərbaycan xanım rəssamlarının müasir və yeni baxışlarını nümayiş etdirməkdir.
Sərgi martın 11-dək davam edəcək.
Martın 9-da YARAT Müasir İncəsənət Mərkəzində “BAFTA 2021” qısametrajlı filmlər proqramı start götürəcək.
AZƏRTAC xəbər verir ki, proqramda Böyük Britaniyanın bir sıra istedadlı aktyorlarının rol aldığı filmlərin hekayəsinə nəzər salınacaq.
Proqramda yeddi qısametrajlı filmin nümayişi nəzərdə tutulur ki, onlardan üçü animasiyadır. Nümayişin sonunda, 10-cu Beynəlxalq Qısametrajlı Film Festivalının rəhbəri Feyruz Şəmiyev qısametrajlı film festivallarının rolu mövzusunda fikirlərini bölüşəcək.
Filmlərin xronometrajı 78 dəqiqədir.
Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl jurnalistlərə müsahibə verən Alvize Kazellati konsertin möhtəşəm keçəcəyini deyib: “Heydər Əliyev Mərkəzində Azərbaycan musiqiçiləri ilə çıxış etməkdən zövq alıram. Mən bu gün çıxış etdiyim orkestrlə 3 il bundan öncə də çalışmışam. Budəfəki proqram çox zəngindir. Bakının tanınmış klarnet ifaçıları digər musiqiçilərlə birgə Lüdviq van Bethoven, Volfqanq Amadey Motsart, Pyotr Çaykovskinin əsərlərini ifa edəcək. Ümid edirəm, musiqisevərlər bizim onlara ötürəcəyimiz enerjidən razı qalacaqlar”.
Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçirilən gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Emil Bağırov (klarnet) dünya musiqi klassikasından əsər ifa edib.
Alvize Kazellati dirijor kimi ilk dəfə 2011-ci ildə Venesiyada “Teatro La Fenice” səhnəsində çıxış edib. Musiqiçi son bir neçə ildə bir çox festivallarda iştirak üçün dəvət alıb, İtaliyanın bir sıra məşhur opera teatrları ilə əməkdaşlıq edir.
Alvize Kazellati, həmçinin 2017-ci ildə təsis edilən “Opera İtaliana is in the Air” layihəsinin yaradıcısı və musiqi rəhbəridir. Layihənin əsas məqsədi gənc dinləyiciləri İtaliyanın opera irsinə cəlb etmək, italyan operasının hamı üçün əlçatanlığını təmin etməkdir.
Konsertdə solist kimi çıxış edən klarnet ifaçısı Emil Bağırov 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. 2012-ci ilin dekabr ayında Təl-Əviv şəhərində keçirilən beynəlxalq musiqi yarışmasında “Ən yaxşı ifaçı” seçilib. 2013-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə musiqi sahəsində xüsusi istedadına görə adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və gənc istedadların xüsusi təqaüdünə layiq görülüb.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi açılacaq.
Dövlət Gənc Tamaşaçılar Teatrından AZƏRTAC-a bildirilib ki, sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bu mövzuya həsr olunan əsərlərin təbliği məqsədilə keçiriləcək.
Sərgidə 30-a yaxın rəssamın əsərləri sərgilənəcək.
Martın 7-də açılacaq sərgiyə giriş sərbəstdir.
Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı soyuq silah nümunələrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək yeni eksponatlar barədə məlumat verib. Bildirib ki, bu unikal sənət əsərləri sırasında Qacarlar dövründə geniş yayılmış XVIII əsrin sonuna aid iki qalxan, XIX əsrə aid xəncər, həmçinin Emin Məmmədovun müəllifi olduğu qılınc və xəncərlər var.
Qeyd edilib ki, böyük ustalıq qabiliyyəti və yüksək zövqlə polad və tuncdan hazırlanmış qalxanlar sənət nümunələri kimi çox dəyərlidir. İncə, zəngin nəbati naxışlarla bəzədilmiş bu qalxanlar hərb, döyüş məqsədilə deyil, xüsusi mərasimlər üçün hazırlanır, həmçinin dövrün ən yüksək vəzifəli şəxslərinə hədiyyə edilirdi. Azərbaycan mədəniyyətinin müxtəlif zamanlarda yaradılmış bu cür bədii və orijinal nümunələri hazırda dünyanın məşhur muzeylərində qorunub saxlanılır.
Muzeyə hədiyyə olunan XIX əsrin sonlarında Zaqatalada silah ustası Murad Quşanovun sadə materiallardan hazırladığı xəncərin naxışsız olması isə onun məişətdə istifadə məqsədilə düzəldildiyini göstərir. Emin Məmmədovun müəllif işi olan “şəmşir” qılıncı və Qaşqay xəncər dəsti 2000-ci illərdə polad, dəri, ağac, buynuz kimi materiallardan hazırlanıb. Onların tiyələri üzərində Azərbaycan sözü və müəllifin adı həkk edilib. Sənətkarın Azərbaycan Milli Xalça Muzeyinə bağışladığı ümumilikdə 11 ədəd müasir soyuq silah nümunələri kolleksiyanı zənginləşdirir.
Sonra mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinə, tarixinə aid olan maddi-mədəniyyət nümunələrinin başqa ölkə muzeylərindən alınaraq ölkəmizə gətirilməsinə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə diqqət göstərib: “Mədəniyyət irsimizin qorunması və gələcək nəsillərə çatdırılması ölkəmizin qarşısında prioritet vəzifə kimi dayanır. Bu kontekstdə mədəniyyətimizə, kimliyimizə aid olan xəncərlərin, ümumiyyətlə, silahların hazırlanması tarixən bizə xas olan irsdir, mədəniyyətdir. Bu irsin unudulmaması, onun yaşadılması və inkişaf etdirilməsi təqdirəlayiq hadisədir”.
Bu gün Azərbaycanın mədəni siyasətinin əsas istiqamətlərindən birinin xaricdə saxlanılan milli sərvətlərimizin ölkəyə qaytarılması olduğunu deyən nazir bu yöndə görülən işlərdən də bəhs edib: "Ötən il biz 3 milli xalçanı auksiondan alıb ölkəmizə gətirdik və onlardan ikisini məhz Milli Xalça Muzeyinə, birini isə Milli İncəsənət Muzeyinə təqdim etdik”.
Sonra AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov eksponatların tarixi və əhəmiyyəti haqqında danışıb.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, Kanada vətəndaşı olan və bu ölkədə fəaliyyət göstərən Emin Məmmədov müasir dövrdə Azərbaycanın qədim silahsazlıq sənəti ənənələrini yaşadır, bu sahədə tədqiqat və təbliğat aparır. O, 2021-ci ildə UNESCO tərəfindən Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində birinci yer tutub.
Türkiyənin tanınmış aktyoru Hüseyn Elmalıpınar 51 yaşında vəfat edib.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, infarkt keçirən aktyor xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aktyor ən çox “Ezel” serialı və “Kolpaçino” filmlərindəki rolu ilə populyarlıq qazanıb.
Martın 3-də Nizami Kino Mərkəzində “British Council”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə VII Britaniya Film Festivalın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, builki festivalda tanınmış kino tənqidçilərinin rəğbətini qazanan Britaniyanın ən yeni filmləri yer alıb.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva VII Britaniya Film Festivalına ev sahibliyi etdiyi üçün məmnunluğunu ifadə edib. Bildirib ki, festival çərçivəsində tamaşaçıları maraqlı sənədli və bədii filmlər gözləyir. O, festivalın proqramının zəngin olduğunu söyləyib. Bildirib ki, festivalda qlobal məsələlərə toxunan, beynəlxalq mükafatlar almış ekran əsərləri yer alıb.
Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley festivalın əhəmiyyətindən danışıb: “Mən çox şadam ki, biz bir daha Britaniya filmlərini Azərbaycana gətirməklə “British Council”a dəstək verə bildik. Bu, həm də Böyük Britaniya-Azərbaycan əlaqələrinin otuzuncu ildönümünü qeyd etmək üçün gözəl fürsətdir. Ümid edirəm, ətraf mühitin korlanması mövzusuna həsr olunan festivalda nümayiş edilən filmlər auditoriyanın marağına səbəb olacaq”.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo Azərbaycan auditoriyasına Britaniyanın ən son filmlərini gətirməkdən məmnun olduğunu vurğulayıb: “Məqsədimiz kinematoqrafiya təcrübəsini bölüşmək üçün bir daha kinosevərlərlə görüşməkdir. Bu ilin mövzusu tarixin həlledici məqamına təsadüf edir. Mövzu həm də bizi müzakirələr aparmağa, maariflənməyə və daha yaxşı gələcək naminə qlobal mübarizəyə qoşulmağa çağırır”.
Festivalın ilk günü quldurluq və ədalət uğrunda mübarizədən bəhs edən “Hersoq” retro-komediyası nümayiş olunub.
Qeyd edək ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında olacaq.